Ninanın məktubu
Təbrizdə vəziyyət get-gedə dəyişirdi. Artıq Culfa–Təbriz yolu kəsilirdi. Hərbi İnqilab Şurasının iclasında yolun açılması qərarı çıxarıldı. Culfa inqilabçıların əlində idi. Müsəlləh qüvvənin başında Hafiz əfəndi dururdu.
Hərbi İnqilab Şurasının Hafiz əfəndiyə verdiyi telefonoqram bu məzmunda idi: «Culfa qüvvətilə hərəkət edib Circirlari təmizlə!»
Hafiz yerindən hərəkət etmədi. Nəticədə yol düşmənlərin əlinə keçdi.
Hələ Təbrizdə patron və əl bombaları hazırlamaq üçün Zaqafqaziya Ölkə Komitəsi tərəfindən görülən tədbirlər həyata keçirilməmişdi. Bu yolda lazım olacaq şeyləri gətirmək belə mümkün deyildi. Culfa–Təbriz yolu ilə gedib-gəlmək yalnız rus konsulxanasından verilən vəsiqələrlə mümkün idi.
Tək-tək adamlar Təbrizə gizlincə silah gətirirdilər. Fəqət silah möhtəkirlərini təmin etmək üçün Hərbi İnqilab Şurasının əlində lazımınca pul yox idi. Təbrizdə böyük hökumət ordusu ilə vuruşmaq lazım gələcək idi. Əks-inqilab ordularını isə bir tərəfdən İran hökuməti, o bir tərəfdən isə Rusiya çarı təmin edirdi. Konsulxanada hər bir şey vardı.
Mən daşnaklarla görüşmək üçün Ermənistana getdim. Onlarda silah və müharibə görmüş müsəlləh qüvvələr də vardı. Onlardan bir çoxunu gördüm. Daşnaklar Rusiyadan qorxduqları üçün bu inqilaba qoşulmaq istəmirdilər. Xüsusən, erməni burjuaziyası onların İran hökuməti üzərinə qalxmalarını bir nankorluq hesab edirdi, çünki Türkiyə və Rusiyada cinayətlər törədib qaçan daşnaklar üçün yalnız İran dövlətində yaşamaq mümkün olurdu. Çox gedib gəldikdən sonra onlar Qafqaz sosial-demokratlarından ayrılmayacaqlarını və bu mübarizədə iştirak edəcəklərini vədə verdilər.
Yolum hər gün mehmanxananın qarşısından düşürdü. Günlərin birində girib Nina haqqında məlumat almaq istədim.
Nina hər gün mehmanxanaya gəlib məni soruşurmuş. Axırıncı kərə bir məktub da buraxmışdı.
Məktubunda vədlərimə sadiq qalmadığımı, onları tamamilə unutduğumu təkrar tənqid edirdi. Bu hadisələrlə dolu olan şəhərdə mənim tələf olacağımdan nigaran qaldıqlarını Nina bir neçə sətirdə yazmışdı.
Məktubun əvəzində məktub yazaraq, görüş vaxtının təyinini Ninanın öhdəsinə buraxdım.
İki gün sonra mehmanxananın kiçik salonunda oturub qəzet oxuyurdum. Hövsələm daralırdı. Qəzeti bekar durmamaq üçün bir neçə dəfə oxumuşdum. Gözlərimi arxadan iki əl qapadı:
– Tap görüm kimdir?
İncə səs, titrək və isti əllər Ninanı xatırladırdı.
– Bu əl başqasının deyil, mən gözlədiyim əldir, – dedim.
Gənc Nina tamamilə dəyişmişdi. Sanki Təbrizdə bir ildən bəri istirahət içində yaşamışdı. O öz həyatından razı qaldığını bildirdi. Birinci sözü bu oldu:
– Konsulun ailəsində bizi çox hörmətlə qəbul etdilər. Xüsusən məni konsulun qadını öz qızı kimi sevir. Orada da yaşayırıq. Bizim haqqımızda göstərdiyiniz səmimiyyət haqqında hər ikimiz danışdıq. Sizin mallarınızın talandığını söylədik. Konsul malınızın geri alınması və özünüzə qaytarılması üçün bizə təminat verdi. Xüsusən onun qadını sizi qonaq gətirməmizi tapşırdı. Onlar sizin bu cür mədəni hərəkətinizlə iftixar edirlər. Hər halda sizi tanımadıqlarına təəssüf etdilər.
– İrandakı həyatınızdan razısınızmı?
– Mən şəxsən çox məmnun qaldım. Bunlar mənim dilimi bilməsələr də, öz məhəbbətlərini gözləri, çöhrələri və hərəkətləri ilə mənə bildirmək istəyirlər. Xüsusən konsul cənablarının evinə gedib-gələnlər, tacirlər, iş sahibləri mənə çox ehtiram göstərirlər. Məni çox yerə qonaq çağırırlar.
– Qonaq çağırılan yerlərə gedirsinizmi?
– Hələ heç bir yerə getməmişik. Lakin yarın konsulxana mütərcimlərindən birinin evinə nahar yeməyinə getməyə söz vermişik.
– O kimdir?
– Adını yadımda saxlaya bilmirəm. Uca, nazik gövdəli bir adamdır. Boynu, burnu uzundur. Çox tez-tez danışır, kəlmələrin axırını yeyir. Çox mütəkəbbir və özünü tərifləyən bir zatdır. Doğrusu, mən bu adamı çox da xoşlamıram. Lakin o öz evini tərif edir. Gözəl əntiqəxanası, asari-ətiqədən qiymətli şeyləri olduğunu söyləyir. Bunu başqaları da təsdiq edir. Bunun üçün də yalnız evini görməklə maraqlanıram.
– Bəlkə, bu adam Mirzə Fətulla xandır?
– Hə, özüdür!
Mən bunun kim və nə cür adam olması haqqında Ninaya heç bir söz demədim. Bu hələ tez idi...
– Demək, Nina xanım, biz yarın görüşə bilməyəcəyik.
Nina gözlərini parladaraq:
– Nə üçün? – deyə sordu.
– Çünki siz yarın Mirzə Fətulla xanın evinə qonaq gedəcəksiniz.
– Mirzə Fətulla xan bizim üçün o qədər də əhəmiyyətli deyil. Bizi yüzlərcə Mirzə Fətulla xan kimisi qonaq çağırır. Siz isə bizim üçün təksiniz. Sizin söhbətləriniz, xüsusən məndə silinməz bir xatirə buraxmışdır. Mən son zamanlarda şərqlilərdə bəzi xüsusiyyətlər görmüşəm ki, bunları qərblilərdə çox az görmək olur. Şərqlilər, ümumiyyətlə, qadınlara qarşı özlərini yüksək tutmayırlar. Mən bu xüsusiyyəti birinci dəfə sizdə təcrübədən keçirdim. Mümkün olduqca sizdən uzaqlaşmayacağam. Doğrusu, heç kəsə ürəyim yatmır. Bilmirəm, Şərqdə ilk dəfə sizi gördüyümdənmi və ya mənim özümə də məlum olmayan bir səbəbdənmi? Hər nədənsə, sizi görmək məni daim sevindirəcəkdir.
Çox tez-tez görüşürdük. Görüşmək və lazımi sözləri danışmaq üçün müxtəlif yerlər təyin edirdik. Görüşmələrin sayı artdıqca, Ninanın da bu görüşlərə tələb və arzusu artırdı.
Bəzən hər gün görüşürdük. Nəhayət, onu bacısından ayırmağa müvəffəq oldum.
Ninanı Minasyanın evində hazırlanmış üç otağa köçürdüm. Ninadan istifadə etməli olduğumuzu Səttar xana da söylədim. Onun mənə qarşı böyük hörmət bəslədiyini, bu hörmətin möhkəm bir sevgiyə qədər vardığını da əlavə etdim. Səttar xan məni təbrik etdi, məsələ ilə son dərəcə maraqlandı.
– Ayıq ol, sarıtel qız bizi satmasın, – deyib güldü.
– Zənnimcə, insanı satacaq qız deyildir, fəqət onunla çox ehtiyatlı davranmalıyam. Konsulxanadan, xüsusən mütərcimlər evindən bir çox lazımi vəsiqələrin əldə edilməsinə bunun vasitəsilə müvəffəq olacağam.
– Qıza böyük vədlər, hətta pəşin hədiyyələr də vermək lazımdır.
– Bunların heç bir lazım deyil. O mənim məqsədimə əməl etməyi hər bir hədiyyədən artıq bilər zənnindəyəm.
