Nizaminin tərcümeyi-halı
Page 1 of 3
Çöldən, dərədən bütün ərənlər
Lütf ilə mənə salam edərlər;
Qalsam eyi gər ilə nəhayət
Qəbrim qılınır mənim ziyarət.
Nizami
Nizami Azərbaycanın qədim paytaxtlarından olan Gəncədə doğulub, yaşayıb və dəfn edildiyi üçün Gəncəli Nizami mənasında işləndiyi Nizamiyi-Gəncəvi adıyla tanınmışdır.
Nizami “nami-müstəar” deyilən götürmə bir addır, əski sözlə desək, təxəllüsdür. Şairin əsl adı “İlyas”dır. Atası – Müəyyəd oğlu Yusifdir. Anası, şairin özünün qeyd etdiyi kimi, “Pəiseyi-Kürd” olub, Gəncədə yaşamış Azərbaycan kürdlərindən olan bir ailənin qızı olmuşdur. Onun adı məlum deyil.
Məxəzlərdə qeyd olunmamışdır. Şairin ləqəbi “Nizaməddin”dir. Künyəsi “Əbu-Məhəmməd”dir.
Əski dövrlərdə yaşamış Şərqin bir çox məşhur şəxsiyyətləri kimi, Nizaminin də nə doğulduğu, nə də öldüyü tarix dəqiq məlum olmadığı üçün həmin tarixlər yalnız təxmini olaraq təyin edilir. Şair 1141-ci (hicri ilə 535-ci) ildə anadan olmuşdur.
Nizami hələ uşaq ikən atasını, sonra isə anasını itirmişdir. O da tarixin bir “Dürri-yetim”idir. Bu yetimin tərbiyə və bəslənməsini dayısı Xacə Həsən öz üzərinə götürmüşdür.
“Leyli və Məcnun” poemasının müqəddiməsində şair atası ilə anasından sonra dayısını da itirməyindən böyük kədərlə söhbət açmışdır.
Təzkirələrin bir qismində qeyd olunduğu kimi, Nizami dayısının himayəsinə tək deyil, öz qardaşı Qivami Mütərrizi ilə birlikdə keçmişdir. Bəzi rəvayətlərə görə, bu Mütərrizi Nizaminin qardaşı deyil, ya xalası oğlu, ya da əmisinin oğlu imiş. Necə olursa-olsun, uğradıqları fəlakətə baxmayaraq, gənclər öz zamanlarına görə yüksək təhsil almış və yaxşı yetişmişlər. Dediyimizə sübut üçün Mütərrizinin öz parlaq qəsidələri ilə klassik ədəbiyyatda tutduğu görkəmli yeri şahid gətirmək olar. Onun Azərbaycan atabəylərindən Qızıl Arslana yazdığı qəsidə, qəsidə ədəbiyyatında şah əsər sayılmaqdadır.
Nizaminin yüksək təhsil alması onun əsərlərindən və müasirləri tərəfindən ona “Həkim” (böyük, bilici, müdrik – red.) ləqəbinin verilməsindən aydın görünür. XII əsrin məşhur ürfan sahələrinin hamısından əsərlərində əlamətləri görünən bu ensiklopedik bilikli adamın İslam elmləri ilə yanaşı yunan fəlsəfəsinin bütün hissələri ilə yaxından tanış olub bəhrələndiyi heç bir şübhə doğurmur. “İskəndərnamə”də bütün tanınmış yunan filosoflarının hamısını danışdıran şair, onların “dünyanın yaranışı” haqqındakı fikir sistemlərini özünəməxsus şer dili ilə xülasə etmişdir. Bundan əlavə, şair tarixə, dinlərə, hikmətə, həndəsəyə, riyaziyyata, astronomiyaya, sehriyyat və əsatirə dair geniş məlumata sahib olduğunu göstərmişdir.
Əsərlərini təşkil edən canlı səhifələr zamanının əsl bir ensiklopediyasıdır.
