XXIV. Esterin həbs edilməsi
Bolşeviklərin həbsə alınması və onların əmlakının və hərbi ləvazimatın müsadirə edilməsinə dair çıxarılan qərar Esterə olduqca ağır təsir bağışladı. Esterin zənnincə bütün bolşevik işçilər həbsə alınacaq və edam ediləcəkdi. O, bolşeviklərə məhəbbət bəsləyir və onların hökumət başından çəkilməsinə çox kədərlənirdi. Esterin bolşeviklərə bəslədiyi hüsn-rəğbətdə, Vahanla olan səmimi əlaqəsi də mühüm rol oynamaqda idi.
O, daima qəlbində «Bolşeviklər yaxşı və xalqın qeydinə qalıcı adamlar olmasaydı, Vahan onlara qoşulmazdı» deyə düşünürdü.
Ester bolşeviklərin həbsinə və onlara məxsus ləvazimatın müsadirəsinə dair çıxarılan qərar haqqında Vahana məktub yazmağa çalışırdısa da, buna imkan tapa bilmirdi, çünki ingilis miralayı Keyvort bütün boş vaxtlarını Araratyanın evində keçirir və Esterin ətrafından çəkilmirdi. Bu gün Ester fürsətdən istifadə edərək Vahana məktub göndərməyi qət etdi:
«Mənim ruhum Vahan! İrandan qayıdandan sonra sənə məktub göndərməyə fürsət olmamışdır. Çünki Hamazasb və Avetisovun əlindən qurtarandan sonra onlardan daha həyasız olan bir ingilis zabitinin əlinə düşmüşəm. Bu həyasız neçə gündən bəri mənim baş-beynimi aparır. Bunun Bakını müdafiə fəaliyyəti — bütün günü mənə eşq elan etmək və İngiltərə krallığında olan bütün şöhrət və əzəməti öz familiyasına çıxmaq istəməsindən ibarətdir.
Vahan, mən indi bu fikrə gəlmişəm ki, nə ingilislər, nə də bizim yerli qoşunlar Bakını müdafiə edə biləcəklər. Bakının həqiqi sahibi olan bolşeviklər iş başından gedəndən sonra vəziyyət daha da xarablaşmışdır. Mən sənə səmimi söz verirəm ki, erməni qoşunları birinci ciddi çarpışmada müharibədən boyun qaçıracaq və şəhərə çəkiləcəkdir. Çünki daşnaqlar arasında birlik yoxdur. Onlar bolşeviklərin saxladığı intizam sayəsində yarımçıq birlik düzəldə bilmişdilər. İndi isə hərə bir tərəfə çəkir, bunu daşnaqların öz xüsusi iclaslarında qeyd etdilər. Atam öz arzusuna nail olmayacağından qorxur, çünki ingilislərə ümid bəsləyə bilmir, buna baxmayaraq nə olur-olsun mənimlə ingilis miralayı Keyvortun arasında qırılmaz bir əlaqə yaratmağa çalışır. Vahan, bunu bil ki, mən Keyvorta bağlanan qız deyiləm. Mən, ingilis zabitlərinin yalan dillərinə, boş və şərəfsiz adlarına aldanıb, onlarla tanış olmaq üçün zinətlərini satıb xərc tökən qızlara gülürəm. Çünki ingilislər ingilis olmayan xalqlara yuxarıdan baxır və ingilis olmayanları həqiqi insan hesab etmirlər.
Vahan, Allah etməsin, bunlar bizim yerlərin ağası olsalar, buralardan tamamilə çıxıb qaçmaq lazım gələcək. Bunların ədəbsizliyinə dözmək mümkün deyil! Mən bunları yay klubunda şam yeməyində gördüm, şam süfrəsi başında ən çirkin hərəkətlərdə olurlar. Mən iki gün əvvəl faytonda gedərkən, iki nəfər ingilisin tində bir-birilə həyasız əlaqədə olduğunu gördüm. Vahan, indi də bir neçə kəlmə ən mühüm məsələlərdən yazıram. Dünən gecə bolşeviklərin məsələsini həll etmək üçün iclas çağırılmışdı. İclasda, bolşeviklərin Rusiyadan aldıqları şeyləri on üç böyük paroxoda yığıb Rusiyaya aparmaları məsələsi müzakirə edilirdi.
Müzakirə nəticəsində, bolşeviklərə Bakıdan paroxodlara oturub dənizə çıxıncaya qədər toxunmamaq və dənizə çıxdıqdan sonra hərbi paroxodları göndərib komissarları həbs və malları müsadirə etmək qət olundu. Onlar bolşevikləri Bakıda həbs etmək və malları müsadirə etməkdə işçilərin üsyanından qorxurlar. Buna görə də dənizdə həbs etmək və işçilərin xəbəri olmadan məsələni bitirmək qərarına gəlmişlər.
Vahan, bu yazdıqlarım tamamilə doğrudur, mümkünsə bunu lazımi yerlərə xəbər verməlisən. Hərgah düşmənlər buna müvəffəq olursa, bizim üçün böyük bədbəxtlik üz verəcəkdir...»
