Təbriz çar kazakları əlində
Page 2 of 2 · 50%
Qız böyük bir heyrətlə:
– Əcəba, biz yarın bir daha görüşməyəcəyizmi? – deyə dəlicəsinə soruşdu:
– Son görüş üçün gəldim, Nina! – dedim.
O, yenə də:
– Sən Təbrizdə olmayacaqsanmı? – deyə soruşdu.
– Xeyr, bu gün getməliyik. Yoldaşların hamısı gedir.
– Hara?
– İnqilabın tələb etdiyi yerə gələcəyəm. Gəlmədən əvvəl sənə məktub göndərəcəyəm, Rəştə getməli, oradan da Tehran üzərinə hücum edən dəstələrə qoşulmalıyıq.
– Sən firqəçimisən? – deyə soruşduqda, mən:
– Firqəçiyəm, – dedim.
Bu sözlərdən sonra Nina boynuma sarıldı, dodaqlarım unudulmaz bir istilik hiss etdi.
Ninanın evindən necə çıxdığımı bilmədim. Ancaq qoynumda olan bir dəstə rus parasını Məcidə verib qapıya doğru döndüyümü xatırlayıram.
Bu gecə Səttar xan bir vida ziyafəti vermişdi. Ziyafətdə qafqazlılar və İran sosial-demokrat təşkilatının üzvləri iştirak edirdi.
Səttar xan olduqca düşüncəli və kədərli idi. Qəlyanı-qəlyandan ayırmayırdı. Qəhrəmanın alnındakı dərin qırışlar çıxılmaz bir vəziyyət qarşısında qalan qəlbini ziyafətdəkilərə oxudurdu.
Onun əymə və qövsi qaşları tez-tez qalxır, alnının biri digəri üzərindəki qırışıqları da kaman şəklini alaraq, qəhrəmanın intiqam hisləri bəslədiyini andırırdı, bütün çətinlikləri su kimi içən qəhrəman indi hər bir hərəkətində böyük çətinliklərə təsadüf etdiyini anladırdı. Məclisi sükut bürümüşdü, yalnız qəlyan tüstülərinə qoşulub, dərin ürəklərdən çıxan ahlar eşidilirdi. Heç kəs danışmırdı. Hamı Səttar xanı dinləmək istəyirdi. Qəhrəman danışdı, lakin çox az danışdı:
– Bizim rusların qarşısına çıxmağımız, Təbrizi onlardan müdafiə etməyimiz çox da çətin deyil, hərgah mən bilsəydim ki, bizim çar ordusu ilə vuruşmağımız inqilabı müdafiə edəcək, hərgah ki, «İslamiyyə»də oturan namüctəhid, naseyidlər bizim ruslarla çıxaracağımız ixtilafdan qazanmayacaq, yenə də vuruşardım. Rəfiqlərim! Əziz silah yoldaşlarım! Bizim vuruşmağımız faydasızdır, çünki ixtilafdan əks-inqilab rəhbərləri fayda götürəcəkdir. Buna görə də biz inqilabda qalib gələn Təbrizi çar ordusuna tapşırmağa məcburuq. Lakin bununla bizim inqilabda qazandığımız qələbənin qiyməti azalmır. Biz qafqazlı yoldaşların inqilaba olan xidmətlərini, xüsusən Bakı işçilərinin köməyini, heç vaxt unuda bilməyəcəyik. Qafqazlı yoldaşlar, Bakı və Tiflis işçilərinə mənim salamımı aparın! Biz beşinci il inqilabının oğlunu böyüdəcəyik! Siz mənim dilimdən onlara söyləyin Səttarın inqilaba xəyanət etmədiyini, yenə də öz yolunda durduğunu onlara xəbər verin!
Səttar xanın bugünkü çıxışı və qısa nitqi olduqca böyük təsir bağışladı. Uzun danışmağa vaxt olmadığından, Sərdarın cavabını qısa cümlələrlə verdim:
– Biz Təbrizdən unudulmaz xatirələrlə ayrılırıq, bu xatirəni, xüsusən Sərdarın qəhrəmanlığından aldığımız təsirləri bütün Qafqaz işçiləri arasında yaymağa söz veririk. Bunsuz da Qafqaz işçiləri, xüsusən Bakı işçiləri İran inqilabına, cənab Sərdarın şəxsində olaraq tükənməz bir məhəbbət bəsləməkdədir. Bizim və bizi cənab Sərdarın mübarizləri cərgəsinə göndərənlərin İran kəndlisi və İran yoxsulları ilə olan qardaşlıq əlaqəsi daimi olaraq davam edəcəkdir, inqilab ordusunun dahisi və bütün İran yoxsullarının sevimlisi Səttar xanı inqilab dünyası durduqca unutmayacaqdır.