Şairin musiqi aləmində geniş biliyə malik olduğunu Barbədin Xosrov-Pərvizə çaldığı otuz mahnının ustalıqla hərəsini bir beytlə təsvir etdiyindən, ədəbiyyat sahəsində olan dərin məlumatını “Kəlilə və Dimnə”nin təmsillərinin qırxını qırx beytə sığışdıra bildiyindən, İslam elmlərinin dərinliklərinə vardığını Quran, hədis, Peyğəmbərin tərcümeyi-halı və onun haqqındakı rəvayətlərdən bol-bol iqtibaslarından, astronomiya aləmində böyük mütəxəssis olduğunu isə Məcnunun ulduzlara öz vəziyyətini şərh etməyindən öyrənirik. Həkimliyin, təbabətin mahiyyətini şair iki kəlmə ilə izah edir: “Nə az ye, nə də çox...”.
Əsərlərinə yazdığı müqəddimələrdən çıxan məlumata görə, Nizami qədim dillərdən pəhləvi, nəsturi, yəhudi dillərini də bilirmiş. O, öz poemaları üçün topladığı materialları adi və geniş yayılmış sadə qaynaqlardan deyil, qeyd edilmiş qədim dillərdəki məxəzlərdən dəqiq araşdırmalar vasitəsilə əldə etdiyini bizə anlatmışdır.
Nizaminin dövründə İslam cəmiyyəti bir tərəfdən şiəlik və sünnilik məzhəbləri arasında gedən mübarizə, o biri tərəfdən isə sufilər və şəriətçilər arasındakı mübahisələr içərisində çalxalanırdı. Nizami Allaha inanan, Peyğəmbərə bağlı dindar və sadiq bir müsəlman idi. O, İslam cəmiyyətini parçalayan məzhəb və firqələrin apardığı mübarizənin fövqündə duran, dar fanatizm, səbirsizlik və təmkinsizlikdən uzaq kamil bir təbiət və əxlaq sahibi idi. O, “İmam Əliyə böyük məhəbbət bəslədiyi kimi, Ömərə sevgidən də xali deyildi”. Din sahəsində göstərdiyi bu müvazinəti o, fikir sahəsində də göstərirdi. Bir sufi sifətiylə sufiliyə çox yabançı olmadığı kimi, tərki-dünyalıq istəyən dərvişlərə də özünü bağlamamışdı. Israfdan və dünya nemətlərindən sui-istifadədən, bəd əməllərdən və hər cürə düşkünlüklərdən özünü qorumaqla bərabər, o, həyatı sevirdi və həyat sevgisində özünə məxsus bir gözəllik tapırdı, gözəl yaşamağı ürəkdən diləyirdi.
Sufilikdəki seyr və süluk təhsilini kimdən alması, hansı şeyxlər tərəfindən irşad və hidayət edilməsi barədə şairin özü susub bir söz deməmişdir; yalnız bəzi rəvayətlərdə onun Şeyx Əxi Fərrux Reyhani və ya Əxi Fərəc Zəncanidən dərs alması qeyd olunur. Tədqiqatçıların bir qismi Nizaminin sufi olmasını qəbul etməsələr də, onun sufiyanə həyat keçirməsi barədə bütün alimlər həmrəydirlər. O, yalnız şair deyil, eyni zamanda yüksək səviyyəli müdrik, bilici və şeyx kimi tanınmışdır.
Nizaminin müəllimləri sayılan adları yuxarıda çəkilmiş Əxi Fərrux və ya Əxi Fərəc haqqında təzkirələrdə və tərcümeyi-hal kitablarında heç bir müfəssəl məlumat yoxdur. Yuxarıda qeyd olunduğu kimi, şairin öz əsərlərində də bu xüsusda heç bir xəbər yoxdur. Bu çatışmazlıq nəticəsində şairin mənəvi şəxsiyyətinin həqiqətdə hansı qaynaqdan ilham almış olduğunu göstərmək çətindir.
Müəllimləri sayılan şeyxlərin adlarındakı “Əxi” və ya “Əxu” komponentlərindən məna çıxaran bəzi müəlliflər Nizaminin ustadı olan şeyxin “ƏXİLİK” təriqət və cəmiyyətinə mənsub bir mürşid olduğunu təxmin etməkdədirlər. “Əhli fütüvvət”də deyilən bu əxilik cəmiyyəti üzvlərinin nə kimi fikir cərəyanını təmsil etmiş olduqlarını tədqiq edib incələmək dolayısı ilə də olsa, Nizaminin hansı və nə kimi ictimai və fəlsəfi bir məktəbə mənsub olduğu haqqında da bizə qəti olmasa da bir təsəvvür verə bilər.
