Bir filosofun zamani-vəfatında oğluna etdiyi nəsihət.

Ey mənim istəkli oğlum! Mən dünyadan getdiyim kimi, əsri-hazırda olan cəmi yaranmışlar dəxi mənimlə belə qara torpaq altına gedəcəkdir. Zamani-həyatımda əcdadımızdan şə’n-şöhrətimizə layiq bir maarifli oğul yetirdim. O isə səndən ibarətdir. Əzizim! Qamətin ucaldıqca bacarıb şan və şöhrətini alçaq saxla.

Nuri-çeşmim! Yaxın fikirli olub, bu gündən oturub sabah işini fikr eləmə. Bir işi görməkdə tə’cil etməyib, hər işdə yavaş olgilən. Cibində heç vaxt köhnə para saxlama. Para insan üçün hər halda bir mayeyi təhlükədir.

Ədəbli fərzəndim! Hər halda insanlar içində ədəbli olub birisi bir sözü iki min kərə sual etdikdə bir dəfə cavab verməyib ədəbini göstər. Aman əzizim, mabada məndən sonra düşmənlərimiz səni yaman dil ilə aldadıb sənə qoyub getdiyim bekarçılıq kimi ne’məti əlindən çıxaralar. Məndən sonra düşmənlərimiz səni elmə tərğib edəcəklər. Maarifli çocuğum! Olmaya qəbul edəsən? Vəsiyyətimin içində zikr edirəm: insan bir mülkdir, ya bir qit’ədir, padşahı iki gözdür. Göz isə bir ləm’ə nurdur. Bunların cümləsinin düşməni haman üstə dediyim elmdir. Gözəl bala! Bir para adamlar deyəcəklər: sənət əxz elə! Mabada qulaq verəsən! Ömrün qayçısı bir də sənətdir.

Dünyada hər nə etsən insafı buraxma. Birisinə qərz pul versən yüzə üçdən artıq faiz alma. Rəhmdil ol. Bir kəndlini vurandan sonra paltarlarının tozunu təmizlə. Hafizə insanda ümdə şərtdir. Bir adamı yüz kərə görən kimi tanı, birisindən qərz pul almış olsan vaxtında aparıb vermə, çünki qəzadır, salar itirər.

Oğlum, sənə ümdə vəsiyyətim, bir də dövlətli kimsələrin şan və hörmətinin rəayətidir. Mabada dünya cifəsindən ötrü onları özündən rəncidə edəsən. Sənə yüz manat verib ildə 24 rublə alıb, sonra yenə iki yüz manat istəsələr, sual-cavabsız verkilən. Mabada onların sözünün əksincə rəftar edəsən. Hərkah bir işləri olarsa cümlədən əvvəl sən canfəşanlıq elə, sənə nə qədər yaman desələr, şükr elə, onlar sizə vəkildir. Bir məclisə dövlətli girəndə ayağa durmaqda heç kəsə macal vermə. Belə ki, Sə’di buyurub: «Bəni adəm ə’zayi-yekdigərənd». Yə’ni min fəqir yığılıb bir dövlətlinin sandığın doldursun. Millətin fəxri bunlar ilədir. Gözümün işığı! Dünyanın dolanışığı bunlar ilədir. Dünya bunlardan ötri xəlq edilmişdir. Hər vaxt əlinizə pul düşəndə verin bir quzuya, ya bir ata, aparın dövlətli uşaqlarına bağışlayın ta inki ataları sizə çox sağ ol desinlər. Gecələr dövlətli evlərinə qaravul çək. Gündüz işinə getməkdə müzayiqə etmə. Bir məclisdə nə qədər yalan söyləsələr bəli-bəli degilən. Dövlətliyə fəhləlik etməyə gedəndə çox göftiku etmə, bir manat səni öldürməz, amma yüz fəqirin bir manatı dövlətlinin oğluna qumar pulu olar.

Dövlətli hər nə söyləsə bil ki, onda bir məsləhət vardır. Onlar sizə vəkildir. Məvacibinizi iki aylar ilə saxlasalar, dinib danışmayın, vəkildirlər, əziz oğlum. Xudavəndi-aləm hər bəndəsini bir qüvvədə xəlq etməyib, insan olan lazımdır isti günlər qabağında axşama kimi ac işləyib heyvanat kimi qabıq qoysun. Nəinki döşündən bir qraxmal asıb çətirin altında zənanlar kimi dolansın, onlar sizə vəkildirlər, qoyun necə kefləridir, elə etsinlər. Mabada qoyasız onlar qüssə çəksin. Oğlum, sən on gün ac qalsan, eyb etməz, amma onlar bir gün sazəndəsiz, tarsız, kefsiz qala bilməzlər. Bala, lazımdır hər gecə onlar yüz fəqirin illik ruzisini tarçıya, oxuyana versinlər. Siz fəxr edin. Mabada dövlətli balalarını adları ilə çağırasınız, eyib işdir, həmişə ağa-ağa çağırın. Hərkah peysərinizə şitil vursalar, şükür eləyib deyin: bəkzadə məni bağışla, sənə kiçiyəm. Hər yerdə dövlətli görəndə sərasimə ayağa durun. Bir yarım saat qıçlarınızın ağrısı çıxsın. Mabada bir dərdinizi deyəndə sizə xişm etsələr, açıq edəsiniz, onların yamanları mərhəmətdir. Hərkah dövlətlinin divanxanada şəhadət verməli bir işi olursa, yalandan qəsəm edib şəhadət ver. Dövlətli həmişə elə düşməz. Əziz oğlum, məndən sonra bir zaman gələcək sizə bir düşmən hücum edəndə bunlar sizin dərdinizə qalacaqlar. Bir zaman olacaq qışın günündə başınıza qəmli qarlar yağanda aparıb sizləri özlərilə isti otaqlarda saxlayacaqlar. Qəm yağışlarına islanan vaxtda sizin üstünüzə qanad açıb hifz edəcəklər. Aylar ilə siz ac qalanda elə bilirsiniz onların plov və yağlı xörək canlarına sinacaq?.. Elə bilməyin ki, siz quru xarabələrdə can verəndən sonra onlar bir də ağız ləzzətilə istəkliləri yanında krovat üstə yatacaqlar. Sizin balalarınız ayaq yalın gəzməkdən ayaqları bal şanı kimi deşik-deşik olanda onların da nazpərvər ağazadələri ayaqlarından qaloşları çıxarıb atacaqlar. Sizin dul övrətlərinizin irz-namusu düşmənlərin ayağı altında paymal olanda, əlbəttə, onların da qanları cuşə gələcəkdir.

Oğlum, dövlətlilərin hörmətini sənə vacib edib xətmi-kəlam edirəm.

Mütərcim: Hərdəmxəyal.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Büllurinin məktubu

Təhlükə yaxınlaşırdı. İranı osmanlı-alman ittifaqına sürükləmək üçün qurulan planlar həyat səhnəsinə keçməyə başlayırdı. Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçil öz xain düşüncələrini həyata keçirməkdə idilər. Onlar İttəhadi-tərəqqi firqəsinin göstəriş lərinə görə Kərkük və Süleymaniyə sancaqlarında könüllü ordu təşkilinə başlamışdılar.Könüllü ordunun komandanı sabiq ərkan-hərb zabitlərindən Helmi bəy, ordunun siyasi rəhbəri və təşkilatçısı isə İbrahim Fovzidən ibarət idi.

5 min
Nabat xanım

Sərdar Rəşid yerli camaatın əhvali-ruhiyyəsini öyrənmək və çar konsuluna xəbər vermək üçün osmanlıların mənfəətinə təbliğata başlamışdı. Bu təbliğatın nəticəsində bir çox avamlar aldanır və osmanlı tərəfdarı olduğunu izhar etməklə bir neçə saatdan sonra həbsə alınır və konsulxananın sərəncamına göndərilirdi.Sərdar Rəşidin bu siyasəti ilə tanış olanlar Hacı Səməd xanı arzulamağa başlamışdılar, çünki Hacı Səməd xanı hər kəs bir çar nökəri kimi tanıdığından ehtiyatını əldən buraxmırdı. Sərdar Rəşidə gəldikdə onun yanında nə kimi bir mövqe tutmaq və kimin nəfinə və kimin zərərinə danışmaq lazım olduğunu anlamaq çətin idi. Sərdar Rəşid Təbrizdəki alman tərəfdarları ilə əlaqəyə girmişdi. O, bir hakim olmaqdan daha çox, bir xəfiyyə və bir iandarm idi.

31 min
Sərdar Rəşidin iç üzü

Mahru özünə verilən tapşırığı unutmamışdı. O gecə saat on birdə otağında oturub, sərdar Rəşidin onu öz yanına çağırmasını gözləyirdi, çünki sərdar Rəşid Mahru olmadan yeməz, içməzdi, hər gecə onun şərab piyaləsini Mahru doldurmasaydı, dilinə şərab vurmazdı.Bu gecə nədənsə sərdar Rəşid Mahrunu çox təxirlə öz yanına çağırdı. Mahru sərdar Rəşidin otağına girdiyi zaman o, əlindəki qələmlə qabağındakı bloknota bəzi şeylər qeyd edirdi: O, Mahrunu gördüyü zaman qələmi yerə qoyub:

27 min
Hacı Səməd xanın müharibə hazırlığı

Hacı Səməd xanın səfərbərliyi olduqca müvəffəqiyyətlə qurtarmışdı. Bütün Azərbaycan xanları və əşirətlər öz atlısı ilə Marağaya və Savucbulaq ətrafına gəlmişdi. Hacı Səməd xanın komandası altında min nəfərə qədər rus piyada qoşunu, on min nəfərə qədər də İran atlısı vardı.Ərdəbil, Sərab, Gərmrud, Ocan, Abbas və Çardovlu tərəflərindən nə qədər dəyərli atlılar var isə hamısı Səməd xanın əmrini alan kimi Savucbulaq tərəfinə axıb gəlməyə başlamışdı. Hacı Səməd xan qələbə üçün tələsirdi, çünki bu müharibə onun gələcəyini həll edəcəkdi. Bunun üçün də hələ Şahsevən və Qaradağ xanları gəlib yetişmədən müharibəni başlamağa qərar verdi, çünki o, osmanlılara əlavə qüvvə gəlməsindən qorxurdu.

8 min

Poems by other poets · Satire