Səhnə Səfər bəyin bağçasını təsvir edir.

Bağban (bağı suvara-suvara oxuyur).

Şor yerlərdə bar olmaz,
Hayva, alma, nar olmaz.
Cibi dolu zalımdan
Yoxsullara yar olmaz.
Həsən qoltuğunda xoruz gəlir. Xoruz birdən banlayır.

Xoruz. Quqquriqu!.. Quqquriqu!..

Bağban (Həsəni görüncə). Ey, kimsən, nə edirsən?

Həsən. Heç, bir iş üçün gəlmişəm.

Bağban. Sənə burda iş tapılmaz. Yoxsa xoruzu da bəyə rüşvət gətirmisən.

Həsən. Xoruzumu? Onu heç dədəmə də vermərəm.

Bağban. Elə isə burdan tez get, yoxsa xoruzu əlindən alarlar, özünü də döyərlər.

Həsən. Döyə bilməzlər, xoruzum qoymaz.

Bağban. Oho... demək o qədər qoçaqdır? Burda elə canavarlar var ki, xoruzunu diri-diri udarlar.

Həsən. Uda bilməzlər, boğazlarında qalar. Bu sən bilən xoruzlardan deyil.

Xoruz. Quqquriqu!.. Quqquriqu!..

Bağban. Xoruzun doğrudan da qəribə xoruzdur. Di, gəl daha get, sənə burda iş olmaz.

Həsən. Mən iş istəmirəm, bir işim var, deyirəm.

Bağban. Nə işin var?

Həsən. Bəyin mehtəri Aslanı görmək istəyirəm.

Bağban. Sən onun nəyisən?

Həsən. Dostu.

Bağbanın qızı Sona gəlib onları dinlər.

Bağban. Onu görə bilməzsən, dustaqdır.

Sona. O qədər döymüşlər ki. (Gözlərini silər)

Həsən. Baba, bu kimdir?

Bağban. Qızımdır. Bəyin evində qulluq edir. Beş ildir xəstədir.

Həsən. Xəstəliyi nədir?

Bağban. Ürəyi tutqundur, açılmayır.

Həsən. Bəs nə zaman açılacaq?

Bağban. Kim bilir.

Kərim bəy daxil olur. Bağban qızı ilə gedir.

Kərimbəy (Həsənə). Ey, sən kisən?

Həsən. Mən?

Kərimbəy. Sən!

Həsən. Mən?

Kərimbəy. Sən, sən!.. De görüm burada nə eləyirsən?

Həsən. Mən?

Kərimbəy. Sən, sən tez ol, uzatma!

Həsən. Məni soruşursan?

Kərimbəy. Səni soruşuram, cavab ver, axmaq! (Ayaqlarını yerə çırpır)

Həsən. Bəyi görəcəyəm.

Kərimbəy. Bəyin vaxtı yoxdur. Xörəkdən sonra rahatlanır.

Həsən. Yoxsa sən bəyin aşpazısan?

Kərimbəy (acıqlı hücum edərək). Sus, alçaq! Mən bəyin qardaşıyam, anladın?

Həsən. Anladım.

Kərimbəy. Bu xoruz sənindir?

Həsən. Mənimdir.

Kərimbəy. Yağlı xoruzdur, bu plov başına yaxşıdır. Ver bura!

Həsən. Yox, verə bilmərəm, onu mənə nənəm bağışlayıb.

Kərimbəy. Hər kəs bağışlayıb, mənə gərək deyil, sənə ver deyirəm. (Xoruzu almaq istər, xoruz onu dimdiyi ilə tutar) Vay, vay! Burax məni yaramaz!

Həsən. Bu xoruzu sənə verə bilmərəm.

Kərimbəy. Vay, vay, burax məni, yoxsa...

Salman (tələsik daxil olur). Nə var, nə olub?

Kərimbəy. Koxa, koxa, tez ol məni bu xoruzun əlindən qurtar!

Salman (yüyürüb Kərim bəyi qurtarmaq istərkən, özü də ona yapışır). Vay, vay...

Kərimbəy. Ədə, ayağımı əzdin, sən məni qurtar deyirəm!

Salman. Ay bəy, mən də yapışdım.

Kərimbəy. Burax məni, qolumdan neçin tutursan?

Salman. Mən sizi tutmamışam.

Həsən (xoruzun başını oxşayaraq). Qoçaq xoruzum sən beləsənmiş?