Nizaminin dövründəki əxilər haqqında məlumat yoxdur. Yalnız İbn-Bəttutə XIV əsrdə yazdığı əsərində əxilər haqqında çox gözəl məlumat vermişdir. Bu məlumata görə “Əxilik hər yerdə, şəhər və kəndlərdə mövcud olub, Rum (yəni Anadolu) türklərinin yaşadıqları bütün ölkələrdə var imiş. Əxilər evsizlərə, yolçulara qayğı göstərərlərmiş, acları yedirər və möhtaclara yardım edərlərmiş, zülm və haqsızlıq edənləri isə öldürərlərmiş. Ibn Bəttutə yazır: “Bu xüsusda bütün dünyada bunlardan daha çox qeyrət və qayğı göstərən başqa bir kimsə yoxdur”.
“Əxi öz sinfindən olan adamları birləşdirən şəxsə deyilirmiş. Onlar yalnız öz zümrələrindən olanları deyil, başqa əsnafdan olan gəncləri, evsiz və kimsəsizləri də bir təşkilatda birləşdirirmişlər. Təşkilata daxil olan üzvlər təşkilatçını özlərinə sədr seçərlərmiş. Bu sədrlərə ƏXİ (yəni: qardaş) deyərlərmiş. Bu cəmiyyətlərin üzvlərinə “əhli-fütüvvət” də deyilərmiş.
Fütüvvənin özünə məxsus, müasir terminlə desək, klubları da varmış. Ibn Bəttutə bizə özü gördüyü ƏXİ klublarını (yəni zaviyələrini) belə təsvir edir. “Bir ev tikirlər, rəngləyib ağardırlar, yeri xalçalarla döşəyirlər və lazımi avadanlıqla doldururlar. Yoldaşlar gündüzlər işləyir və gündəliklərini qazanırlar. Qaranlıq çöküncə həmin evə gəlir və qazancları ilə satın aldıqları yemək və meyvə-tərəvəzi və s. özləri ilə bərabər gətirirlər. Şəhərə yeni səyyah gəlmişsə, onu da yanlarına alıb, həmin evə gətirib, pulsuz-parasız yemək verərək qonaq saxlayırlar. Həmin səyyah yoluna davam edincəyə qədər onların qonağı olur. Mən dünyada bunlar kimi yaxşılıq edən, gözəl işlər tutan başqa bir adama rast gəlmədim”.
Ibn Bəttutə əxilərin xarici görünüşü, qiyafələri və geyimləri haqda da məlumat vermişdir: “Geyimləri qaba qumaşdan və çox sadədir: ayaqlarına çəkmə geyir, başlarına isə keçədən düzəldilmiş “səllə” deyilən papaq qoyurlar. Bu səllənin üst tərəfinə uzunluğu bir və eni iki qarış olan qumaş (əslində: təyləsan) bağlayırlar.
Bellərinə iki qarış uzunluğunda xəncər bağlayırlar. Onlar bir yerdə toplandıqları zaman başlarındakı səlləni çıxardıb bir yana qoyurlar. Belə hallarda başlarında takiyə kimi ipək bir araqçın qalır”.
