Page 1 of 2

Hacı yuxusundan duran kimi, Bakı qubernatoru Nakaşidzenin Peterburqdan göndərdiyi məktubu ona verdilər.

Məktubu oxumaq üçün adam lazım idi. Lakin çox tez idi. Buna görə də Hacı məktubu xanıma oxutdurmaq istəyirdi, xanım isə ondan küsmüşdü. Hacı onun otağına adam göndərib görüşmək istədiyini bildirdi.

Xanım izin verdikdən sonra Hacı əlində məktub onun otağına girdi. Otaqda bir xanım, bir də Jenya vardı. Jenya Hacını görüb, bayıra çıxmaq istədi, xanım izin vermədi.

– Getmə, işinə məşğul ol, — deyib onu yanında saxladı.

Jenya xanımın çıxartdığı paltarı bloknotuna yazıb paltar otağına aparmağa hazırlanırkən xanım da Hacının Nakaşidzedən aldığı məktubu oxuyurdu. Məktub çox da uzun yazılmamışdı:

«Cənab Hacı!

Peterburqa çox qiymətli xatirələrlə gəldim. Sizin salamınızı böyük bir iftixarla daxiliyyə naziri cənablarına yetirdim. Sizin səmimi dostunuz Fon Val cənabları da səlamətliyinizi eşidərək həddindən artıq şadlandı. Mən yaxında gələcək və sizin hörmətli əlinizi sıxmağa nail olacağam! Özümlə bərabər sizə qiymətli bir hədiyyə gətirirəm ki, o da daxiliyyə naziri cənablarının sizin öz adınıza yazdığı xüsusi məktubdan ibarətdir.

Sizin imperator hökumətinə olan səmimi dostluq hissləriniz barəsində daxiliyyə naziri cənabları ilə xüsusi olaraq danışmağa vaxt tapdım. Heç şübhə yoxdur ki, mənim daxiliyyə naziri cənablarına şifahi olaraq söylədiyim məsələlərin hamısı olmasa da, bəzi mühüm nöqtələri II Nikolay həzrətlərinin qulağına yetişəcəkdir.

Hacı cənabları hər halda öz dostlarını bu barədə əmin edə bilərlər. Peterburqun Qafqaz müsəlmanları haqqında qərarı olduqca müsbət bir qərardır.

Dostunuz Nakaşidze».

Hacı bu məktubun nəşəsi ilə uzun günlər yaşadı. Bu məktubla, qanlı bazar günü 9 yanvar hadisələrinin Bakıya təsir edə biləcəyi qorxularını qismən unutmağa başladı.

Məktub gələndən bir neçə gün sonra, Bakı qubernatoru Nakaşidzenin xanımı Hacıya bayram müjdəsindən daha qiymətli bir telefonoqramma göndərdi. Telefonoqrammada, qubernatorun gecə saat ikidə sürətli qatar ilə gələcəyi söylənirdi.

Hacı telefonoqrammanı alan kimi Məmməd bəyə belə bir telefonoqramma göndərdi:

«Hafizin kitabını götürüb bizə təşrif gətiriniz.

Hacı Zeynalabdın Tağıyev».

Yarım saat keçməmişdi ki, Məmməd bəy hazır oldu. Hacı çox şadlandı. Məmməd bəy əvvəlcə Hacıya gündəlik hadisələr haqqında müfəssəl məlumat verdi. Hacı da bunun əvəzində cənab qubernatorun bu gecə saat iki qatarı ilə gələcəyini ona söylədi və əsil məsələyə keçərək dedi:

– Cənab qubernator qiymətli bir məktub gətirəcəyi haqqında mənə yazmışdır. Sən də gərək Hafizdən bir fal açasan, görək, qubernator xeyir xəbər gətirəcəkdirmi? Mən heç şeyə inanmıram, amma o Hafizin falına inanıram; o kitab heç yalan danışmaz. Bir neçə kərə bunu təcrübədən keçirmişik. Sən özün də bunu bilirsən ki, xanımın haqqında bu kitab nə qədər doğru söz demişdi.

