İclasda müsəlləh üsyan məsələsi həll edilmişdi. Üsyan olmalı idi. İndi məsələ üsyanın necə aparılması üzərində idi. Mən müsəlləh üsyanın planını tərtib etmişdim.

1-ci – üsyanın qüvvəsini 2 min nəfərə qədər artırmaq, Payan kəndindəki silahları şəhərə gətirib, səkkizinci il inqilabında iştirak edən inanılmış mücahidləri səfərbərliyə almaq.

2-ci – hazırkı nəzmiyyənin tərkibində əski nəzmiyyədən qalmışları sabahdan etibarən xidmətindən çıxarıb silahlarını almaq, yerlərinə mücahidləri qəbul etmək.

3-cü – dörd yüz nəfər nəzmiyyə əfradı üçün dörd yüz at və yəhər-əsbab almaq.

4-cü – bütün inqilab rəhbərləri ailəsi ilə bərabər Təbrizdən çıxmalıdır. Çünki rəhbərlərin Təbrizdə qalması, onların ruslar tərəfindən asılması Təbriz xalqının inqilabi ruhunu tamamilə boğmuş olacaqdır.

5-ci – rus ordusu yerləşən yerləri nəzərdən keçirmək, üsyan hərəkatının harada və nə cür başlanmasını təyin etmək üçün bir komissiya düzəltmək lazımdır.

6-cı – səfərbərliyə alınanların siyahısını tutmaq, onların ehtiyacını təmin etmək, nə qədər məsarif lazım olduğunu bəlli etmək, onlar ilə təkbətək danışıb fikirlərini öyrənmək.

7-ci – səfərbərliyə alınanları xırda dəstələrə ayırıb onlarla şəhərin uzaq və müxtəlif cəhətlərində təlim keçmək, hərəkət məntəqələri ilə tanış etmək və silahla nə cür rəftar etmələrini müayinə etmək.

8-ci – silahların qalan hissəsini isə möhkəm bir yerdə gizlətmək.

Planın maddələri bir səslə qəbul edildi və müəyyən maddələr üzrə komissiyalar seçilib tapşırıqlar verildi.

İclasdan Məşədi Kazım ağa ilə bərabər çıxdım. Miss Hannanın ad günü olduğunu və ziyafətə dəvət olunduğumu söyləyərək şam yeməyinə gəlməyəcəyimi xəbər verdim.

– Qıza nə hədiyyə aparırsan? – deyə Məşədi Kazım soruşdu.

– Heç bir şey. Vaxtım yoxdur, – dedikdə Məşədi Kazım etiraz etdi:

– Yox, yaramaz. Bir şey aparmalısan. O bizə milyon tümən qazanc vermişdir. Onun da bizim bu mübarizəmizdə haqqı vardır. Evə dönək, onun üçün dəyərli bir hədiyyə götürün.

– Mümkün deyil, Ninaya təsadüf edəcəyimdən qorxuram, – dedim.

– Gəl, Nina xanım hələ gəlməz, – deyə Məşədi Kazım ağa məni evə qaytardı.

Məşədi Kazım ağa almazlarla bəzənmiş altun bir qutu gətirdi, qutunun içərisində xırda brilyantlardan düzülmüş bir qızbaşı vardı.

– Aparın! Bu, qızın zəhmət haqqıdır. O bizə yenə də lazım olacaqdır, – deyə güldü, mən də:

– Doğrusu, mən bu hədiyyəni amerikalı qıza vermək üçün xəsislik göstərirəm, – dedim.

Hər halda, bunu vermək lazım idi, onların himayəsindəki silahların xatirinə olsa belə, bu, lazım idi. Silahları bunların vasitəsilə gətirəcəyimizi düşünürdüm.

Məşədi Kazım ağa ilə bərabər çıxdıq. Düz-doğru Həkkakbaşının evinə gəldik. Hədiyyənin üzərində miss Hannanın adını yazdırmaq istədik. Həkkakbaşı evdə idi, bizi kamal-məmnuniyyətlə qəbul etdi. Qutunun üstündə bu sözləri yazdırdım:

«Qiymətli dostuma kiçik bir hədiyyəm».

Mən ziyafətə hamıdan sonra gəlmişdim, qonaqlar mənim yolumu gözləyirmiş, onların hamısı məni miss Hannadan öyrənmiş, xüsusən mənim miss Hannaya olmazın hörmətlər etdiyimi eşidib mənim ilə görüşməyə maraqlanırdı.

Mən içəri girdikdə amerikalı qonaqlar iranlılar kimi ayağa qalxdı, əvvəlcə miss Hanna məni salondakılara təqdim edərək dedi:

– Haqqında sizə dəfələrlə danışdığım, uğrumda fədakarlıq göstərmiş və bütün səfərimdə məni əyləndirmiş, hər kəsin sevdiyi, xüsusən mənim səmimi hörmət bəslədiyim Əbülhəsən bəydir. Qonaqlar da özlərini birər-birər təqdim edərək tanış olduq.

Əvvəlcə konsulun arvadı madam Mariya ilə tanış olduq. Konsulun özü xəstə olduğundan bu ziyafətdə iştirak edə bilməmişdi, o, məktub və hədiyyələr göndərmişdi.

Konsulxananın baş katibi Mister Frikson və onun gənc arvadı Sara xanım ilə tanış olduq. Beləliklə, bütün qonaqlarla bir-bir tanış oldum.

Bir tərəfimdə miss Hanna, digər tərəfimdə isə konsulun xanımı madam Mariya oturmuşdu.

Hədiyyələr gözdən keçirildi, mən verən hədiyyənin əvvəlcə qiymətli olan qutusu gözdən keçirildi, içində nə olduğundan xəbərləri olmayan qonaqlar qutunun üzərindəki daşları ölçür və təxmini də olsa, onun karatlarını hesablayırdılar, lakin qutu açıldıqda, daşlardan düzülmüş qızbaşı çıxdıqda mister Frikson Hannaya müraciətlə:

– Cavahir satan dostunuz sizə Fransada düzəlmiş ən qiymətli bir hədiyyə gətirmişdir. Siz indi zənginsiniz, hədiyyənin qiyməti 15 min dollardan əskik deyildir. Sizi gözəl, mədəni və gənc bir Şərq taciri ilə tanış olmaq münasibətilə də təbrik etməliyəm, – dedi.

Sevgi ilə sevinc bir yerə qarışdığından miss Hanna necə oturub, necə duracağını bilmirdi.

Söhbətlər yarım saatdan uzun çəkdi, ancaq bu danışılan sözlərin çoxu miss Hannanın hədiyyəsi üzərində idi. Miss Hanna mənimlə tanış olduğu zamandan bəri əldə etdiyi bütün hədiyyələrini qonaqlara göstərirdi.

O, əvvəlcə Səttar Zeynalabdinovun verdiyi qiymətli incini və Ələkbər yoldaşın arvadının hədiyyə etdiyi qiymətli şalı, Livarcan xanının hədiyyə verdiyi firuzə iynədən, cavahirli üskük, fil sümüyündən qayrılmış milçəni və sairələri göstərdi, sonra Ələkbər yoldaşın mənim adıma olaraq ona bağışladığı brilyant sırğaları göstərib dedi:

– Mən Şərqin ən qiymətli adamları ilə tanış olmağa və böyük hədiyyələrini daşımağa nail olmuşam.

Biz qalxıb süfrə başına keçdikdə Friksonun arvadı Saranın yanımda oturmağa tələsdiyini hiss etdim. Buna mən də razı idim, çünki konsul arvadı ilə mütərcim vasitəsilə danışırdım. Sara isə rusca çox gözəl danışırdı.

O öz əri Friksonla belə rusca danışmağa çalışırdı, Frikson da qırıq-qırıq olsa da, fikrini rusca ifadə edə bilirdi. Bir tərəfimdə miss Hanna, digər tərəfimdə isə Sara oturmuşdu, miss döşünə taxdığı zəngin qızbaşına baxaraq dedi:

– Mən köksümdə zəngin və səmimi dostumun hədiyyəsini daşıyıram.