Bu qısa məlumatdan göründüyü kimi, ƏXİLİK o zaman şəhər əsnafı arasında geniş yayılmış fəal bir fikir cəmiyyəti imiş. Ibn Bəttutə qeyd edir ki, hökumətsizliklə keçən anarxiya dövrlərində bəzi vilayətlər əxilər tərəfindən idarə edilir və xalqın asayişi təmin olunurmuş. Böyük Səlcuq imperiyasının dağıldığı bir zaman yerli dərəbəylərin artmaqda olan zülm və zorakılıqlarına qarşı şəhərli əsnafın özünü qorumaq ehtiyacından doğulan bu təşkilatlara mənsub olanlar, şübhəsiz, o dövrün fikir cərəyanını təşkil edən sufiliklə bağlı olmuşdur. Lakin digər sufilik cərəyanlarından fərqli olaraq, əxilər sadəcə olaraq, fikir və riyazət sahəsində cəmiyyətdən uzaqlaşaraq passiv bir həyat sürməmiş, dərvişlik etməmişlər; əksinə, onlar mübarizə məqsədilə təşkilat səhnəsinə atılmışlar. Əxiləri orta əsrlərdəki Yaxın Şərqin şəhərlərinə hökmranlıq edən dərəbəylərə qarşı çıxan bir növ inqilabçılar kimi qəbul edib qələmə verənlər də vardır. Məsələn, professor Bertels Nizaminin şerlərində bir növ professional inqilab təşkilatı kimi təsəvvür etdiyi əxilik düşüncəsinə uyğun gələn fikirlər tapmışdır. Professor “Leyli və Məcnun” poemasının müqəddiməsindəki “Saqinamə”dən bu sətirləri öz fikrinə şahid gətirir:
Kitabxana.az · https://kitabxana.az/en/works/resulzade-azerbaycan-sairi-nizami-nizaminin-tercumeyi-hali
Use ← → keys to move, R for a random poem
More by this author
Möhtərəm mə"buslar (deputatlar , millət vəkilləri!) ! Azərbaycan Cümhuriyyətinin ilk məclisi - məbusanını açmaq yum səadəti, siz möhtərəm mə"busları təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə müftəxərəm (fəxr edirəm),əfəndilər (alqışlar). Rusiyada zühur edən inqilabi - kəbir digər həqiqətlər arasında bir həqiqəti - bahirəni dəxi elan etmişdi. Bu həqiqət millətlərin həqqi-hürriyyət və istiqlalları idi.Rusiya inqilabı təbiətində mövcud olan ruha sadiq qalaraq təbii yolu ilə inkişaf etsəydi, millətlərin hüququnu təmin ilə muxatriyyətlərdən mütəşəkkil azad və demokratik bir Rusiyanı bir an əvvəl tə"sisedəcəkdi.O vaxt təbii idi ki, Rusiyada yaşayan müsəlmanların da həyati -siyasiləri, digər məhkum millətlərlə bərabər, başqa bir təriqdə (yolda) cərəyan edəcəkdi.Millətlər kendi (öz) müqəddəratlarının tə"yinini pək cəmimani bir surətdə Rusiya məclisi - müəssisanından gizlədilər.Fəqət Rusiyada inqilab və demokratizm namına zühur edən mə"kus (mürtəce) bir istibdad nə gibi (kimi) xarabalıqlar yaratdığını bilirsiniz.İnqilab namına hökmfərma olan anarşi və millətlərin hüquqi-elanından sonra yeridilən qatı mərkəziyyətçilik Zaqafqaziya millətlərini kəndi başlarının çarəsinə baxmağa sövq etdi.Zaqafqaziyadan Rusiya məclisi - müəssisanına intixab olunan məbuslar kəndilərini vəkil edən camaatın hüququnu Zaqafqaziya "seymini" təşkil və onu istiqlalını emməkdə gördülər. Eyni məntiq nəhayət Azərbaycan əhalisi tərəfindən seçilən vəkillərin şurayi-milli təşkilinə sövq,bu şurayi - milli Azərbaycanın istiqlalını ela etmək zəruriyyəti qarşısında qaldı.Azərbaycan İstiqlalı elan olundu (alqışlar) Bu gün əqəliyyət (azlıq) təşkil edən millətlərin nümayəndələri ilə qəzaların yeni nümayəndələri də"vət olunmaq üzrə iştə bu məclis təşəkkül edilmişdir.Bu, məclis seçki üsulu ilə toplanacaq Azərbaycan məclisi-müəssisanı toplayıncaya qədər məmləkətimizin sahibi olacaq.Burada Azərbaycanda bulunan bütün millətlərin, təbəqələrin və müxtəlif cərəyanların nümayəndəri olduğundan bu məclis vətənimizi tamamıylə təmsil edə bilər. Əfəndilər, bilirsiniz ki, bizim Rusiya camaatına qarşı heç bir ədavət və nifrətimiz yoxdur.Bezar olduğumuz Rusiya, çarizim Rusiyası istibdadır.Rusiyaya nifrətimiz Rusiya istibdadı altında inləyən Rusiya camaatınanifrət demək deyildir.Bizcə mənfurolan Rusiya , millətləri əzən və hüquqlarını verməyən rəsmi Rusiyadır.Hər millət hürr və müstəqil olmalıdır, hürr olduqdan sonra millətlərlə urək istədiyi kibi əğdi-ittifaq etməlidir (ittifaq girməlidir).Bütün dünya millətlərinin bir "cəmiyyəti-əğvam" (millətlər cəmiyyəti) vücudə gətirməsi bizim ən müəzziz (əziz) fikirlərimizdəndir.Bu "fedarosyan" cəbrlə deyil, təbii bir meyl və arzu ilə hasil olmalıdır. (alqışlar). Ərz edim ki, biz Rusya camaatının da düçar olduğu fəlakətdən qurtulmasını ürəkdən istəriz.Biz Rusiya hökümətinin həqiqi rus demokratiyası əlinə keçməsi tərəfdarıyız.Çünki Qafqasya dağlarının şimalında təşəkkül edən müstəbid vətəcavüzkar bir hökümətə biz laqeyd qala bilməriz(alqışlar).Biz Rusiyanın səadətini istəriz, Rusiya səadətini sevəriz.Fəqət kəndi istiqlalımızı da əziz tutarız. (alqışlar).Cəbrlə qəbul edilən bir şeydə qətiyyən səadət olamaz, çünki səadət hürriyyət və istiqlaldadır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil o üç boyalı bayrağı şurayi-milli qaldırmış, türk hürriyyəti,islam mədəniyyəti və müasir əfkari-əhraranəsini (azadlıq ideyalarını, demokratik fikri) təmsil edən bu üç boyalı bayraq daimən başlarımızın üstündə ehtezaz edəcəkdir (dalğalanacaqdır) (məbuslar yerlərindən qalxıyor,şiddətli alqışlar mədid bir sürətdə davam ediyor) Bən buna iman ediyorum.Bənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırıyor.Bu günəş bir daha oful etməyəcək (sönməyəcək), bən vicdani - bəşəriyyətə inanıyorum.Milliyonlarla insan bahasına vicdani-bəşər qazandığı həqiqətləri asanlıqla əlindən verəməz."Cəmiyyəti-əğvam" fikri bu gün hər kəscə qəbul edilmiş bir fikirdir.Bu buna ümid veriyor.Qüvvətlə inanıyorum ki, artıq öldürmək millətin hüququnu paymali-zəval etmək qətiyyən mümkün deyildirQaliblər də, məğlublar da millətlərin hüququ təslim edilməlidir deyirlər (alqışlar). Yaxında açılacaq cülhi-ümumi konqresdə bu fikir qətiyyən hakim olacaq.Bu gün əhvala (vəziyyətə) hakim olanlar müttəfiqlərdir.İngilis, Amerika, Fransa dövlətlərində bayraqlarında millətlər təmin hüququ və "cəmiyyəti - əğvam" şüarı yazılıbdır.Dövlətlərin Baküdə bulunan nümayəndələri naminə genral Tomson Qafqasya məsələlərinin sulhi-ümumi konqresində həll olunacağını rəsmən e"lan etmişdir. Biz azərbaycanlılar bütün mövcudiyyətimizlə kəndi müqəddaratımızı, kəndi istiqlalımızı müdafiyə və mühafizədə israr edər, səbat və mətanət göstərirsək, heç şübhəsiz ki,Azərbaycan Cümhuriyyəti paydar olur.Fəqıt bunu üçün təkrar ediyorum səbat, mətanət,fədakarlq istər.İstər ki, biz kındimizin istiqlalə layiq olduğumuzu isbat edəlim.Bu oldumu sizi təmin ediyorum ki, kimsə haqqımızı təslim etməmək cəsarətində bulunamaz.Hankı vicdandır ki,istiqlalı istəyən və ona ləyaqətini isbat edən bir milləti qəhr etsin? (alqışlar) Əfəndilər! Biz Qafqasya əğvamı ruhunda hır zaman hürriyyət fikrinin müməssili (təmsilçisi) olan "Promete" Qafqasya dağlarında zəncirbənd edilmişdi.O daimi zəncirlərini qırmaq təşəbbüsündə idi."Promete"nin ruhu bütün qafqasyanın bütün millətlərində vardır.Qafqasya millətlərinin istiqlalı və bərabərlikdə müstəqil olaraq yaşamaları bir xəyali-bə"id (uzaq xəyal) deyildir.Qardaş millətimiz olan Şimali Qafqasya,qapı bir qonşumuz ermənılər, münasibəti düstanəmiz bütün cüziyata rəğmən daimən səmimiqalan gürcülər, bizə bir çox mədəni xidmətləri toxunmuş rus camaaatının mühüm bir qismi ilə ələ-ələ verərək biz Qafqasyanının müqəddaratını bu qət"e (bölgə) üzərində yaşayan millətlıərin arzusu vəchilə təmin edə biləriz (sürəkli alqışlar, diplomasi lojalarına müraciətlə təkrar alqışlar). Əfəndilər, bən buraya qədər sizə ümidli sözlər söylədim.Buna iman ediyorum.Fəqət nəzərinizi əhvalın ağırlığına dəxi cəlb etməzsəm, vəzifəmi hüsn ifa etməmiş deməkdir.Zaman ağır gedəcəyimiz yol çoxtikanlı və arızalıdır.İlləridə bir çox müşkülat və maneələri dəxi gözə almalıyız.Bu maneəli yoları keçmək və sərmənizili - məğcudə irmık üçün siz, məbus əfəndilər, bir çox fədakarlıqlar ibraz etməli , (göstərməli ) təmsil etdiyiniz millətə səbat, mətanət göstərmək üzrəbir nümuneyi - əmsal təşkil etməlisiniz.Bu nümuneyi göstərəcək iqtidar və iste"dada malik oldunuzsa, yolun yarısı gedilmiş deməkdir. Əvət, əfəndilər, bu gün firqə ehtirasları, şəxsi - qərəzləri və bütün bu kimi Vətən və millət qayəsi qarşısında sofla qalan qərəzlər atılmalı,Vətən qayğısı və millət duyğusu hər şeydən yüksək tutulmalıdır (sürəkli alqışlar). Əfəndilər, bu gün Azərbaycanın paytaxtında məclisi - mə"busan ittifaqındayız (açılışındayıq).Azərbaycan bir atəş mənbəyidir.Vətənimiz hər zaman sinısində bir atəşi-müqəddəs bəsləməlidir.Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər, bir şöleyi ümid və iman təşkil eləməlidir.O atəş ki, bu gün də sərvət və saman (dövlət) səbəbi və baisi-təməddündür.(mədəniyyətdir).Milyonlarla ürəyi bu atəş əbədiyyən sönməz bir mə"şəl təşkil edibdə hürriyyətvə istiqlalə doğru getdiyimiz maneəli yoları işıqlandırsın!(sürəkli və mədidalqışlar
Amerikanın səsi radiosundan Azərbaycan xalqına müraciətMən Məhəmməd Əmin Rəsulzadə "Amerikanın səsi" radiosundan danışıram. Həsrətini çəkdiyimiz əziz vətənə xitab edə bilmək fürsətini verdiyi üçün buna mütəşəkkirəm. Bu Radio Birləşik Amerika Dövlətlərinin parlaq tarixini yaradan demokratik fikirlərini yayır. Bu fikirlər başlıca iki əsasa dayanır: **İnsanlara azadlıq, millətlərə istiqlal!**Bundan 33 il əvvəl, Birinci Dünya hərbinin sonunda çarlıq rejimi çökdü; Vətənimizi istila və istibadadı altında tutan Rusiya İmperatorluğu dağıldı. Azərbaycanlılar illərdən bəri gözlədikləri fürsəti ələ keçirdilər: milli və müstəqil bir cümhuriyyət qurdular.
Amerikanın səsi radiosunda Aprel işğalının 32 illiyi münasibəti ilə yayımlanan xitabBu gün Bakıda və Azərbaycanın hər bir tərəfində Sovet hökumətinin və Bolşevik partiyasının yapdırdıqları bütün yığıncaq və mərasim yerlərində Sovet Azərbaycanının istiqlal yubileyindən bəhs edilir.Azərbaycan xalqı guya ki, əsl bu gün öz müqəddəratını əlinə almış, həqiqi bir xalq idarəsi qurmuş, istiqlalına gerçəkdən bu gün sahib olmuş imiş.
Amerikanın səsi radiosundan Azərbaycan xalqına müraciətƏziz vətəndaşlar!**Bu gün sizə Azərbaycan tarixinin ən böyük günü münasibəti ilə xitab edirəm. Bundan 34 il əvvəl – 28 may 1918-ci ildə Azərbaycan Milli Şurası Azərbaycan Cümhuriyyətini qurdu və istiqlalını bütün dünyaya bildirdi. Bu böyük hadisə ilə biz, yüz il sürən çar əsirliyindən qurtulduq. Azərbaycan milləti bu gündən etibarən dünya dövlətləri arasında müstəqil bir mövqe tutmağa əzm göstərdi.