Sərdarın əmri ilə Minasyan çağırıldı. Minasyan incakist firqəsinin üzvüdür. Ona Nina və onun otaqları haqqında lazımi tapşırıq verildi. Sərdar əlavə olaraq otaqların döşənməsi və hər cəhətdən təmin olunmasını lazımi adamlara tapşırdı.
Nina Minasyanın evinə köçdü. Nina otaqların belə zəngin bir halda döşənməsi, hətta bunun az bir zamanda başa gəlməsinə təəccüb edirdi. Gənc qız bundan çox şadlanır və mənim sevgimə inanırdı. Mən, doğrudan, özünə də hiss etdirmədən onu sevirdim. O xasiyyətdə, o səmimiyyətdə qızı sevməmək olmazdı. Onu aldatmağı, doğrudan da, bir xəyanət hesab edirdim; çünki qız bu sevgi üçün ölümə qədər gedəcəyini hər bir hərəkətində bildirirdi.
Fəqət mən qızın sevgi üçün deyil, inqilaba bir inqilabçı kimi yardım etməsini istəyirdim. Bütün söhbətimizdə sevgili qızı inqilaba hazırlayır və onu inqilabın gələcəyinə inandırırdım.
– Mənim bütün mallarımı özümə qaytardılar. İndi zəngin bir adamıq. Bu şeyləri də sənin üçün almışam, – dedikdə Ninanın sevincindən gözləri yaşardı və bir damla göz yaşı ipək donun üzərinə düşüb parçalandı.
– Mən sizi özümə bu qədər səmimi bilməyirdim, – dedi.
– Siz gələcəkdə daha da xoşbəxt olacaqsınız. Mən öz səmimi hörmətimi sizə göstərmək üçün daha başqa imkanlar əldə etməyə çalışacağam.
– Sizə qəlbən inanıram. İnandığım da indi deyil, birinci gündəndir.
O mənə, doğrudan, inanırdı. O, ən dəlicəsinə sevən bir qızın öz sevdiyi gəncə qarşı tutduğu vəziyyəti tutmuşdu. Bunu bütün hərəkətilə göstərirdi. O buna haqlı idi. Mən onu əyləndirəcək və razı sala biləcək bütün vasitələri hazırlamağa çalışırdım. Onsuz yeməz, onsuz da bir yerə getməzdim. O da belə idi. Lakin mən burada ifrata vardığımı anladım, çünki mənim bu dərin məhəbbətim gənc qızın rahatlığını pozurdu.
O mənim inqilab hərəkatında iştirak etdiyimi və üzərimə müəyyən vəzifələr götürdüyümü bilmirdi. Buna görə də vədə verdiyim müəyyən vaxtlardan təxil etdikdə darıxır, ağlayır, hətta başqa sevgi ilə məşğul olduğumu zənn edib qısqanırdı. Nina ara-sıra bu təxirlər üçün məni tənqid etməyə də başlamışdı.
Bütün bu nümayişlər bir sevgiyə, lakin dəli bir sevgiyə, hər fədakarlığa hazır olan bir sevgiyə dəlalət edirdi.
Gənc qızın hərəkət və davranışları, onun qəlbindəki həyəcanları aydıncasına oxudurdu. Onun sevincli ürəyi titrək gözlərinin bacasından qollarımın arasına atılmaq istəyirdi.
O danışdıqca daima ürəyinin döyüntüsünü belə eşidirdim. Bununla bərabər o, çox utanırdı. Bəzən lazımi sözlərini deməkdən belə çəkinirdi. Sevgi sözü hər bir hərəkətində var idi, lakin sözdə və dildə yox idi. Sevirəm deməyə utanırdı, lakin söhbətlərinin hamısı sevgi ətrafında cərəyan edirdi.
Birimiz utanır, digərimiz qorxurdu. O, sevgisini elan etməkdən utanır, mən isə məqsədimi ona açmaqdan qorxurdum; çünki məqsəd o sevgidən daha böyük, daha mühümdür.
