Siyasi dərnək üzvləri
Bir neçə gündən bəri Nina çox qəmli görünürdü. Onu bir gün ağlayarkən gördüm. O, daima öz dərdini və onu kədərləndirən hadisəni məndən gizləməyə çalışırdı.
Dərdini mənə bildirməmək üçün məni görərkən gülüşlərlə qarşılayır və şadlığı ifadə edə biləcək söhbətlər başlayırdı. Lakin bu, yenə də əvvəlki Ninanı, nəvazişli, şad və sevincli Ninanı əvəz edə bilmirdi. Mən də çox yorğun idim. Nədənsə, kiçik Məcidin tərbiyəçisi Səltənət də bu gün gəlməmişdi. Nina haraya isə getməli idi. Məcid nahar yeməyindən sonra yatmışdı. Uşağı tək buraxmaq mümkün deyildi. Mən orada bir az rahat olmağı, həm də Nina qayıdınca evə, uşağa qarovul çəkməyi qərara aldım. Nina otağına girdi. Bir azdan sonra tamamilə qara paltarlarını geyib matəmli bir qız kimi vidalaşıb getdi. Şübhələndim. Nədənsə, bu qədər inandığım, ölüm-dirim meydanında əlbir işlədiyim qızdan tez-tez şübhələnirdim. Bu şübhə məni yatmağa qoymadı. Nə qədər o tərəf-bu tərəfə çevrildimsə, yenə məni yuxu aparmadı. Getmək mümkün deyildi, uşağı buraxa bilmirdim. Durub paltarımı geydim. Çayı hazırladım. Oxumağa bir şey axtarırdım. Kitabları araşdırırdım. Ninanın əvvəldə sevdiyi və Təbrizə gələrkən mənə göstərdiyi «Üç tüfəngli» adlı kitabı gördüm. Kitabı araladım. Əvvəlcə şəkillərini gözdən keçirmək istədim. Əsərin qəhrəmanlarını oxuyurdum. Ninanın bu qəhrəmanlarla nə qədər maraqlandığını düşünürkən məndə o qəhrəmanlara qarşı bir sevgi oyanırdı, çünki mənim sevdiyim qız, vaxtilə onları sevirdi.
O nə üçün qəmgindir? O nə üçün ağlayır? O nə üçün qara geydi? O nə üçün məni evdə buraxıb getdi? Bəlkə, onun sevgilisi vardır? Bəlkə, o mənə öz qəlbini deməyə utanır? Bəlkə, o açıqdan-açığa məni rədd edə bilmir? Bəlkə də, Təhminə xanım məni aldadır? Kim bilir, Təhminə xanım onu bir başqası ilə tanışmı etmişdir? Bunları düşünürkən yenə də Ninanın mənə qarşı səmimiyyətini xatırlayıb bütün şübhələrimi rədd etməyə çalışırdım. Mən bu düşüncələrin təsiri ilə kitabı vərəqləyirdim. Kitabın arasında qalın bir kağız olduğunu hiss etdim. Bununla çox maraqlandım. Ninanın hazırkı sirlərinə bununla yol tapacağımı düşündüm. Bəzən qızların bütün varlığını və qəlbini ifadə edəcək kağızların kitab arasında gizlədildiyini bilirdim. Kağızı götürdüm. Riqadan yazılmışdı. Kağızı yazan Ninanın anası imiş. Konsulxana ünvanına gələn bu məktub musiqi müəllimsi Rozinaya yetişməli idi.
Məni heyrət götürdü. Xəcalətimdən tərlədim. Köksümdən, başımdan buxar qalxdığını gördüm. Hərəkət etməyə taqətim yox idi. Məni sevən, mənim sevgim üçün ölümlər qarşısından atılan bir qız indiyə kimi doğru adını belə mənə söyləməmişdir. Düşündüm. Bir neçə dəqiqə bu düşüncələr davam etdi. Öz-özümə dedim: «Yox, yox, bu qız sadə bir qız deyildir. Bu, bilə-bilə özünü sadə göstərirmiş. O nədir? O kim ola bilər? O, əks-inqilabçı deyildir. O, konsulun xəfiyyəsi də deyildir, çünki əks-inqilabçı olsaydı, bu qədər gizlin sirləri gətirib inqilabçıların əlinə verməzdi». Yenə də düşünməyə başladım: «Yox, bu inqilabçıdır. Bundan inciməyə haqqım yoxdur, çünki mənim özüm də öz doğru adımı deməmişəm. Qız inqilabçıdır! İnqilabçı olduğu üçün də ehtiyatlıdır. O məni sevir, çox səmimi sevir, kim bilir, bəlkə, məni inqilaba xidmət etdiyim üçün sevirmiş. Əgər belə isə o, yenə də məndən uzaqgörücü və diqqətlidir; çünki o məni tez tanıdı. Mənsə onu çox gec və çətin tanıya bildim.
