Zaman nə deməkdir, düşündüm bugün,Alovlandım bugün, üşündüm bugün.

Zaman axıb – gedən günlərimizmi?Diləklərimizmi, ünlərimizmi?

Zaman keçmişmidir, gələcəkmidir?Zaman bugünmüdür, o gerçəkmidir?

Könülmü duyduran hər gözəl günü?Ağılmı uyduran bu üç bölgünü?

Keçmiş nə deməkdir, gələcək nədir?Kim cavab verəcək, biləcək, nədir!

Bugün günümüzdə, bugün bugündür,Hər kəsin gördüyü, duyduğu gündür.

Dünən bugün idi dünən, deyilmi?Sabah da dünənə dönən deyilmi?

Bugün keçmiş olur sabah olurkən,Sabahlar açmırmı keçmişə yelkən?!

Sabah bugün olur sabah gəlincə,Zülmətin bağrını sabah dəlincə.

Zaman ulduzların sırasındamı?Bugünlə sabahın arasındamı?

Zamanı uyduran biz deyilmiyik?Qəlblərə duyduran biz deyilmiyik?

Zaman bir sürəkli aradır, ara,Ömrü sürükləyir sonsuzluqlara.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets