Page 2 of 4 · 25%

Xan təəccüblə:

– Nə üçün? – deyə soruşdu.

– O hərəkata inqilab hərəkatı demək doğru deyildir. Hazırkı inqilab haman qarmaqarışıq inqilabın davamı olsaydı, Qafqaz işçi sosial-demokratları da ona qoşulmaz və yardım verməyi öhdəsinə götürməzdi.

– Xeyr, məncə, bu, doğru deyildir, – deyə xan etiraz etdi. – Şeyx Əhməd Ruhi kimi simaların adını inqilab tarixindən çıxarmaq, onları yalnız təcəddüd tarixində göstərmək doğru deyildir, – dedi.

– İttihad-islam hərəkatı başqa, sinfi mübarizə hərəkatı isə başqadır. Bunları bir-birinə qarışdırmaq olmaz. Şeyx Əhməd Ruhinin xüsusi möhründəki şüarı mənə oxuya bilərsiniz?

Xan:

– Xeyr! Oxuya bilmərəm.

– Daiyü ittihad-islaməm, Əhmədü Ruhi amədə naməm. Cənab xan, indi gördünüz ki? İstər Şeyx Əhməd, istərsə onun yoldaşlarının fəaliyyət tarixi ittihad-islam hərəkatının tarixi ilə əlaqədardır. Bunlar intibah tarixinin müəssisləridir. Bunlar yeni fikir meydana atmışdılar, fəqət bu fikir islam mühitinə aid bir fikir olduğundan beynəlmiləl bir əhəmiyyət qazana bilməz və beynəlmiləl işçi təşkilatlarının məhəbbətini əldə edə bilməzdi. Buna baxmayaraq, mən Şeyx Əhməd Ruhi və yoldaşlarını tarixi bir sima olaraq böyük bir maraqla öyrənməyə çalışmışam, onların Qacar xanədanı əleyhinə çalışması və Qacar cəlladları tərəfindən öldürülməsi də İranda özlərinə qarşı bir hüsnü təvəccöh oyandırmışdır. Bunu da əlavə etməlidir ki, təriqət, əqidə, təfriqə yuvası olan İranda ittihad-islam fikrini aralığa atmağın özü də bir müvəffəqiyyət sayılmalıdır. Lakin bu fikir İranda doğulmuş orijinal bir fikir deyildir. Bu fikir Əbdülhəmidin fikridir. Vaxtilə ordusu, donanması və əsgəri ilə Avropanı titrədən Osmanlı dövləti Avropa və Asiyada öz nüfuzunu itirdiyi zaman Əbdülhəmid dövründə ittihad-islam fikri kimi çürük bir fikri meydana atdı və onunla da islam dünyasını öz ətrafında toplamaq fikrinə düşdü. Seyid Cəmaləddin, Əhməd Ruhi, Ağa xan da Əbdülhəmidin siyasətini davam etdirdilər.

Xan bu sözümə də etiraz edərək:

– Xeyr, – dedi – onların fikri Əbdülhəmidin fikri olsaydı, Əbdülhəmid onları İstanbulda həbs etdirib İran hökumətinin bıçağı altına verməzdi.

– Bunun da başqa bir səbəbi vardı. İstanbulda Əbdülhəmidə qarşı erməni üsyanı başlandığı vaxt Şeyx Əhməd Ruhi, Xəbirülmülk Mirzə Həsən xan, Mirzə Ağa xan Kirmani də həmən hərəkatda iştirak etməkdə ittiham edilirdi. O vaxt İstanbul səfiri olan Əlaülmülk fürsətdən istifadə edərək, onların İranda da şaha qarşı sui-qəsd hazırladığına aid vəsiqələr göstərdi, onların, ümumiyyətlə, tacü-təxt düşməni olmasına Əbdülhəmidi inandırdı, bunun üçün də Əbdülhəmid öz dostlarını tutdurub İranın əlinə verdi. Zatən tacü-təxt sahiblərindən belə hərəkətlər gözləmək çətin deyildir.

