Təbriz çar kazakları əlində
Page 1 of 2
Mən Səttar xanın qərargahı olan Əminəxizdən keçib Lilava məhəlləsinə getməli idim. Küçələrdə bu günə qədər görünməyən simalara təsadüf edirdim. Bu gün çar ordusunun pişdar dəstələri Təbrizə girəcəkdi. Çar himayəsində olanların qapıları çar bayraqları ilə bəzənmişdi. İnqilab dairəsindən köçüb gedən ailələr qayıtmaqda, əlinə bağlama, çamadan və sair şeylər götürmüş aristokratiya erməni məhəlləsindən köçüb öz evlərinə getməkdə idi.
Avstriya, Rusiya, İngiltərə konsulxanalarında əyləşib inqilabın gözünə görünməkdən qorxanlar isə qışdan çıxmış tısbağalar kimi başlarını dışarı uzatmaqda idilər.
Qulağım olduqca müxtəlif, lakin eyni zamanda olduqca yekrəng sözlər eşidirdi:
– Allah imperatorun qılıncını kəskin eləsin.
– Allah onun bircə oğlunu bizə çox görməsin. Bu əlvatın əlindən yaxamız qurtardı.
– Biz bu cür deməmişdik, bu cür məşrutə bizə lazım deyildi.
– Hamısı babi, hamısı Qafqazın əcamir, ovbaşı, lopu-potularıdır.
– Ağa, qafqazlı hara, təbrizliyə köməyə gəldi hara?!
– Başınıza and içirəm, inanın, bunların hamısı falşivədir. Bunların hamısı urusları məmləkətə gətirməkdən ötrü idi.
Qaranlıq düşməyinə baxmayaraq, küçələrdə əcnəbi qadınları da görünürdü. Nazik əlbisələr geyib gəlin kimi bəzənmiş qadınlar, yəqin ki, çar ordusunu qarşılamağa gedirdilər.
Yolda Tütünçüoğluna rast gəldim və:
– Hara getmişdin? – soruşdum.
Onun gözləri yaşardı.
– Rus konsulxanasının yanına getmişdim, Oradakı qiyamətə tamaşa edirdim.
– Nəyə tamaşa edirdin?
– Konsulxanaya gedib-gələnlərə.
– Kimləri gördün?
– İslamiyyədə oturanları, əks-inqilabın əmmaməli rəhbərlərini, Təbrizdə oturub Peterburqa qulluq edən casus seyidləri. Bizimlə çiyin-çiyinə durub «yaşasın məşrutə!» deyənləri də gördüm. Məni yandıran da axırıncı vicdansızlardır.
Mənim yolum konsulxana qarşısından idi, Tütünçüoğlunu da əldən buraxmadım, bir saat da olsa, onunla danışmağı, inqilabın ən inadkar bir qəhrəmanı olan bu vüqarlı, gənci eşitməyi qənimət bildim.
– Gəl, gəl son saatımızı bir yerdə keçirək, – deyə Tütünçüoğlunun qolundan tutdum, sizi İranın inqilab tarixi də xatırlayacaqdır. Ancaq mənim bir arzum vardır ki, o da sizin əks-inqilaba atdığınız bombaların səsini bir daha eşitməkdən ibarətdir.
Bu sözdən sonra Tütünçüoğlu məni qucaqladı, öpüşdük, ikimiz də ağladıq.
Konsulxana qarşısına getməyimiz o qədər də qorxulu deyildi, çünki həm paltarımızı dəyişib ingilis konsulxanası işçilərinə məxsus paltarlar geyinmişdik, həm də hava qaranlıqlaşırdı.
Konsulxanaya yaxın küçələrdə gediş-gəliş qeyri-adi bir şəkil almışdı. Burada çar bayrağı satmaq üçün kiçik bir dükan da açılmışdı. Bayraq almaq istəyənlər növbəyə durmuşdular. Bayraq satan uca səslə oxuyur:
– Gəl başıva dönüm, – deyirdi, – al başıva dönüm. İmperator bayrağıdır, qapının zinətidir, kişinin qeyrətidir, qurtarır, sabaha bir dənə də qalmayacaqdır.
Bu adam mənim diqqətimi cəlb etdi. Tütünçüoğlu bunu mənə tanıtmaq üçün dedi:
– Bu haramzadanın misgər bazarı ağzında gəlin bəzəyi, cığ-cığa və başqa şeylər satan dükanı vardır, özü də mücahidlər siyahısındadır.
Buradan keçdik, konsulxana qapısında, doğrudan da, bir qiyamət qopmuşdu. Bütün əks-inqilab rəhbərləri, casuslar, ikiüzlülər, çar himayəsinə keçib iranlıları qarət edənlər, seyidlər və mollalar hamısı burada idi.
Buraya toplaşanlar bir neçə dəstəyə ayrılmışdılar. Hər dəstənin arasında bir nəfər durub əlindəki kağıza bir şey yazırdı. Bu adamın yanında böyük bir fənər qoyulmuşdu.
Hər kəs irəli soxulub adını həmin kağıza yazdırmağa tələsirdi.
– Ağa, bəndəni də yaz, – deyənlər həddindən artıqdı.
Siyahını yazan məşhur əks-inqilabçı, çar konsulxanası casuslarından Hacı Mirməhəmməd gecpəz idi.
Seyid tərlədiyindən onun əmmaməsini başqa birisi əlində saxlamışdı. Qardaşı Mirqurban da o biri dəstənin arasında durub rus himayəsinə keçmək istəyənlərin siyahısını tuturdu.
Yenə də müxtəlif səslər eşidilirdi:
– Ağa, cəddinə qurban olum, məni də o kağızcığaza qeyd elə.
– Sən hələ səbir elə!
– Nə üçün? Belə sənin ayağın altında ölüm, özün bilirsən, biz dədə-babadan konsulxanaya nökərçilik eləmişik.
– Ağa, məşədi Nemət Qəzvinini də yazın.
– Yazmışam.
– İsfəhançıları da yazın.
– Kiçik qardaşları yazılmayacaq.
– Nə üçün? Qadanı alım, ağa!
– Əncümən həyatində sinə vuranların adı bu siyahıya düşməz.
– Ağa, bu nə iftiradır, sən bilirsən ki, mən də özbaşıma ora getməmişəm, məni göndəriblər getmişəm.
– Sonra danışarıq.
– Vasminci cənablarını da yazın.
– Bu saat!
– Hacı Səttar ağa Xamənəyi...
– Yazılıb.
– Gevgani.
– Bu saat.
– Xəyabani və əxəviləri...
– O da gözüm üstə.
– Fişəngçilər.
– Olmaz!
– Nə üçün?
– Məşrutəyə fişəng satanlar islamın düşmənidir.
– Yalançının cəddi özünə qənim olsun!
– Kəs səsini cakəş!
– Cakəşin səsi gəlir.
– Dala çəkil, lifgirin birisi!
– Gedə, kimə lifgir deyirsən?
– Sənə!
– Mənə?
– Bənəmənə!
Adlarını çar himayəsi cədvəlinə yazdıranlar möhürlərini də çıxardıb adlarının altına basırdılar.
Bir çoxları yan və qoltuq ciblərini axtarıb möhürünü tapmadıqda böyük bir həyəcanla oğlunu və qardaşını səsləyərək deyirdi:
– Məhməd ağa! Gedə, qaçaraq yüyür evə, möhürüm qələmdandadır, qələmdan da camaxatandadır. Orada olmasa rəfdədir, rəfdə də olmasa urusunun yanındakı taxçadakı mücrünün dalısındadır, tez ol, yüyür qoççum. Daha yubanma, o vaxt deyil, özünü öldür, məni qurtar!
Buradan keçib başqa bir dəstəyə də rast gəldik. Bunu da Hacı Fərəc Sərrafın oğlu Mirzağa idarə edirdi.
Biz artıq konsulun qapısına yaxınlaşmışdıq. Burada əks-inqilab rəhbərlərinin konsulxanaya toplandığını aydınca göstərən yüzlərcə məxmər palanlı eşşək saxlanmışdı. Bir azdan sonra əks-inqilabın ştabı olan «İslamiyyə» «qəhrəmanları» dışarı çıxdılar.
Mollalar ağ əmmamələrini düzəldib ağ eşşəklərə səvar oldular.
Dəvəçi məhəlləsi lotularından kababçı Həsən, Kazım Davatgəroğlu, qulağıkəsik Ələsgər və sairləri də ağaların üzəngilərini tutub uzunqulaqlara mindirirdilər. Ağalar yola düşdü, onların dalınca da qaragüruh salavat çəkib hərəkət etdi.