Məmməd bəy Hafizi əlinə götürdü və Hafizin falına məxsus duanı oxumağa başladı:

Ey Hafizi Şirazi!
Bər mən nəzər əndazi!
Ma talibi-yek falim,
Tu kaşifi-hər razi!
Rast beku, bəhəqqi
Şah-Nəbat xanimi Şirazi

Məmməd bəy duanı oxuyub qurtarandan sonra zarafatla Hacıya dedi:

– Əlinizi kitabın üzərinə qoyub, nəzrinizi atınız!

Hacı əlini kitabın üstünə qoyub dedi:

– Aç, nəzri bir pianinodur.

Məmməd bəy falı açdı. Falda görülən şerləri farsca Hacıya oxudu: «Çox mübarək faldır» deyə Hacıya müjdə verdi.

Biya ki rayəti-mənsuri-padişah rəsid,
Nəvidi-fəth büşarət və mehri mah rəsid.
Çəmali-bəxt ziruyi-zəfər niqab əfkənd,
Kəmali-ədl bə fəryadu dadxah rəsid.
Süpehr, döviri-xoş əknun künəd ki, mah aməd.
Cahan bə kamu dil əknun zi ərki şah rəsid.

Məmməd bəy kitabı büküb dedi:

– Ruhun şad olsun, Xacə! Elə bil ki, rəhmətlik bu saat Hacının kabinetində oturub Hacı ilə bərabər cənab qubernatorun Peterburqdan gəlməsini gözləyir.

Hacının xırda gözləri parıldadı:

– Sən mənə o oxuduqların şerlərin mənasını de. Doğrudur, savadsızam, amma bəzi sözləri anladım: Padişahdan danışır, falın yaxşı fal olduğuna heç şübhə etmirəm.

Məmməd bəy şerin mənasını söyləməyə başladı:

– Gəl, gəl ki, padişahın zəfər və qalibiyyət bayrağı yetişdi.
Fəthin, şadlığın müjdə xəbərləri günəşə və aya qədər ucaldı,
Bəxtin üzü qalibiyyət çöhrəsinin niqabını açdı.
Ədlin kəmalı, yardım diləyənlərin köməyinə gəldi.
İndi dövran çox yaxşı dövr edir, çünki ay gəlmişdir.
Dünya öz məramına yetişəcəkdir, çünki şah gəlir.

Hacı dedi:

– And olsun Leylanın canına, elə bil ki, rəhmətlik Hafiz bu sözləri mənim qəlbimdən yazıbdır. A kişi, sözə bir bax! «Zəmanənin yol vuranları!..» Getdiyim Məkkəyə and olsun, rəhmətlik öz şerində Bakı bolşeviklərini yazıbdır. Yol kəsənlərlə bunların fərqi nədir?


Səhər saat doqquzda qubernator Hacını telefona çağırdı, özünün və xanımın keyfini xəbər aldı. Hacı da knyakinyanın keyfini soruşdu, dostluğuna dair sözləri yarı azərbaycanca, yarı rusca dedi.

Hacı telefonun dəstəyini yerə qoyan kimi bufet müdirini çağırıb, bufetin və ərzaq anbarının vəziyyətini xəbər aldı, kəsirləri doldurmaq üçün on beş min manatlıq çek yazıb verdi:

– Axşam yeməyində iyirmi üç nəfər olacaqdır! — dedi.

Hacı qəbul salonuna keçdi.

Xanım, qız qulluqçularını çağırıb tez bir iclas düzəltdi. Məsələ, axşam ziyafətində qulluq edəcək qızların paltarlarının yoxlanması məsələsi idi. Qulluqçu qızlar paltarlarını geydilər. Xanım gözə çarpan nöqsanların islah edilməsi üçün onlara göstəriş verdi.

Axşam saat beşdə Hacının qapısında belə bir elan vurulmuşdu:

«Bu gün Hacı xüsusi işlərlə məşğul olduğu üçün heç kəsi qəbul etməyəcəkdir».

Hacının süfrəsinin artığını yeyənlər bir-bir elanı oxuyub geri qayıtdılar.

Çağırılmış qonaqlar bir-bir, iki-iki gəlməyə başladılar. Gələnlər bufetin qabağında gəzişirdilər.

Saat doqquzu vurdu.

Hacının qəlbi də əziz qonağın intizarını çəkərək çırpınırdı. Hacı, Məmməd bəyin açdığı falın nəticəsində daxiliyyə nazirindən gətirilən məktuba cürbəcür məzmunlar verirdi.

