XXXIX. Hərəmxana
Page 2 of 3 · 33%
– Gəlin görüm!—dedi.—Bu gün mənim doğulan günümdür. Hər nə təzə şey bilirsinizsə ortalığa qoyun.
Xoşavaz xanım kamançanın, Sərbülənd xanım tarın tellərini köklədi, Şərarə xanım isə dəfi əlinə götürüb qurutmaq üçün bir neçə kərə dolandırdı.
Çalıb oxumaq başlandı. Şərarə xanımın oxuduqları Gəndnabat xanımın əylənməsinə deyil, ağlaması və kədərlənməsinə səbəb oldu:
«Biya ki, qəsre-əməl səxt süst bünyadəst.
Biyar badə ki, əyyami-ömr bərbadəst.
Nişanu əhdü vəfa nist dər təbəssümü gül,
Bunal, bülbüli-miskin ki çayu fəryadəst».
Bədbinliklər içərisində boğulan şərq ədəbiyyatı öz nüfuzunu hərəmxanalarda yaşayan bədbəxt qadınlara, hərəmxanaların hava girə bilməyən dəmir barmaqlıqlı salonlarına qədər yetirə bilmişdi.
Şərarə xanım oxuduqca ipəklər, altunlar və qiymətli daşlarla bəzənmiş canlı heykəllər düşünür, gələcəyində bir saadət olmadığını təyin edərək zahirdə yox, batində hönkür-hönkür ağlayırdı.
Hər kəs içində ağlayır, zahirdə isə özünü rəqiblər qarşısında şad göstərmək məqsədi ilə də gülür və müstəar təbəssümlər yağdırırdı.
Qamançanın səsi simlərdən deyil, ipəklər içərisində həbsə alınan gəncliyin yaralı qəlbindən çıxırdı. Əmiri-Əfxəm Leylanın otağında idi. Mirzə Loğman Leylanın müalicəsi ilə məşğul idi, hərəmlər otağından gələn musiqi səsi Əmiri-Əfxəmi maraqlandırdı, çünki o, iki ildən bəri öz hərəmlərinin bir yerə toplandığı və birlikdə əyləndiyini görməmişdi. O, Leylanın dərmanlarını verdikdən sonra qalxıb hərəmlər otağına gəldi, hərəmlər onu görən kimi ayağa qalxaraq vəziyyət və təvrlərini dəyişdilər.
Hamısı başını çiyninə əyib durmuşdu. Əmiri-Əfxəm isə əlini belinə söykəyib cücə gözlərinə bənzəyən gözləri ilə onları sayır və nəzərdən keçirirdi, o bir kərə:
– Oturun!—dedi.—Mən daima öz ailəmin şad olmasını arzu edirdim. Nədənsə siz, bir-iki ildən bəri bu şadlığı buraxmışdınız. Amma dərhəqiqət sizin hamınız bilməlisiniz ki, şadlıq həmədan məmləkətində ancaq sizin üçün yaradılmışdır. Xudavəndi-aləm öz naz-nemətini sizin haqqınızda firavan buyurmuşdur. Mən sizin üçün dünyada behişti-əlanı yaratmışam, oturun, xanımlar, oturun!
Xanımların hər birisi öz döşəyinin üstündə oturdu. Əmiri-Əfxəm əlini bir-birinə çalan kimi, onun eşikdə duran gənc oğlan xidmətçiləri içəri girdi, Əmiri-Əfxəm onlardan birisini səsləyərək:
– Məcid ağa, hazırlayın,—dedikdə, onlar çıxdı və bir azdan sonra bir yumru stol gətirib Əmiri-Əfxəmin qarşısında yerə qoydular. Başqa bir xidmətçi isə böyük bir məcməyidə gətirdiyi şeyləri üstünə atlas örtük çəkilmiş stolun üzərinə düzməyə başladı. Əmiri-Əfxəm bir neçə piyalə Yunanıstan konyakı içərək stol üzərinə düzülmüş şirin çərəklərdən yedi, sonra da çay gətirdilər, kiçik və mina qrafindəki lumu suyundan bir neçə qətrə stəkana töküb içdi və qəlyan istədi.
Qəlyana bir-iki nəfəs vuraraq özünü hazırladı və hərəmlərə müraciətlə:
– Bu günkü təşəbbüs hansı xanımın təşəbbüsüdür?—deyə soruşduqda hərəmlərin hamısı birdən başını çiynindən qaldıraraq:
– Gəndnabat xanımın təşəbbüsüdür!—dedilər.
Əmiri-Əfxəm məsələni dərhal anladı. Çünki Gəndnabat xanım öz adəti üzrə hərəmxanaya yeni bir hərəm daxil olduğu zaman öz kədərini dağıtmaq və qüssələrini pərdələmək üçün işrət məclisi düzəldərdi.
Əmiri-Əfxəm bir piyalə də konyak içdi və:
– Afərin olsun Gəndnabat xanıma!—dedi.
Heç kəs danışmırdı. Bu adət hərəmlərə məxsus qanuni bir sükutdan ibarət idi. Hərəmlərin hamısı bir yerdə olduğu zaman, onların heç birisi danışmağa haqlı deyildi. Hərəm ancaq öz otağında yalnız olduğu və öz ərini növbət daxilində olaraq qəbul etdiyi zaman danışa bilərdi. Əmiri-Əfxəm hərəmlərin sükutunu pozmaq üçün yenə də danışdı:
– Mən sizin bu günkü şadlığınızı təbrik edirəm və bunun üçün də hər birinizə min tümən bağışlayıram,—dedi.
Adət üzrə yenə də bütün hərəmlərin tərəfindən baş hərəm cavab verməli idi, bunun üçün də Gəndnabat xanım cavab verdi:
– Allah ağanın ömrünü artırsın!—dedi.—Allah ağanın kölgəsini bizim başımızın üstündən əskik etməsin.
Bu sözlərdən sonra Əmiri-Əfxəm Şərarə xanıma müraciətlə:
– Sizə də yüz tümən bağışlayıram!—dedi.—İndi bir az çalın, xanımlar oynasın.
Gəndnabat xanımdan başqa hamı oynadı, çünki hərəmxana qanununa görə baş hərəm oturub oynayanlara tamaşa etməli idi. Oynadılar, çaldılar, Əmiri-Əfxəm də içib sərxoş oldu. O, ayağa durub getmək istədikdə, neçə gündən bəri demək istədiyi sözünü deyib getdi:
– Sizə təzə bir qonaq da gəlmişdir. Yaşda hamınızdan kiçikdir. Ona hörmət etmək lazımdır.
Əmiri-Əfxəm durub getdikdən sonra Gəndnabat xanım Şərarə xanıma müraciət edərək:
– Gedə bilərsiniz. Kifayətdir!—dedi.
Çalanlar və oxuyanlar durub getdi. Hərəmlərin hamısı öz yerində oturub düşünürdü, çünki onlar bu günə qədər Leyla xanımın Əmiri-Əfxəm üçün deyil, onun oğlu Səduddövlə üçün gətirildiyini düşünürdü.
Gəndnabat xanım:
– Siz məni anlayırsınız ki!—dedi və buna cavabla da hərəmlərin hamısı birdən:
– Anlayırıq!—dedilər.—Sənin özün də bizim kimi, biz də sənin kimi, əlimizdən nə gələr?
Gəndnabat xanım dedi:
– Mən qızın Əmiri-Əfxəm üçün gətirildiyini bilirdim, amma qızın dirilməsinə heç də inanmırdım, çünki onun əl-ayağını soyuq aparmışdı, bunu Mirzə Loğman mənə xəlvətcə dedi. Buna görə də mən sizə demək istəmirdim. Lakin bir-iki gün bundan qabaq Mirzə Loğman dedi ki, qız yaxşı olur, özü də çox gözəldir. Əmiri-Əfxəm də onu ürəkdən sevir. Bundan sonra da mən sizi bir yerə yığmağı məsləhət gördüm.
Əmiri-Əfxəmin ikinci hərəmi Külpirəhən xanım ipək köynəyinin qolu ilə gözünün yaşını silərək:
– Bizim əlimizdən nə gələr?—dedi.—Biz Əmiri-Əfxəmə nə edə bilərik? Birini deyil, yüzünü gətirsə nə etmək olar?!
Əmiri-Əfxəmin üçüncü hərəmi, səhnəli Süleyman ağanın qızı Nəcmüsəhər xanım sözə müdaxilə edərək:
– Necə yəni Əmiri-Əfxəm nə bilərsə, edə bilər?—dedi.—Əvvələn odur ki, mən təzə gətirilən qızın barəsində çox yaxşı bilirəm. O mənim və sizin dırnağınız bərabərində də ola bilməz. İkincisi də budur ki, hərkah Əmiri-Əfxəm o qızla evlənsə və onu bizim içərimizə gətirsə mən özümü zəhərləyəcəyəm.
Nəcmüsəhər xanımın bu sözündə Əmiri-Əfxəmin dördüncü hərəmi tehranlı qızı Simubər xanım gülərək:
– Bəs nə üçün özünü zəhərləyirsən?—dedi.—Əcəba, təzə gələn xanımı zəhərləmək olmazmı?
Bu sözdən beşinci hərəm Püstədəhən xanım danışaraq:
– Mən də Simubər xanımın sözünə şərikəm. Bir zatı-südü naməlum qızdan ötrü özümü nə üçün zəhərləyəcəyəm? Biz hərkah o qızı zəhərləsək, Əmiri-Əfxəm bir qızdan ötrü 12 adamı asacağdırmı?
Bu sözə Tacsər, Zibarux, Ruhrəvan, Sərəfraz, Səmənbu, Dürsədəf və Gəncələb xanımlar da qoşuldu. Gəndnabat xanım məsələnin müvəffəqiyyətinə inanaraq dedi:
– İndi belədir, bu işi mənə tapşırın. Mirzə Loğmanı razı salmaq üçün də hər biriniz yüz tümən verməlisiniz. Mirzə Loğman o qızı bizim başımızdan rədd edə bilər.
Çar ordusu boşaldan yerləri ingilislər işğal etmişdi, lakin işğal ordusunu taxıl və başqa şeylərlə təchiz etmək olduqca çətin bir şəkil almışdı. Çünki bir neçə kərə talanmış ölkədə yerli xalqın yeməyi üçün belə kifayət qədər taxıl yox idi.
Taxıl ancaq mülkədarların və ehtikarçıların əlində idi, bunu ələ gətirmək üçün də ingilislər Həmədanda çürbəçər hiylələr yaratmağa başlamışdı ki, o hiylələrdən birisi də Kirmanşah və Həmədanda «acara yardım» komitəsi təşkil etmək hiyləsindən ibarət idi. Onlar bu vasitə ilə taxılları öz əllərinə keçirməyə çalışırdı. Lakin bu məsələ baş tutmurdu, əvvələn mülkədarlar və ehtikarçılar taxılı əldən buraxmaq istəmir, ikinci də İran hökuməti bu hiyləyə qəti surətdə maneə törədir və ingilislər üçün taxıl toplayan dəllalları çaşalandırırdı. Buna baxmayaraq ingilislər də öz növbəsində, yerli mülkədarları ələ almaqdan çəkinmirdi və Əmiri-Əfxəm kimi yüz minlərcə pud taxıla malik olan bir mülkədarı ələ gətirməyə çalışırdı.
İngilis missiyasının sədri Denster-Vil hər iki gündə bir bəhanə edərək Əmiri-Əfxəmin ziyarətinə gedir və ona öz dövlətinin dostluğunu və hər ehtimala qarşı onu himayə etməyə hazır olduğunu bildirirdi.
Bu gün yenə də Denster-Vil və onun yaveri Sonders Əmiri-Əfxəmin görüşünə gəlmişdi. Əmiri-Əfxəmin əlində olan taxılların heç olmazsa bir qismini ələ gətirmək üçün Denster-Vil çürbəçür söhbətlər ortalığa atırdı.
Kah Bağdaddan Əmiri-Əfxəmə razılıq teleqramı gəldiyini, kah Əmiri-Əfxəmin ingilislərə göstərdiyi məhmannavazlıq haqqında kral həzrətlərinə yazdığını, Əmiri-Əfxəmin əmlakını hər ehtimala qarşı himayə altına alacağını söyləyirdi. Lakin bunların heç birisi Əmiri-Əfxəm tələb etdiyi qiymətin üzərindən bir şahı da olsa əskildə bilmədi. Bazarlıq davam edirdi. Bu halda gəlib Əmiri-Əfxəmi çağırdılar. Əmiri-Əfxəm bir dəqiqədə gedib qayıtdı və Denster-Vilə müraciətlə:
– Xəstəmiz olduqca pərişandır,—dedi,—rica edirəm, bəlkə də sizin həkiminiz kömək göstərə bildi...