Ester sonra Raya və Əminə ilə görüş barəsində yazmaq istərkən, qapı açıldı. Araratyan daxil oldu. Ester özünü itirdi. Məktubu gizlətmək istərkən Araratyan onun halından çıxdığını görüb şübhələndi və onun qarşısındakı məktubu götürdü.
Araratyan məktubun yarısını oxumamış barıt anbarı kimi alışdı, qışqırdı:
– Mənim qızım bolşevik? Mənim qızım mənim düşmənim?
Araratyan bunu deyərək qızın saçlarından tutdu və əyib çarpayının üstünə atdı. Var gücü ilə onu silkələyib döyməyə və söyüb təhqir etməyə başladı:
– Söylə mənə o haramzada Vahanın adresini! Söylə deyirəm! Söylə, bu saatda verim ingilislər onu güllələsin!
Ester başını qaldırıb dedi:
– Bilmirəm! Bilsəm də deməyəcəyəm!
Araratyan yenə də döyməkdə davam edib dedi:
– Sən də anan kimi nanəcibsən. Mən onu nə qədər tərbiyə etdimsə, yenə də öz nanəcib xasiyyətini dəyişmədi. Kəndliləri müdafiə etdi. Sən də anan kimi nanəciblərin nanəcibisən. Anan cəhənnəm olub mənim başımdan rədd oldu, indi də sən mənim rüsvay olmağıma çalışırsan? Vahan kimdir? O, cındır paltar, kirli pasaxlı bir kəndli dığası deyilmi?! Mən onu da məhv edərəm, səni də!
Mən səni adam etmək istəyirəm, sənsə heyvan olmağa çalışırsan. Sən məni Bakıda üç qəpiklik bir adam etməyə çalışırsan. De görüm! De!.. Haradadır o haramzada? Neçə illərdir ki, sənin əxlaqını pozmağa çalışır, bilmirəm lütün birisi mənim ailəmdən nə istəyir? De görüm!
– Deməyəcəyəm!
– Sən bu məktubu nə vasitə ilə göndərəcəkdin?
– O mənim öz işimdir!
– Hərgah söyləməsən bolşeviklər həbs edilənə qədər səni azad buraxmayacağam. Sən ağzını o yerə yetirmisən, nəcib ingilislər haqqında elə ədəbsiz sözlər yazırsan?
– Yazdıqlarım yalandırmı? Sənin özünlə faytonda gedərkən tində, xalqın gözü qabağında iki ingilis saldatının hərəkətini görmədikmi? Klubda da əxlaqsız hərəkətlər edib gülmürdülərmi?
– Mən sənə xəbər verirəm: ingilislər nə olur-olsun sən miralay Keyvortla yaşamalısan. Belə olmazsa səni bir daşnaq gədəsi vasitəsilə məhv etdirəcəyəm. Sən nə olursan ol, yenə də xalq səni mənim qızım kimi tanımaqdadır.
Ester dağınıq saçlı başını qaldırıb dedi:
– Keyvortla sən özün yaşa! Sən özün gündə ərə getməyi öyrənmisən. Hazırda bir əlin ingilislərin, o biri əlin türklərin ətəyində olduğu halda dişlərinlə də «müsavatın» quyruğundan tutmusan. Halbuki, bir neçə ay əvvəl müsavatçılar və siz minlərcə erməni və türk kəndlisini qanına boyadınız. Çəkil gözümdən, əli qanlı həyasız! Sən mənim atam deyilsən, sən mənim namusumu satmağa çalışan həyasız, vicdansız bir tacirsən, ver məni öldürsünlər! Sənə də, sənin əməkdaşlıq etdiyin daşnaqlara da lənət, sənin barışmaq istədiyin «müsavata» da lənət!
Mənsə Vahanı, Vahanın mənsub olduğu bolşevikləri sevirəm! Bir daha mənə əlini qaldırsan şamdanla vurub başını yararam!
Araratyan bu sözləri eşitdikdə dedi:
– Tfu, sənin zatına lənət! Sən daha eşiyə buraxılmayacaqsan!
O, çıxdı və qapını eşikdən bağladı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-xxiv-esterin-hebs-edilmesi
Use ← → keys to move, R for a random poem
More by this author
Lloyd Corc Qərbi fəlakətdən qurtarmaq üçün İsa-Məryəm naminə Amerikaya yalvarır, bir tərəfdən də Puankareyə bir qəpiyindən keçməyəcəyini söyləyir.*Siz də, biz də lotuyuq, ürfdə, adətdə birik,
Əlbəttə ki!Amerika xariciyyə naziri Fyuz öz nitqində demişdir ki, Amerika müharibəyə torpaq işğal etmək üçün deyil, kiçik millətlərin azadlığı səbəbinə iştirak etmişdir.*Aləmi-insanı abad eylədik, əlbəttə ki!
Edərik bizİnkiltərədə dörd günlük seçki kampaniyası vaxtında 40 min nitq söylənmişdir.*Qırx min kərə bir nəğməni izhar edərik biz,
Varımızdır!Amerikanın Nyu-York şəhərində on bir yaşında uşaq inqilabi ədəbiyyat satdığı üçün həbs olunmuşdur.*Əlbəttə ki, hürriyyəti-vicdan varımızdır,