Hər nə isə qız məni sevir. Hərgah adını gizləmişsə də, sevgisini və qəlbini gizləməmişdir. Bəlkə də, bu məktub onun deyil. Bəlkə də, onun adı Ninadır».
Bu düşüncələrlə kitabı yenə vərəqlədim. Bir yığın kağız parçalarına rast gəldim.
Kağızları açdım. Öz-özümə: «Buradan yenə də bəzi şeylər öyrənmək olar», – dedim.
Kağızlar doqquz nəfərin firqə bileti idi.
Birinci bileti oxudum.
Rozina Nikitina.
Demək öz adını sevdiyi bir adamdan gizlədən qız öz firqəsindən gizlədə bilməmişdi. Firqə biletində doğru adını yazdırmışdı. Təbrizdə birinci firqə özəyini təşkil edən bu qız məni daha da maraqlandırdı. Özək üzvlərini bir-bir oxudum.
- Rozina Nikitina; 2) Həsənağa Heydər oğlu; 3) Şəfi Şəban oğlu; 4) Ələkbər Kazım oğlu; 5) Bağır Hacı oğlu; 6) Saleh Müseyib oğlu; 7) Yavər Xəlil oğlu; 8) Hacıağa Əvəz oğlu; 9) Dadaş Qulu oğlu.
Özək üzvləri vaxtilə Tütünçüoğlunun gətirdiyi siyahıda yazılan gənclər idi. Ninanın Təhminə xanımın evinə bunları hazırlamaq üçün getdiyi aydın oldu. Son iki firqə biletinin qaralandığı məni yenə də fikrə saldı. «Əcəba, bunlar firqə özəyindən qovulmuşlarmı? Hərgah qovulmuşlarsa, nə üçün? Hansı xəyanətlərin səbəbinə?» Bəlkə də, «bunlar gedib özəyin sirlərini verər, qızın kim olduğu meydana çıxar, özək üzvlərinin başına bir fəlakət gətirərlər», – deyə bu məsələ haqqında qızla danışmağı və bu barədə ona bəzi məsləhətlər verməyi qərara aldım. Bir azdan sonra fikrimi dəyişdim. «Qızın özü o qədər də yazıq və bacarıqsız deyildir, o bütün ağırlığın qabağından qurtarmağı bacarar» deyə düşündüm.
Durub çayı gətirərək qabağıma qoydum. Kitabı da götürüb əvvəlki yerinə buraxdım.
Məcid də oyanmışdı. Ninanı çağırırdı. Durub paltarlarını geydirdim, yanıma götürdüm. Çay tökmək istəyirdim. Nina içəri girdi.
– Nə tez qalxdınız? Mən bilsəydim, tez qayıdardım.
– Yata bilmədim. Fikir qoymadı. Məcid də oyandı.
Məcid Ninaya tərəf yüyürərək:
– Hara getmişdin? – deyə soruşdu.
Nina uşağa təəccüblə baxdı:
– İşə getmişdim, – deyə başını aşağı saldı.
Çayı içdik. Nina gedib paltarını dəyişdi. Qara ipək köynəyini çıxarmamışdı. Mən onu dindirmək istəyirdim.
– Nə üçün qara köynəyi dəyişmədin? – deyəndən sonra bu mahir qızın nə cavab verəcəyi ilə maraqlanırdım. O heç dayanmadan:
– Bu gün, – dedi, – Səltənət bacı nədənsə gəlməmişdir. Özüm çalışıram. Ağ köynək tez çirk olur. Tez-tez dəyişmək lazım gəlir. Qara köynəkdə ləkələr tez məlum olmur.
Mən ayaq üstə qalxıb getməyə hazırlaşdım.
– Yalnız qara köynəkdə deyil, ləkələri gizlədən hər bir şeydə müsbət hal yoxdur, – deyə dışarı çıxırkən, Nina dalımca təəccüblə baxırdı. Nə cavab verəcəyini bilmirdi.
İş belə deyil. O, inqilabçıdır. Lakin sevgisi də adı kimi məchuldur. O sevir, lakin məni yox. Bəlkə də, əvvəl sevirmiş. Amma indi o sevgi yoxdur. O kimin üçün qara geyir, kimin üçün ağlayır? Bu ağlamaq mənim üçün isə mən ki, ölməmişəm, mənim başıma bir iş ki, gəlməmişdir.
