Xəlifənin qızları
Bu gün Dürrətülbağdad öz qaynı Fəxrəddinin şərəfinə bir ziyafət təşkil etmişdi. Ziyafətdə ölmüş xəlifə Müstərşidbillahın qızları, cariyələri, Bağdadın musiqi və incəsənət xadimləri və sairləri iştirak edirdi.
Günorta azanından bir saat keçmiş Dürrətülbağdadın qəsrinin qarşısında xəlifə Müstərşidbillahın qızları və iyirmi cariyəsini gətirən ipək örtüklü taxt-rəvanlar dayandı.
Yaşıl atlas don geyinmiş və alınlarına yaşıl ipək çalma çalmış gözəl qızlar tovuz quşu kimi çiçəkli xiyabanları gəzir və qəhqəhə ilə gülürdülər. Gəncədən qırx bir qızla bərabər Əmir İnanc tərəfindən xəlifəyə hədiyyə göndərilən Süsən də xəlifənin qızları ilə bərabər Dürrətülbağdadın ziyafətinə gəlmişdi. Ona vaxt ikən, Fəxrəddin ziyafətə gəldiyi zaman tanış olduğunu bildirməməsi tapşırılmışdı. Çünki xəlifənin qızları Fəxrəddinin Dilşadı aramaq üçün gəldiyini bilməməli idilər.
Xəlifənin qızı Aliyeyi Ülya Dürrətülbağdada müraciət edərək:
– Müəllimə bizi öz qaynı ilə tanış etmək istəmirmi? – dedikdə, Dürrətülbağdad qızların qolundan tutub balkona çıxardı. Fəxrəddin müəllimlər və musiqi xadimləri ilə şirin söhbət edir və Bağdad xalqının adət və ənənələri haqqında məlumat yığırdı.
Fəxrəddin yaşıl ipək paltar geymiş qızları gördüyü zaman, xəlifə qızları olduğunu yəqin etdi. Çünki rəsmi ziyafətlərdə əbbasilərin erkəkləri qara, qadınları isə yaşıl paltar geyməyi adət etmişdilər.
Dürrətülbağdad Fəxrəddinin qolundan tutaraq qızlara:
– Möhtərəm qaynım Fəxrəddinlə tanış olun, – dedi.
Xəlifənin qızı Aliyeyi Ülya Fəxrəddinlə tanış olandan sonra Dürrətülbağdada tərəf döndü:
– Qaynım gəlib deməsəydin, mən ağanı görən kimi, rəhmətlik Sədrəddinin gəldiyini zənn edəcəkdim.
Dürrətülbağdad da cavabında:
– Mən özüm də möhtərəm qaynımı gördüyüm zaman elə zənn etdim. Hazırda möhtərəm Fəxrəddinin gəlməsi ilə özümü Bağdadın ən xoşbəxt qadını hesab edirəm, hətta qaynanam da sağ imiş, – dedi və xəlifənin qızlarının qolundan tutaraq əlavə etdi:
– İndi də gəlin sizə qaynımın mənim üçün gətirdiyi hədiyyələri nişan verim.
O, qonaqları və xəlifənin qızlarını hədiyyələr qoyulan otağa gətirdi. Xəlifənin qızı Aliyeyi Ülya otağa girən kimi geri qayıdıb ev sahibinə dedi:
– Qoy qoca namazı qılıb qurtarsın, rahatsız etmə!
Qadın gülümsəyərək cavab verdi:
– Otaqda namaz qılan yoxdur, gördüyün xəlifə Müttəqibillahın xalçada toxunmuş şəklidir.
Bu sözdən sonra qonaqların hamısı təəccüb etdi. İçəri girmək üçün tələsirdilər. Bir anda hamısı xalçanın ətrafına yığılmışdı. Xalçaya baxanların hərəsi ona bir cür qiymət qoyurdu. Nəhayət, Dürrətülbağdadın özü xalçanın qiymətini təyin edərək dedi:
– Xalçanın əsas qiyməti orasındadır ki, onu mənə qaynım almışdır.
Bu son qiyməti qonaqların hamısı təsdiq etdi.
Xalça olan otaqdan çıxaraq böyük çini güldan qoyulan otağa girdilər. Qonaqlar bir ağızdan: – Keçmişdəki Bağdad qəsrlərinin iç üzünü ancaq bu əntiqə tarixi güldanın üzərindən oxumaq kifayətdir, – dedilər.
Sonra Dürrətülbağdad qadınları başqa bir otağa gətirib Çində, Əbubəkr xəlifənin qadını Ümmi-Rəman üçün toxunmuş və Çin mələkəsi tərəfindən hədiyyəyə göndərilmiş xələti göstərdi və sonra onu əyninə geydi.
Xəlifənin qızı zəngin xələtin döşlərindəki yazını oxuyandan sonra Dürrətülbağdadın üzündən öpərək:
– Hazırda mənim müəlliməm islam dünyasının ən zəngin bir qadınıdır. Xalça və güldan nə qədər nəfis, nə qədər qiymətlidirsə, öz yerində, lakin Çin xələtinin İslam tarixi üçün müqəddəs bir irs olaraq böyük və əhatəedilməz bir qiyməti vardır.
Qonaqların hamısı qiymətli şeylərin ətrafında məşğul idi. Onların hər birisi güldan haqqında öz fikrini deyirdi. Fəxrəddin hamıdan arxada durub qonaqların sözlərini eşidirdi. Buna görə Süsən Fəxrəddinə yanaşıb yavaşdan soruşdu:
– Bizi Bağdadın bəzəkli qəfəslərindən qurtara biləcəksənmi? Bilmirəm, Dilşadı görə biləcəksənmi? Çünki onun yanına getmək çox çətindir. Onun işi gecə-gündüz ağlamaqdır.
Fəxrəddin yavaşdan dedi:
– Süsən, əmin ol! Sizi buradan aparmamış Azərbaycana qayıtmayacağam. Ehtiyatlı ol, mənim məqsədimi heç bir kəsə bildirmə.
Aliyeyi Ülya hədiyyələrə çox diqqətlə baxdıqdan sonra bir daha Fəxrəddinin yanına gəlib Dürrətülbağdada göstərdiyi mehribanlıq səbəbinə razılıq etdi və hədiyyələri tərifləndi.
Xəlifənin qızlarının nəzəri ancaq Fəxrəddinin üzündə idi. Fəxrəddin ərəbcə təmiz danışa bilmədiyi üçün mütərcim vasitəsilə danışmaq məcburiyyətində idi. Lakin xəlifənin kiçik qızı Mütərra xanım, Fəxrəddinlə farsca çox azad danışmağa başladı və:
– Dürrəni aparmaq üçünmü gəldiniz? – dedikdə, Fəxrəddin də:
– Orası xanımın öz marağından asılıdır, – dedi.
Xanım isə:
– Mənim məqsədim qayınlarımı və qaynanamı Bağdada gətirməkdir. Hərgah buna müvəffəq ola bilməsəm, özüm onların ziyarətinə gedəcəyəm, – dedi.
Musiqiçilər və xanəndələr oxuyub-çalmağa başladılar, hamı balkona qayıtdı. Süfrədə qızardılmış quşlar, balıqlar, düyüdən hazırlanmış cürbəcür yeməklər, Bağdadda məxsus dadlılar, halvalar və sairləri var idi. Buzlu şərbət, iskəncəbi qonaqların sevimli içkiləri idi.
Xəlifənin qızları Aliyeyi Ülya və Mütərra xanımlar Dürrətülbağdada yalvarıb deyirdilər:
– Rica edirik, möhtərəm ağamızı bərabər götürüb Xüld qəsrinə gətirin.
Hamıdan sonra Mütərra xanım Fəxrəddinə yanaşıb soruşdu:
– İndi deyin görüm, təzə xəlifənin cülusu münasibətilə təşkil edilən kuy və çövkan rəsmində iştirak edəcəksinizmi?
