Bir arı allı-əlvanlı bir çəmənlikdə çiçəyə qonub şirə sorurdu. Həmin çiçəyin o biri budağına da bir kəpənək qonmuşdu. Xortumu ilə çiçəyin şirəsini əmirdi. Arı tez-tez kəpənəyin yanından uçub o biri budağa qonurdu. Bundan rahatsız olan kəpənək dedi:

– Ey, o kobud ayaqların, o qalın qanadlarınla mənim yanımdan keçmə! Qızıl, gümüş xallı qanadlarımın bəzəyini pozarsan!

Arı ona cavab vermədi, çiçəkdən-çiçəyə qonmaqda davam etdi. Bu dəfə arı kəpənəyin yanından uçub keçərkən kəpənək yenə acıqlandı:

– Ey, sən bu zəhlə tökən vızıltını kəs, başım, beynim getdi. Görmürsən şirə əmirəm?

Arı vızıldayaraq cavab verdi:

– Ey xeyirsiz böcək! Xallı qanadlarınla çox da öyünmə. Mən çiçəklərdən şirə çəkib bal tuturam, onu bütün el yeyir, səndən kim bir fayda görmüş?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets