Ön söz
Bu sözləri Azərbaycanın görkəmli şairi, qardaşım Balaş Azəroğlunun mənə ünvanlanmış açıq məktubunun təsirilə yazıram.
Hər kəsə bəllidir ki, dünyada insanın çox gizli, kimsə ilə bölüşə bilmədiyi dərdləri var. Elə dərdlər ki, istəsən də deyə bilməzsən, çünki o dərdlər sözlərə, kəlmələrə sığmaz.
Onlardan biri – insanı gəncliyində, hətta qocalığında yaxın, istəkli doğmalarından, torpağından, xatirələrindən uzaqlaşdırmaq və başqa ölkələrə sürgün etməkdir. Mən kiçik yaşlarımda eşidəndə ki, filan yazarı, yaxud siyasi xadimi filan şəhərə sürgün ediblər, ya vətənindən dışarıya salıblar, bu hadisənin əsl mənasını anlamırdım. Elə bilirdim ki, insan haraya sürgün olunsa, özünü birtəhər dolandıracaq və burada faciəvi bir şey yoxdur. Ancaq elə ki, qürbətin zəhərli şərbətini içdim, onda məsələnin mahiyyəti bütün çılpaqlığı ilə mənə aydın oldu. Anladım ki, elə dərdlər var ki, onu kimsə ilə bölüşmək olmaz. Hətta o dərdləri dağlara qalxaraq göylərə hayqırasan, yaxud başını quyuya salıb yerin dərinliklərinə bəyan edəsən, yenə də adama sakitlik gətirməz. Yalnız dərdin o zaman azalar ki, onu bölüşməyə sirdaşın ola, hiss edəsən ki, səni bir az da olsa, anlayan var.
Qardaşım Balaş Azəroğlunun açıq məktubunu oxuyandan sonra bu haləti özümdə hiss etdim ki, insanın dərdini söyləyə biləcəyi sirdaşı varmış.
Gördüm ki, mənim içərimi illərlə yandıran dərdlərə fəqət yuxularda çarə edə bilmişəm. Qardaşım Balaş Azəroğlu da həmin yuxuları görüb, həmin həsrətlərlə yaşayıb.
İkinci dərd ki, heç kəsə demək olmaz, heç bir kəlməyə, sözə sığmaz, bu, bir ananın cavan oğlu, ya qızının edam olunması və övladının ölüm xəbərini cəlladların gətirməsidir. Onda bilmirsən, sel kimi yaş tökən, ya qəzəbdən, nifrətdən göz yaşları quruyan analara təsəlli verəsən, yaxud ağzını yandıran dilinlə susub dayanasan. Bundan daha dəhşətlisi odur ki, şəhid cavanların güllə pulunu valideynlərindən istəyələr. Yəni, sənə deyələr ki, oğlunu öldürmüşük, güllənin pulunu verməlisən.
Adı İran olan ölkədə eşitdiyim, gördüyüm cinayətləri bir-bir yazmağa mənim ürəyim tab gətirmir. İllərlə bu cinayətləri eşidəndə gecələr yata bilməmişəm, yuxularım çəkilib. Ancaq etiraf edim ki, övlad itkisinə qədər mən şəhid ata-analarının ürək yanğısını bu dərinlikdə anlamırdım.
Tale elə gətirdi ki, qızım Leyla 1999-cu ildə, oğlum Camal da on il sonra – 2009-cu ildə dünyadan getdi. Mən övladlarımın ölümünü minlərlə ailələri vətəndən sürgün edən, ata-atanaları balalarından uzaq salan o cəlladların hesabına yazıram. Çünki uşaqlarım da mənimlə birlikdə qürbət oduna yanıblar, mənim vətən həsrətimə qovrulublar. Eşidəndə ki, Səməd Behrəngi Arazda boğulub, Behruz Dehqani işgəncə altında dünyasını dəyişib, Qulamhüseyn Saedinin qüssədən ürəyi partlayıb və başqa yüzlərlə insan vəhşicəsinə öldürülüb, onlar narahat olurdular. Leyla, Camal, o biri uşaqlar, hətta həyat yoldaşım mənim yuxusuz gecələrimin, nalə və fəryadlarımın şahidi olublar.