Yarım saatdan sonra ingilis doktoru və kapitan Burnısqıl maşınla Əmiri-Əfxəmin evinə gəldi. O, Leyla xanımı görən kimi tanıdı, çünki Kirmanşahda mister Konionun evindəki ziyafətdə iştirak etdiklərindən sonra yenə bir neçə kərə görüşmüşdülər.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-xxxix-heremxana
Use ← → keys to move, R for a random poem
More by this author
Mən bir az yubanqmışdım, saat 1-in yarısı idi. Biz Ksenya ilə tam saat 12-də görüşməli idik. Hava soyuq idi, qızı gözləməyə məcbur etmişdim, küçələrdə olan böyük izdiham mənim bu qədər təxirlə getməyimə səbəb olmuşdu.Mən uzaqdan qızı gördüm. O tərəf-bu tərəfə baxa-baxa dolanırdı. Soyuq ona təsir etmişdi: qalın paltar geyindiyinə baxmayaraq, yenə də ayağının birini götürüb o birisini qoyurdu.
Çar kazakları mərsiyəxanlıqdaTəbrizdə din hərəkatının gurultusu bir neçə gün davam etdi. Camaatın yanında mövhumat əleyhinə danışmaq mümkün deyildi. Təbriz ziyalılarından bəziləri bu hərəkatın əleyhinə danışdıqları üçün ölümcül halda döyülmüş və müctəhidlərin yanına aparılmışdı. Buna görə də, biz təcili iclas çağırdıq və bu iclasda din və mövhumat əleyhinə, bir kəlmə də olsa, küçələrdə danışmamağı qərara aldıq.Rus və ingilis konsulxanaları bizim dini hərəkata qarşı apardığımız mübarizəyə qarşı əks-hücuma keçmişdi. Bizim məqbərə və ziyarətgahları, məscid və mərsiyəxanları nüfuzdan salmaq təşəbbüsümüzə qarşı ingilis və rus konsulxanaları çox təsirli bir tədbirlə meydana çıxmışdılar. Təbriz xalqını tanımaq mümkün deyildi, onlar inqilab dövrünü keçirən təbrizlilərə bənzəmirdi: onlar yenə də orta əsrə aid mövhumatın donunu geymişdilər. Söhbətlər axirətdən, behiştdən, cəhənnəmdən, imamdan, peyğəmbərdən, məscidlərdən və moizədən idi.
Şeyx Əbdüləzəlin nümayəndəsiİngilislərin Təbrizdə düzəltdiyi xəfiyyə və casus təşkilatının üzvlərini öyrəndik, onların sayı 145 nəfər idi. Bu barədə həm sərdar Rəşid, həm də Mirzə Ələkbər xan bizə lazımi məlumatı vermişdi. Bu təşkilatın əsas vəzifəsi inqilabçıları tapmaq və gizli təşkilatı məhv etməkdən ibarət idi.Çar konsulu və çar agentlərinin ciddi köməyinə, Mirzə Həsən və onun oğlu Mizə Məsud ağanın dini himayəsinə baxmayaraq, ingilislərin düzəltdiyi bu təşkilat on gündən artıq yaşaya bilmədi, çünki ingilislər Təbriz xalqının xüsusiyyətini bilmirdi. Onlar təşkil etdikləri adamların əhvali-ruhiyyəsini anlamırdı.
Sərdar Rəşidin son günləriTehranda rus və ingilis səfarətləri arasında vəliəhd Məmmədhəsən Mirzənin Təbrizə gəlməsi barəsində müzakirələr gedirdi. Bu xəbər sərdar Rəşidin Təbrizdən getməsi üçün qorxulu bir müqəddimə təşkil edirdi, çünki aralıqda vəliəhdlə bərabər Fərman-1 qRastap – təşkilat adıdır. fərma, yaxud da Süleyman Mirzənin Təbriz hökumətinə gəlməsi şayiələri gəzirdi.
Poems by other poets
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Qəbri-sədxaqandırEy könül, dünyayi-fani bil-bədahə fandır,Müddəti-tuli-bəqası ləhzeyi-əcfandır,
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Həccacın seyidləri qırmasıNecə ki, Yusif-ibn HəccacıNəql edirlər o sahibi-tacı,