Mənim sözlərimdən sonra Sərdar süfrə başında oturanları bir daha gözdən keçirərək dedi:
– Burada oturan rəfiqlər inqilabın sınanmış üzvləridir. Yalançılar gəlməmişdir. Səttarın qapısının torpağından öpməyi özlərinə şərəf bilən yaltaqlar bu gün başqa qapıları döyməyə getmişlər.
Ziyafət gecə saat birdə bitdi. Görüşdük, öpüşdük, bir-birimizə olan tapşınqları verdik. Yol üçün hər şey vaxtında hazırlanmışdı. Bizi Xoy şəhərinə qədər yola salmaq işinə məsul olan dörd nəfər də gəlib çıxdı.
Səttar xanın evindən kiçik rus naqanlarını və əl bombalarını götürdük.
Sərdar bizi küçə qapısına qədər yola saldı və:
– İnqilabın həqiqi qəhrəmanları məndən ayrıldı, – dedi.
Mən Sərdarın ziyafətindən çıxıb evə gəldim. Təhminə xanım və oğlu Həsənağa oturub məni gözləyirdilər, onlar haradansa mənim Təbrizdən getməyimi eşidib gəlmişdi. Mənzildə olan bütün şeyləri onlara bağışladım, vidalaşdım, Təhminə xanıma Ninanın yanına köçməsini tapşırdıqda, ana və bala Ninanın halına ağlamağa başladılar. Mən Həsənağaya müraciətlə siyasi dərnək üzvləri ilə məşğul olmalarını, onu genişləndirməyə çalışmalarını, sirlərini başqalarına verməmələrini tapşırdım.
– Qorxmayın! – dedim, siz yenə qalib gələcəksiniz. Sizin fikriniz bütün dünya işçilərinin fikridir. Bir gün olacaq ki, Təbrizin birinci siyasi dərnəyində iştirak edənlərin heykəlini meydançalarda, bağlarda qoyacaqlar, inqilab cəbhəsində birinci bombanı atan iranlı sənsən və bir də Tütünçüoğludur. Bir-birinizdən ayrılmayın!
Sonra Ninaya kiçik bir məktub yazdım:
«Əziz yoldaşım! Hazırda köçmək üzrəyəm. Təhminə xanımdan sənin yanına köçməsini rica etdim, o da qəbul etdi. Təbrizdən çıxmamalısan. Yazışarıq. Bəlkə də, vəziyyət dəyişdi. Ona da ümid çoxdur. Yenə də Təbrizdə görüşərik. Balaca Məcidin üzündən öpürəm, kiçik məktubumda yazdığım kəlmələrin onun incə dodaqlarından çıxacağını xatırlayaraq təsəlli tapıram. Sənsiz gedirəm, fəqət səninlə gedirəm. Salamat qalın!
Təbriz, 30 aprel 1909».
Yolumuz Xoy şəhərinədir, oradan Şahtaxtı kəndinə, buradan da Araz çayını keçib Bakıya və Tiflisə getməli idik.
Küçələrdə bir pişik belə yoxdur, ayrılmaz yoldaşlar qırılmaz zəncir halqaları kimi biri digərinin dalınca düzülüb gedir.
Biz gedirdik, bir çox Qafqaz inqilabçılarının nişansız məzarı ilə vidalaşaraq gedirdik.
Bir neçə ay bundan əvvəl çox idik, çox iş gördük, çox da itirdim, bir çox çalışqan və qəhrəman yoldaşlarımızı sıramızda görmədən gedirik.
Mən küçənin bir tərəfində durub Təbrizdən gedən yoldaşları gözdən keçirdim və saydım.
Vladimir Dumbadze yox, Valiko Baqradze yox, Sandro Veşaqori də cərgəmizdə deyil. Çıta Georgi Emoşvari, Petro Poçuvanaxvaladze, Puls da yoxdur.
Biz sanki yoldaşlarımızın qəbri üzərində durmuşduq, hamı papağını götürdü. Bir daha yoldaşların nişansız məzarları ilə vidalaşaraq yola düşdük.
Heç şübhə yoxdur ki, bütün yoldaşların qəmgin ürəyindən belə bir səs qalxmaq istəyirdi:
Təbriz! Qoynuna aldığın bu ölməz simalar, bizi birinci çağırışda yenə də sənin yardımına cəlb edəcəkdir, onları yaxşı saxla! Bunların Eynəli, Zeynəli dağlarına yağdırdığı bombaların səsi əbədi olaraq İran əks-inqilabının qulağında cingildəyəcək, onların ürəklərini məhv oluncaya qədər yeyəcəkdir. Bunları yaxşı mühafizə et! Bunlar gənc Təbriz inqilabının qurbanlarıdır!
