Biz «Qaraçı məhəlləsi»nə girənə qədər, ancaq bazar qarovullarının:

– Kimdir o?

– Tərpənmə, pişto açıldı!

– Əlini qıfıla uzatma!

– Ayığam! – deyə, çığırdıqlarını eşidirik. «Qaraçı məhəlləsi»nə girdiyimiz vaxt səslər tamamilə dəyişdi: burada kamança, dəf, tar, dünbək və ney səsləri ucalırdı.

Hər evdən bir cür nəğmə eşitmək olardı:

Birisində:

«Gedirəm Bağdada mən,
Yar əlindən dada mən».

İkincisində:

«Gedirəm Sərdəştə mən,
Olmuşam sərgəştə mən».

Üçüncüsündə:

«Keçirdim küçədən dindirdi məni,
Açdı gül camalın güldürdü məni».

Dördüncüsündə:

«Görüm xarab olsun Şəşgilan yolu,
Gedəndə boş gedər, gələndə dolu!»

kimi nəğmələr oxunurdu.

Təbriz gecəsinin sakit qulaqlarında, təbrizli Hümmanın:

«Təbriz mara, bacayi can xahəd bud,
Hər ləhzə mara virdi zaban xahəd bud.
Ta dərnakəşəm abi Cərəndab, Gecil,
«Sürxab» ziçəşmi mən rəvan xahəd bud!»

rübailəri canlanırdı.

Şümşad xanımın qapısı bağlıydı: içəridəki sərxoşların səsi və mənasız sözlərin gurultusu eşidilirdi.

Tütünçüoğlu divardan düşüb qapını açdı, həyətə daxil olduq. Evin qapısını həyətdən bağladıq. Yenə də arxayınlıq üçün həyəti aradıq və orada heçə kəsi görmədik.

Otaqda Qulusultan, Nayib Cavad, Mahmud xan, Rəfizadə, Abasxan bəngi, Əfəndi tiryəki, Yasınxan tarçı və başqaları vardı.

Qızarmış manqallar aralıqda idi. Hər kəsin başı bir qadının dizi üstündə, qadınların əlində maşa, tiryək hoqqalarını alışdırırdı.

Bu gün yenə də Şümşad xanım Mahmud xanın qucağında idi. Mahmud xan sərxoş idi:

– Ay yalançı cində, bəs sarısaçlı amerikalı qız harada qaldı? – dedikdə qaraçı qızı əlini onun qırxılmış başına çəkərək:

– Sənə qız gətirəcəyəm ki, – dedi, – göz muncuğundan incədir, kor gözə qoysan açılar, üzünə milçək qonsa ayaqlarının yeri qalar, gözlərinin giləsi yetişmiş sarı gilas danəsinə oxşayır. Telləri elə bil gülabətindir. Belə bir gözəli tapmaq çox çətindir. Əndamı şəkər, dili qaymaqdır, barmaqları elə bil ki, bir dənə konfetdir. Hələ onu güləndə görəsən, danışanda eşidəsən. Budur bax, şəklini də çalıb gətirmişəm.

Şəkli çıxarıb Mahmud xana verdi. O, beş dəqiqə şəklə baxdı, onu sinəsinə basdı, dodaqlarına apardı.

Otaqdakıların hamısı şəkil ilə maraqlanır və baxmaq üçün onu Mahmud xandan istəyirdilər. Lakin Mahmud xan onu əldən buraxmırdı. Axırda Rəfizadə:

– Cənab Mahmud xan, bizim qızın şəklini buraxın bura, canın üçün başdan ayağa tiryək məzəsidir. Sağlıq olsa onu da burada görəcəksiniz. – dedikdə Mahmud xan:

– Siz öləsiniz bütün Təbrizə dəyər! – dedi və sonra da Rəfizadəyə müraciət edərək: –Ay heyvan, – dedi, – sən heç utanmırsan o ponza bığlarını ağ çiçəyin üstünə qoymaq istəyirsən?

Rəfizadə:

– Cənab Mahmud xan, sən məni qızın gözündə görməlisən. O həmişə məni «möhtərəm cənab» deyə çağırır, – dedikdə, Qulusultan:

– Sənə deyirəm şəkli ver bura görüm! – dedi, – şəkli alıb baxdı və Rəfizadəyə dönərək:

– Bunu mənsiz yeyənin bığını kəsərəm! – dedi və Xoşu xanımın dodaqlarından öpdü.

– Döyüşməyin, hamınıza kifayət edər. Onu gətirəcəyəm.

Qulusultan:

– Əvvəlcə mənimdir, – dedikdə, Mahmud xan qışqırdı:

– Birinci mənəm, ikinci sən, üçüncü Nayib Cavad, dördüncü Rəfizadə.

Mahmud xan əlindəki hoqqanı sümürüb səsləndi:

– Ağayan, mən bürəftəm.

Otaqdakıların hamısından bu səs çıxdı:

– Ağayan, ma həm bürəftim.

Hoqqaları sümürməyə başladılar.

Çar Təbrizinin «qəhrəmanları» var qüvvələri ilə tiryəkin tüstüsünü sümürüb evin mühitinə püskürürdü. Tüstü evi elə doldurdu ki, bir ara evin içində heç bir şey görünmədi, yalnız səslər eşidildi. Az keçəndən sonra şüurlar uyuşmağa, səslər də qarışmağa, anlaşılmamağa və danışıqlar sayıqlamaya oxşamağa başladı:

– Bütün kainatı gözümün bir giləsində yerləşdirmişəm.

– Mən dünyada yerləşə bilmirəm, amma dünya məndə yerləşə bilər.

– Məhəmmədəli şah döşəyimin altına girib padşahlığını axtarır. Taxt Xoşu xanımın başında, tac mənim altımdadır. – Bu sözləri Mahmud xan deyirdi.

– Başını əy! Buludlar alnını parçaladı, a gədə, yavaş sür! Ulduzlar eşşəyin ayağına dolaşanda börküm düşür, ayağımı üzəngiyə qoymağı görəcəksən. – Bu sözlər də Qulusultanın sözləri idi.

– Dünya gör nə qədər nazikləşmiş ki, hoqqanın deşiyindən girib, çubuğun içərisi ilə qalxır və beynimə gedir, dünyanı uduram...

– Mən nə qədər alicənabam. Çəkil o tərəfə, böyrümü yaxşı sürt. O suyu kəs! Corabım islandı.

– Olmaz! Vücuduma mələyikələrin qanadları toxunanda yata bilmirəm. Həsənəli məni tut, deyəsən, bu körpü tərpənir. Qıdığım gəlir.

– Abiduğ? Baba bu nədir? Ayağını çək o yana!

– A qız, diş çöpü gətir, o dağı börkümün təpəsindən götürüb at.

– Əlli dörd padşahın iltimasını gətiribdir. Açın qapını girsinlər, zənən xeylağıdır, başmaqları dəyişikdir.

– Əlimdən öpmək olmaz, barmağıma fındıqca qoymuşam.

– Məmləkət mənimdir, istəsəm qoyaram, istəməsəm yox!

– Qapının kilid yerindən çıxıb getdim, əlimi atan kimi ayın başı keçdi əlimə. Gədə köpəkoğlu, mən kəllə yeyən adamam?

– Çəkil o tərəfə üzürəm. Pərdəni sal gün gözümə düşür, gədə, qətifəni gətirin. Ülgücü düzəltməmisən namərbut.

– Ağırlaşmışam, yer əyildi, bu tərəfimdə otur, gədə, əl suyunu biləyimə nəyə tökürsən?

– Evin səqfi yavaş-yavaş qalxır, göyün dəryaları axıb manqalın üstünə tökülür, birçəklərimi dara.

– Hələ səbir elə. Gədə, Məmmədqulu, aftabanı gətirib təharətimi tut! Fitəmi bağla!

– Tərpənmə, düşərsən. Yer dönür, qazançanı başımdan çıxar!

– Nasirul-islam nə zənqəhbədi? Köpəkoğlu Musa xan qəlyanı susuz gətiribdir.

Səslər get-gedə azalır, nəşələr yuxu şəklini alır, otaqdakılar sanki tiryək tüstülərinin yorğanı altına girib uyumağa başlayır. Biz ancaq qadınların manqalları dəhlizə daşıması və yorğanların tiryək çəkənlərin üstünə salınmasını görürdük.

Saat üçdə oradan qayıdarkən, Tütünçüoğluna qaraçı qızlarını təqib etmək işini tapşırdım. Bu sözüm üzərinə Tütünçüoğlu dərin bir ah çəkərək dedi:

– Mənim bəxtim beledir. Mən gəncliyə ayaq qoyduğum gündən bəri bu qaraçı fahişəsinin dalınca gəzirəm. Hələ məşrutə-zad yox idi. Mən də məhəllədə bir iyid sayılırdım. Haman bu Hüsni xanım da Külçətəpə kəndindən təzəcə köçürülüb ata-anası ilə Təbrizə gəlmişdi. Az bir zaman içində qaraçı qızının gözəlliyi bütün Təbrizdə məşhur oldu. Təbriz cayılları hər yerdən axışıb «Qaraçı məhəlləsi»nə gəlirdi. Lakin bir nəfər də olsa onun üzünü görə bilmədi, çünki mollalar, müctəhidlər, əyan, tacir, mülkədar və hökumət məmurlarının ona verdiyi para, Təbriz cayıllarının heç birisində tapılmazdı. Bir gün həmin bu yerdə iki Qələ cayılı ilə bərk vuruşmamız düşdü. O zaman hələ naqan-zad yox idi: yanımda ancaq bir dəşnəm, iki dənə də piştov var idi. Bir piştovu boşaldıb qaçdım, gördüm ki, dalımca gəlirlər, o biri piştovu da boşaldıb aradan çıxdım. Bir azdan sonra dönüb arxama baxdıqda, hələ havadan əski parçaları yağırdı.