Bunu düşünüb evə yaxınlaşırdım, təkrar özümə sual verirdim:
«Əcəba, məndə bu fikirlər haradan doğur!» Yenə də özüm sualın cavabını verirdim:
«Bu qısqanmaqdan başqa bir şey deyildir. Mən ki bunun əleyhinə idim, mən bu barədə gənc qızla nə qədər mübahisə etmişdim. Doğrudan da, qız haqlı imiş. Kişilərdə qısqanmaq sağalmaz bir xəstəlik kimi imiş. Bir də mənim qısqanmağa nə haqqım var? Vaxtilə o məni sevirdi. Mənə hər bir səlahiyyəti vermişdi. Madam ki, mən ona qəti bir söz deməmişdim, madam ki, mən gənc qızı tərəddüddə buraxdım, madam ki, mən onun içərisindəki əziyyətlərini hiss edə-edə onu əyləndirmək istəmədim, onu tək buraxdım, daha qısqanmağa nə ixtiyarım vardır? Əcəba, qız bir nəfər tapıb onunla dərdləşə bilməzmi idi? Əcəba, gənc qıza ailə qurmaq, gələcəyini təmin etmək lazım gəlmirdimi? İndi ki, mən bunların hamısını təsdiq edirəm, daha gənc qızdan inciməyə haqqım yoxdur. Daha nə üçün qısqanıram?»
Evə girərkən düşünürdüm. Qapı açıqdı. Təhminə xanımın evdə olduğunu belə unutmuşdum. Ürəyimdə yenə də gənc qızın kimlərlə tanış olması haqqında düşünür, gah inanır, gah da inanmırdım. Heç bir şey hiss etmədən öz-özümə ucadan dedim:
– Ola bilməz!
Bir səs eşitdim:
– Oğlum, nələr ola bilməz?! Kimlə danışırsan?
Bu səs Təhminə xanımın səsi idi.
Çarpayının üzərində oturdum. Təhminə xanım yenə soruşdu:
– Oğlum, kiminlə danışırdın?
Cavab verdim:
– İnsan çox düşündükdə xəyalpərəst olur. Ev üçün, qohumlarım üçün düşünürdüm.
– Sən deyirdin ki, heç kəsin yoxdur. Bunu Ninaya da demişdin. Bilirəm ki, sən ona yalan deməzsən, çünki bir-birinizi sevirsiniz.
– Doğru demişəm. İnsan bir-birini sevər, lakin bu sevgi də daimi deyil. İnsan bir-birini ata da bilər. Ancaq bunu aydın demək lazımdır.
– Nə danışdığını bilmirəm. Allaha şükür, nə sən, nə də Nina bir-birinizi atan deyilsiniz.
– Yox, Təhminə xanım. Bir həftədən bəridir ki, Ninanın tamamilə dəyişdiyini görürəm. O ağlayır, qara geyir, məni və uşağı evdə buraxıb gedir; bunların hamısı onun yeni bir hadisə, yeni bir sevgi macərası ilə məşğul olduğunu göstərir.
Təhminə xanım mənə baxıb başını tərpətdi:
– Kişilərdə bu cür şübhələr həmişə olur. Mənim rəhmətlik ərim də çox qısqanan adam idi. Hətta bir dəfə yuxumda danışdığımı eşidib məni yuxudan oyandırdı. Kimlə danışdığımı soruşdu. Danışdığım adamın kim olduğunu deyə bilmədim. «Ancaq kişi tayfası olduğunu bilirəm» dedim. Bunun üstündə məni döydü, hərgah yerli olsaydım, boşayacaq idi. Ölənə qədər o kişinin kim olduğunu soruşub məni incidərdi. «Sən kişi fikri ilə yatmasaydın, yuxuda kişilə danışmazdın», deyib mənə nifrət edərdi. Ondan sonra mən onda əvvəlki məhəbbəti görmədim. Oğlum, o zamandan çox keçir. Zaman dəyişibdir. İndinin kişiləri də dəyişməlidir. Heç sənə yaraşar ki, Nina kimi bir qızın haqqında belə şübhələrə yol verəsən?
Mən Təhminə xanımın sözlərindən sonra özümə nifrət etməyə başladım. Nə qədər yanıldığımı təsdiq etdim.
– Nina bir həftədən bəridir ki, dəyişmişdir, – deyə cavab verdim.
– Mən sənə demək istəmirdim. Ninaya və ümumiyyətlə, onun düzəltdiyi firqə üzvlərinə unudulmaz və böyük bir müsibət üz verdi.
– Necə müsibət? Nə olmuşdur?
