Ninanın ad gününü təbrikə gedənlər saat üçdə mənim mənzilimdə olmalı idi. Məşədi Kazım, onun gəlinləri Töhfə, Sənubər, Tütünçüoğlu və Həsənağa getməyə hazırlaşmışdı. Faytonlar qapıda bizi gözləyirdi.

Həyətə düşmək üzrə idik. Qapıda başqa bir fayton dayandı, faytonçumuz Balaqurban yüyürərək gəldi:

– Müjdəmi verin, ölü dirilibdir! – dedikdə onun dalınca Ələkbər yoldaş içəri girdi.

Biz onu salamat görərkən həddindən artıq sevindik. Azərbaycanın hər tərəfində olan çar tərəfdarları öz düşmənlərini ovlamağa başlamışdı. Ələkbərin də Hacı Hüseyn Şücalı tərəfindən öldürüldüyünü eşitmişdik.

Ələkbər yoldaş bizimlə bərabər Ninanın evinə getmək üçün 15 dəqiqə ləngiməyimizi xahiş etdi. Bu müddətdə o yuyunub libasını dəyişəcək idi.

Mən də onunla bərabər içəri girdim, ona öz vəziyyətimi və Səməd xanla düzəltdiyim əlaqəni müxtəsərcə bildirdim. O mənim bu tədbirlərimi təqdir etdi və uzun müddət Təbrizdə qalacağını xəbər verməklə məni sevindirdi.

Ninanın, qonaqlarından bir çoxu gəlmiş, bizi qarşılamaq üçün balkona çıxmışdı.

Nina Ələkbər yoldaşı gördükdə hamını unutdu və onu qucaqlayıb üzündən öpdü, ağladı. Ələkbər yoldaş da bundan geri qalmadı. O da Ninanı öpüb ağladı və əlindən tutub salona daxil etdi.

Yarım saat sonra Sərdar Rəşid öz rəsmi libasında gəlmişdi. Ninanın evini birinci kərə gördüyündən buradakı zənginlik onu heyrətə saldı. Yalnız belə bir ev yox, onu Təhminə xanımın qızları da təəccübləndirmişdi.

– Ağa, bu xanımlar avropalıdırmı?

– Xeyr, təbrizlidirlər, bizim bacılarımızdır. Məşədi Kazım ağanın gəlinləridir.

Sərdar Rəşid daha bir söz demədi. Məşədi Kazım ağaya müraciətlə:

– Ağazadələr haradadır? – sordu.

Məşədi Kazım ağa:

– Bəndəzadələr Berlində təhsildədirlər. Sağlıq olursa gələn il xanımlar da təhsilə gedəcəkdir! – dedi.

Bu, sərdar Rəşidə imkan xaricində olan bir iş kimi gəldi:

– Bunlar da? Berlinə?!

– Bəli, Berlinə. İndi ki, yoldaşları oxuyur, qoy özləri də oxusun. Məmləkətdə ixtisaslı xanımlara ehtiyacımız çoxdur.

Sərdar Rəşid:

– Xeyli mərhəba, səd afərin! Bu gün özümü mədəni iranlılar içində görürəm, – dedi. Bir neçə dəfə gördüyünə baxmayaraq, Ələkbər yoldaşa işarə ilə soruşdu:

– Bu ağa kimdir?

Nina cavab verdi:

– Bu da bizim ticarət şərikimizdir, Təbrizə bu gün varid olmuşdur.

– Ticarətiniz nədir?

Ələkbər yoldaş:

– Ticarətimiz elə görkəmli və gəlirli bir ticarət deyil, – dedikdə, sərdar Rəşid soruşdu:

– Yenə olsun, çörəkli ticarətdirmi?

– Bəli, hərgah işlər əncama düşsə, bizim ticarətimiz təmiz və çörəkli ticarətdir. Cavahir alış-verişçisiyik.

– Xeyli pakizə, xeyli xub, zəngin və hörmətli bir ticarətdir.

Həsənağa və Tütünçüoğlu məclisə xidmət edirdi, mən onları da tanış verdim:

– Bunların birisi bizim kiçik xanımların qardaşı, birisi də mənim qardaşımdır, – dedim. Yenə də sərdar Rəşid:

– Maşallah, bərəkallah! – deyə Ninanın evlərini və evdəki şeylərini tamaşaya başladı.

Xanımlar iki bir, üç bir salonu gəzərkən İraidanın kefi özündə deyildi. Onun gözü Ninanın, Töhfənin və Sənubər xanımın Berlində tikdirilən libaslarında idi.