Məni burada gülmək tutudu, Tütünçüoğlundan soruşdum:

– Bunları nə üçün Külçətəpədən Təbrizə köçürdülər?

– O zaman belə bir xəbər çıxdı. Guya Külçətəpə kəndi Kərbalaya gedən yolun üstündədir. Bütün zəvvarlar orada mənzil etməyə məcburdur. Bu kəndin xalqı isə tamamən qaraçıdır. Onlar zəvvarları yoldan çıxarırlar, bir çoxunu qorxulu xəstəliklərə salırlar. Belə bir qəzavü-qədər də Təbriz müctəhidi hacı Mirzə Həsən ağanın başına gəlmişdi. O, Kərbəlada bütün müctəhidlərlə görüşüb Müzəffərəddin şaha bir ərizə vermiş, külçətəpəlilərin oradan köçürülmələrini xahiş eləmişdi. Buna görə də Külçətəpə və Tikantəpə qaraçıları köçürüldüyü vaxt bir neçə ev də Təbrizin hissəsinə düşmüşdü. Bu gün Təbriz qadınlığı adına bütün fisqfücuri törədən haman qaraçı qadınlarıdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Nabat xanım

Sərdar Rəşid yerli camaatın əhvali-ruhiyyəsini öyrənmək və çar konsuluna xəbər vermək üçün osmanlıların mənfəətinə təbliğata başlamışdı. Bu təbliğatın nəticəsində bir çox avamlar aldanır və osmanlı tərəfdarı olduğunu izhar etməklə bir neçə saatdan sonra həbsə alınır və konsulxananın sərəncamına göndərilirdi.Sərdar Rəşidin bu siyasəti ilə tanış olanlar Hacı Səməd xanı arzulamağa başlamışdılar, çünki Hacı Səməd xanı hər kəs bir çar nökəri kimi tanıdığından ehtiyatını əldən buraxmırdı. Sərdar Rəşidə gəldikdə onun yanında nə kimi bir mövqe tutmaq və kimin nəfinə və kimin zərərinə danışmaq lazım olduğunu anlamaq çətin idi. Sərdar Rəşid Təbrizdəki alman tərəfdarları ilə əlaqəyə girmişdi. O, bir hakim olmaqdan daha çox, bir xəfiyyə və bir iandarm idi.

31 min
Sərdar Rəşidin iç üzü

Mahru özünə verilən tapşırığı unutmamışdı. O gecə saat on birdə otağında oturub, sərdar Rəşidin onu öz yanına çağırmasını gözləyirdi, çünki sərdar Rəşid Mahru olmadan yeməz, içməzdi, hər gecə onun şərab piyaləsini Mahru doldurmasaydı, dilinə şərab vurmazdı.Bu gecə nədənsə sərdar Rəşid Mahrunu çox təxirlə öz yanına çağırdı. Mahru sərdar Rəşidin otağına girdiyi zaman o, əlindəki qələmlə qabağındakı bloknota bəzi şeylər qeyd edirdi: O, Mahrunu gördüyü zaman qələmi yerə qoyub:

27 min
Hacı Səməd xanın müharibə hazırlığı

Hacı Səməd xanın səfərbərliyi olduqca müvəffəqiyyətlə qurtarmışdı. Bütün Azərbaycan xanları və əşirətlər öz atlısı ilə Marağaya və Savucbulaq ətrafına gəlmişdi. Hacı Səməd xanın komandası altında min nəfərə qədər rus piyada qoşunu, on min nəfərə qədər də İran atlısı vardı.Ərdəbil, Sərab, Gərmrud, Ocan, Abbas və Çardovlu tərəflərindən nə qədər dəyərli atlılar var isə hamısı Səməd xanın əmrini alan kimi Savucbulaq tərəfinə axıb gəlməyə başlamışdı. Hacı Səməd xan qələbə üçün tələsirdi, çünki bu müharibə onun gələcəyini həll edəcəkdi. Bunun üçün də hələ Şahsevən və Qaradağ xanları gəlib yetişmədən müharibəni başlamağa qərar verdi, çünki o, osmanlılara əlavə qüvvə gəlməsindən qorxurdu.

8 min
Çar konsulu Təbrizi tərk edir

Hacı Səməd xan qaçıb Təbrizə gəldi. O, utandığından konsulxanada mənzil edə bilmədi, birbaş atını sürdü özünün qədim dostu Hacı Mehdi ağa Kuzəkünanininf qapısına. Orada bir neçə saat mənzil etdi. Konsul bu xəbəri eşidən kimi onu yanına çağırıb lazimi qədər söydü və təcili surətdə Təbrizdən Rusiyaya yola düşməsini əmr etdi.Hacı Səməd xan getdi. Lakin çar konsulunun özü də gedirdi.

14 min

Poems by other poets