Qardaşım Balaş Azəroğlu doğru deyir: «Şairin ruhu və qələmi azad olmaq üçün onun başı üstündə azad Vətən göyləri, ayağı altında azad Vətən torpağı olmalıdır. İnsanın gücü də, qüdrəti də Vətən torpağındadır. Vətəndən uzaq düşən adam budağından qopmuş sarı yarpaq kimidir». Nə yazıqlar ki, Vətəndə, anamın-atamın, dostlarımın, qohum-əqrabamın, millətimin əhatəsində yaşamaq mənə nəsib olmadı. Bir ömür qürbətin ağrıları içərisində qovruldum və indi də bu əzabın içərisindəyəm.
Dərdlərimdən qaçmaq üçün yalnız şeirə, yaradıcılığa pənah gətirdim. Qaranlıq gecələrdə mənim yar-yoldaşım bir kağız, bir də qələm oldu. Əvvəllər heç düşünməzdim ki, bir zaman şeir yazacağam və mənə şair kimi xitab edəcəklər. Amma içəri dərdlərim məni şair elədi – yalnız bir dildə – şeir dilində bir az dərdlərimi bəyan edə bildim.
Tarixin çərxişairlərinhaqq səsiynən fırlanır,Şairlərin səsi batırılandatarix dayanır.Silkələyir zamanı,yıxır səltənətləri,Bir şairinhaqq səsi.Şairlərdir uçurandünya deyilən qəfəsi.
«Həsrət»dən başladım, sonra «Mənim iki dünyam», «Fikir dalğaları», «Həyat fəlsəfəsi», «Sönməz ocaq», «Qürbət harayı», «Xudafətin» və nəhayət «Səssiz haray» kitablarım nəşr olundu. Ancaq gözləmədim mənə kitab sərgisi düzənləsinlər, təqdimat mərasimi və başqa tədbirlər keçirsinlər. Heç kitablarım çıxanda başqalarına xəbər vermədim. Çünki bunlar mənim səssiz haraylarım idi. O haraylar ki, hər adam eşidə bilməz, duyub anlaya bilməz. Yalnız Balaş Azəroğlu kimi Vətən həsrətilə yananlar anlaya bilər.
«Səssiz haray» kitabı mənim yaradıcılığımda yeni bir mərhələ idi. Bilirdim ki, mənim səsim diktator cəlladların qorxusundan xalqın qulağına yetişməyəcək bu tezlikdə. Ancaq özümə vacib bildim ki, şeir surətində bu həqiqət toxumlarını, mübarizə fəlsəfəsini xalqımın içinə səpim. O ümidlə ki, səssiz haray bir gün güclü haraya, inqilabi və milli hərəkata çevriləcəkdir. Çünki inanıram ki, tarix bir canlı hərəkatdır, dərdlə, qanla, insanların zəhmətilə rişə tutar, böyüyər. Və bir zaman o qədər güclü olar ki, bu selin qabağını tutmaq olmaz, sahillər də saxlaya bilməz. Hələ neçə illər qabaq yazmışdım:
Dalğalarcoşqun fikirlər kimikükrəyir,Ordu kimi, qoşun kimigəlir düşmən üstünə.Dalğalar diri, canlı,sahil ölü, hərəkətsiz.Dalğalar haylı-haraylı,sahil səssiz.Sahil dalğaları istəmir,Necə ki, duran tarixİstəmir görən gözləri,düşünən beyinləri.
Bu fikirlər mənim «Sahilsiz dəniz» kitabımın yaranmasına səbəb oldu. Artıq gördüm ki, milli hərəkat, milli inqilab ayaq tutub. Bu hərəkat cılız, qaniçən, riyakar hakimiyyəti, molla rejimini qorxuya salıb. Görürəm ki, milli hərəkatın dalğaları qabağında sahillər yıxılır, suya qarışır, məhv olurlar. Və bu halətə Azərbaycan gəncliyi cəşn tutur və açılan səhərdən, doğulan inqilab övladlarından xəbər verirlər.
8 may 2009
Kitabxana.az · https://kitabxana.az/en/works/qulamrza-sebri-tebrizi-on-soz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Gəl, ey mehri-məhəbbətim,Üzün məndən niyə döndü?
Dərdə düşüb könül yenə dərmanım arzularDərdə düşüb könül yenə dərmanım arzular,Tənha qalanda yari-nigahbanım arzular.
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?
Mürəbbe: Gedərdi sinəmdən bu dağ həsrətGedərdi sinəmdən bu dağ həsrət,Əgər sənin cəmalını görsəydim,