Yeni intibahnamələr
Təzə buraxdığımız intibahnamələr və Hacı Səməd xanın özünə yazdığımız məktub, onun bütün varlığını sarsıtmış, idarə etmək qüvvəsinə ağır bir zərbə vurmuşdu.
İntibahnamələr çıxan gün o məni öz yanına çağırdı. Son günlər o yalnız mənimlə dərdləşir və gizlin sirlərini ancaq mənə söyləyirdi.
Mən onun yanına girdikdə o, bir bez kisə gətirib qabağıma qoydu və onları göstərib dedi:
– Mən iki qılınc arasında qalmışam. Bilmirəm inanm, ya inanmayım, konsulun dediyinə görə bu işlərdə ingilis barmağı vardır. Buna inanmaq da olar. Bəlkə də, ingilislər mənim ilə imperator hökumətinin arasını vurmağa çalışır. Amma o biri tərəfdən də seçkilərə başlamaq üçün Tehrandan təlimat gəlir və «ana» konsul da deyir ki, bunlara əməl etmək lazımdır. Cənab ağa! Hərgah Tehran hökuməti burada hakimdir, bəs mən nəçiyəm və çar hökuməti nəçidir? Yox, burada hakim mənəm, bir də çar hökumətidir, bəs Tehran nəçidir, o nə istəyir? Bir tərəfdən də konsulun buyurduğuna inanıram: çünki intibahnamələr olan küçədə, ingiliscə yazılmış kağızlar tapılmışdır. Səməd xan bunu deyərək kisədən bir bloknot səhifəsi çıxarıb mənə göstərdi, mən ona baxıb, ingilis konsulxanası katibinin bloknot səhifəsi olduğunu söylədim.
Bu səhifəni biz rus konsulxanasına yazılan bir məktubun başından kəsərək, intibahnamə qoyulan kisənin içərisinə salmışdıq. Həsənağa kisəni bazara atdıqda darğabaşı götürüb Səməd xana gətir— miş, beləliklə, ingilis şübhəsi meydana çıxmışdı.
Bundan sonra Səməd xan kisədən bir intibahnamə də çıxarıb mənə verdi və : – Oxuyun! - dedi.
Azərbaycanlılar!
Məclis seçkilərinə hazırlıq işləri başlanmışdır. Şahın tacqoyma təntənəsi gününə qədər məclis açılmalıdır. Lakin çar fitnəsinə istinad edən Hacı Səməd xan Azərbaycanda seçki aparılmasına imkan vermək istəmir. Tehrandakı rus səfiri də belə məsləhət görür: onlar Təbriz nümayəndələrinin Tehranda seçilməsini təklif edir. Hacı Səməd xan şəxsən, Azərbaycanı İrandan ayırmaq və rus himayəsində olmaq şərtilə ölkəni idarə etməyi düşünür.
Azərbaycanlılar! Hacı Səməd xan bu məqsədinə çatmadı. Rusiya xariciyyə naziri Sazonovun əmrinə görə, seçkilər mütləq Azərbaycanda getməlidir. Rusiya hökuməti ingilislərin təzyiqi ilə Hacı Səməd xanı seçkiləri başlamağa məcbur edəcək!..
Azərbaycan xalqı da seçkilərin müsbət nəticə verməsi yolunda çalışmalıdır!.. İran kəndlisi, İran kustarları, İran demokratlarıl Səsinizi məmləkətin düşmənlərinə verməyin! Səsinizi inqilabçılara, məşrutəçilərə verin! Səməd xanın adamlarına, çar himayəsində olanlara etibar etməyin, onların son günləridirl
İran inqilab komitəsi
Mən intibahnaməni oxuyub bitirdikdən sonra:
– Burada əcnəbi barmağının hərəkət etdiyi şübhəsizdir, – dedim, -— məncə, biz cənab general-konsulun buyurduqlarına əməl etməliyik. Onun sözləri etibarlı sözlərdir. Hər halda, imperator hökumətinin sizi təqdim etdiyinə şübhə ola bilməz. Həzrət Əşrəfin əsəbiləş— məsinə lüzum da yoxdur. Sizin Azərbaycanı lazımınca idarə etdiyiniz haqqında Peterburq sarayları müsbət fikirlər daşıyır. Rusiya hökuməti Tehran hökuməti ilə anlaşsa belə, o yenə də sizin Azərbaycan üzərində olan qanuni hüququnuz hesabına heç bir zaman güzəştə gedə bilməz. Həzrət Əşrəf imperatorun özünə qarşı olan dostluq münasibətindən istifadə etməlidir. Rusiya mədəniyyətinin Azərbaycana daxil olmasına maneə yaradan səbəbləri aradan qaldırmalıdır. Həzrət Əşrəf bilir ki, maarif, nəqliyyat, ziraət, ticarət və sair işlərimizin islaha böyük ehtiyacı vardır.
Mən bu sözləri onun gələcək fikirlərini və hazırda nələr düşündüyünü öyrənmək üçün deyərək ondan cavab gözləyirdim.
Hacı Səməd xan arada bir qalxıb yenə yerinə oturdu.
