Gizli səs
Yaman öyrənmişəm sənin səsinə,Sevinc nəfəsidir üstümdən əsən.Bir ümid qırılar, bir işıq sönər,Bir çeşmə quruyar-zəng eləməsən.
Nə bir görüş vədi, nə bir umacaq.Taleyin hökmünü qıra bilmirik.Dodaqda yüz sual yaşayır ancaqBarı bircəsini sora bilmirik.
Eləcə bilirəm, ötüşməyib yaz,Varsan! Xatırlayır bir naməlum kəs.İsti qucaq açan neçə vədəbazBu vəfalı səsi əvəz eləməz.
Mənim divarlarım şüşədi bəlkə,Bəlkə bu telefon məni göstərir.Ayağım altında neçə yad ölkə,Başımın üstündə sənin gözlərin!..
Tanrı səbri varsa bu gizli səsdəOnun örtüyünü açmaq da günah,Günahdı isinmək özgə nəfəsdə,Ancaq məhv eləyib qaçmaq da günah!
Ruhun köməkçidir mənə haçandı,İşığın səpilib yoluma mənim.Namərd uçurumlar ağız açandaGörünməz əl girir qoluma mənim.
Yaman öyrənmişəm sənin səsinə,İstəyin dünyanı mənimlə gəzən.Bəlkə yol qırılar, çiyindaş itər,Bəlkə ürək susar-zəng eləməsən!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-gizli-ses
Use ← → keys to move, R for a random poem