Qısqanclıq
Page 1 of 2
Əmir İnanc süpəhsalar Hüsaməddini yanına çağırıb danışır və deyirdi:
– Mən məmləkəti sizin əlinizə tapşırdığım zaman işlərin inanılmış adamlar əlində olduğuna inanırdım. Lakin mənim ümidlərim tamamilə boşa çıxdı. İndi iki həftədən artıqdır ki, xəlifəyə göndərilən qasid qarət olunmuşdur. Lakin siz heç bir təşəbbüs etməmişsiniz. Hacibdən alınan məktubun kimin əlində olmasını təyin edə bilməmişsiniz. Mənim hazırda sizi fəaliyyətsizlikdə təqsirləndirməyə haqqım vardır. Mən özüm qapanıb saray içərisində qalmışam, adamlarım isə eşikdə öz kefindədir. Məmləkətin tamamilə üsyançı xalq əlində qalmasının qeydinə qalan yoxdur. Sizin fəaliyyətsizliyiniz nəticəsində Gəncənin bir neçə addımlığında xəlifənin qasidini tutub soyundururlar. Xəlifənin məktubu düşmən əlinə keçəndən bəri yenə də hər tərəfdə mənim və xəlifənin əleyhinə olan dedi-qodular artmışdır. Bu cür məmləkət idarə etmək olmaz, gedib yaxşı bir düşün. Aran şəhərlərinin hamısında özbaşınalıq hökm sürür, hazırda Kəştasifi, Mahmudabad, Bacərəvan, Bərzənd şəhərləri tamamilə özünü sərbəst hesab edir. Əcəba, siz şəhərlərdən, kəndlərdən döyülüb qovulan məmurların dağılmış başlarını, qaralmış və qançır olmuş üzlərini, ağac və kötəklə sındırılan qabırğalarını gördüyünüz zaman utanmırsınızmı?
Əmir, Hüsaməddini o ki, lazımdır danladı, təhqiredici sözlərlə söydü; nəhayət, Hüsaməddin də icazə istəyib danışdı:
– Əmirin buyurduqlarının hamısı doğrudur. Məmləkətdə başsızlıq hökm sürməkdədir. Şəhərlərdə, kəndlərdə məmurların döyülüb qovulduğunu da görməkdəyik. Lakin bunların hamısı üçün bizi təqsirləndirmək qismən haqsızlıq, qismən də vəziyyətdən xəbərdar olmamaqdır. Eşikdə baş verən fitnələrin zəminəsi saray içərisindən qoyulmasaydı, biz fitnəçiləri çoxdan bəri əldə edərək cəzalandırardıq.
Əmir acıqlandı və oturduğu yerdən qalxıb soruşdu:
– Fitnələrin zəminəsi saray içərisindənmi doğulur?
– Bəli, saray içərisindən doğulur. Bir halda ki, Fəxrəddinlər yaxın günlərə qədər bütün vaxtını saraydakı cariyələrlə keçirirdi, bir halda ki, Əmir Dilşadı Fəxrəddinlərə vədə verib hər gün öz yanına çağırırdı, o zaman biz fitnəçiləri və qarətçiləri hansı tədbirlərlə əldə edə bilərdik? Bir zamanda ki, Əmirin əzəmətli qızı Qətibə xanım yoxsul bir şairlə əlaqə saxlayır, ona ərə getmək istəyir, bir zamanda ki, Əmir həzrətlərinin özü və möhtərəm xanımı da haman şairlə bir süfrədə nahar meyli buyururlar, o zaman eşikdə olanlar nə iş görə bilər? Biz fitnəçiləri tutub həbsə almaq istəsək, əvvəlcə, Əmirin sarayından başlamalıyıq. Xəlifəyə məktub göndərilməsi xəbərini saraydan Fəxrəddinə xəbər verməsəydilər, xəlifənin qasidinə belə bir rüsvayedici fəlakət üz verməzdi.
Əmir təəccüblə sual verdi:
– Saraydan xəbər verməsəydilər?
– Bəli, saraydan Fəxrəddinə bu barədə məktub göndəriblər.
– Onu sən sübut edə bilməzsən, özünü təmizə çıxarmaq üçün başqalarına çirkab səpmə.
– Əmir həzrətləri öz nökərlərinə inanmalıdırlar.
Hüsaməddin bunu deyərək əlini qoynuna apardı və bir kağız çıxarıb Əmirə uzatdı:
– Buyurun, oxuyun!
Əmir kağızı alıb ucadan oxudu:
“Mənim ruhum Dilşad!
Yazdığın məktub yetişdi. Sifarişlərini də aldım. Sənə göndərilən məktuba inanma! Təfsilən yaz görüm, orada nə eşidibsən? Mən heç bir zaman səni atmayacağam.
Fəxrəddin”.
Əmir Hüsaməddinə sual verdi:
– Bu məktub sənin əlinə haradan düşdü?
– Məktubu Qətibə xanımın cariyəsi Səba gətiribdir.
– Sənin əlinə nə üçün düşüb?