Təbriz yatıb, coşqun inqilab da müvəqqəti bir sükuta dalmışdı. İranın birinci pioneri Məcid də uyumuşdu. Lakin gözünə yuxu getməyənlər də yox deyildi. Bütün İranı yerindən oynadan Səttar xan da, çay xəfiyyələrinin gözündən gizlənməyə müvəffəq olan Nina da gözlərini qapasa da, uyumamışdı.
Son kərə dönüb Təbrizə baxdım, şəhər görünməyirdi. Təbriz yenə də qara bir xülya kimi qaranlıq və müəmmalı dumanların qoynuna girmişdi.
Qulağımız «ura» səsləri eşitdi. Bu səs, şahzadə bağına girən çar ordu hissələrinin səsi idi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-tebriz-car-kazaklari-elinde
Use ← → keys to move, R for a random poem
More by this author
Cənab müdiri-möhtərəm! Piş əzvəxtdən qabaq jurnalınızın məcmuəsi xüsuslarında xəbər e’lan vermişdiz, belə yaxşı xeyir işin hüzura çıxmasından çox güldüm, az qaldım özümdən gedib və bə’d qəşş eləyəm, və lakin bu qədər var bir məsəl var deyərlər, bu gecə yuxu vaqiəsində yatıb bir qəribə rö’ya görmüşəm. Bu gecə bir qədər yatıb xab etmişdim gördüm bir tap-tap gəlir, dedim ay uşax nə xəbərdir? Dedilər Molla Nəsrəddini döyürlər, haman səsə yuxudan bədxab oldum gördüm ay işığı evi mehtab eləmiş, hətta bura kimin, bir məsəl var deyərlər, gecə şəbkülahı başımda çıxdım səhn həyətinə, bir məsəl var deyərlər, o saatda öskürmə yaxaladı, qayıdıb bir qədər heyva bedanəsi götürüb ağzıma saldım hətta bura kimi hansıki o qədər öskürdüm gözümün yaşı ab rəvan suyu kimi tökülməyə başladı. Onda gördüm qapı dəqqilbab olur. Dedim qapını dəqqilbab edən kimsən? Gördüm Ağa Dadaş ibn Xələf mərhum vələdi Kərbəlayı Qulaməli oğludur. Dedim bəradərim qardaş bu səhərin sübh çağında nə vardır, neçün gəlmisən? Buyurdu səhv eləyibsən gecənin nisf şəbidir, hənuz sübh olmayıbdur. Dedim de görüm nə var, dedi de görüm bu günlər Molla Nəsrəddinə kağız yazacaqsan ya yox? Ərz etdim yazacağam. Dedi yazgilən a rəhmətliyin oğlu sən bilmirsən ki, çox yatmış adamı birdən ayıldanda sərasimə və bəlkə cinni olar? Əvvəlinci nömrənizdə milləti ayıldanda, filənkəsin sol tərəfində yatan bizim oğlana bir təpik vurmusan cinni olub indi saxlamaq olmur. Gah tumanını çıxarır atır, gah qurşağını açır, gah ayaqlarını yerə çalır. Hər tərəfdən əlac axtarıram, deyirlər kah filan keşişdədir, kah filan qaraçıdadır. Axırda bir pir əlmuş ovrət deyir ki, onun əlacı Molla Nəsrəddinin özündədir. Əlbəttə baxıb davasını göndərəsiniz.
Elmi-nücumİcmali-kar, şəhri-cəmadi-əvvəl*Hükəmayi-İraniyyənin elm nücumdan çıxardığı mə’lumatdan belə mə’lum olur ki, bu ayda bir para yarım müəllimlərin xürrəm və xoşdil olması, mərsiyəxanlıq bazarının kəsadı, əhli-kəsəbənin müsavi surətdə yaşaması, füqəranın müflus olması, saillərin bilmərrə dağılması, viranələrin xərabə şəklinə düşməsi, bimarların pərişanlıq mərəzindən vəfat etməsi, bir para xəlayiqin içində sərmazədlik, baş ağrısı bə’zi şəhərlərdə zühur edəcək, İran və Xorasan səmtində paxlanın və ləbləbinin ərzaqi-firavan olması aşikardır. Soyuq vurmuşların tərləmək ilə şəfa tapması mə’lum olur. Ünas tayfasının sazəndəyə, ləhvi-ləəbə məşğul olmaları, xüsusən bu ayda qarışqaların cəlayi-vətən olması və otaqlarını, imarətlərini su basması mə’lum olur. Bu barədən İran təqvimində yazır. Dağlarda və meşələrdə quş və heyvanat yuvalarının tə’miratı və bu ayın axırlarında Afrika səmtində zəhərli ilanların vüquşu, bu ayda qışlaqların isti olmağı və qışlaqlardan xəlayiqin dağlara dağılması, böyük irmaq və çaylardan baxata götürülmüş arxları və dəhnələri selin bərbad etməsi görsənir. Xüsusən bu ayda itlər öz sahiblərinə əbədə hürməyəcəklər. Bu ayda camaatın hamama getməyə, həna yaxmağa, palçıq qoymağa rəğbəti olacaq, əlavə dağ kəndlərində, bə’zi şəhərlərdə xəlayiqin qoç saxlamaq, it boğuşdurmaq, əl quşu uçurmaq, şikarə getmək kimi işləri, Tiflis şəhərində qənarə bülbül saxlamaq kimi işlər də peyda olacaq, iğtişaşı Yəmən və Misr həvalisində başlanacaq, padişahlar bir-birlərilə sual-cavab edəcək. Bunu İran təqvimi yazır. Urmi və Xoy hamamlarında dəllək şakirdlərinin rəvac bazarı, Marağada döyül və dünbək çalanların zə’f halı, İranın bir para yerlərində həml və nəql əşyalarını ərradaə ilə yeritmək meydana çıxacaq, Binab ətrafında saillərin iğtişaşı, Kirmanda, Qəzvində, Təbrizdə şeyxi, üsuli mübahisəsi zühur edəcək, tiryak əməliyyatının tərəqqisi, tiryakin xəlayiqə nəf’i, İraqi-Əcəm səmtində, xüsusən Azərbaycanda, Əhər səmtində şəbihkərdunların tə’til etməsi, Qaraçadağ mahalında çubuq başı çarıq bağının tərəqqisi, xəlayiqin ümdə ehtiyacı oraq və kərəntiyə olacaqdır. Mərənd səmtində dərvişlik elminin intişara başlaması, mübtədi dərvişlərin çoxalması.
Balaca felyetonBir filosofun zamani-vəfatında oğluna etdiyi nəsihət.*Ey mənim istəkli oğlum! Mən dünyadan getdiyim kimi, əsri-hazırda olan cəmi yaranmışlar dəxi mənimlə belə qara torpaq altına gedəcəkdir. Zamani-həyatımda əcdadımızdan şə’n-şöhrətimizə layiq bir maarifli oğul yetirdim. O isə səndən ibarətdir. Əzizim! Qamətin ucaldıqca bacarıb şan və şöhrətini alçaq saxla.
Qəlbim tutulmuşduYayın orta ayı, günortanın zamanı, qəlbim tutulmuşdu. Durub dolanıb molla yoldaşımı tapdım. Ərz elədim, ay molla, sən allah bir az yaxşı söhbətlərdən elə, bəlkə bir az mənim qəlbim açılsın. Pir olsun, çox fərəhli söhbət etdi. Əvvəl buyurdu: görəsən bu isti hava nədəndir? Dedim: bu işləri hükəma yaxşı bilər. Buyurdu: görəsən hamı şəhərlər bizim şəhərimiz kimi isti olar? Dedim: molla qardaş, mənim əqlimcə Qafqaz şəhərləri bir-birindən gərək bir az tafavütlu olsun. Dedi: xeyir, mən Qafqazı demirəm, belə bir necə yer adı var ki, indi təzə məktəbə getmiş uşaqlar sayıb, sonra divardakı çızıq-çızıq kağızlarda barmaqları ilə göstərirlər. Ürəyimdə bilirəm, amma dilim tutmur. Dedim: olmaya beş qit’əni deyirsən? Dedi: adını de görüm? Dedim: Avropa, Asiya, filan, filan... Buyurdu: bunlar isti olur ya inki bizim şəhərimiz? Dedim: ehtimal vardır ki, Afrika çölləri isti olar. Buyurdu: Afrikada müsəlman çoxdur, ya inki Qafqazda? Ərz elədim: Afrikada neçə-neçə islam hökumətləri vardır ki, Qafqazdan böyük torpağı, milyonlarla nüfusu vardır. Buyurdu: xub, onların idarəsi nə tövrdür, məşrutədir, müstəqildir? Dedim: onlar öz çörəklərini gizlin yeməkdədirlər. Buyurdu: necə-necə?!!... Gördüm çox baş-beynimi aparacaq, istədim sakit eləyim, dedim: onlar da bizim Rusiya müsəlmanları kimi asudə yaşamaqdadırlar. Dedi: necə, nə buyurursan? Təngə gəlib bu nəzmləri rəfiqimə oxudum:Asudə bizik, bizləri görcək sitəm ağlar,