Bunlar çar qoşununun istiqbalına gedirdilər. İnqilabçı Təbrizin müqəddəratını çar generalı Snarskinin əlinə tapşırmağa tələsirdilər. Biz durub baxırdıq, salavat səsi hələ eşidilməkdə idi. Biz qayıtdıqda bir piyada dəstə də Acı körpüsünə tərəf gedirdi.
Qayıtmışdıq. İkimiz də düşünürdük. Mən birdən-birə Tütünçüoğluna müraciətlə Təbrizlə vidalaşacağımı söylədim.
– Gəl bir az da öpüşək, əziz yoldaş, bəlkə, bir daha görüşmək mümkün olmadı. Biz Təbrizi tərk edirik. Təbriz indi bizim deyil, əks-inqilab əlindədir. İndi gərək bütün qüvvəmizi Tehranın alınmasına sərf edək.
Öpüşdük, ayrıldıq.
Küçəmizi dəyişdik. Mən gedirəm, fəqət Tütünçüoğlunun inqilab günlərindəki qəhrəmanlıqlarını nəzərimdə canlandıraraq gedirəm.
Gecədir. Sakit küçələrlə gedirəm. Səs yox, səmir yox, inqilab günlərində qarışqa yuvası kimi qaynaşan küçələr indi zəlzələdən batmış kimi susub durmuşdur. Topların, bombaların yaylım atəşlərinin ninnisinə adət etmiş bu şəhər indi uyumaqdadır. Səs yoxdur, lakin döngədən-döngəyə keçdikcə xəfif xışıltılar eşidirdim. Ucan yaylasından əsən sərin külək söyüd ağaclarının boynunu qucaqlayıb yeni göyərmiş incə yarpaqların dodaqlarından öpür, onu nazlandırır, təbiətin ipək köynəyinin ruhoxşayıcı xışıltısını küçələrə dağıdırdı.
Bu gecə Təbriz olduqca əsrarəngiz və qorxulu idi. Siyasi dumanların kəsif kürkünə girib bir tiryəki kimi nəşələr dünyasında üzən bu şəhər, minlərcə çar casuslarının, yerli xəfiyyələrin əlində idi. Tacir casus, mülkədar casus, molla casus, seyidlər casus.
Casus olmayan yoxsul təbəqəyə gəldikdə, o da mədəniyyətsiz, düşüncəsiz dinçilərdən ibarət idi.
Bu düşüncələr içərisində gəlib Ninanın evinə girdim. Ev sahibi Minasyan məni qarşıladı. O, Ninanın xəstələndiyini söylədi. Məni şiddətli bir həyəcan bürüdü, çünki mən yol üstündə idim, onun xəstələnməsi və mənim onu xəstə ikən buraxıb getməyim olduqca uyğunsuz bir vəziyyət törədəcəkdi. Minasyan qorxusundan dışarı çıxa bilmədiyini, daşnakların Xey və Urmi şəhərinə çəkildiklərini, orada olan erməni kəndlərində yaşamaq istədiklərini söylədi. O, erməni ruhanilərinin ermənilərə dəvətnamə göndərdiyini və onları general Snarskinin istiqbalına getməyə məcbur etmək istədiklərini də xəbər verdi.
Otağa girərkən Ninanın yatdığını gördüm. Balaca Məcid dəsmal isladıb Ninanın başına qoymaq istəyirdi.
– İndi mənim bütün ümidim o uşağadır, – deyə Nina qalxıb oturdu.
Vaxt keçirdi, mən heç bir müqəddiməyə başlamadan Təbrizi buraxdığımızı Ninaya xəbər verməli idim.
– Nina, inqilabın birinci dövrü bitdi, – deyə əlimi onun alnına qoyub hərarətini yoxladım. – Müvəqqəti olaraq dayanmış inqilabın hərəkat məntəqəsi indi mərkəzə köçür, hərbi İnqilab Şurası buraxıldı. Gizlin hərəkat üsuluna keçilməsi qərara alındı.
Nina dərin bir sükuta daldı; o, yenə hər zaman təkrar etdiyi kimi:
– Bilmirəm, axırımız necə olacaqdır, – deyib ağladı və başını çiynimə qoydu.
Mən isə:
– Səbir et, – dedim. – Ürəyin inqilabçı ürəyi olsun. Sən bir çox təhlükəli vəzifələr ifa edən, heç bir təhlükədən çəkinməyən Ninasan, bu müvəqqəti haldan da qorxmamalı, öz vüqarını pozmamalısan. Bu saat son görüş saatımız olsa da, zənnimcə, inqilab bizi yenə də görüşdürəcəkdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-tebriz-car-kazaklari-elinde
Use ← → keys to move, R for a random poem
More by this author
Cənab müdiri-möhtərəm! Piş əzvəxtdən qabaq jurnalınızın məcmuəsi xüsuslarında xəbər e’lan vermişdiz, belə yaxşı xeyir işin hüzura çıxmasından çox güldüm, az qaldım özümdən gedib və bə’d qəşş eləyəm, və lakin bu qədər var bir məsəl var deyərlər, bu gecə yuxu vaqiəsində yatıb bir qəribə rö’ya görmüşəm. Bu gecə bir qədər yatıb xab etmişdim gördüm bir tap-tap gəlir, dedim ay uşax nə xəbərdir? Dedilər Molla Nəsrəddini döyürlər, haman səsə yuxudan bədxab oldum gördüm ay işığı evi mehtab eləmiş, hətta bura kimin, bir məsəl var deyərlər, gecə şəbkülahı başımda çıxdım səhn həyətinə, bir məsəl var deyərlər, o saatda öskürmə yaxaladı, qayıdıb bir qədər heyva bedanəsi götürüb ağzıma saldım hətta bura kimi hansıki o qədər öskürdüm gözümün yaşı ab rəvan suyu kimi tökülməyə başladı. Onda gördüm qapı dəqqilbab olur. Dedim qapını dəqqilbab edən kimsən? Gördüm Ağa Dadaş ibn Xələf mərhum vələdi Kərbəlayı Qulaməli oğludur. Dedim bəradərim qardaş bu səhərin sübh çağında nə vardır, neçün gəlmisən? Buyurdu səhv eləyibsən gecənin nisf şəbidir, hənuz sübh olmayıbdur. Dedim de görüm nə var, dedi de görüm bu günlər Molla Nəsrəddinə kağız yazacaqsan ya yox? Ərz etdim yazacağam. Dedi yazgilən a rəhmətliyin oğlu sən bilmirsən ki, çox yatmış adamı birdən ayıldanda sərasimə və bəlkə cinni olar? Əvvəlinci nömrənizdə milləti ayıldanda, filənkəsin sol tərəfində yatan bizim oğlana bir təpik vurmusan cinni olub indi saxlamaq olmur. Gah tumanını çıxarır atır, gah qurşağını açır, gah ayaqlarını yerə çalır. Hər tərəfdən əlac axtarıram, deyirlər kah filan keşişdədir, kah filan qaraçıdadır. Axırda bir pir əlmuş ovrət deyir ki, onun əlacı Molla Nəsrəddinin özündədir. Əlbəttə baxıb davasını göndərəsiniz.
Elmi-nücumİcmali-kar, şəhri-cəmadi-əvvəl*Hükəmayi-İraniyyənin elm nücumdan çıxardığı mə’lumatdan belə mə’lum olur ki, bu ayda bir para yarım müəllimlərin xürrəm və xoşdil olması, mərsiyəxanlıq bazarının kəsadı, əhli-kəsəbənin müsavi surətdə yaşaması, füqəranın müflus olması, saillərin bilmərrə dağılması, viranələrin xərabə şəklinə düşməsi, bimarların pərişanlıq mərəzindən vəfat etməsi, bir para xəlayiqin içində sərmazədlik, baş ağrısı bə’zi şəhərlərdə zühur edəcək, İran və Xorasan səmtində paxlanın və ləbləbinin ərzaqi-firavan olması aşikardır. Soyuq vurmuşların tərləmək ilə şəfa tapması mə’lum olur. Ünas tayfasının sazəndəyə, ləhvi-ləəbə məşğul olmaları, xüsusən bu ayda qarışqaların cəlayi-vətən olması və otaqlarını, imarətlərini su basması mə’lum olur. Bu barədən İran təqvimində yazır. Dağlarda və meşələrdə quş və heyvanat yuvalarının tə’miratı və bu ayın axırlarında Afrika səmtində zəhərli ilanların vüquşu, bu ayda