Qubernatorun gəlməsini qapıda duran qulluqçular telefonla xəbər verirkən, bufet qabağında duranların hamısı pilləkən başına toplaşdı.

Əziz qonaq pilləkənlərdən qalxdıqca onun intizarında duran başlar da alçalırdı.

Qonağı qarşılayanların hər biri yanındakını sıxışdırıb, birinci sırada durmağa və qonağa birinci olaraq əl uzatmağa tələsirdi. Qubernatorun gəlməsi, Hacının hərəm otağında şadlıq yerinə qəmli bir ixtilaf çıxartdı.

Hacının xanımı, səhərdən bəri bəzək otağında məşğul idi. O, ziyafətdə iştirak etmək üçün bütün günü əlindən gəldiyi qədər bəzənmişdi. Lakin knyakinyanın ziyafətə gəlməməsi xanımı da bu ziyafətdə iştirak etməkdən məhrum elədi.

Xanım knyakinyanın gəlməyəcəyini eşidər-eşitməz şkafın yanına yüyürüb özünü zəhərləmək istədi, ona mane oldular. Birdən özündən getdi. Qulluqçular onu yatağına qoydular. Hənifə xanım da Hacının ricasına görə onun yanında qarovul durdu.

Ziyafət xüsusi ziyafət idi. Orada qadınlar iştirak etmirdilər. Qadın namınə ancaq on səkkiz nəfər gözəl qulluqçu qız iştirak edirdi.

Bufet qabağında danışılan sözlər adi və şərab qədəhinə məxsus sözlər idi. Lazımi söhbətlər süfrə başına saxlanmışdı.

Saat on iki zəngini vurdu. Bakı əyan və nücəbası əziz qonağın quyruğuna düzülərək yemək stolu başına oturdular.

Qubernatorun sağ tərəfində Hacı, sol tərəfində isə Hacı Nemət Səidov, onların yanında da Murtuza Muxtarov, İsmayıl bəy Səfərəliyev, Kəblə İsrafil Hacıyev, Məmməd Həsən Hacinski, Hacı Rəsul oğlu Hacı Mustafa, Əlimərdan bəy Topçibaşev, Ağa Yusif Dadaşov, mühəndis Behbudov, Əsəd bəy Səlimxanov, Molla Qasım oğlu Məmməd, Hacı Aslan və sairləri oturmuşdular.

Bufet müdiri qubernatorun qədəhini doldurduğu vaxt Hacı da: «Mənə bir lərzan gətirin» dedi. O, Hacı Nemətin və Hacı Aslanın yanında şərab içmirdi. Xörəklər süfrəyə verildi. Hacı ilə qubernatorun qabağına xırda tavalarda qoyulan məzə tamamilə başqa bir məzə idi.

Qubernator çəngəlin ucu ilə xörəyi yoxlayaraq soruşdu:

– Hacı, bunu nədən bişirmişlər?

Hacı, Əlimərdan bəy Topçubaşevə dedi:

– Mən necə ki, ərz eləyəcəyəm, sən də elə qubernator ağaya tərcümə edərsən. Bu xörək quzunun beyni ilə ciyəridir. Bunu limon içində bir gün saxlayıb, sonra da yağda qızartmışlar. Mən iki il bundan qabaq Berlində professor Şeldinberqin yanında müalicə olduğum vaxt o mənə bu xörəyi tez-tez yeməyi məsləhət görübdür. Onun dediyinə görə, bu xörək qocalığın qabağını alır, bəzi qüvvətləri də artırır, tükləri də qaraldır.

Qubernator gülərək:

– Mən Şərqdə bu ləzzətdə xörəyi birinci dəfədir ki, yeyirəm, — dedi.

Hacı qayırma dişlərini dili ilə tərpədərək güldü:

– Hərgah bu xörəyi əlli il bundan qabaq yesəydim, əlli il də artıq yaşardım, — dedi.

Hər qədəh üçün başqa bir məzə gətirilirdi.

Qora suyu içində saxlanmış cücə ürəkləri yeyildiyi vaxt Hacı dedi:

– Bunu Karlsbadda müalicə olunduğum zaman professor Fridrix Şildatter mənə məsləhət görmüşdü. Özü də yaxşı nəticə verir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets