Gözlərin ilahi ulduzlar kimi,Saçın qızıl günəş, üzün bəyaz Ay,Gəlişin sevimli ilk bahar kimi,Haray gözəlliyin əlindən, haray!

İstəsən gözümdən bulaq çəkərsən,Qasırğa səndədir, ümman səndədir,İstəsən köksümə min dağ çəkərsən,Dağ səndə, sel səndə, duman səndədir.

Qarşıma səd kimi çıxar hər divar,Çıxsa da ömrümün fərmanı birdir.Zavallı könlümün minbir dərdi var,Minbir dərdiminsə dərmanı birdir...

Canlı qönçələrmi gül dodaqların?Qızılgül ətri var gül nəfəsində.Gülən dan yeridir al yanaqların,Ruhumun səsi var sənin səsində.

Bilmirəm, olubmu mələk yavrusu?Mələk yavrusunu dansan da, sənsən!

Sənsən yer üzündə sevgi tanrısı,Tanrı da, mələk də, insan da sənsən,

Əbədiliyinlə, əzəlliyinləZaman da səndədir, məkan da səndə!Sən bir kainatsan gözəlliyinlə,Rəfiqin də səndə, Zəkan da səndə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love