qışlaqların isti olmağı və qışlaqlardan xəlayiqin dağlara dağılması, böyük irmaq və çaylardan baxata götürülmüş arxları və dəhnələri selin bərbad etməsi görsənir. Xüsusən bu ayda itlər öz sahiblərinə əbədə hürməyəcəklər. Bu ayda camaatın hamama getməyə, həna yaxmağa, palçıq qoymağa rəğbəti olacaq, əlavə dağ kəndlərində, bə’zi şəhərlərdə xəlayiqin qoç saxlamaq, it boğuşdurmaq, əl quşu uçurmaq, şikarə getmək kimi işləri, Tiflis şəhərində qənarə bülbül saxlamaq kimi işlər də peyda olacaq, iğtişaşı Yəmən və Misr həvalisində başlanacaq, padişahlar bir-birlərilə sual-cavab edəcək. Bunu İran təqvimi yazır. Urmi və Xoy hamamlarında dəllək şakirdlərinin rəvac bazarı, Marağada döyül və dünbək çalanların zə’f halı, İranın bir para yerlərində həml və nəql əşyalarını ərradaə ilə yeritmək meydana çıxacaq, Binab ətrafında saillərin iğtişaşı, Kirmanda, Qəzvində, Təbrizdə şeyxi, üsuli mübahisəsi zühur edəcək, tiryak əməliyyatının tərəqqisi, tiryakin xəlayiqə nəf’i, İraqi-Əcəm səmtində, xüsusən Azərbaycanda, Əhər səmtində şəbihkərdunların tə’til etməsi, Qaraçadağ mahalında çubuq başı çarıq bağının tərəqqisi, xəlayiqin ümdə ehtiyacı oraq və kərəntiyə olacaqdır. Mərənd səmtində dərvişlik elminin intişara başlaması, mübtədi dərvişlərin çoxalması.
Balaca felyetonBir filosofun zamani-vəfatında oğluna etdiyi nəsihət.*Ey mənim istəkli oğlum! Mən dünyadan getdiyim kimi, əsri-hazırda olan cəmi yaranmışlar dəxi mənimlə belə qara torpaq altına gedəcəkdir. Zamani-həyatımda əcdadımızdan şə’n-şöhrətimizə layiq bir maarifli oğul yetirdim. O isə səndən ibarətdir. Əzizim! Qamətin ucaldıqca bacarıb şan və şöhrətini alçaq saxla.
Qəlbim tutulmuşduYayın orta ayı, günortanın zamanı, qəlbim tutulmuşdu. Durub dolanıb molla yoldaşımı tapdım. Ərz elədim, ay molla, sən allah bir az yaxşı söhbətlərdən elə, bəlkə bir az mənim qəlbim açılsın. Pir olsun, çox fərəhli söhbət etdi. Əvvəl buyurdu: görəsən bu isti hava nədəndir? Dedim: bu işləri hükəma yaxşı bilər. Buyurdu: görəsən hamı şəhərlər bizim şəhərimiz kimi isti olar? Dedim: molla qardaş, mənim əqlimcə Qafqaz şəhərləri bir-birindən gərək bir az tafavütlu olsun. Dedi: xeyir, mən Qafqazı demirəm, belə bir necə yer adı var ki, indi təzə məktəbə getmiş uşaqlar sayıb, sonra divardakı çızıq-çızıq kağızlarda barmaqları ilə göstərirlər. Ürəyimdə bilirəm, amma dilim tutmur. Dedim: olmaya beş qit’əni deyirsən? Dedi: adını de görüm? Dedim: Avropa, Asiya, filan, filan... Buyurdu: bunlar isti olur ya inki bizim şəhərimiz? Dedim: ehtimal vardır ki, Afrika çölləri isti olar. Buyurdu: Afrikada müsəlman çoxdur, ya inki Qafqazda? Ərz elədim: Afrikada neçə-neçə islam hökumətləri vardır ki, Qafqazdan böyük torpağı, milyonlarla nüfusu vardır. Buyurdu: xub, onların idarəsi nə tövrdür, məşrutədir, müstəqildir? Dedim: onlar öz çörəklərini gizlin yeməkdədirlər. Buyurdu: necə-necə?!!... Gördüm çox baş-beynimi aparacaq, istədim sakit eləyim, dedim: onlar da bizim Rusiya müsəlmanları kimi asudə yaşamaqdadırlar. Dedi: necə, nə buyurursan? Təngə gəlib bu nəzmləri rəfiqimə oxudum:Asudə bizik, bizləri görcək sitəm ağlar,