– Bir həftə bundan qabaq Maralan səngərlərinə başlamış hücumda qaradağlılar Ninanın firqə yoldaşlarından Hacıağa Əvəz oğlu və Dadaş Qulu oğlunu öldürmüşlər. Bu iş Ninaya və Həsənağaya çox ağır təsir etdi. O, çox ağladı. Bu gün onların həftəsi tamamdır. Onların qəbri üstünə getmişdilər. Nina da getmişdi. Yenə ağladı. İndi məsələni bildin ki? Get, heç vaxt şübhə-filan eləmə!
Mən səhvimi anladım. Hələ yeni insanın tərbiyəsini tamamilə mənimsəyə bilmədiyimdən öz-özümə utandım. Gənc qızla danışdığım uzun-uzadı sözləri bir anda fikrimdən keçirdim. Eyni zamanda Ninanın kitabı arasında gördüyüm firqə biletləri gəlib gözümün qarşısında durdu. Hacıağa və Dadaşın firqə biletləri üstünə çəkilmiş qara xətləri bir daha gözümün qabağına gətirib: «Təbrizdə birinci firqə özəyinin birinci və qəhrəman qurbanlarına eşq olsun» – dedim. Anladım ki, gənc qız mənə ürəyini vermiş, lakin ürəyindəki əqidəsini öz ixtiyarında saxlamışdır; çünki o bu günə qədər mənim firqə üzvü olduğumu bilmirdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-siyasi-dernek-uzvleri
Use ← → keys to move, R for a random poem
More by this author
İranın dövri-istibdadını, Nəsrəddin şahın üsuli-idarəsini, dövləti-mütləqənin İrana nə kimi fəna tə’sir bəxş etdiyini, Müzəffərəddin şahın əhdi-səltənətində əhalinin tərzi-məişətini, üləmanın elmə, fünunə dair olan iştibahını göstərən bir facieyi-aşiqanədir.*Əş’ar
Təbriz şəhərinin havası və təmizliyiYay fəsli Təbriz şəhərinin havasında mövcud olan təbii lətafət yayın şiddətli-hərarətindən mütəəssir olan isti ruzkarlar ilə mübarizə edirdi. Hər halda günün hərarəti havanın lətafətinə layiq gəlirdi. Zira bazar damlarında, hamam qabaqlarında, yainki küçələrdə tökülən heyvanat çəmdəklərindən qalxan kəsif qoxular da günün hərarətinə müavinət edərək ikisi birlikdə Təbriz havasındakı lətafətin əleyhinə nümayiş yapırdılar. Hərçənd təbiət və lətafətin xidməti hərarət və kəsafətin qarşısında sinə gərmişdi, lakin şəhər içində olan qəbiristanlardan qalxan üfunət də hərarət və kəsafətin tərəfini iltizam etməkdə idi. Məhazə təbiətin qüvvəyi-mö’cüznümasını e’lan etməklə xəfif ruzkar yenə əsməkdə idi. Lakin ruzkarda bir təbəddülat dəxi mülahizə olunurdu. Ruzkar xəfif isə də yenə Rzaqulu xanın otağındakı çilçıraqların billur avizələrini bir-birinə çırpıb xanənin içində mükəmməl bir musiqi dəstkahı kimi əfradi-ailəni kafətən məşğul etmiş idi. Xanənin istisi bütün əfradi-ailəni tərlətmiş, hər kəs əlində bir dəsmal tərini silir, Böyükxanım da ağ ipək mə’cərini köyləyinin yaxasından basaraq sinəsinin tərini silir, gah da çıxarıb öz tərini qoxuluyurdu. Rzaqulu xan dəxi bütün əlbisəsini töküb, şiddəti-hərarətdən fəqət bir jiletka ilə oturub İran kəndlərinin üryanlığını təsvir edirdi.Lakin ruzkarda olan təbəddülat İranda bir təbəddülati-əzimənin zühurunu göstərdiyi üçün Rzaqulu xanı dərin-dərin düşündürməkdə idi. Əlində dəmir qələmi barmaqlarının arasına alaraq dirsəyi yazı stolunun üstündə, digər bir əlini çənəsinə təkyə edib ruzkarı fikrilə qarşılamaqda idi. Ağuşqaların qabağında ağacların meyvəsi şişələrə çırpır, ara-sıra qoparıb tökür, gah ruzkardan mühib kurultular çıxır, gələcəkdə Azərbaycan inqilabını büsbütün müayinə göstərməkdə idi.
Üç ildən sonraRzaqulu xan rəxtxab içində hər tərəfə dönür, hər səmtə hərəkət edir, sızıldayır, Böyükxanım da başının üstündə əyləşib deyir: Kişi, allaha bax! Gəl öz sağlığında Münəvvərin ata-malını ayırıb ver sahibinə, gedib Münəvvəri incitməsin! Odur dağ kimi qızım yorğan-döşəkdə əriyib qalıb, rənginə baxmaq olmur, qüssədən sümüklərinə qədər əriyibdir. (Öz-özünə) allahın məsləhətinə şükür, dünyada bircə qıza gümanım gəlirdi, onun da dünyada üzü gülmədi, qəlbi şad olmadı.Rzaqulu xan — Övrət bəsdir! Ayın 25 gününü Qulam xanın evində qalırsan, beş gün də evə gələndə mənim zəhləmi aparma! İndi ölürəm, canım qurtarıb yenə cəhənnəmdən əl götürmürsən? Mən sənə yüz dəfə dedim Qulam xan qız verməli deyil! Başa gəlmədi, dedin Qulam xan şaha layiqdir, vəliəhdə layiqdir. Ölsəm də gərək qızı ona verəm. Məni öz vətənimin yanında xəcalət qoydun, arzu-amalım yarımçıq qaldı, həyatım, əməlim, arzum sənə indi də lə’nətxandır. İndi də başlamısan ata malını ayırıb ver özünə, mənim az dövlətimi korluyub ki, yenə hissə verəm? Mənim behişt kimi kəndlərim əvvəlki xaraba halına qalıb, camaatı nə qədər incidib ki, eşidirəm gündə şikayətə gedirlər, bu qədər kənddən hansı mədaxil bizə yetişir? Hamısı Qulam xanın cibinə tökülür. Sənin cəhalətin səbəbinə qürbətzədə oğlanlarım məndən sonra Təbrizə gəlsələr bəs nə xərc eləsinlər? Sən razı olursan Qulam xan dövlətimi dağıtsın, övladım da gəlib sayil olsun? Hərkah əqidəniz budur, allah sənə öz ədaləti ilə divan eləsin.
Nitqin surətiMəzarın üstünə tikilmiş bu bəyaz mərmər insanın nəzəri-heyrətini nə qədər cəlb edirsə insan bir o qədər də ələmnak olur. Zira bu bir parça yazılı daş isə də, bir fani, daha açığı bir vətən və insaniyyət aşiqinin, arı olan həyata vida etdiyini insanlara bildirir. Gəmtalə bir milyonçu!!! Öz vətənini necə fəramuş etdin? Necə bu vida, bu müfarigət məcburi idi? Yəqin ki, sən əsarətin biəman əlindən qurtararaq, məqqərrisulhi-əbədi, mərkəzi-hürriyyəti-ilahi olan dəri-ahirətə çəkildin. Ey zayir! Sən bu qaranlıq İranda bir işıqlıq istəyirdin, lakin, ey ziyalı rəfiqim, özün bir qaranlıq hüfrə basdırıldın. Ey məlaktinət! Mən cəsarətən deyə bilərəm ki, sən behiştdən azadiyyət və hürriyyəti dünya əhlinə, xüsusən İran xalqına tanıtdırmaq üçün qanad çalıb dünyaya düşən bir mələk idin! Əcəba bəs nə üçün vətənində hürriyyəti-tam bərqərar olmamış uçub getdin? Övladi-vətənin hürriyyətə münasib bir qüvvətə malik olmadıqları üçün deyil?! Bəli! Bəli! Vətəndə, millətdə hənuz o iste’dad hazır olmadığı üçün yenə peşiman-peşiman cənnətə uçdun. Mələklərə, hurilərə, öz xəyali pişivalələrinizə qoşuldun.Ey mələk! Sən cənnətdən uçub yerə qondun, əfsus ki, qonduğun yerlər əcəlzari-fələkət olan İrandan ibarət qaldı. Mən yəqin edirəm ki, sənin ruhun da behiştdə İran adı eşitdikdə qəmnak olur, sərasimə diksinir. Əlbət ki, öz vətəninizin xarabalığından, məzlumiyyətindən mələklərə söhbət edərsən. Ey işıqlı gün! qaranlıq bir vaxtda çıxdın! Qürub etdikdə heç kəs sə-nin bu ələmnak qürubunu bilmədi. Vəfasız və hənuz haqşünaslığın qədri-mənzələtini anlamayan iranlıların qəlbindən məhv oldun. Fəqət hürriyyətpərəstanın gözündə, qəlbində müçəssəm duracaqsan!
Poems by other poets
Cəfayi yarə səbr etmək tükənməz bir səadətdir!Olursa əksinə, ey mah, tələt bil ədavətdir!
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
سر مکش از سرای درویشانرخ متاب از دعای درویشان