Gecə keçirdi. Faytonçu gəlib səhər faytonu nə zaman qoşacağını soruşdu. Mən qəti bir söz deyə bilmədim, çünki amerikalı qızın səhhətinin nə vəziyyətdə olduğunu bilmirdim. Xan arvadını çağırtdırıb miss Hannanın otağına göndərdi. Qızın şiddətli hərarəti olduğu məlum oldu. Bu səbəbə də xan sabah getməyimizi məsləhət görmədi. Faytonçunun məsarifini və artıq kirayəsini öhdəmizə götürdük, razı qaldı, xan da bir gün artıq qalacağımızdan sevindi.


Səhər çayından sonra şəhəri və bazarı dolaşmaq üçün çıxdıq. Amerikalı qız da özünü yaxşı hiss etdiyi üçün bizimlə bərabər çıxdı. Şəhər çoxdan bəri çar Rusiyasına ilhaq olunmuş bir şəhər vəziyyəti almışdı. Çar soldatlarının adi söyüşləri, küçədən keçənlərə öcəşməsi, qadın görürkən: «Bacı, sənin ər var?» deməsi, dükançıdan mal alıb pulunu verməməsi, pomidoru tabaqdan götürüb baqqalın üzünə vuraraq gülməsi adi bir hal yerinə gəlmişdi. Yolumuz baqqalbazardan düşmüşdü. Buranın süd, qatıq və sair ağartısatılan bazarı başqa şəhərlərə görə qayət zəngin idi. Biz qoca bir baqqalın dükanı qabağında durub qaymağa baxırdıq, bu halda bir köpək başını qatığa uzadıb yalamaq istədi. Baqqal yanındakı ağacla köpəyi vurub qovdu. Köpəyin səsinə çar ordusunun alay komandanı nişanını daşıyan bir zabit gəldi və baqqalı söyərək, köpəyin yalamaq istədiyi qatığı qabı ilə götürüb baqqalın başına vurdu. Baqqalın başı yarıldı, qanı qatığa qarışaraq axıb saqqalından aşağı töküldü. Zabit söyürdü, lakin söyüşlər yalnız baqqalın deyil, ümumiyyətlə, «mədəniyyətsiz» və «vəhşi» şərqlilərin ünvanına idi. Zabitin əli qatığa batmışdı, bir nəfər avropalı qiyafətində olan yerli tacir zabitə yanaşdı, onun iranlı olduğu ancaq başındakı nazik və mahud börkündən anlaşılırdı.

O, cibindən ağ dəsmalını çıxarıb:

– Əfv edərsiniz, bizimkilər eşşəkdirlər, – sözünü rusca dedikdən sonra zabitin qatığa bulaşmış barmaqlarını silmək istədi. Hirslənmiş zabit isə qatıqlı barmaqları ilə ona bir şillə vurub:

– Rədd ol, – deyə söydü. Tacir əlindəki dəsmalı ilə üzünü sildi və yaltaqlıqla zabitdən üzr istədi. Sonra tacir də baqqala yanaşıb söyməyə başladı:

– Alçaq, sən bilirsən ki, bunlar bizim əziz mehmanlarımızdır. Sən necə cürət edib ağanın itini döyürsən? – deyə tacir zabitin üzünə baxır və onun razılığını qazanmağa çalışırdı. Bundan sonra daha birisi baqqala yanaşdı:

– Özləri də qonağımızdı, itləri də əzizimiz və gözümüzün işığıdır. Baba, anlamamışıq, ağanın itini Mərənd iti bilib haqqında ədəbsizlik eləmişik. Yoxsa bizim babamız da bu qələti eləməzdi, yəni biz elə ədəbsiz olduq ki, ağanın itindən bir qab qatığı da əsirgədik? – deyə zabiti razı salmağa çalışdı. Zabit isə hələ söyürdü, lakin bu söyüşlər bizə yabançı deyildi, bunları biz çar zabitlərindən hər yerdə eşitmişdik.

– Vəhşi şərqlilər, azyatlar, zavallılar! Daha Səttar xan yoxdur. Əlahəzrət çarın zabitləri sizi lazımınca tərbiyə edər, özünüzdən min kərə mədəni və şərəfli olan nəcib köpəyi vurmağa haqqınız yoxdur. Bu hərəkət bizə qarşı bir üsyandır.

Baqqal da yalvarırdı:

– Ağa, başına dönüm, belə ayaqlarının altında qurban kəsilim, anlamamışam, bir qələtdir, öz ölübə-ölümlə eləmişəm. Mən kasıb babayam, bəs qatığın pulu necə olsun?

Baqqalından tacirinə, ziyalısına qədər yaltaqlığa alışan bir xalqı seyr etdikdən sonra məni bir iranlı kimi tanıyan miss Hannanın üzünə baxmağa utandım.

Zabit yerə tökülən qəzetlərini qaldırdıqda gözüm «Novoye vremya» qəzetinə sataşdı. Qəzetin adresi «Təbriz Erivanskaya quberniya» deyə yazılmışdı ki, bu da dargözlər və xuliqanlar qəzeti olan «Novoye vremya»nın Təbrizi İrəvan quberniyasına ilhaq etmək arzusunda olduğunu göstərirdi.

Zabit getdi, miss Hanna yanındakı fotoaparatı ilə baqqalın haman vəziyyətdə fotoşəklini çəkmişdi. Bu hadisədən sonra artıq bazarı və şəhəri gəzmək həvəsindən düşdük. Miss Hannanın da çox mütəəssir olduğu görünürdü. O mənə müraciətlə:

– Bu yerlərin mühüm bir ehtiyacı vardır, – dedi. – O da ümumi və silahlı üsyandan ibarətdir. Bu əsirlik və kölələk həyatıdır. Bu vəziyyəti yalnız Afrika vəhşilərinin həyatında görmək mümkündür. Çar ordusunun bu hərəkəti dinc və üsyansız ölkəni müharibəsiz işğal edən bir ordunun hərəkətinə bənzəmir. Bu hərəkətləri yalnız illər uzunu mühasirə altında qalmış və böyük tələfatlar nəticəsində olaraq süngü gücünə alınan bir ölkənin xalqına tətbiq etmək olar. Çar ordusu nə qədər tərbiyəsiz bir ordu imiş!

Miss Hanna həyəcan içərisində idi. Müqəymüddövlə də qəzəbindən titrəyirdi, mən isə qızın silahlı üsyan təklifi üzərində düşünürdüm.

Bu kiçik gəzintidən aldığımız təsir hər ikimizi düşündürməyə başlamışdı. Evə qayıtdıqdan sonra da söhbətimiz bu məsələ ətrafında cərəyan etdi. Miss Hanna çox həyəcanla danışırdı:

– Mən müstəmləkə ölkələrində olmamışam, yalnız qəzetlərdə oxumuşam. Bəzən müstəmləkə xalqı barəsindəki cəza qanunlarını oxuduqda müstəmləkəçiləri haqlı hesab edirdim. «Bəlkə də, böyük və mədəni dövlətlər vəhşi millətləri tərbiyə üçün başqa üsul tapa bilmirlər», – deyirdim. Ancaq onu deməliyəm ki, bu kimi qanunlar, bu kimi qabalıqlar, hansı bir hökumət tərəfindən icra olunarsa-olsun, yenə də mən onun düşməniyəm. Vətənim olan Amerika belə hərəkətlərdə bulunsa, onun da düşməniyəm. Mənə inanın. Mən sizə inandığım kimi inanın. Mən sizə inanmasaydım, üç həftədən bəri sizin namusunuza, vicdanınıza sığınmazdım. Siyasi məsələlərə qarışmaq istəmədiyim halda, gördüklərim mənim fikirlərimi alt-üst etdi. İnanınız ki, mən inqilabçılara haqq verirəm. Mən onlara düşmən deyiləm.

Mən onun sözlərini diqqətlə dinləyir və öz-özümə: «tezdir, inqilabçı olsan belə, hələ tezdir» deyirdim. Nəhayət, qızın cavabını verməyə məcbur oldum.

– Səmimi Hanna, mən sizin birinci cümlələrinizi doğru və yerli hesab edirəm. Bu yerlərin ümumi bir ehtiyacı vardır ki, o da kütləvi və siyasi üsyandan ibarətdir. Mən sizə inanıram, siz də mənə inanmışsınız. Lakin bu azdır, biz öz fikirlərimizin doğru və səmimiliyini işdə göstərməliyik. Biz dayandırılmış, müvəqqəti sükuta məcbur olmuş inqilabın ana yurduna gedirik. Bizim vəzifəmiz, siyasətdən uzaq olsa da, çar siyasətinin bir çox səhnələri bizi inqilabçılara hüsnü təvəccöh bəsləməyə məcbur edəcəkdir. Lakin quru hüsnü təvəccöh bəsləmək inqilabçılıqdan çox uzaqdadır. Siz burada yalnız çar müstəmləkəçiliyi ilə üz-üzə gəldiniz, məsələ isə daha genişdir. Kapitalist dövlətlərinin hamısı müstəmləkəçidir, onların hərəsinin özünəməxsus bir müstəmləkə üsulu vardır. Misal üçün İngiltərəni götürəlim: Şərqin bir çox ölkələri İngiltərə müstəmləkəsidir, lakin ingilis əlində olan bütün ölkələrin öz sultanı, padşahı, əmiri, racəsi, mehrazəsi öz yerindədir. İngilislər bu dövlətlərin adını «dost dövlət» qoymuşdur. Əslində isə bu üsul müstəmləkəçiliyin ən qəddar, hiyləgər və müstəbid bir formasıdır. Burada ingilislər müstəmləkə xalqlarını öz doğma ağaları vasitəsilə istismar etmiş olurlar. Müstəmləkə xalqı isə ikiqatlı bir təzyiq altında inləyir. Onun qanını bir tərəfdən öz ağaları, digər tərəfdən İngiltərə imperializmi sorur. İngilislər ruslar kimi vəhşi müstəmləkəçilərdən daha çox qazanırlar. Bunların pəncəsindən qurtarmaq Rusiya pəncəsindən qurtarmaqdan daha çətindir. Fransanın və İtaliyanın müstəmləkə siyasətində də başqa üsullar vardır. Yalnız hər bir imperialist dövlətin deyil, bəlkə də, bu dövlətlərin əlində olan hər müstəmləkənin də xüsusi bir siyasəti vardır. Rusiyadan başqa hər bir müstəmləkəçi dövlət öz müstəmləkələrini təbəqələrə ayırmışdır. Məsələn, Kanadada başqa, İrlandiyada başqa, Ərəbistan, Hindistanda isə başqa siyasət aparılır. Bu başqalıq hər bir ölkənin siyasi və mədəni səviyyəsi etibarilə təyin edilir. Sizin Amerikada da belədir. Şimali amerikalılara verilən hüquq Cənubi amerikalılara verilmir. Hələ amerikalıların yerli zəncilər haqqındakı siyasəti də Rusiya siyasətinə nisbətən daha qaba, daha amansızdır. Müstəmləkəçilik zülm və istibdadı yalnız İranda deyil, bütün dünyada üsyan tələb edir. Üsyanı təxirə salan bir səbəb varsa, o da xalqların mədəniyyətsizliyi və şüursuzluğudur. Siz bugünkü başı yarılan, lakin başının deyil, beş şahılıq qatığının qeydinə qalan baqqalı, bir də zabitə yaltaqlanan şəhər aristokratını misal götürə bilərsiniz. Belələri nəinki üsyan etməz, hətta üsyançıların düşmənlərinə belə satıla bilər. İran kəndli, bazar əsnafı və tacir ölkəsidir, burada mütəşəkkil yoxsul və fabrik-zavod işçiləri yoxdur. Mənə və sizə gəlincə, biz inqilaba hüsnü təvəccöh bəsləyirik, lakin bizim hüsnü təvəccöh bəslədiyimiz inqilab məzlumların və yoxsulların azadlıq uğrundakı mübarizəsindən ibarətdir. Mənim kimi tacirlər və liberal ziyalılar bu mübarizəyə qismən şərik ola bilərlər, inqilab onların mənafeyinə toxunmağa başlar-başlamaz, heç şübhəsiz, soyumağa və geriləməyə başlarlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Son iclas