Fəxrəddin:
– Mənim bu işlə o qədər də tanışlığım yoxdur. Kim bilir, bəlkə də iştirak etdim, – dedikdə, qız da cavabında:
– Sizin mərhum qardaşınız kuy və çövkan oyununda qalib gəldiyi üçün Dürrətülbağdad onu sevmişdi. Dürrətülbağdad qəhrəmanları sevdiyi üçün qardaşınıza ərə getdi.
Xəlifənin qızı bu sözləri dedikdən sonra gözlərini yerə dikib utana-uatana əlavə etdi:
– Bilmirəm siz də qalib gələ biləcəksinizmi? Çünki mən də qəhrəmanları sevirəm.
– Eybi nədir... Hərgah xəlifə icazə verərsə, mən də öz yerimizin qaydasınca bir neçə top və çövkan ataram.
Xəlifənin böyük qızı Aliyeyi Ülya söhbətə müdaxilə edərək dedi:
– Lakin ehtiyatlı olmalısınız. Türküstanlılar kuy və çövkan işində hər yerin xalqından sənətkardırlar. Bu işdə Türküstan atlarının da əhəmiyyəti vardır.
Dürrətülbağdad sözə müdaxilə edərək:
– Rəhmətlik Sədrəddin öz gətirdiyi atı ilə iki il tamam kuy və çövkan meydanını ələ ala bildi. Nədənsə rəhmətlik bədbəxt olduqdan sonra, at da xəstələnib öldü.
Fəxrəddin cavabında dedi:
– Haman atın nəslindən daha igid bir at özümlə bərabər gətirmişəm.
Çalıb-oxuyanlara çox az vaxt verilirdi. Hər kəs bu gün Dürrətülbağdadın oxuyacağına inanırdı; çünki o öz qaynı Fəxrəddinin şərəfinə verilən bu ziyafətə olduqca əhəmiyyət verirdi.
Dürrə öz çalan cariyələrini çağırıb oxumağa başladı. Süsən isə fürsəti əldə edib Fəxrəddinin yanında oturdu. Fəxrəddin ona yavaşdan deyirdi:
– Sabah, yainki o birisi gün Dilşadın yaşadığı yerə səyahət üçün gedəcəyəm. Nəticəni Dürrətülbağdadın vasitəsi ilə sənə xəbər verərəm. Mənə deyiləsi hər nə sözün olsa, ona deyə bilərsən. Lakin heç bir kəsə hiss etdirmədən hazırlanmalısan. Hər nə olursa olsun, sizə buradan nicat verəcəyəm.
Süsən bu sözləri eşidəndən sonra bir ah çəkərək:
– Əmir İnanc orada bizə dinc həyat verəcəkdirmi? – dedikdə, Fəxrəddin:
– Əmir İnancı da, onun vəziri Toxtamışı da dara çəkdik. Qızların, kənizlərin zindanı olan sarayın da daşını daş üstə qoymadıq.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-xelifenin-qizlari
Use ← → keys to move, R for a random poem
More by this author
Ə kişi, vallah indi bir para adamlar çıxıbdır ki, heç istəmir özlərinə baxsın. Laməzhəblər elə sözlər danışırlar adam heç eşitmək də istəmir. Hər yerdə otururlar başqa bir sözləri yoxdur. Məhz sözləri filan molla belə gəldi, filan molla şəriətə xəyanət elədi. Filan mərsiyəxan kimyagərlik eləyir, filan müdərris bisavaddır. Baxırsan ki, hər nə danışırlar, qərəz, hər nə iş görürlər, mollaların üstünədir. A kişi, sən gör bu laməzhəblər nə danışırlar? Məsələn, keçən gün deyirdilər ki, Zəngəzurda filan molla filan övrətə kəbin kəsib sonra övrətin əlahiddə sahibi çıxıb. Vəhalon ki, imanı olan müsəlman bu işi yəqin etsə də ki, mollada xəyanət var, yenə gərək ağzını açıb danışmasın, çünki allah-taala