Bir neçə gün belə davam etdik. Bütün söhbətlər onun sevgisini və mənim məqsədimi andıracaq fəlsəfələr və müəmmalardan ibarət idi. Onu hər sözdə sınayır, imtahan edir, and içdirir, qadınların tez sevib, tez də ayrıldıqları məsələsini aralığa atır və deyirdim:
– Qadınların qəlbi nazikdir. Onlar çox tələsirlər. Bir kişini heç tanımadan sevirlər. Qadının qəlbi aldanır, gözləri, hərəkəti isə aldadır, nəticədə həm kişi, həm də qadının hər ikisi bədbəxt olur. Bu cür adamlar heç vaxt səmimi bir ailə başçısı olmazlar. Bunun üçün həm kişi, həm də qadın uzun zaman bir-birlərini öyrənməlidir.
Nina düşündükdən sonra utana-utana güldü:
– Doğrudur, – dedi, – mən özüm də belələrini sevmirəm. Mənə qalırsa sevməməyin ixtiyarı insanın öz əlində deyil. Əgər ixtiyar insanın öz əlində olarsa, sevginin bu ağırlıqlarına dözmək istəməz.
İkiüzlülüyü davam etdirmək mümkün deyildi. Ninanın həyəcan və iztirabını hiss edərək ruhən əzab çəkirdim. Ona inanmamaq ya idraksızlıq, ya da rəhmsizlik idi. Nina çox zamandan bəri ətində, qanında bəslədiyi sevgini lal bir hərəkətlə ifadə etməkdən yorulmuşdu.
Ən sonda onu sözlə də dedi:
– Sevirəm! Məzəmmət etmə!
Nina bu sözü dedikdə utandı və əlini gözlərinə qoyub yataq otağına qaçdı. Qapını arxasınca qapadı. Mən isə ayağa durub mənzilimə qayıtdım.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-ninanin-mektubu
Use ← → keys to move, R for a random poem
More by this author
İclasda müsəlləh üsyan məsələsi həll edilmişdi. Üsyan olmalı idi. İndi məsələ üsyanın necə aparılması üzərində idi. Mən müsəlləh üsyanın planını tərtib etmişdim.1-ci – üsyanın qüvvəsini 2 min nəfərə qədər artırmaq, Payan kəndindəki silahları şəhərə gətirib, səkkizinci il inqilabında iştirak edən inanılmış mücahidləri səfərbərliyə almaq.
Mahru və SmirnovMahru heç vaxt Smirnovu bugünkü qədər qəmgin görməmişdi. Smirnov daima: «Mən yalnız evə gələrkən yorğunluğum çıxır, ancaq səninlə görüşərkən dışarıda aldığım kədərləri unuduram», deyirdi. Lakin bu son günlərdə belə sözlər çox süni çıxırdı, Mahrunu inandıra bilmirdi. Smirnov nə evdə, nə dışarıda şad deyildi. O, evə gələrkən Mahrunun zövqünü oxşamaq istəsə belə, bacarmırdı, o güldükdə belə, bu gülüşün zahiri olduğu, içəridə isə başqa həyəcanları yaşamaqda olduğu duyulurdu. Bəzən başladığı söhbətləri belə yarımçıq qoyub başqa bir məsələyə keçirdi, heç bir şeyə həvəsi gəlmirdi, heç bir yerdə qərar tutmurdu. Yemək süfrəsində oturduqda ət tikəsini çəngəlin ucunda saxlayıb fikrə gedirdi. Bu anlaşılmaz vəziyyət gənc Mahrunun bütün ümidlərinə bir zərbə endirmiş kimi olurdu.O düşünür və düşünürdü:
Rus konsulunun ziyafətindəİllərdən bəri Nina ilə tanış olduğum konsula və onun ailəsinə gizlin deyildi. Onlar dəfələrlə Ninaya müraciətlə:– Əbülhəsən bəylə tanış olmaq lazımdır, – demişdilər.
Döyüş günləriMəhərrəm ayının beşinci günü idi. Morqan Şosterin İrandan qovulması xəbəri Təbrizə yayılmışdı. Qadınlar bazarındakı alış-verişçi qadınlar belə bu barədə danışır, imamın zühurunun yaxınlaşdığını xəbər verirdilər.– Sarı kafərin (ruslar) Məkkə evində at bağlamasına az qalmışdır, – deyə xalq məsciddən məscidə gedirdi.
Poems by other poets
Çərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
UrmuYurdumu bürüyüb cəlalın, Urmu,Bundan artıq nədir xəyalın, Urmu?
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcanEy qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,