Contents
  1. II
  2. III
  3. IV
  4. V

Page 5 of 6 · 67%

– Gəl tüfəngini al, ancaq bizə sataşma, – deyə çağırdı.

Sarı Musa tüfəngi aldıqdan sonra:

– Sənə sataşmaram, arxayın get, bu gecə vaxtında əlinə tüfəng verib, səni buradan vağzala göndərən o it oğlu Əhmədlə sabah yaxşıca danışaram, – dedi.

Araz cavab vermədi. Vanya ona:

– Sağ ol, Araz, mən səni belə bilmirdim, qoçaq oğlanmışsan, – dedi.

Araz:

– Mən hələ heç bir qoçaqlıq göstərməmişəm. Mənim ata-babam xalqı talayan bu quldurlarla ömrü uzunu qoç kimi döyüşmüşdür. Bizi talayan azdırmı? Mən isə onlara hələ heç bir şey etməmişəm.

Hər ikisi qaranlıq gecənin dilsiz sükutu və çiyinlərini əzən baltanın altında uzaqlaşıb gözdən itdilər.

IV

Araz çalışqan, zəhməti sevən, öz qüvvət və məharətinə inanan ciddi və iradəli bir cavan fəhlə idi. Onu heç bir iş qorxuda bilməzdi. Hər zaman iş üstünə bir atlı kimi çapar, işin bağrını yarardı. Mədən işlərinə olan böyük həvəsi sayəsində o artıq ən təcrübəli bir usta olmuşdu.

Araz hər zaman könlünü xoş tutar, kədər və sıxıntıya əsla yol verməzdi. Evdə daş oynadır, qarşısına çıxan olursa güləşir, arabir tay-tuşu ilə birlikdə dovşan, quş və balıq ovuna gedirdi. Onun boru kimi gurlayan səsini, pərdə-pərdə yüksələn şən qəhqəhələrini eşidənlər heyrətlə: “Kasıblıq sənin ürəyinə yol tapmayıb” – deyirdilər.

Araz sadəcə gülümsəyərək:

– Mənim ən böyük düşmənlərimdən biri elə kasıblıqdır. Kişi düşmənə öz ürəyində yer verməz. Ölüncəyə qədər nə kasıblığın, nə də onu mənə calayanların qabağında əyilməyəcəyəm, – deyə cavab verirdi.

Lakin babası Atabalanın faciəli ölümü və anası Anaxanımın vəba xəstəliyindən vəfat etməsi Arazın şən simasına dərin bir kədər pərdəsi çəkmiş, onun daxili aləmində bir fırtına doğurmuşdu. İndi o, mehriban ana nəvazişindən, ana qayğısından məhrum olmuşdu. Ona atalıq edən adam yanında deyildi.

Atabalanın ölümü lap qəflətən oldu. Bir axşam o, evə arabasız qayıtmışdı. Araz təəccüblə:

– Baba, araban hanı? – deyə ondan soruşdu. Atabala gülə-gülə:

– Oğlum, arabaçılığı atdım, – deyə cavab verdi. Bu hadisə Arazı çox sevindirdi; çünki babası yüz yaşını çoxdan keçmiş, sağlam və çalışqan olduğuna baxmayaraq, ömrünün xəzan yeli onun vücudunu qurutmağa, qocalıq nişanələri özünü göstərməyə başlamışdı. Araz dəfələrlə babasına: “Baba, sən qocalmısan, daha sənin işləməyinə razı deyiləm, otur evdə, bir az rahatlan” – deyə yalvarmışdısa da, babası razı olmamışdı. İndi onun öz razılığı ilə işdən çıxması Arazı çox sevindirdi.

Arazın bu qədər sevindiyini görən Atabala əsil həqiqəti ona nağıl etdi:

– Oğlum, mənim canım işlə bərkiyib, mən işsiz qala bilmərəm. Yay, qış bu mədənlərdən şəhərə arabayla nöyüt daşımaq zəhmətli işdir. Gəlirim ancaq heç özümü də görmür. Dünən ramanalı Süleyman yanıma gəlmişdi. Ramanada şaxta quyu qazdırır. Yaxşı da haqq verir. bu gündən onun quyusunda işləyirəm.

Araz atası Balakişinin neft quyusunda qaz partlayışından öldüyünü eşitmişdi. Babasının şaxta neft quyusunda işləməsi ona atasının qaz partlayışından öldüyünü xatırlatdı. Onun üz-gözü dumanlandı, qaşları çatıldı. Kəskin bir səslə:

– Baba, mən səni şaxta quyularda işləməyə qoymaram, – dedi. Bu qoca vaxtında sənin başına bir iş gəlsə, mənim ürəyimə sağalmaz bir yara açar, mən buna razı deyiləm.