– Bərəkallah oğlum! Bərəkəllah oğlum! Fikrin mədəni bir avropalı fikridir! – dedi. – Ağa, əvam xalqımız qoymur, işimiz irəli getmir! Siz elə bilirsiniz ki, mən çalışmıram? İndi neçə müddətdir ki, Urmi gölündə gəmi işlətmək imtiyazının üstündə çalışıram. Siz ticarət, nəqliyyat məsələsini buyurursunuz, məyər Urmi gölündə gəmi işlətmək işinin nizama düşməsi nəqliyyatın islah olunması deyilmi? Amna ruslar bu barədə mənim sözümə baxmır. Mən dediyimi eşitmir. İngilislərdən qorxur. Mən deyirəm Urmi gölündə gəmi işlətmək işi Azərbaycana aid bir məsələdir. Tehran heç vaxt bizi məcbur edə bilməz ki, gərək göldə gəmi işlətmək imtiyazı Süleyman Mirzədə qalsın. Amma Rusiya hökuməti buna razı olmur, Tehranda baş vəzirə rüşvət vermək və məsələni mərkəzdə həll etmək istəyir. Mən çalışıb Makuda kargüzarlıq düzəltdim, Savucbulaqda, Urmidə, Makuda konsulxanalar açılmasına imkan verdim, oralarda əmin-amanlıq yaranmasına, ticarət yollarının səlamətliyinə çalışdım. Amma təəssüf olsun ki, məni imperator hökuməti anlamır, mənim nə vəziyyətdə olduğumu düşünmür.
Hacı Səməd xan mənim yuxarıdakı sözlərimdən istifadə ilə, Azərbaycanda çar Rusiyasına vermək istədiyi imtiyazlardan uzunuzadı danışdı və bunları bir cislahatə kimi mənə qəbul etdirməyə səy etdi. Eyni zamanda o, ruslardan narazı qaldığını və özünün təqdir olunmadığını da gizlədə bilmirdi. Hacı Səməd xan axır nəfəsinin çatdığını hiss edirdi. O öz yerini tutmağa hazırlanan sərdar Rəşidi gördükdə özünü şaşırırdı.
Biz Səməd xanla şirin söhbətdə ikən, telefonçu gəlib sərdar Rəşidin hüzura gəlməyə icazə istədiyini xəbər verdi. Xanın rəngi birdən-birə dəyişdi, acıqla:
– Məndən ona salam yetir! – dedi. – Ərz elə ki, həzrət Əşrəf özünü yaxşı hiss etmir, bu gün qəbul edə bilməyəcəkdir!
O, yenə də rusların vəfasız olduğuna işarə edərək sözünü bitirdi.
– Əfv edərsiniz, bu gün Nina xanım bir az xəstədir. Ona həkim gətirməliyəm, – dedikdə o:
– Mənim təşəkkürümü ona yetir! – dedi. – Sizin bu dostluğunuzun xatirəsi məndə həmişəlik qalacaqdır. Sabah axşam təşrif gətirin, sizinlə bəzi məsələləri danışmalıyam.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-yeni-intibahnameler
Use ← → keys to move, R for a random poem
More by this author
Leyla xanımın müharibənin nəticəsindən xəbəri yox idi. O, məğlubiyyəti hiss edirdi. Fəqət verilən qurbanlar haqqında bir şey eşitməmişdi.Şimali-qərbdən gələn və şəhəri titrətməkdə olan top gurultuları sakit olmuşdu.
XXX. MəktublarBakı proletariatı fəaliyyətini dayandırmamışdı. İşçilər yenə də düşmənlərə qarşı mübarizə üçün həbsə alınan rəhbərlərdən təlimat alırdılar. Bu günkü iclasda rəhbərlərin həbsxanadan göndərdiyi məktub oxundu və gələcək xətti-hərəkət barəsində lazımi qərar çıxarıldı. İclas yenicə qurtarmışdı. Vahan ilə Raya evə gəldikdə nə Heydəri, nə də Əminəni gördülər. Əminənin anası isə müəyyən bir söz deyə bilmədi.Yarım saat keçmişdi. Vahan Əminə və Heydərin hara getdiyini bilmək üçün Rayanı evdə qoyub çıxdı. Qaranlıq idi. Boynunu zürafələr kimi mədənlər üzərindəki qara dumanlara uzadan buruqlardan başqa heç yer görünmürdü.
XXXI. Qəti vuruşmalarAvqustun 31-də başlanmış və ingilislərin tam məğlubiyyəti ilə qurtarmış qanlı müharibə, indiyə qədər tərəddüdlə danışılan ricət məsələsini çox qəti qoymuş oldu. Beş saat davam edən bu qanlı müharibə ingilislərin Bakı haqqındakı arzularını sabun köpüyü kimi puç etdi. Türklərin hücumu həm sağ, həm də sol cinahın böyük tələfatla çəkilməsinə səbəb oldu.Tam bu həlledici müharibə zamanında Bakı müdafiəsinin nə vəziyyətdə olduğunu yoxlamaq üçün Bağdaddan gələn general Liyuin də Bakıya varid olmuşdu.
XXXII. Sentyabrın 14-də Bakıİngilis generalı Mərkəzi Kaspi Diktaturası üzvlərindən aldığı etiraz məktubu barəsində London və Bağdad ilə müzakirə apardıqdan sonra Bakını boşaltmağın təxirə salınmasını qət etdi.İngilislər Almaniya-Fransa çəbhəsindəki dəyişikliklər və Bolqarıstanın Türkiyə-Almaniya ittifaqından çıxması ilə əlaqədar olaraq, Bakının türklərə təslimini təxirə salmağa qərar verdilər. Zira Bolqarıstanın Türkiyə-Almaniya ittifaqından çıxaraq müttəfiqlərin təkliflərini qəbul ilə ayrıca sülh müqaviləsi imza etməsi, İstambula quru yolu açmış olacaq və bununla da müttəfiqlərin qoşunu İstambula girə biləcəkdi.