Türkmən qızı
Bir türkmən türküsü dinlədim bugün,Çocuqtək o ki var inlədim bu gün.
Saldı hisslərimi çənə bu türkü,Nə qədər doğmaydı mənə bu türkü!
Kəlmələr mənimdi, sözlər mənimdi,Yollara dikilən gözlər mənimdi.
Göl kimi durulan baxışlar mənim,İldırımlar mənim, çaxışlar mənim.
Nələr söyləyirdi o türkmən qızı,Fəğan eyləyirdi o türkmən qızı.
Onun iztirabı nə incə idi,Sevdası, avazı könlümcə idi.
Ud tarımlanınca, qopuz dinirdi,Sanırdım elliklə oğuz dinirdi.
İlahi sədalar pərdələnirdi,Ruhuma bir gözəl dərd ələnirdi.
Bir çocuq görürdüm mələk qanadlı,Çöhrəsi gül kimi, ləhcəsi dadlı.
Aman, türkmən qızı, adına qurban,Dilinin duzuna, dadına qurban!
Dinlə, qardaşını, ay bacım mənim,Sənin türkündədir əlacım mənim.
Nə qədər doğmadır mənə bu türkü,Yaşat mənliyinlə bu ulu türkü!
Türkündə yadlara qarışmazlığın,Yabançı səslərlə barışmazlığın.
Türkündə arımır ulus tünlüyü,Torpaq bütünlüyü, yurd üstünlüyü.
Aman, türkmən qızı, adına qurban,Adına bağlanan andına qurban.
Aman, türkmən qızı, söylə türkünüÇağlayım eşqinlə mən bütün günü.
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-turkmen-qizi
Use ← → keys to move, R for a random poem