Pirin kəraməti
İyun ayının isti bir səhəri idi. Dar bir cığırla sıx ağacların altından kiçik bir təpəyə dırmanırdıq. Dostum Ağabəy: “Burada sənə göstərəcək maraqlı bir yer vardır” – deyib, daha sürətlə irəliləməyə başladı.
Yoxuşu çıxdıq. Təpənin lətif otlarla döşənmiş seyrək ağaclı döşü ilə yeriyir və dostumun mənə göstərəcəyi maraqlı yerin nə olduğunu görmək üçün tələsirdim. Fəqət bu təpədəki incə, pərişan gözəllik məni o qədər məşğul etmişdi ki, hər şeyi unutmuşdum. Ətrafımızdakı fındıq, zoğal ağaclarına sarılmış yabanı üzüm və böyürtkən kollarının iri yarpaqları buranı sərin və yaşıl kölgəliyə çevirmişdi. Otların, çiçəklərin gözəl qoxusu yaxındakı yeni biçilmiş tarlaların ətrinə qarışdığından insan. ətrafı bürüyən rayihədən doymurdu. Arabir müxtəlif ağacların budaqları arasına sığınmış quşların cikkiltisi, kəsik-kəsik fəryadı eşidilirdi.
Dostum bu yerləri birinci dəfə görürmüş kimi əllərini heyrətlə bir-birinə çırpdı:
– Bura ki, quşlar məskənidir... Gör nə qədər quş var! Bax, yarpaqların arasına sığınmış sarı çiçəyə bənzəyən o quşcuğazı görürsənmi? Nə qədər şux, nə qədər gözəldir! bütün lətafət və incəlikləri özündə toplamış olan gözəllik tanrısını xatırladır. Diqqət et, təbiətin ən nəşəli bir zamanında yaranmış olan bu kiçik məxluqda nələr yoxdur?! O həm şair, həm də gözəl bir bəstəkardır. Kaş ki, biz də bu quşlar qədər məsud olaydıq, qanadlanaraq, qarşıdakı uca dağların başındakı buludlara qarışaydıq!
– Yox, dostum, mənim üçün bura daha xoşdur, çünki o rütubətli buludlar içində bu rəng və lətafəti, zövq və səadəti tapmazsan! – dedim.
O, səmimi gülümsəyərək, ətrafı bir daha heyrətlə süzdü:
– Doğrudan, başqa aləmdir – dedi. Sonra əlimdən çəkərək:
– Gəl, gəl... dediyim yerə çatırıq – deyə məni özü ilə bərabər aparmağa başladı. Qocaman bir iydə ağacının altında dayandıq. Dostum iydə ağacının nazik və uzun budaqları altında olan köhnə bir qəbri əli ilə göstərərək, heç bir söz demədi. Ağacın budaqlarına bir çox əlvan iplər, müxtəlif rəngli parçalar, xırda daş, kəsək bağlanmış və bir neçə beşik asılmışdı. İydə ağacı çox qəribə, əsrarəngiz bir görkəm almışdı.
– Bunlar nədir? – deyə soruşdum.
– Bu iplər nəzir sahibləri tərəfindən bağlanmış, beşiklər isə doğmayan qadınlar tərəfindən asılmışdır – dedi.
Hər ikimiz bir an susaraq, o ağacı və köhnə qəbri nəzərdən keçirtdik. Xəyalımız ibtidai dövrlərdə yaşayan babalarımızın köhnə adət və etiqadlarını gözümüz önündə canlandırdı. İxtiyarsız olaraq: “Əcəba, biz hansı dövrdə yaşayırıq?” – deyə heyrət içində dostumun üzünə baxdım. O da eyni tövrlə:
– Daş dövründə! – deyə cavab verdi.
Bu zaman qəbrin baş tərəfində qoyulmuş yuvarlaq və şaquli şəkilli bir neçə daş gördüm, xoşuma gəldiyindən bir-ikisini götürdüm. Dostum əlimi tutaraq:
– Nə edirsən? Bunları götürmək olmaz! – deyə səsləndi.
– Nə üçün?
– Pir qəzəb elər, xəstələnərsən.
– Səndəmi bu xürafata inanırsan?
O gülümsəyərək:
– Yox canım, sən məni nə zənn etdin? Ancaq cahil adamlar daşlardan birini əlimizdə görsələr, qiyamət qopararlar – dedi.
Mən daşları yerinə qoydum. bir qədər iydə ağacının altında dayanıb, mövhumatın şüuru necə zəhərlədiyini düşündüm. Qəzəbdən danışa bilmirdim.
Dinməzcə yolumuza davam etdik.
Meşədəki dərin sükutu quşların civiltisi, bir də bizim ayaq səslərimiz pozurdu. Dostum əlini çiynimə qoydu. O, iri ala gözlərini üzümə dikərək:
– Sənə uzun, həm də çox qəmli bir əhvalat söyləyəcəyəm – dedi.
Beş-on addım getdikdən sonra yeni bir qəbir daşı yanında oturdu. Onun qaşları çatılmış, üzü dumanlanmış, gözlərindəki parlaqlıq sönmüşdü. Bir dəqiqə qəbri həzin baxışlarla süzdükdən sonra:
– Mənim ən yaxın, ən səmimi dostum Əhmədin qəbridir, – dedi. – Olduqca həssas, namuslu bir gənc idi. Təhsili az olsa da, çox istedadlı bir cavan idi. Rustov kəndində pristavın bütün dəftərxana işləri onun əlindən gəlib-keçirdi. Hər gün axşamlar görüşüb, günümüzü xoş keçirərdik. Bu gözəl insanın ancaq böyük bir qüsuru vardır, bir fikir və iradə sahibi deyildi. Görüşdüyü adamların təsirinə tez qapılar, onların fikir və mühakimələrini dərhal mənimsərdi. Axırda da bu iradəsizliyinin qurbanı oldu. Dostumu qısaca xarakterizə etdikdən sonra onun başından keçən faciəni sənə nəql edim:
– Mühüm bir iş üçün on gün müddətinə Qubaya getmişdim. Oradan da Bakıya getməli idim. Səfərim zənn etdiyimdən çox uzun sürdü. Yaşadığımız Rustov kəndinə döndüyüm zaman dostumu görmək üçün evinə getdim, heç kəsi görmədim. Qapılar, pəncərələr bağlı idi. Oradan bir baş işlədiyi idarəyə getdim. məmurlardan birisi Əhmədin sətəlcəm olduğunu və müalicə üçün haraya isə getdiyini söylədi. Bu xəbər məni çox peşman etdi. Pərişan halda evə qayıtdım. Axtarıb tapmaq istədim, lakin harada olduğunu qəti surətdə öyrənə bilmədim. Hərə bir söz deyirdi. Birisi Xaçmaz xəstəxanasında yatdığını, bəziləri də şəfa üçün pirə getmiş olduğunu söyləyirdi. Üç gün sonra dostumun ağır səfərdən qayıtdığını eşitdim. Dərhal yanına getdim. Mən içəri girəndə o, yataqda idi. Görüncə heyrət etdim.
Söhbətin bu yerinə çatanda Ağabəy əziz dostunun qəmli taleyini xatırlayaraq, dərin bir kədər hissi keçirirdi. O danışdıqca səsi də yavaşıyır və qəmli bir ahəng alırdı. Ağabəy sözünə davam edərək dedi:
– O sağlam vücudlu adam az zaman içərisində əriyərək o qədər dəyişmiş, o qədər kiçilmişdi ki, tanıya bilmədim. Simasındakı o rəng, təravət, gözlərindəki o nur sönmüş, yanaq sümükləri çıxmış, gözlərinin hədəqələri çuxurlaşmış və ətrafını dərin, qara bir dairə sarmışdı. Elə tutulmuşdum ki, dörd-beş dəqiqə danışmağa iqtidarım olmadı. Çaşqın-çaşqın üzünə baxırdım. Nəhayət, bir az özümü toplayaraq dedim:
– Sənə nə oldu? Gedirkən sap-sağlam qoyub getmişdim.
O zəif bir səslə:
– Soruşma, qardaşım, soruşma, dərdim böyükdür – dedi.
– Xəstəliyin nədir?
– Əvvəlcə sətəlcəm.
– Sonra?
– Sonra da axmaqlıq...
– Bakıda həkimlərə özünü göstərdinmi? Onlar nə deyir? O, acı-acı gülümsəyərək, başını yastıqdan bir az qaldırdı.Çuxur və qaramtıl bir dairə içində sönük-sönük parıldayan gözlərini üzümə dikərək heyrətlə:
– Bakıya!.. İnsan oraya müalicə üçün gedər? Mənim orada nə işim!
– Bəs sən haraya getmişdin?
Zavallı cavan qəlbinin içindən vurulmuş kimi inlədi. Bəlğəmdən boğazını təmizlədikdən sonra həzin bir səslə:
– Mən ata-baba qaydası ilə “Pirhəsən”dən şəfa istəməyə getmişdim, – dedi.
Əhməd mənalı gözlərini üzümə dikdi. Əti getmiş və ancaq dəri ilə sümük qalmış əlləri ilə yorğanı üstündən qaldırdı, mum kimi ərimiş vücudunu başdan-ayağa süzdükdən sonra:
– Bax, pirin şəfa və kəraməti belə oldu. Sağ getdim, ölü qayıtdım – deyə yenə yorğana sarındı.
– Bəs indi necəsən, tamam sağalmısanmı?
Amansız öskürək dostumu söz söyləməyə qoymurdu. O, bir az sakit olduqdan sonra başına gələnləri qısaca mənə nəql elədi.
– Səni görəndən üç gün sonra soyuqdan bərk xəstələndim. Düz on beş gün yatdım. Sağaldıqdan sonra yenə işə gedirdim. Amma xəstəlik məni lap üzmüşdü. Özümü çox yorğun, halsız hiss edirdim. Nəşəm qaçmış, yeməkdən qalmışdım. Mənim bu halım anama pis təsir edirdi. Bir gün dedi: “Oğul, sən nə vaxtacan belə qalacaqsan? Gəl sözümü eşit, səni “Pirhəsən”ə aparaq. Orada qurbanımızı kəsək, şəfamızı istəyək, sən o pirin kəramətini bir gör. Bu naxoşluğu elə orada qoyub gələcəksən”. Mən qəti surətdə rədd etdim. Bu zaman xalam da gəldi. O da sözə qarışıb, iki bacı məni danlamağa və pirin kəramətinə inandırmağa çalışdılar. Mənim iradəsizliyimi bilirsən. Qısası, zor-güc məni razı elədilər. Mən: “bir şey qazanmasam da, bir şey itirməyəcəyəm, heç olmasa kiçik bir səyahət edərəm” deyə, ertəsi gün yola çıxdıq. O gün “Pirhəsən”ə çatıb qurbanımızı kəsdik, ziyarət etdik, şəfamızı dilədik, o gecə orada qalmalı olduq. Həmin gün ətrafdan əlli nəfərə qədər zəvvar gəlmişdi. Qadın və uşaqdan ibarət olan bu dəstə içərisində yalnız beş kişi var idi ki, o bədbəxtlərdən biri də mən idim. Gecəni arabanın içində yatdım.
“Qurban ətidir” deyə kabab çox yemişdim, daha doğrusu “şəfadır”, deyə yedirtmişdilər. Səhərə qədər gözlərimi yummadım. Çox narahat idim. Yalnız səhərə yaxın bir saat yata bildim. Gözlərimi açdığım zaman gördüm ki, mücavir zəvvarları başına yığıb “Pirhəsən”in kəramətindən uzun-uzadı söyləyir, onlar da heyrətlə mücaviri dinləyirlər. Mücavir “Pirhəsən”in kəramətlərini söyləyib bitirdikdən sonra: “Bunun böyük oğlu da mürşüd və kəramət sahibi bir şəxs olmuşdur – dedi, – məzarı da, bax, bu yaxındadır. İndi ki, gəlmisiniz, onu görməmiş getməyin, sizdən narazı qalar”.
Camaat istər-istəməz haman pirə doğru hərəkət elədi. mücavir də onlarla gedə-gedə haman pirin möcüzələrindən nağıl etməyə başladı. Təxminən əlli nəfər bir cığırla gedirdik. Mücavir durdu. Əli ilə göstərərək:
– Bax, bu cığırla gedin. Haman pirin mücavirləri qarşınıza çıxar və nə edəcəyinizi sizə deyər. Amma gedərkən gözünüzə meşədə əcaib şeylər görünəcək, qəribə səslər eşidəcəksiniz. Əsla qorxmayın. Mənim bundan irəli getməyə haqqım yoxdur – deyə geri döndü.
Biz meşənin içinə yayılıb, yavaş-yavaş irəliləyirdik. Başımız üzərində qocaman, yüksək ağaclar iri-iri budaqlarını sallayaraq, bizimlə əylənirmiş kimi dururdu. Hər kəsdə bir qorxu və dəhşət vardı. Hava durğun və dumanlı idi. Ağacların ən yüksək budaqlarında bir yarpaq belə qımıldanmırdı. hər tərəf səssiz idi. Bu səssizliyi yalnız bizim ayaq səslərimiz, cırcıramaların cırıltısı və yaxın gölməçələrdəki qurbağaların qurultusu pozurdu.
Gözlərimizi meşənin qalın çalı və kollarına dikərək gedir və dəli kimi səksənirdik. İrəlidə bir səs qopdu. qalın bir kol dibindən bilmirəm tülkümü, ya dovşanmı qaçdı. Bu aralıq birdən-birə zəvvar qafiləsinin dönərək, həyəcanla bağıra-bağıra bizə tərəf yüyürdüyünü gördüm. Arvad, uşaq bir-birinə qarışaraq, bir-birinə sarılaraq elə bağırırdılar ki, sanki bir dəstə quldur üzərlərinə güllə yağdırırdı. Dəhşətdən vücudumu isti bir tər basdı. Ayaqlarım titrəməyə başladı. İçlərində kişi az olduğundan müdhiş bağırtı ilə hamısı bizə doğru gəlirdi. Tüklərim ürpərdi, gözlərim qaraldı. Ayaqlarım artıq hərəkətdən qaldı, başım dumanlandı. Hər kol, hər daş, hər yarpaq gözümüzə bir vəhşi kimi görünür, qulaqlarımızda getdikcə əcaib səslər və gurultular artırdı. Özümüzü toplayacaq, düşünəcək bir halda deyildik. Bağıra-bağıra mən də geriyə doğru qaçdığımı xatırlayıram. Sonra nələr olduğunu bilmirəm. Ayıldığım zaman özümü meşədə deyil, Xaçmaz xəstəxanasında gördüm. Bir şəfqət bacısı başım üstündə durub, qaşıqla ağzıma dərman tökürdü. Mən vəhşi kimi durub qaçmaq istədim. Hər şey gözümə qəribə görünürdü. Tam bir həftə əsəbi hal keçirtdim. Özümü bir qədər yaxşı hiss etdikdən sonra məni xəstəxanadan çıxartdılar. Gəlirkən həkim sonuncu dəfə olaraq məni müayinə etdi. Sonra diqqətli baxışlarla məni süzərək: “Xəstə, sən bərk qorxmusan, səndə vərəm xəstəliyi sürətlənir. Onun qarşısını almaq lazımdır. Ye, iç, istirahət elə!” – dedi.
Dostum Ağabəy sözünü burada kəsərək, qəmgin-qəmgin düşünməyə və əli ilə məzar daşını oxşamağa başladı.
– Bəs sonra nə oldu? Dostun Əhməd nədən vəfat etdi? – deyə soruşdum.
O, başını qaldırdı və qızarmış gözlərini üzümə dikərək, cavab verdi:
– Əsil fəlakət sonra üz verdi. Gündən-günə soldu, mum kimi əriməyə başladı. Mən çox çalışdım, onu Bakıya apardım, ən məşhur doktorlara göstərdim. Öz pulu ilə xəstəxanaya yerləşdirdim. Kəndə dönərkən:
– Qardaşım, – dedi, – sən çox zəhmət çəkdin. Doğma qardaşın etmədiyi yaxşılığı sən mənə etdin. Ancaq bu yaxşılıqlarının əvəzini verəcəyimə ümidim yoxdur, zira ki, bu xəstəliyin pəncəsindən qurtulmayacağam.
Ona çox təsəlli verdim.
Dostum yenə söhbətini kəsdi, gözlərini qəbrə dikərək qaldı.
– Sonra nə oldu? Oradamı vəfat etdi?
– Yox, bir ay sonra xəstəxanadan: “Xəstəniz ümidsizdir, gəlin aparın!” – deyə teleqram aldım. Getdim, gətirdim. O, artıq skeıletə dönmüşdü. Çox zəhmətlə gətirdim. İki həftə sonra vəfat etdi.
Dostum sözünü bitirdikdən sonra yaşlı gözlərini bir müddət qəbrə dikərək qaldı. Sonra qəbrə işarə edərək, titrək bir səslə: “Nə qədər gözəl insan, nə qədər yaxşı dost idi! Onu məndən “Pirhəsən” ayırdı” – deyə mənalı-mənalı mənə baxdı. Sonra əlini şiddətlə məzar daşına çırparaq:
– Bax, budur pirin kəraməti! – deyə qəzəblə bağırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-pirin-kerameti
Use ← → keys to move, R for a random poem
More by this author
Səhnə Səfər bəyin bağçasını təsvir edir.*Bağban** (bağı suvara-suvara oxuyur).
Kimdir haqlı?İki pərdəli mənzum komediyaL.N.Tolstoydan iqtibas
Birinci pərdəSəhnə Azərbaycan kəndlərinin birində əkinçi Rüstəmin evini təsvir edir. Gülsənəm,*qızı Fatıya cehiz hazırlayır. Sadə, fəqiranə döşənmiş bir otaqda iməci qadınlar oturub*
İkinci pərdəRüstəm qapı ağzında bir kötük üzərində oturub çubuq çəkir, anası Qəmər*bir tərəfdə palaz salıb cəhrə əyirir. Gülsənəm, əlində matraq,*
Poems by other poets
Ömrüm ah-vay ilə keçdi dünyada,Həsrət qaldım, əlim yara yetmədi.
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Yeddi tuman, yeddisi də zəncirəYeddi tuman, yeddisi də zəncirə,Qorxum budu dal qapıdan xan girə.
Dərd üz verib, nitqim söylər kalamıDərd üz verib, nitqim söylər kalamı,Bəlkə, sözüm yatanları oyada.