Bahar nəğməsi
Doğdu Günəş, əridi qar,Bahar gəldi, bahar gəldi,Xəbər verdi qaranquşlar:Bahar gəldi, bahar gəldi.
Səhər çağı hava xoşdu,Könüllər qaynadı, coşdu.Uşaqların yaxın dostu,Bahar gəldi, bahar gəldi.
Çaylar daşdı, köpükləndi,Dağların döşündən endi...Al geyib ellər bəzəndi,Bahar gəldi, bahar gəldi.
Kötükdən uçdu arılar,Qarışqalar qatar-qatar.Kol dibindən yol saldılar;Bahar gəldi, bahar gəldi.
Budaqlarda gülə-gülə,Bülbül nəğmə deyir gülə.Al şəfəqli bir günəşlə,Bahar gəldi, bahar gəldi.
Aşıqlar qurşandı saza,Şairlər söz qoşdu yaza.Bizim güllü bağçamıza,Bahar gəldi, bahar gəldi.
Göy çəməndə səhər-səhərMahnı deyir şən körpələr.Yaxasında bənövşələrBahar gəldi, bahar gəldi.
Kitabxana.az · https://kitabxana.az/en/works/osman-sarivelli-bahar-negmesi
Use ← → keys to move, R for a random poem