– Səba xanım Əmirə olan sədaqətini göstərmək istəmişdir. Məktubu sizə təqdim etmək üçün mənə vermişdir. İndi Əmir həzrətlərinin özü bizim vəziyyətimizi mühakimə etsin. Eşikdəki nökərləriniz nə edə bilərdi? Bütün fitnə və fəsadların səbəbi haman Fəxrəddin və onun yoldaşı Nizamidir. Onların özləri bir kərə Azərbaycan xalqına müraciət edib: “Sakit olun!” – desəydi, məmləkətdə bir nəfər belə cınqırını çəkməyə cəsarət etməzdi.
Əmir Hüsaməddinin söz arasında başqa bir söz demək istədiyini və onun qısqandığını dərhal hiss etdi.
– Ağlını başına yığ, ərə getmək quru bir sözlə olmaz. Bizim qızımız ərə getdiyi zaman Bağdadın və xəlifənin xəbəri olmalıdır. Bunların hamısı mənim apardığım müəyyən bir siyasətin nəticəsidir. Sən bilirsən ki, Dilşadın da, Qətibənin də məsələsi həll edilmişdir. Dilşad yaxında xəlifə üçün hədiyyə göndəriləcək, Qətibə isə xoşbəxtliyini səninlə quracaqdır. Ona əmin ola bilərsən. Fəxrəddin artıq Dilşadı görə bilməyəcəkdir. Dilşadı bu məktubdan qabaq həbs etdirmişəm. Sənin özün bilirsən ki, bizə kömək gələcək yer yoxdur. Buna görə də qoşun gücü və cəza qanunları işlədə bilmirik. İndi yeganə bir çarə varsa o da müdara etmək və vaxt qazanmaqdan ibarətdir. Get işlərinə diqqətlə bax, cariyəm Səba xanımı yanıma göndər.
Hüsaməddin baş endirib getdi. Əmir isə onun dalınca acı-acı gülərək dedi:
– Axmaq və xəyalpərəst adam, mən qızımı hər sənin kimi sadə bir sərkərdəyə vermək istəsəydim, Fəxrəddin kimi bir qəhrəmana verib öz hakimiyyətimi də onun vasitəsilə möhkəm edə bilərdim. Lakin mən bir məmləkətin hökmdarına layiq olan qızımı hər küçə adamına ərə vermərəm.
Səba xanım tovuz quşu kimi bəzəkli bir halda içəri girdi, o cürbəcür macəralarla əldə etdiyi qiymətli daşlarını, inci və mərcanlarını üstünə tökmüşdü. Əmir Səba xanımı birinci kərə idi ki, görürdü. Əmir onun enli ağ çöhrəsinə, qara və məğrur gözlərinə, iki gül yarpağı kimi bir-birinin üstünə düşən dodaqlarına, almazlar içərisində şəfəqlənən incə əllərinə, yaşıl zümrüddən xal-xal taxmış zərif topuqlarına baxdıqca qanı qaynadı və öz-özünə:
– Nə qədər zəngin bir gözəlliyə malikdir, – dedi, qalxıb döşəyin üstündə özünü düzəltdi və:
– İrəli gəl, gözəl qız! – deyə onun əlindən tutub özünə tərəf çəkdi. Zatən Səba xanım Əmirin hüzuruna dəvət olunduğu vaxt həmin bu arzunu daşıyırdı, bunun üçün də bəzənmiş və zəngin daşlarını üzərinə tökmüşdü. Səba xanım Əmirin bu qədər dərin məhəbbətini gördüyü və arzusuna çatdığı zaman özünü saray cariyələri içərisində birinci xoşbəxt hesab edirdi, çünki Əmir ancaq nadir və fövqəladə gözəlliyə malik olan cariyələrlə əlaqədə olardı.
Xacə Müfid əlində aftaba-ləyən Əmirin otağına girdiyi zaman saray cariyələri Səba xanımın böyük bir şərəfə nail olduğunu yəqin edir və dəhlizlərdə gəzib Səba xanımın Əmirin otağından çıxacağını güdürdülər.
Xacə Müfid vəzifəsini bitirib aftaba-ləyənlə bərabər eşiyə çıxdığı zaman Əmir İnanc bir daha Səba xanımın dodaqlarından öpərək deyirdi:
– Sən mənim cariyələrimin içində ən sevimli və gözəl bir qızsan. Bundan sonra bu kimi şərəflərə tez-tez nail olacaqsan. Ələ gətirdiyin məktubla mənə böyük bir xidmət göstərdin, hər gün görüb və öyrəndiklərini gəlib mənə məlum edərsən. Sənin üçün əlahiddə bir bina hazırlanmasına əmr edəcəyəm, sənə kənizlər, qulamlar və xidmətçilər hədiyyə verəcək, sənin üçün başqa bir saray düzəldəcəyəm.