Mahru xanım yenə də qəmli və kədərli idi. Onun danışmağa belə həvəsi yox idi. Mən salonu onunla birlikdə dolaşırdım. Divardakı şəkillərə baxaraq keçərkən, onun gözü bunlardan birinə düşdü. Bu onun öz sevgilisi Smirnov ilə birlikdə aldırdığı şəkildi. O, dərin bir ah çəkərək:

– O, həyatımın unudulmaz bir hadisəsi idi, – dedi, – mən indi haman hadisənin səbəblərini aydın edə bilmirəm.

Sərdar Rəşid bizə yanaşdı, o da Smirnovun şəklinə baxaraq bir ah çəkdi və:

– Bu mərhum xeyli nəcib və xeyli alicənab bir zat idi, – dedi. – Bu mərhumun ölümü, doğrudan da, namuslu iranlıların ürəyinə böyük yara vurdu, bunun vücudi-aləmi islamın şərəfi idi, bunun dinimübini-islami qəbul eləməsi, dinimizin nə qədər həqiqi bir din olduğunu isbat edirdi.

Mahru xanım ona istehzalı və acıqlı bir nəzərlə baxıb nümayişkaranə bir surətdə ayrıldı və Ninanın qolundan tutub gəzməyə başladı.

Bu vaxt çar konsulu, arvadı və qızları ilə bərabər gəldi. Məclisdəkilər sərdar Rəşidə təqdim olunduğu kimi, sıra ilə durub çar konsulu və onun ailəsinə təqdim olundu. Çar konsulu birinci dəfə idi ki, iranlı qızların cəmiyyətdə belə sərbəst iştirak etdiyini görürdü.

O:

– Mən gözlərimə inanmıram! – dedi. – Bunların rusca təhsil və tərbiyələri olsaydı, bunlarla oturub danışmaq və İran qadınının əhvali-ruhiyyəsini bilmək, iranlılarla əməkdaşlıqda bulunan rus xalqı üçün olduqca maraqlı olardı.

Mənim əvəzimə Nina cavab verdi:

– Cənab general, qızlarımız ruscanı bir rus qızı kimi danışırlar!

Konsul qızlarla uzun müddət danışdı, onların əllərini bir daha sıxaraq:

– Afərin sizə, gəliniz sizi hökumət hesabına təhsil üçün Peterburqa göndərim, – təklifində bulunduqda, Sənubər:

– Çox təşəkkür edirik! – dedi, – biz payızda Berlinə təhsilə getməliyik.

– Bəs Berlinə nə üçün?

Qızların rəngi qızarıb, konsula cavab verməkdən utandılar. Nina, onların dadına çatdı:

– Bunların yeni ərə getdikləri gənclər də Berlində təhsildədirlər.

Konsul narazı olmuş kimi:

– İran siyasi, iqtisadi cəhətlərcə daima böyük Rusiya imperatorluğu ilə əlaqədədir. Mənçə, mədəni və elmi sahələrdə də Rusiya ilə əlaqəni sıxlaşdırmaq daha məqsədəuyğun olardı, – dedikdə Sənubər xanım konsulu razı salmaq məqsədilə dedi:

– Rusiyada olan mədəniyyət özümüzünküdür. Cənab general, almanlardan olanları da əldə etmək lazımdır.

Konsul cavabdan razı qaldı, onun əlini təkrar bir daha sıxdı və saçlarını sığalladı.

Otaqları gəzdik. Ninanın iş otağına keçdikdə, ona ad günü münasibəti ilə gətirilən hədiyyələri gözdən keçirdik. Ən qiymətli hədiyyə Ələkbər yoldaşın gətirdiyi idi. Bu gümüşdən qayrılmış incə bir qutu idi. Qutu qədim İran sənətinin qəşəng bir nümunəsi idi. Qutunun üzərində incə və qiymətli daşlarla Fətəli şahın şəkli nəqş edilmişdi. İçərisində nə olduğundan kimsənin xəbəri olmasa belə, hər kəs onun zahirindəki gözəllikdən heyrətlənirdi. Sənətin incəliyi qarşısında duyduqları bədii zövqün ifadəsini onların çöhrələrində görmək olurdu.

Qonaqlardan bəziləri bunun tütün qutusu olduğunu iddia edirdi.

Sərdar Rəşid isə bu fikirlə razılaşmadığını bir neçə sözlə bildirdi:

– Bizim mərhum Əbəvinin belə bir ənfiyədanı var idi. Amma üstü bu qədər qiymətli deyildi, mina ilə işlənmişdi.