Mən içəri girəndə balaca Məcidi çimdirib qurtarmışdılar. O, yatmaq istəmirdi, çünki neçə gündən bəri məni görməmişdi. Nina məni görərkən sevindi. Eyni zamanda mənim üzümə qorxa-qorxa baxırdı. O mənim ondan incidiyimi hiss edir və nə edəcəyini bilmirdi. Şübhəsiz, Təhminə xanım məsələni ona xəbər verməmişdi; çünki mən ona tapşırmışdım. Mən yenə də divanın üstündə oturmuşdum. Fəqət Nina adətinin xilafına olaraq bu gecə divanın üstündə oturmadı. Balaca Məcidimiz bunu hiss etdi. O, durub Ninanın donundan çəkə-çəkə gətirdi. Divanın üstündə oturdu, özü də aralıqda oturdu. Nina qara köynəyi çıxartmışdı. Mən gülümsündüm, «qara köynəyi nə üçün çıxartdın?» deyə soruşdum. Nina üzümə qorxa-qorxa baxıb dedi:– Doğrudan da, o nə söz idi dedin?

8 min
Təbriz çar kazakları əlində

Mən Səttar xanın qərargahı olan Əminəxizdən keçib Lilava məhəlləsinə getməli idim. Küçələrdə bu günə qədər görünməyən simalara təsadüf edirdim. Bu gün çar ordusunun pişdar dəstələri Təbrizə girəcəkdi. Çar himayəsində olanların qapıları çar bayraqları ilə bəzənmişdi. İnqilab dairəsindən köçüb gedən ailələr qayıtmaqda, əlinə bağlama, çamadan və sair şeylər götürmüş aristokratiya erməni məhəlləsindən köçüb öz evlərinə getməkdə idi.Avstriya, Rusiya, İngiltərə konsulxanalarında əyləşib inqilabın gözünə görünməkdən qorxanlar isə qışdan çıxmış tısbağalar kimi başlarını dışarı uzatmaqda idilər.

11 min
Ninaya məktub

«Əziz yoldaşım Nina! Bu gün biz Xoy şəhərinə yetişdik. Şəhərin dar küçələrindən bizi musiqi dəstələri müşayiət etdi. Şəhərin valisi də sosial-demokratlarla bərabər bizi ziyafət binasına yola saldı. Küçələr kütlələrlə dolmuşdu. Üzüörtülü və açıq qadınların müxtəlif söhbətlərini eşidirdik:– Qafqaz mücahidləridir.

2 min
Ərəblər xanı

Ərəblər kəndi – Naxçıvan şəhərinin qərbində Araz çayının İran sahilindədir.Biz bu kəndə axşam vaxtı yetişdik, burada bir çox çayçı dükanı vardır. Biz burada mənzil edərək Şahtaxtı, Noraşen, Xobək, Qıvraq kontrabandaçılarının vasitəsilə Şahtaxtı kəndinə keçəcək idik.

10 min

Poems by other poets