Atabala bir an düşündü, sonra başını qaldırıb:

– Oğlum, – dedi, – suqabı suda sınar. Mənim canım Balakişinin canından artıq deyil ki! Sən heç dərd çəkmə.

Araz babasının əlini əlləri içinə alıb, çox yalvardı, fayda vermədi. Uzun sürən danışığın nəticəsi bu oldu ki, Atabala bu quyunu qazıyıb işə saldıqdan sonra əl quyularında işləməyəcəyinə söz verdi. Araz istər-istəməz razı oldu.

Atabala quyunu iyirmi metrə qədər qazmışdı. O gün quyunun orta tərəfi əyilib qarın salladığını gördü. Quyu sahibi Süleymana: “Quyunun yanlarını taxta ilə bərkitmək lazımdır” – deyə, xəbər verdi. Süleyman əyilib quyuya diqqətlə baxdıqdan sonra:

– O qədər də əyilməyib, qorxusu yoxdur, ehtiyat edirsənsə, bərkidərik, – dedi.

Süleyman öz sözündə durmayıb, günü-günə satırdı.

Atabala bu gün yenə Süleymanla sözə gəlib, quyunun bərkidilməsini ondan ciddi surətdə tələb etdi. Onların səsinə, yaxındakı qonşu fəhlələr və qazmaçılar da toplandı. Atabala üzünü onlara tutub:

– Ay adamlar, insafla deyin, indi bu quyuya düşüb işləmək olar? – deyə soruşdu.

Qazmaçılar əyilib quyuya baxdıqdan sonra:

– Bu quyu qarın sallayıb, indicə uçacağam, deyir. Ancaq canından keçən adam girib burda işlər, – deyə bir ağızdan cavab verdilər.

Atabala:

– Mən canımdan keçməmişəm! – deyə qəti etiraz edib, işləmək istəmirdi.

Süleyman dil-dodağını çeynəyərək:

– Müftə işləmirsən ki, şərtimiz var, pul alacaqsan, – deyirdi. Çarəsi kəsildikdən sonra Süleyman arabaçıya üç-dörd araba gil gətirmək üçün pul verdi. Sonra üzünü Atabalaya tutub:

– İndi arxayın oldunmu? – dedi. – Sabahdan quyunun yanları bərkidiləcək, bir günümüz itməsin, əgər kişisən, sözümü yerə salma, bu gün də işlə!

Süleyman ona çox minnət etdi. Atabala istər-istəməz quyuya düşüb, qazmağa başladı. O, acıqlı olduğu zaman çox sürətlə işləyirdi. Hətta o qədər sürətlə işləyirdi ki, torpağı quyudan çarxla çıxaran fəhlə onunla ayaqlaşa bilmirdi, alnından axan təri silə-silə:

– Atabala, yaman acıqlanmısan, acığını qara torpaqdan alırsan, – deyirdi.

İş qızğın surətdə davam edirdi. Fəhlə ağzına qədər basa-basa doldurulmuş bağaranı quyudan çıxarırkən, şiddətli bir gurultu qopdu. Gurultunun şiddətindən o, qorxu içərisində sürətlə geriyə çəkildi.

Bağara, üstünə enən torpağın təzyiqi ilə sürətlə quyuya tərəf gedir və bağaranı çəkən atı geriyə çəkə-çəkə çarxın altına tərəf sürükləyirdi. Özünü itirmiş fəhlə qabaqca arxası çarxın altına girmiş, əlləri havada oynayan atı çarxın altından çəkib çıxardı. Sonra tez quyuya tərəf qaçdı. Quyu uçmuş, heç qazılmamış kimi ağzına qədər torpaqla dolmuşdu. Fəhlə gözləri yaşarmış halda boğuq bir səslə:

– Yazıq Atabala!.. O da oğlu kimi torpağın altında qaldı. Elə bil ürəyinə dammışdı... – deyə başını aşağı saldı.

...Atabalanın faciəli ölümündən bir neçə həftə sonra Bakı kəndlərində vəba xəstəliyi başlandı. Həkim üzü görməyən bu yerlərdə yoluxucu xəstəlik sürətlə yayılıb, çoxlu qurbanlar aldı. Anaxanım da bu qurbanlardan biri oldu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets