“Fərman-hümayun”
Page 1 of 3
Bəhram şahla Atabəy Məhəmməd arasında gedən müharibələr bitmişdi. Kirman şəhəri altında bağlanan müqavilə ilə Kirman məmləkətinin böyük bir hissəsi Atabəy məmləkətinə ilhaq olunmuş və Toğrulun səltənəti bir daha möhkəmləndirilmişdi.
Fars ölkələrində məşğul olan ordular paytaxta qayıtmış və oradan da ölkə daxilində mövcud olan başıpozuqluğu təsviyə etmək üçün lazımi yerlərə göndərilmişdi.
Şimali Azərbaycana da ərəb, fars və iraqlılardan ibarət böyük bir ordu gəlmişdi. Xüsusən Aranın paytaxtı olan Gəncə şəhərinə Atabəy Məhəmmədin xas alaylarından ibarət böyük bir qüvvə gəlmişdi.
Bu qoşunun gəlməsi, onun inzibati işlərə başlaması Atabəylərin tərəfindən düzəldilmiş təzə qanunların elan edilməsi, vergiləri verməkdən boyun qaçıran kəndlərə göndərilən vergi məmurlarının qoşun dəstələri ilə getmələri, gələcəkdə nə kimi hadisələr vücuda gələcəyini aydınlaşdırmışdı.
Bunsuz da Əmir İnancın vaxt qazanmaq üçün Azərbaycan xalqına verdiyi istiqlal vədələrinin məndəricəsi məlum idi, çünki zahirdə Şirvan şahı Əbülmüzəffərə qarşı qoyulan təbliğat işlərinin Şirvan şahı ilə Əmir İnanc arasında müştərək düzəldiyinə dair vəsiqələr də əldə edilmişdi. Arana gətirilən qoşun dəstələrindən başqa, Şirvan şahının ixtiyarına da xalis farslardan ibarət böyük bir dəstə qoşun gəlmişdi. Atabəy Məhəmmədin gördüyü bu tədbirlərin məndəricəsi də bəlli idi. Şimali Azərbaycan, Atabəyin qoyduğu təzə qanunları qəbul etmədiyi zaman Şirvan şahlığında yerləşən qoşunlar Şirvanın öz xüsusi qüvvəsilə birlikdə Şimali azərbaycanlıları arxadan vuracaqdı. Atabəy Məhəmməd ilə Şirvan şahı Əbülmüzəffər arasında hərbi ittifaq bağlandığı xəbərləri də aralıqda gəzirdi.
Nəhayət, şayiə şəklində dolaşan xəbərlər bir həqiqət kimi görünməyə başladı.
Günəş hələ bir cida boyu qalxmamışdı, şəhər xalqı yerindən təzə-təzə qalxırdı, hökumətin carçıları küçələri dolaşıb bu sözləri qışqırırdı:
“Səlcuq camesinə yığışın!
Xəlifənin fərmanı oxunacaqdır, hey...”
Cümə günü idi. Məlikşah meydanı Gəncə əhalisi ilə dolmuşdu. Cümə bazarında iştirak etmək üçün Dehi, Püsəran, Xursənək, İsfahan, Yurt, Rud, Aqsuvan və Yam kəndlərindən gələnlər də Məlikşah meydanına yığışaraq xəlifədən gələn fərmanın nədən ibarət olduğu ilə maraqlanırdı. Arana qoşun gəldiyini görərkən “istiqlalı müdafiə üçün gəlibdir” – deyən sadə ürəklilər, indi də “Xəlifə istiqlalımızı təsdiq etdiyi üçün fərman göndəribdir” – deməyə başlamışdılar. Məsciddə boş yer yox idi, qırx sütunlu, geniş məscidin qadınlar bölməsində də minlərcə adam yerləşmişdi. Məsələnin həqiqətini bilənlər də, bilməyənlər də fərmanı eşitməyə tələsirdilər. Gəncə və ziyalıları da məsciddə idi.
Fəxrəddin və Nizami hamıdan əvvəl məscidin əyan və ziyalılara məxsus bölməsində oturub Əmirin əyan və Gəncə qazısının intizarını çəkirdilər.
Fəxrəddin Nizaminin qulağına pıçıldayıb:
– Hərgah məsciddə bizdən biət almaq istəyərlərsə, təklifimiz nədir? – deyə soruşduqda, Nizami:
– Baxıb görək, fərmanda nə yazılır, o zaman təklifimiz aydınlaşar, – dedi.
Əmir İnanc və Gəncə xətibi, Əmirin qoca vəziri Toxtamışla bərabər məscidə girdilər. Əmir və vəziri Toxtamış hökumətə məxsus bölmədə oturdular, xətib isə birbaş xalqın cərgələrini yarıb minbərə çıxdı. Qısa bir xütbə oxudu. Xütbəni Xəlifə Müstərşidbillah, Soltan Toğrul və onun atabəyi Cahan Pəhləvan Məhəmmədin adları ilə başlayıb onların adları ilə də bitirdi.
Xətib xütbəsini bitirdikdən sonra, Hüsaməddin əlində üstünə yaşıl atlasdan örtük çəkilmiş gümüş sini minbərə yaxınlaşdı. Xətib əlini uzadıb sininin üstündən örtüyü götürərək:
– Allahüməsəlli əla-Məhəmməd və ali-Məhəmməd! – dedi, bunun dalısınca da məsciddən yüksələn salavat səsi Məlik meydanına əks etməyə başladı.
Meydanda yığılan xalqdan da salavat gurultuları eşidildi. Nəhayət, xətib ayaq üstündə durub "salavat" kəlməsini təkrar edənlərin yerə oturmasını əmr etdi. Xətib ərəbcə yazılmış fərmanı oxumağa başladı. Sonra da Əmirin qoca vəziri ayağa qalxıb fərmanı qısa bir surətdə yerli dilə tərcümə etdi:
"Allah-təbarək-taalanın böyük iradəsi və peyğəmbər-zişənimizin himayəsi, islam milləti və islam məmləkətlərinin himayə işlərini xəlifələrə həvalə edibdir. Buna görə də biz, dini-islamın müdafiəsi, Qurani-şərifin hökmlərinin bütün dünyada nəşr edilməsi, islam ölkələrinin əmin-amanlığı, məmləkətlərin abad edilməsi işini səlahiyyətlar olan soltanların öhdəsinə tapşırmalıyıq. Dünya səltənətini Məlikşahın xələfi olan Soltan Toğrula, onun atabəyi Cahan Pəhləvan Məhəmmədə tapşırmağı qərara aldım.
Bütün İraq, Fars və Azərbaycan xalqına tapşırılır ki, Əmirəlmöminin etimadını qazanmış, Soltan Toğrula və Eldənizin dəyanətli xələfi olan Cahan Pəhləvan Məhəmmədə bilavasitə biət etsin. Həmədan sabiqdə olduğu kimi Toğrul səltənətinin paytaxtıdır. Azərbaycan hökuməti, Təbriz paytaxt olmaq şərtilə Atabəy Məhəmmədin qardaşı Qızıl Arslana tapşırılır. Şirvan xaqanı Əbülmüzəffər Şirvan şahı təsdiq olunur. Aran ölkəsinin idarəsi Atabəy Məhəmmədə tabe olmaq şərti ilə Əmir İnanca həvalə olunur".
Toxtamış fərmanı oxuduqdan sonra onu əlində yuxarı qaldırıb məsciddə oturanlara dedi:
– Fərmanı Əmirəlmöminin xəlifəyi-ruyi-zəmin Müstərşidbillah həzrətlərinin özü imza edib və xilafət möhürü ilə möhürləmişdir.
Vəzir bu sözləri dedikdən sonra fərmanı yenə də gümüş sininin içinə qoydu və yaşıl atlası üzərinə çəkərək Əmirin qarşısına gətirdi. Əmir ayağa qalxdı, çünki xəlifənin təklif etdiyi biəti qəbul edənlər bir-bir gəlib fərmanı öpməli və Əmirə biət edib keçməli idilər.
Ən əvvəl xətib və Əmir divanxanasının məsul xidmətçiləri bir-bir gəlib fərmanı öpüb keçdilər. Lakin məscidə yığılan camaatın gözü Fəxrəddində, Nizamidə və sairlərdə idi. Heç kəs yerindən hərəkət edib fərmanı öpməyə və "biət edirəm" deməyə cəsarət etmirdi.
Toxtamış dərhal vəziyyətin ağır olduğunu hiss edərək əyanlara müraciət etdi:
– Xalq öz rəhbərlərinin xəlifə nümayəndələrinə biətini gözləyir. Ağalar buyurub biət etsinlər.
Yenə də heç kəsdən səs çıxmadı.
Fəxrəddin Nizaminin qulağına pıçıldayıb soruşdu:
– Təklifiniz nədir?
Nizami Fəxrəddinə cavab vermədən əvvəl Toxtamışın cavabını verib dedi:
– Biz ərəb olmasaq da, ərəbcəni bir ərəb kimi bilirik. Biz bunu bilməyə məcbur idik. Xəlifə həzrətlərinin göndərdiyi fərmanın məzmunu burada xalqdan Toğrula və Atabəy Məhəmmədə biət yığmağa icazə vermir.
Nizaminin bu sözlərindən sonra məsciddə tamamilə təzə bir vəziyyət törəmiş oldu. On minlərcə adam əlini qulağının dalısına süpər edib, minbərin yaxınında gedən söhbətləri eşitməyə tələsirdi. Toxtamış Nizaminin sözünə cavab verib dedi:
– Mən cavan şairin sözlərinə çox təəccüb edirəm, onun xalqın şüurunda şübhə yaratmaq üçün meydana atdığı bu əsassız fikrinin mənasını anlamıram. Əvvəla, fərmanda biət edilməsi sözləri çox açıqcasına qeyd edilmişdir. İkincisi də, ağsaqqallar, yaş və sərvət cəhətcə yüksəkdə duran ağalar oturan yerdə həyat meydanına təzə atılan bir gəncin üləma və əyanlar hüzurunda diliuzunluq etməsi ədəbsizlikdir.
Toxtamış bu sözləri dedikdən sonra məscid xalqından:
"Doğrudur, doğrudur, vəzir çox doğru buyurur!" kimi səslərin yüksələcəyini ümid edirdi. Lakin məsciddə oturanlardan cınqırını çəkən belə olmadı. Ancaq Fəxrəddin ayağa qalxıb danışdı:
– Mən öz sözümlə nə əyanları, nə də özümüzdən yaşlıları təhqir etmək istəmirəm. Lakin bunu demək istəyirəm ki, Azərbaycanda mövcud olan bugünkü yüksək mədəniyyət və bütün Şərqdə özünü tanıtdırmış olan şeir və musiqi sənəti, vəzir cənablarının göstərdiyi qocalara deyil, hazırkı Azərbaycan gəncliyinə minnətdardır. Vəzir cənabları sağ-soluna göz gəzdirdiyi zaman gənc Nizamini, gənc Mücirəddini, İzzəddini və sairləri görəcəkdir.
Yaşlılara və özümüzdən qocalara olan hörmət və pərəstişimizi heç kəs inkar edə bilməz. Lakin bunu qeyd etmək lazımdır ki, onların fikirlərinin məhsulu olan bu ictimai həyatın özü də qocalmış və gevşənmişdir. Yeni ictimai həyat, yeni mədəni quruluş gənc əllərlə təşkil edilməkdədir. Gənclər qocalardan sonra doğulduqları üçün onların həyat və dünyagörüşləri də gəncdir. Zənn edirəm öz yerini gənc nəslə tapşırmış olan qoca atalarımız da bunu təsdiq edər.
Məsciddən səslər ucaldı:
– Yaşasın Fəxrəddin! Yaşasın gənc fikirlər!
Əmir, Toxtamışın qulağına nə isə pıçıldayandan sonra o çox mülayim bir tövr alaraq:
– Biz heç bir zaman hazırkı mədəniyyətin gənc nəslə minnətdar olması həqiqətini inkar edə bilmərik. Lakin gənclərin də xalqı iğfal etməsi və xəlifənin fərmanını təhrif etməsi mədəniyyətsizlikdir.
Nizami bir daha ayağa qalxıb məscid xalqına müraciət edib dedi:
– Mən heç bir zaman həqiqəti təhrif etməmişəm, biləks, təhrifçilərin düşməni olmuşam. Hərgah vəzir cənabları bu sözlərimi özü üçün təhqir hesab etməzsə, o zaman cəsarətlə deyə bilərəm ki, xəlifə həzrətlərinin fərmanını təhrif edən cənab vəzirin özüdür. Xəlifə öz fərmanında nə deyir? Yaxşı qulaq verin, o barədə sizə izahat verim.
Xəlifə fərmanında hər kəsin anlaya biləcəyi bir surətdə deyir:
"Bütün İraq, Fars və Azərbaycan xalqına tapşırılır ki, Əmirəlmöminin etimadını qazanmış Soltan Toğrula və Eldənizin dəyanətli xəlifi olan Cahan Pəhləvan Məhəmmədə bilavasitə biət etsinlər".
Bilavasitə sözü nə deməkdir? Yəni başqasının vasitəsilə deyil, şəxsən onların özünə biət etsinlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-ferman-humayun
Use ← → keys to move, R for a random poem
More by this author
Mən:– Konsulun Hacı Səməd xanla əlaqəsi yaxşılaşmışdır, – dedim.
Azərbaycan çar qubernatoru Səməd xanadBu məktubu sənə bütün Azərbaycan kəndlisi, işçisi, yoxsul və inqilabçı kütlələri tərəfindən yazırıq.Sən bu məktubu yaxşı oxumalısan. Çünki sənin müqəddəratını həll edən məsələlərin hamısı bu məktubun içindədir. Sən 11-ci ilin məhərrəmində çar hərbi səhra məhkəməsinin vəzifəsini həyata keçirməklə, Azərbaycanın ən seçilmiş adamlarını dara çəkdin. Sən bu günə qədər də eyni vəzifəni ifa etməkdəsən. Çar cəlladları əllərini boyamaq istəmədiyi qanlar sənin əlinlə tökülməkdədir.
Sarı Ağabala xanHacı Səməd xan bir gün əvvəl Peterburqa məktub yazmaq istəliyini mənə söyləmişdi. Bu gün səhər saat 10-da Nizamüddövlə bana getdim.Onun görüşünə ya səhər çayına, ya nahar yeməyinə, ya da şam axtı getmək olardı.
Yeni intibahnamələrTəzə buraxdığımız intibahnamələr və Hacı Səməd xanın özünə yazdığımız məktub, onun bütün varlığını sarsıtmış, idarə etmək qüvvəsinə ağır bir zərbə vurmuşdu.İntibahnamələr çıxan gün o məni öz yanına çağırdı. Son günlər o yalnız mənimlə dərdləşir və gizlin sirlərini ancaq mənə söyləyirdi.
Poems by other poets
Bey bismillah əzbərimdi, hey xudadan, ya ƏliƏn ibtida gəldi səda ərş-əladan, ya Əli.
Dəlilerim, bu gün dava günüdüDəlilerim, bu gün dava günüdü,Müxənnet ölkesi talanmaq gərək.
İncizablarımVəhy ilə səmadan enmədir Quran.Quranla pestidən yüksəlir insan.
Müəmma: Beş yaşından on beş raha yetişdimBeş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?