səttarul-üyubdur.A kişi, bir görün iş hara yetişib? Necə dünyanı kafir götürüb: Dünən bizim Fridun gəlib ki, «dadaş vidiş eta molla alla akper çto izdelayet?» Dedim ki, atam gorbagor olaydı, səni rus şkoluna qoyan yerdə! Gədə, haramzadə, utanmırsan, elm əhlinin adını kafir dilində deyirsən? Çox söyüb yamanlayandan sonra dedim ki, üzün qara olsun, de görüm yenə nə var? Dedi Dadaş, Zəngəzurun dördüncü uçastokunda bir Ləhvaz kəndi var, oranı tanıyırsan? Dedim çox da uzun getmə, hamama gedəcəyəm, tanıyıram. Dedi orada bir Mirzə Ələkbər var, tanıyırsan? Dedim, a gədə, hənə bağlayacağam, vaxt keçir, sözünü de! Dedi, ki, Mirzə Ələkbər heç əmmaməsından utanmayıb Sultan Məhəmməd adlı bir kişinin on dörd yaşlı bir qızını götürüb qaçıbdır. Üç gün saxlayandan sonra molla götürüb kəbinini kəsdirmişdir». Allah bilir ki, mən bu sözü eşidən kimi başımda tüklərim biz-biz oldu. Dedim allah sizin kimi adamlara lə’nət eləsin, gör yazıq mollalara nə iftira deyirlər. Nə yaxşı mən özüm bu işdən xəbərdar idim, yoxsa mənim də qəlbimə qaraltı gələcək idi. Yazıq Mirzə Ələkbər əzbəs ki, çox mö’min adamdır və heç vaxt namazın da qəzaya qoymaz və özü də yaxşı azan deyir, ona görə istəyib ki, övrətsiz qalmasın. Yazıq mö’min və azan deyən Mirzə Ələkbər bir adam tapa bilməyib ki, xastakarlıq üçün göndərsün. Labədə özü qabaqca bir cəmal siğəsi oxuyub, bir səlavat çevirib qızı götürüb qaçmışdır. Çünki Mirzə Ələkbər çox mö’min və azan deyən bir adamdır və başında pakizə əmmamə... Əmmamə dedim, Ordubadın Vənənd kəndi yadıma düşdü. Xub, hələ mətləbdən uzaq düşməyək. Gör bu laməzhəblər mollalara necə iftira deyirlər. Aya, Ələkbər qızı götürüb kənd aşırıb, dağ aşırıb ki, xilafşər olmasın? İntəhası rəiyyət məhəlləsindən götürüb bəy məhəlləsinə gətirmişdir. Müxtəsər, qəribə günə qaldıq.
MiyanəMiyanə dediyimizdə qare’lərimizin bir parasının xəyalına gələcək ki, xub, miyanə, yə’ni ortalıq. Xeyir.Miyanə İranın Azərbaycan ilə Tehran arasında vaqe məşhur qədim bir şəhəridir. İki qit’ənin arasında vaqe olduğuna cəhət adını qoyublar Miyanə, yə’ni ortalıq.
TəəccübDoğrudan çox təəccüb ki, necə qorxmurlar?«Din və məşəqqət» məcmuəsi 6-cı nömrəsində yazır ki, «bu Avrupa müqəllidləri — bə’zi müdərris və müəllimlər ki, övrətlərini və qızlarını götürüb teatrlara gedirlər — bunlar yomul-məhşərdə xuda hüzurunda rüsvayi-aləm olmaqdan necə qorxmurlar?»
MüjdəSünnü və şiə ittihadı tərəfdarlarına müjdə:*Bu axır vaxtlarda qəzetlərdə ha oxuyurdum ki, gərək biz gecə və gündüz çalışaq sünnü-şiə təfriqəsini aralıqdan götürək.
Poems by other poets
Ey gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Ərə verdiHacı Filan öz qızını şövhərə verdi,Yəni ki bizim türki dilicən ərə verdi.
Cəfərqulu xanın vəfatı münasibətilə təziyənaməƏfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.