Bütün bu fikirlərə qarşı hədiyyəni gətirən Ələkbər yoldaş ancaq gülümsəyirdi.

Nəhayət, qonaqlar qutu haqqında Ələkbər yoldaşa müraciət etməli oldular.

Ələkbər yoldaş qutunu əlinə götürdü. Barmağı ilə Fətəli şahın təsvirini göz bəbəklərinə basarkən, qutunun dörd qapağı da birdən açıldı və meydana, möhtəşəm bir imarət təsviri çıxdı. Binanın divarları parlaq sədəfdən, pəncərələri isə kiçik almazlardan qayrılmışdı. Uzaqdan pəncərələrə baxıldıqda, orada görünən qırmızı yaqutların, imarətin içərisində çıraqlar yanırmış kimi, parıldadığı görünürdü.

Bu hədiyyə hər kəsin heyrətini cəlb etmişdi. Lakin mən bu hədiyyəni ikinci kərə gördüyüm üçün o qədər də təəccüb etmirdim. Mən Livarcanda Hacı xanın evində qonaq olduğum vaxt, bu qutunu Abbas Mirzədən ona qalan miraslar içərisində görmüşdüm. Qutunun içərisində təsviri göstərilən bina isə Abbas Mirzə nayibüssəltənənin Təbrizdə olduğu vaxt yaşadığı Şəmsülimarə idi.

Mən Ələkbər yoldaşın qulağına pıçıldadım:

– Bunu Hacı xandan neçəyə aldın?

– Doqquz!

– Necə doqquz? Doqquz yüz tümənəmi?

– Xeyr doqquza!

– Necə yəni doqquza?

Ələkbər yoldaş qulağıma yavaşcadan dedi:

– Hacı xana bircə dənə doqquzluq çıxardım.

Məsələ məlum oldu. Demək Ələkbər yoldaş yenə də Hacı xanla qumar oynamış imiş. Onlar ikisi də bu ibtiladan yaxalarını qurtara bilmirdilər.

Ziyafətdə sərdar Rəşidin sağlığına içilən badələr və general-konsulun nitqləri, sərdar Rəşidin Hacı Səməd xanı əvəz edəcəyi üçün bir başlanğıc idi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XLV

Dünyada elə bir insan yoxdur ki, onun həyatında müəyyən bir roman olmasın. Xüsusən davam etdiyi hər gündə minlərcə roman materialları yaradan dünya müharibəsi zamanı, insanları romanda təsvir edilməyəcək dəhşətlər bürümüşdü.Leylanın romanının tiplərindən biri Hindistan şahzadəsi Bahadır xandır.

1 min
Böyük quruluşda

(Səkkiz pərdəli dram əsəri)*Əsərdə iştirak edənlər

1 min
Birinci pərdə

Səhnə. Kaspi dənizinin kənarıdır. Ay çıxır, pərdə açılmadan uzaqdan avtomobil motorunun səsi eşidilir. Pərdə qalxarkən bir maşın görünür.*Şofer** — *(Kabinədən düşərək qapını açır)* Möhtərəm vətəndaşlar, təəssüf edirəm ki, sizi burada buraxmalı olacağam. Zəhmət çəkib maşından düşün.

7 min
İkinci pərdə

Qoca mühəndis Mirzə Əhmədin mənzilidir. Onun qızı mühəndis Dilbər əlində portfel gəlir, üst libaslarını çıxarıb şkafdan asır, pəncərənin qarşısına gəlib dışarı baxır.*Dilbər** — İntizar çəkənlər xəyalpərəst olurmuş, çox doğru və yerində deyiblər. Dünən axşamdan bəri xəyalımdan nələr gəlib keçmədi? Bilmirəm onun başında nə hadisə var. *(Fikrə gedir)* Ah, heç bilmirəm nə üçün onun gəlməsilə maraqlanıram?! Kim bilir bəlkə də o öz Firəngizi ilə bərabər gəlir. *(Portfelindən telegram çıxarıb baxır).* Şübhəsiz ki, o tək gəlmir, telegramda yazır ki, «gəlirik» *(Başını tutub otağı dolaşır).* Ah, nə qədər acı təsəvvürlər. Altı ildir bu təsəvvürlər bir ilan kimi mənim qəlbimə sarılmış. *(Pəncərənin qarşısına gedir və öz-özünə danışır):* Yox, bu yaramaz, mən qısqanırmışam. Qoy onlar xoşbəxt yaşasınlar.

15 min

Poems by other poets