Mən ona tərəf əyilərək yavaşca cavabını verdim:

– Mən də köksümdə qiymətli və gənc bir qızın unudulmaz sevgisini daşıyıram, – dedim.

Bu sözdən miss Hanna olduqca məmnun qaldı, bunu Saraya da dedi. Saranın fikri özündə deyildi, onun fikri də, qəlbi də, gözləri də hədiyyədə idi; o, iştahasını, marağını, hirsini söndürməyi bacarmırdı, nəhayət, o mənimlə söhbətə girişdi.

– Mən taleyə, iqbala inanıram, – Sara bu sözləri ərinə çox ehtiyatla baxaraq deyirdi. – Biz Friksonla burada evlənmişik, mənim atam Xadarkovski qənd firmasının vəkilidir, firmanın sahibi mənim əmimdir. Atamın familiyası, bəlkə də, eşitmiş olarsınız, Mezgerdir. Anam burada atamdan ayrıldı, Şərq mühitinin verdiyi xüsusiyyətləri həzm edə bilmədi. Özü üçün bir neçə namünasib tanışlar seçdiyindən atamın narazılığını qazandı, bununla da ayrıldılar. Böyük bacım hələ Təbrizə gəlmədən belə bir nəfər gürcü knyazı, mal həkimini sevib getdi. Ailəmiz dağıldı, o həyatda yaşamaq mümkün olmadı, mən də ərə getmək məcburiyyətində qaldım. – O, burada bir az səsini yavaşıdıb dedi: – Amerikalılar olduqca xəsisdir. Zatən ingilis irqinin hamısı belədir. Onlar yalnız özləri üçün yaşayırlar. Hər nə isə mənim taleyimdə bu, yazılmış imiş. Bunu da deməliyəm ki, hələ ailə illəri bizi bir-birimizə bağlamamışdır. Onunla Amerikaya gedəcəyim də şübhəlidir, hər halda mən Şərqdə yaşamağı istərdim.

Saranın sözləri Friksona məcburi olaraq ərə getdiyini anladırdı, mən onun sözlərini cavabsız buraxmaq istəmədim.

Sara sözünü bitirdi, məsələ aydın idi. O, Friksonu gözəl, zəngin olması şərti ilə sevə biləcək idi, indi isə sevmir, səadətini başqalarında arayır.

Frikson mənim qolumdan tutub, salona keçməyimizi təklif etdi.

Frikson əvvəlcə sözünü öz arvadından başlayaraq:

– Rəfiqəm çox gəncdir. Onun yaşı həyata müəyyən şəkil verə biləcək vaxtına yetişməmişdir, 19 yaşı vardır, evləndiyimiz də uzun zaman deyildir. Hələlik o, qızlıqdan və qızlığa məxsus şıltaqlıqdan ayrıla bilməmişdir, mən isə onun ruhuna girmək, onu oxşamaq yollarını tapa bilmirəm, buna görə də bir yabançı kimi yaşamaqdayıq, – dedi.

Bunu mən Sara xanımın söhbətindən anlamışdım. Bu məsələnin məni çox da maraqlandırmadığını görən Frikson:

– Bunu bir tərəfə burakalım, – dedi, – hazırkı vəziyyətimizdən danışalım.

Sabah Payan kəndindəki xeyriyyə müəssisəmizin köçürülməsi vaxtı bitir, orada olan şeyləri, əldə olan xəstə və sağlam uşaqları köçürüb şəhərdə yerləşdirmək lazımdır. Bu isə vaxt tələb edir, bu vaxtı da bizə vermirlər. Müctəhid bu gün yenə də qəti tələbat vermiş və kəndi boşaltmağı qəti olaraq xəbər vermişdir. Bəlkə də, siz bu barədə bizə yardım göstərə bilərsiniz? Heç olmasa, şəhərdə əlverişli mənzil tapmaq lazımdır.

Frikson üzümə baxaraq cavab gözləyirdi.

– Mümkündür, – dedim, – istər şəhərdə yer tapmaq, istərsə şeyləri oradan daşıtdırmaq mümkündür.

Bu xəbər məni sevindirirdi, çünki Payan kəndindəki silahları yenə də Amerika bayrağı altında olaraq şəhərə gətirmək mümkün olacaq idi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

“Fərman-hümayun”

Bəhram şahla Atabəy Məhəmməd arasında gedən müharibələr bitmişdi. Kirman şəhəri altında bağlanan müqavilə ilə Kirman məmləkətinin böyük bir hissəsi Atabəy məmləkətinə ilhaq olunmuş və Toğrulun səltənəti bir daha möhkəmləndirilmişdi.Fars ölkələrində məşğul olan ordular paytaxta qayıtmış və oradan da ölkə daxilində mövcud olan başıpozuqluğu təsviyə etmək üçün lazımi yerlərə göndərilmişdi.

15 min
Şairin son sözü

Axşam çağı idi. Günəşin istiliyi axşam küləkləri qarşısında məğlub olaraq, get-gedə təsirini itirirdi. Səyahət vaxtı keçirdi, çay kənarına səyahət üçün gələnlər çəkilib gedirdi. Şair də qalxıb çayın kənarı ilə şərqə doğru döndü. Musa dəyirmanının ətrafındakı söyüdlükdən qalxıb Səncər meydanına tərəf getdi. Bu zaman onu arxadan bir nəfər səslədi:– Möhtərəm şair, bir az ayaq saxlayın.

14 min
Qızıl Arslan

Eldəniz oğlanları Azərbaycanı idarə etməyə başlamışdılar. Cənub-qərbi Azərbaycandakı itaətsizlik, Marağa hakimi Qara Süngərin məğlubiyyəti nəticəsində təsviyə olunmuşdu. Qızıl Arslan Təbrizdə oturub Şimali Azərbaycan məsələləri ilə məşğul olduğu zaman, yerli hakimlər yerlərin vəziyyəti barəsində hökmdara bir çox əsassız məktublar göndərirdi. Onlar öz mövqelərində qalmaq üçün məmləkətdə mövcud olan narazılıqların səbəbini gizlədirdilər. Buna görə də Nizami Qızıl Arslandan şeir və ədəbiyyata dair aldığı məktubun cavabında məmləkətin vəziyyətini yazmış və narazılıqların səbəbini qismən aydınlaşdırmışdı.Nizami öz məktubunda məmləkətdə mövcud olan üsyanların yararsız olan hökumət üsul-idarəsi nəticəsində yaradıldığını və məmləkətin islahata möhtac olduğunu, xalqın etimadını itirmiş yerli hakimlərin isə dəyişilməsi lüzumunu qeyd etmişdi.

12 min
Süleymani

On dörd gecəlik ay, bu qara xəyanəti görməmək üçün başını qara buludların yorğanına çəkib gizlənmək istəyirdi.Mavi fəzanın hovuzunda çimən ulduzlar da qara qətifələrə bürünərək öz yatağına çəkilirdi. Daima pəncərələri döyməyə adət edən Gəncə küləkləri şəhər xalqını bu qara hadisədən xəbərdar etməmək üçün öz şiddətini dayandırmışdı. Gecə olduqca sakit və durğun idi. Hər şeydə bir sükut hiss edilirdi. Sanki bütün təbiət Əmir İnancdan sükut əmrini almışdı. Saray da yatmışdı. Nə həyətdə, nə də dəhlizdə cınqırını çəkən var idi. Cariyələr otaqlarının çıraqlarını söndürmüşdülər. Uzun və geniş dəhlizin baş tərəfində yanan piy çırağı da sönürdü. Lakin xacə Müfid adəti üzrə oğru pişiklər kimi dolaşıb, saray xalqı yatan otaqların qapısını qoxulayırdı. O, Dilşadın otağının qapısında durdu, onun otağının açarını əlindəki başqa açarların içərisindən asta-asta tapmaq istərkən Dilşad oyandı, titrəməyə başladı, çünki gecənin bu vaxtında xacə Müfid heç bir zaman könülaçan bir xəbər gətirməzdi. Bu vaxt cariyələr ya istintaq edilməyə, ya cəza verilməyə, ya da Əmir sərxoş olduğu zaman onu əyləndirməyə aparılırdı.

12 min

Poems by other poets