Nizaminin yaradıcılığının təkamülü
Var ikən “Məxzən ül-əsrar” əldə
Arayımmı müvəffəqlik həvəsdə?
Həvəssiz yox fəqət aləmdə bir kəs,
Həvəsnamə sevər dünyada hər kəs!
N i z a m i
Sevincdən ilham alan Nizami ədəbi mənliyini 1180-ci ildə yazmış olduğu “Xosrov və Şirin” poeması ilə tapmışdır. Buna qədər şair ruhi bir tərəddüd içində müəyyən kamilləşmə dövrü keçirmişdir.
Sənətdəki qeyd etdiyimiz özünəməxsusluq və orijinallığı tapmazdan əvvəl, Nizami ilk əsəri “Məxzən ül-əsrar” ilə tanınırdı. Kitabın ikinci hissəsində izah olunduğu kimi, “Məxzən ül-əsrar” şairin sənətindən daha çox fikirlərini göstərən bir əsərdir. Nizami “Xəmsə”nin ilk kitabı olan bu əsərini ideya baxımından çox yüksək qiymətləndirir. Mömin bir müsəlman şairin təsəvvüfə yaxınlaşan bütün fikirləri bu didaktik əsərdə əksini tapmışdır.
Didaktik “Məxzən ül-əsrar” ilə lirik “Xosrov və Şirin” arasında 17 ilə qədər bir dövr keçmişdir. Şairin tərcümeyi-halını yazanlardan bəziləri iki əsər arasında olmuş bu boşluğa diqqət yetirmişlər. Amma Nizaminin bu qədər uzun bir müddətdə nə üçün əsər yazmadığını lazımınca başa düşməmişlər. Halbuki “Xosrov və Şirin”in müqəddiməsində şair didaktikadan lirikaya keçdiyinin səbəbini izah edərkən, yaradıcılığındakı boşluq dövrünün sirrini də ifadə etmişdir.
Nizami “Məxzən”dəki əsas fikirlərini asan çatdırmaq üçün oxucuların “həvəsləri”ni oyatmağı lazım bilmişdir. Necə ki, belə deyir:
Məra çun “Məxzən ül-əsrar” kənci
Çe bayəd dər həvəs peymude rənci
Və likən dər cəhan emruz kəs nist
Ke u-ra dər həvəsname həvəs nist!
Yəni: “Məxzən ül-əsrar” kimi bir xəzinəm olduğu halda, niyə həvəs ardınca qaçım? Fəqət bu gün dünyada həvəsnaməyə meyl etməyən kimsə yoxdur!”
Oxucu zövqünün bu tələbi qarşısında təlimçi şairin poemalar yazması, məlum olur ki, heç də asan olmamışdır. Sənətkar yaradıcılıq dühasının özünəməxsusluğunu tapana qədər əməlli-başlı tərəddüd dövrü keçirmişdir. “Həvəsnamə yazımmı ya yox?” – deyə illərlə düşünmüş olduğunu təxmin etmək olar. Təzkirəçilərin başa düşə bilmədikləri sirri burada axtarmaq lazımdır. Bu barədə şair özü bizə kömək göstərir. Bunu biz onun “Xosrov və Şirin”in müqəddiməsində təəssübkeş dostu ilə verdiyi söhbətə əsasən deyirik. Bu təəssübkeş dost şairin niyyətini bildikdə narazılıq edərək demişdir:
“Sən bütpərəstlərə uyma. Zənd ilə Zərdüşt kimi əfsanəçiliyə qapılma. Tövhid qapısını döy ki, bunda məşhursan. Məcusilərin ayin və mərasimlərini niyə təzəliyirsən?”
Nizami dostunun bu acı sözlərindən “qəzəblənmiş”dir, yalnız “dilbənd” Şirinin dadlı ədalarından dostunun qulağına bir neçə kəlmə oxumuş və “toxuduğu ipək”dən ona xoşa gələn bir neçə nəqş göstərmişdir.
Daş kimi sərt olan tənqidçi bunları eşitdikdə, daşlardakı nəqşlər kimi donub qalmışdır. O zaman şair ona:
– Nə üçün susursan, afərin desənə! – demişdir.
O da:
– Yüz afərin, – deyə şairi təbrik etmiş və sözlərinə bunları əlavə etmişdir:
“Şirinin dastanını eşitdim, ağzım şirinləşdi: bütü Kəbə ilə bir araya gətirən bu sehri mütləq axıra çatdırmaq lazımdır!”
Yumşalan adam sözlərini, şairi təşviq edən bu tövsiyə ilə bitirmişdir.
“Əlində bu ucalıq və bu qiymətdə bir sənət var ikən, bu cansıxıcı yerdə nə qapılıb qalmısan? Gəncədən çıx, geniş meydanlarda aslan ovla. Atını kənarda çap və geniş dünyanı dolaş. Dünyada sənətkar yoxdur, varsa da, sənin atına çatmaz!...”
Bu hekayədə şair bizə sevinc qaynağından içdiyi ilham badəsi ilə yaradıcılığının ona şöhrət gətirən özünəməxsusluğunu necə anladığını göstərmişdir.
Bu, Nizami yaradıcılığındakı təkamülün tarixinin /simvolik/ bir ifadəsidir.
Nizami sənətkarlığının ruhunu xarakterizə edən bu hadisə Firdovsinin ədəbi həyatında baş vermiş qəribə psixoloji hadisə ilə müqayisə edilə bilər.
Didaktika sahəsindən eşq dastanlarına keçən Nizami müəyyən tərəddüd dövrünə məruz qalmışdır. Bu, başa düşülməsi mümkün olan bir hadisədir. Ədəbiyyatın daha yüksək pilləsinə çıxmaq, sənətin daha canlandırıcı havasını almaq istədikdə, şair yolu üzərində təəssübün durduğunu görüb bir anlıq duruxmuşdur. Fəqət bu, onu çaşdırmamış, getmək istədiyi yolun düzgünlüyünü qatı bir təəssübkeşə belə isbat etmişdir.
Nizamidəki bu “duruxmaq” özünü axtaran sənətkarın, tapdığı kamillik nöqtəsinə atılmaq üçün, hədəfinin üzərinə sıçramazdan əvvəl bir aslanın duruxmasına bənzəyir.
Halbuki, Firdovsi... yunanların Homeri, italyanların Vergilisi ilə bərabər, dünyanın vətənpərvərlik ədəbiyyatında adına ölməz bir şöhrət qazandıran “Şahnamə”sini bütünlüklə dəyərdən salmış və... rədd etmişdir.
Firdovsinin “Şahnamə”dən sonra “Yusif və Züleyxa” mövzusunda lirik bir poema yazdığı məlumdur. Fəqət, bu əsərinin müqəddiməsində, millətçi fars şairinin vaxtilə yazıb “Əcəmi diriltdiyinə” əmin olduğu öz “Şahnamə”sini rədd etməsini çoxları bəlkə də bilmirlər.
Halbuki, bu, bir həqiqətdir! Klassik İran ədəbiyyatı ilə məşğul olanlara maraqlı təhlil mövzusu ola biləcək bir həqiqət!
Şair “ömrünün yarısını sərf edərək, Rüstəmin adını dünyaya yaymaq dəliliyinə” son dərəcə peşmandır. O, bu “əyri yolu tərk etmiş, doğrusunu tapmışdır; bu yoldan bir daha dönməyəcəkdir”.
Firdovsi özü-özünə söz verir: “bir daha padşahlara yaxınlaşmayacaq və dastan yazmayacaq, bir daha “boşboğazlıq etməyəcək”, çünki “bütün bu dastanlar kökündən yalandır və iki yüzü bir ovuc torpağa dəyməz”.
Özünün yalanını çıxaran və ən dəyərli əsərini bütünlüklə inkar edən şairin bu ruhi dəyişikliyinin əsl səbəbini araşdırmaq ədəbiyyatşünasları dərindən maraqlandıra biləcək bir məsələdir.
Nizamidə gördüyümüz ruh bütövlüyü ilə Firdovsidəki bu dəyişikliyin səbəblərini burada araşdırmaq niyyətində deyilik; bu, bizi müəyyən etdiyimiz dairədən çıxarar. Yalnız bunu deyə bilərik ki, klassik İran şairlərindən xüsusən fars olanlara məxsus fərdiyyətçilik Nizamidə yoxdur. O, təbliğ etdiyi “fəna fillah” və “fəna filimillə” ideyalarına tam uyğun gələn, sakit, azad və fədakar bir həyat yaşamış və daim “içi” ilə “çölü” ahəngdə olan mömin bir adam olaraq qalmışdır. Şəxsi həyatında olduğu kimi, ədəbi fəaliyyətində də, Nizamidə Fordovsidəki çaşqınlıq və təzadlardan əsər-əlamət olmamışdır!..
Daş qəlbli mütəssibi belə məğlub edən “Xosrov və Şirin” ilə Nizami həqiqətən də didaktikanın dar çərçivəsindən çıxmış, həqiqi sənətin sərhəd tanımayan geniş sahəsinə atılmış, bir-birinin ardınca gələn dörd əsəri ilə “Xəmsə”ni tamamlamış və toz qonmayan böyük adını silinməz bir yazı ilə dünya ədəbiyyatı tarixinə yazmışdır.
“Məxzən ül-əsrar”ı yazarkən özünü hələ “qönçə” hesab edən şair, sevinc qaynağından aldığı ilham sayəsində açılmış təbinin yetirdiyi sonrakı əsərlərində göstərmiş olduğu “yenilik”lə, sözlərilə, həqiqətən də “qiyamət şeypuru”nun təsirini vermişdir.
Bu sahədəki müvəffəqiyyətini şair, qismən özünün Tanrı vergisi saydığı ilhamının qüdrətinə, qismən də yaradıcılığındakı metoduna borcludur.
Nizami metoduna başlıca əsas orijinal olmaq; az, amma “öz” söyləmək”; “namdar olmayınca, namzəd olmamaq”, “fələk kimi yüksələ bilmək üçün fələk kimi dayanmadan fırlanmaq” (yəni çalışmaq); “çəki ilə almaq, amma çəkmədən vermək” kimi cəhətlərdir.
Nizami öz əsərində “ildırım təki başqalarının fəlakətinə qəhqəhə çəkməkdən” qaçır, çünki o, “qığılcımı ancaq özünü yandıran bir şimşəkdir”. O, “hər tikana yas tutan bir gül, hər toxunuşundan dillənən bir teldir”. O, yanan qəlbinin “tikanlanmaqdan (“xar xordən”) tutuşan bir atəş” olduğunu zənn edir. “Dərya kimidir – eyib yuyar; güzgü deyil – eyib axtarmaz”. “Soruşulmayınca söyləməz, çünki cövhəri sındırmamaq üçün kəskini yavaşca vurur”; çünki “soruşulmamış söyləməyin, söylənmişi hədər etmək olduğunu” – bilir; “Korlara lampa tutmağı faydasız” sayır, çünki “beyin qəlbi yalnız gözlə görür”. “Sözün yalnız əks-səda verdiyi zaman faydalı olduğunu” bilən ustad, dinləyən axtarır ki, ona “elmin sirlərini təslim etsin”. Belə birisi tapılmayınca, şair, “dodaqlarının mismarlanmasını” daha düzgün sayır.
Ruhundakı doğruluqla metodundakı bu sağlamlıqdır ki, sənətkara, qırılmaq bilməyən bir inam və yaradıcılıq sevinci bəxş edir.
Əxlaq və ya eşqə aid bütün əsərlərində bu sevinc heç bir zaman Nizamini tərk etməmişdir. Şair əvvəldən axıra qədər öz mənliyinə sadiq qalmışdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/resulzade-azerbaycan-sairi-nizami-nizaminin-yaradiciliginin-tekamulu
Use ← → keys to move, R for a random poem
More by this author
Allahdan İskəndərə vəhy:**Bilərsən cahanda bütün dilləri,
Son söz“Azərbaycan şairi Nizami” barəsində nəzərdə tutduğumuz plan sona yetdi. Lakin Nizamini tamamilə anlada bildikmi? – Güman etmirəm!Böyük və dahi şair olan Nizami təbiətin bir fenomenidir. Təbiətin böyüklük, gözəllik, rəngarənglik və cazibədarlığını tamamilə qavramaq mümkün olmadığı kimi, təbiət qədər böyük və onun qüdrəti olan Nizami yaradıcılığını da tamamilə qavramaq mümkün deyildir. Təbiətin bir küll halında qavrana bilməsi bir yana dursun, onun qavranıla bilən qismini də olduğu kimi nəql və ya rəsm etmək hər adamın işi deyildir. Nə qədər gözəl qələm, nə qədər sehirli fırça, nə qədər möcüzəli tişə olursa-olsun, təbiətdəki bütün dəyərləri ifadə etməkdə acizdir. Təbiətin bir fenomeni olan şer və hikmət Nizamisini anlayıb anlatmaq da o qəbildəndir.
DirilikDirilik, iştə bir mövzu ki, səhifələr dolusu yazı yazdıra bilər...***Milli Dirilik**
Dirilik nədir?Dirilik, iştə bir mövzu ki, səhifələr dolusu yazı yazdıra bilər, fəqət biz “dirilik”i anladığımız kimi anlatmaq üçün hal-hazırda dirilik üçün olunan hərblərdən və dirilik naminə icra olunan şəttatlardan daha bəliğ bir bəyan olamaz zənnindəyiz. Dünyanın mütəməddin *(mədəni)* millətləri öz diriliklərini təmin üçün cəhənnəmi silahlarla müsəlləh olub *(silahlanıb)*, biri-birilərinin üstünə hücum ediyorlar. Nə əcaib bir tələqqi *(qəbuletmə)* ki, istədikləri kimi dirilə bilmək üçün ölümü qəbul ediyorlar. Dirilik üçün ölüyorlar. Dirilik üçün ölmək! Avropa diriliyi bu dərəcədə müəzziz tutuyor *(əziz tutur)* və ona bu qədər əhəmiyyət veriyor. Halbuki Şərqdə, ələlxüsus *(xüsusən)*, Şərqi-islamda yalqız olmaq üçün diriliyorlar. Başqalarında məqsəd dirilik isə, bizim məqsədimiz ölümdür. İştə diriliyi və dirilik fikrini avropalılar kimi anlayıb və anlada bilmək diriliyin məqsədini təşkil ediyor. Avropalılarca dirilik məhz qüvvətli olmaqdan ibarətdir. Bədənən və ruhən qüvvətli olmaq. Gərək bir insan və gərək bir millət elmən və bədənən qüvvətli olmayınca dünyada yaşaya bilmək nemətindən məhrumdur. Yaşaya bilmək üçün icabında *(lazım olanda)* yaşamağı belə fəda edə biləcək qədər, rəşid *(qorxmaz)* olan millətlərdir ki, dünyada dirilik haqqı qazanıyorlar. Müdafieyi-nəfs və mübarizeyi-həyat xassəsi zatən bütün mövcudatda *(varlıqlarda)* qoyulmuşdur. İnsan deyil, heyvanlar dəxi *(da)* öz nəfslərini müdafiə və öz diriliklərini mühafizə üçün var qüvvələri ilə çalışıyor, çarpışıyorlar. İnsanlar bilafərq *(fərq qoymadan)* millət və məzhəb düşməni — ümumiləri olan təbiətlə mübarizə etmək məcburiyyətindədirlər. Gördüyümüz mədəniyyət içində bulunduğumuz imran *(abadlıq)* iştə bəşəriyyətin təbiətlə etdiyi davalardan aldığı qənimətlərdir. Hər hankı millət ki, təbiətə qarşı icra olunan müharibədə daha bacarıqlı və daha qüvvətlidir, o millət təbiətdən alınan qənimətdən də daha ziyadə istifadə ediyor. Hələ yalqız bununla qalmayıb dünyanın nemətlərini təqsim edərkən *(bölüşdürərkən)*, diri millətlər özlərinə hər kəsdən ziyadə *(çox)* pay çıxarıyorlar. İştə bu xüsus, ümumi diriliyindən başqa insanlar arasında bir də xüsusi bir dirilik vücuda gətiriyor ki, bu xüsusi diriliklərin ən mütəkamil bir şəkli milli diriliklərdir. Millətlər qüvvətli və tərəqqi olmadıqca dirilik mənayi-həqiqi və maddisilə anlamadıqca, təbiətdən alınan qənimətlərdən hissələrinə ancaq bir qutlayəmut (mücərrəd, məlum olmayan kiçik hissə) düşər. İştə bu qutlayəmutə qənaət edən millətlər kargahi bəşəriyyətdə *(insanların işlədiyi yerlər, zavodlar nəzərdə tutulur)* ən süfla *(aşağı)* xidəmətlər ifa edən fəsil əmələlərdir *(kiçik işçilərdir)*. Neft mədənlərində çalışan “çornı raboçilər” kimi. Məncə, mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə özünə xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə ediyor ki, bir millətin ölməsi və yaxud ölgün fikirlərlə yaşaması yalqız özünün bədbəxtliyi deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil ediyor. Yuxarıda başqaları dirilik üçün öldükləri halda, bizim ölmək üçün dirildiyimizdən bəhs etmiş idik. İndi təkrar bu bəhsə ovdət edəlim *(qayıdaq)*: Biz, yəni islam aləmi və islam millətləri dinimizin sağlam əmrlərindən çox uzaqlaşaraq dünya diriliyinə qərib bir nəzərlə baxmağa başladığımız zamandan bəri başqalarından ruzəxari *(oruc tutmayan)* və onlardakı tərəqqi və imranın əsir və dəstgiri *(köləsi)* olduq, bunu etiraf etməliyiz. Bizcə, dünyanın diriliyi bir manqirə *(qəpiyə)* dəyməz. Beş gün dünyadan ötrü insan çalışmasa daha məqul bir iş görmüş oluyor. Çünki bu dirilik müvəqqətidir, burası da bir karvansaradan ibarətdir. Doğrudan da islam aləmi ilə Avropa aləminin abadlığı müqayisə edilərsə, birincisinin xaraba bir karvansaradan ibarət olduğu həman anlaşılar. Fəqət düşünməlidir ki, bu gün dünyanın ən möhkəm səngərlərini xak ilə yeksan edən *(yerlə bir edən)* topların müqabilində köhnə karvansaraların halı nə olar? Bu kimi karvansaraların insanı yaşada biləcəyindən bəhs etməyəlim. Bunlar ölümü çarçeşm *(dörd gözlə)* ilə gözləyən bir abidin *(insanın, qulun)* hüzuri-qəlbilə razi-niyazına *(duasının sirrinə)* da kafi gəlməz. Belə dünyaya bir qələm çəkib də bütün diriliyi axirət diriliyindən ibarət bilməyi, bir əmri din bilmək səlim *(doğru)* düşünülərsə böyük bir xatadır. Çünki bunun nəticəsi maddi və mənəvi bir fəlakətdir ki, dünyanı da, axirəti də bərbad edə bilər. “Əddünya məzrəətul-axirə” *(Dünya axirətin tarlasıdır)*. Məzrəəni *(tarlanı)* abad etmək lazımdır. Buna da ancaq dirilər yarar. Dirilik isə elmən, ruhən və cismən qüvvətli olmaqdan və diriliyi sevməkdən ibarətdir. Nəzərə bir az qərib gəlsə də demək istəyirəm ki, dirilik dünyanı sevməkdən ibarətdir. Mənayi xassı *(əsas mənası)* isə dünyapərəstlikdir. Diriliklərin ən qiymətlisi də milli dirilikdir. “Milli dirilik” mövzuində bir silsilə məqalat yazmağı möhtərəm qarelərimə *(oxucularıma)* vəd etməklə bərabər bu pərişan sətirlərdə yetirmək istədiyim fikri xülasə etməklə (bitirməklə) xətm məqal edəcəyəm *(məqaləni bitirəcəyəm)*. Dirilik nədir? Filosoflar və sufilər nə deyirlərsə desinlər: dirilik dünyanı sevməkdən və öz hüquq və namusunu mühafizə edə biləcək qədər qüvvətli olmaqdan ibarətdir. İştə mətbuata yeni çıxan “Dirilik” də öz milləti üçün böylə bir dirilik arzu edir.
Poems by other poets
Qarşı yatan qarlı dağlar,Dağlar, sendə qanm qaldı.
Qəzəl: Kuhi-Tur olsa səlabətdə dili-aşiqi-zarKuhi-Tur olsa səlabətdə dili-aşiqi-zar,Duymaya tabi-təcəlliyə yenə Musa var
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Bu insanlı həyatdaBu insanlı həyatdaBir insanla aran yox.