Əmirin bu sözündən sonra Səba xanım özünə məxsus bir sənətkarlıqla qolunu gözlərinə hayil edərək hönkür-hönkür ağladı və tutqun bir səslə dedi:
– Əmir həzrətləri öz həqir cariyəsini başqa bir binaya atmaqla öz ziyarətindən uzaqlaşdırır. Mən isə hər saat əmiri görmək və onun şərəfinə nail olmaq istəyirəm.
Əmir bir daha onun dodaqlarından öpərək:
– Əmin ol, nə qədər ki, bu gözəllik səninlə vardır, Əmirin hüzurunda qazanmış olduğun şərafət də səninlə vardır. Lakin sən bilirsən ki, saray həyatının içərisində hər şeydən artıq həsədlər, fitnələr, dedi-qodular vardır. Səni bunlardan qurtarmaq üçün başqa bir binada rahat yaşatmağı düşünürdüm. Özüm isə daima sənin xariqüladə olan təbiətinin tamaşasına çox tez-tez gələcəyəm.
Səba xanım Əmirin dediklərindən yenə də razı qalmadı, çünki o, macərasız, dedi-qodusuz, fitnə və fəsadsız yaşaya bilməzdi. O gözəl olduğu qədər də macəraçı və iftiraçı idi; o, bir gün də olsa, böhtan və iftira toxumadan yaşaya bilməz.
Əmir isə onu sarayda saxlamağı imkan xaricində bilirdi, çünki bu hadisədən sonra qadını Safiyə xatunun da məsələyə müdaxilə edəcəyi və Əmirdən narazı qalacağı şübhəsiz idi. Xüsusən Səba xanımdan daha əvvəl Əmirin Səba xanıma verdiyi “şərəfə” nail olmuş başqa cariyələr də var idi. Onlar heç bir vaxt Səba xanımın Əmirin sarayına dünən gəldiyinə baxmayaraq, bu gün böyük şərəf qazandığına soyuqqanlılıqla baxa bilməyəcəkdilər. Lakin bu cür fikirlər Səba xanımı heç də qorxutmurdu, o hər necə olursa, sarayda yaşamağı və üstün bir ad daşımağı düşünürdü. O bilirdi ki, Əmirin xüsusi binalarda yaşayan cariyələri həbsxana həyatı keçirirlər. O, sarayın qilü-qallı və macəralarla dolu olan həyatını xüsusi binalara, qulamlara, cariyələrə, kənizlərə dəyişmək istəmirdi.
Səba xanım hələ Əbül-Ülanın evində yaşadığı vaxt qilü-qallı və macəralar içindən süzülüb çıxan həyata öyrənmişdi. O, Əbül-Ülanın özü və qadını Cahanbanu xanımın xəbəri olmadan onların kiçik qızları Mahtab xanımı bir neçəsinə nişanlandırıb hamısından zəhmət haqqı almışdı. Eyni zamanda Mahtab xanımın özü də Səba xanımın macərasından xəbər tutmamışdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-qisqancliq
Use ← → keys to move, R for a random poem
More by this author
Almaniyada çıxan «Kölnişe Zaytunq» qəzeti Alman xalqına tövsiyə edərək yazır ki; «Ərzaq normasının yenidən azaldılması zamanı təlaş və təşvişə düşməyə lüzum yoxdur».*Hər nə ağan buyursa, əmrə itaət eylə!
Canavarsan, canavar!Hitler öz casuslarını Sovetlər İttifaqına göndərdiyi zaman onlara faşistlərin yaxşı, ədalətli adamlar olduğunu, işğal etdikləri ölkələrdə əhali ilə yaxşı rəftar etdiklərini və ərzağın bol olması şayiələrini yaymaq üçün təlimat verirdi.*Həvəsin var toxu hər tin başı minlərcə yalan,
Tazə təbabətFaşist Almaniyasında çıxan bir tibbi məcmuədə yazılır ki, «slavyan irqinə ət zərərdir».*Başqa nəzərlə baxmayın başladığım bu qarətə,
600 ayı balasıNikolay hökuməti vaxtında Maarif nazirliyinin maliyyə şö’bəsində qəribə bir kağız tapılmışdı. Hətta o vaxt çar mətbuatı da bu iş ilə artıq maraqlanmışdı; qəzetə müxbirləri maarif nəzarəti ətrafında toplanırdı. Təəssüf olsun ki, təb olunmasına ixtiyar verilmirdi.Dəftərxana müdiri məktəblərin haqq-hesabını nəzərdən keçirdiyi vaxt Gəncə kimnaziyasının məsarif cədvəlinə rast gəlmişdi. Cədvəldə min cürə məsariflər göstərildikdən sonra yazılmışdı ki, «kimziyanın ehtiyacına sərf olunmaq üçün 600 ayı balası alınmışdır».
Poems by other poets
Allahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
نبود خلاص ما را ز دو چشم شوخ شنگشکه چو در کرشمه آید گذرد ز جان خدنگش
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
Olsa hər kim, sevgilim, hüsnü cəmalın qailiOlsa hər kim, sevgilim, hüsnü cəmalın qaili,Olmaz aləmdə, inan gülzari-cənnət maili.