Xoruz. Quqquriqu!.. Quqquriqu!..

Kazaklar gəlirlər.

Kərimbəy. Tez olun, tez olun, məni qurtarın!

Kazaklar. Bəyi neçin tutmusan? Çəkil heyvan! (Hamısı yapışırlar) Vay, vay...

Kərimbəy. Sizə nə oldu?

Kazaklar. Biz də yapışdıq.

Kərimbəy. Bu nə bəla xoruzdur. (Həsənə) A gədə, bir mənə bax! Bu xoruzunu götür, rədd ol burdan get!

Həsən (gülür). Ha... ha... gülməli işdir. Hamısı zəncir kimi bir-birinə bağlanıb. (Həsən gedir. Onlar da arxasınca qaçırlar)

Kərimbəy. Heyvan, ayaqlarımı əzdin.

Salman. Sən də bəy, qabırğalarımı qırdın...

Bəyin arvadı Yetər, qızı Badam gəlirlər...

Yetər. Ay Kərim, bu nə oyundur?

Kərimbəy. Yaxın gəl, gör nə oyundur.

Badam. Böyük kişilərə bax, uşaq kimi atılıb-düşürlər.

Yetər (kazaklara). Çəkilin, çəkilin oynamağa adam tapdınız.

Badam. Rədd olun! (Hər ikisi yapışır)

Yetər. Vay!

Badam. Mən də, vay! (Həsən gülə-gülə qaçır. Bəy gəlir, Kərim bəy onu görüncə)

Kərimbəy. Bəy də gəlir.

Səfərbəy. Bu nə oyundur? Nə üçün atılıb düşürsünüz?

Kərimbəy. Bizdə taxsır yoxdur. Bu xoruz bizi oynadır.

Səfərbəy (arvadını çəkib). Ay arvad, dəli olmusan? Sən nə üçün bu it-qurda qarışmısan? (bəy də yapışır). Vay!

Həsən (qaça-qaça bu şeri oxuyur və hamısı onun arxasınca yüyürür).

Başına dönüm can xoruz,

Ey sənə qurban xoruz.

Mən oxuyum, sən oynat,

Zalımları yırğalat.

İnsan deyil, canavar,

Aciz gördümü, yırtar.

Yırtar, boğar, acımaz,

Bunlar tülküdən qurnaz.

İnsanlığın düşmanı,

Yoxsulların qaplanı.

Zəli kimi əmər qan,

İnsanlarda qoymaz can.

Bəyin suçu daha çox,

O başdır, bunlar quyruq.

Ver xoruzum buyruğu,

Oynat başı, quyruğu.

Tutqun könül açılsın,

Dərdlər, qəmlər qaçılsın.

Bağban və qızı Sona gəlir.

Sona. Bay... Siz oynayırsınız? Yoxsa sizi oynadırlar?.. Ha... ha... ha! (qəhqəhə ilə gülür)

Bağban. Qızım, sən gülürsən? Nə böyük səadət.

Sona. Hələ Badama bax, necə oynayır.

Həsən (Bağbana). Get Aslanı dustaqdan çıxar, gəlsin, xoruzumun divanını görsün.

Sənəm (gəlir). Pəh, pəh, əcəb tamaşadır.

Həsən. Qoçaq xoruzum, bax nənəm də gəldi. Nənə, xoruzuma bax, gör necə divan kəsir.

Sənəm. Yerində divan kəsir, oğlum, zülüm yerdə qalmaz!

Səfər bəy. Qarı, biz nə etmişik ki, bu cəzaya layiq olduq?

Sənəm. Onu sən məndən yaxşı bilirsən.

Kərimbəy. Nənə, amandır, bizi qurtar!

Sənəm. Bu xoruzun işinə mən qarışmıram.

Kərimbəy. Uf!

Səfərbəy. Ax!

Yetər. Ux!

Aslan və bağban gəlir.

Həsən. Aslan, gəl, gəl! Xoruzumun gücünü gör!

Aslan. Əcəb tamaşadır.

Xoruz. Quqquriqu!.. Quqquriqu!..

Aslan. Ux, can!..

Sona. Banla, səsinə qurban!

Həsən gülə-gülə səhnədən çıxar və onlar da onun arxasınca bir-birini basa-basa
gedirlər. Sənəm, bağban, Sona və Aslan arxalarından gülə-gülə baxırlar.

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets