Birinci pərdə
Səhnə yol ətrafında kiçik bir meşəni təsvir edir.
Kiçik ağaclar, kollar.
Həsən (yırtıq paltarda, əlində dəyənək çiynində bir çuval gəlir). Yoruldum. Hava nə qədər istidir. (Çuvalı yerə atıb bir kötük üstündə oturur) Mədəndən də qovuldum. Heç bir yerdə iş də vermədilər. (Çuvaldan çıxardığı çörəyi kəsib yeyərkən ayaq səsi duyur. Diqqətlə baxdıqdan sonra) O kimdir? Dos-doğru bura gəlir. (Ağac altında gizlənir)
Aslan (daxil olur, qorxa-qorxa ətrafa baxdıqdan sonra). Burada gizlənmək olar. (Oturur) Amma tapsalar, qulaqlarımdan başqa, başım da gedəcək.
Həsən (yavaş-yavaş ona yaxınlaşıb birdən). Sən kimsən, eloğlu?
Aslan (diksinib qalxır və heyrətlə ona baxır). De görüm, sən kimsən?
Həsən. Mən? Mən işdən qovulmuş bir işçi!
Aslan (ürəkli). A... ha!.. Mən də bəyin qəzəbindən qaçan bir xidmətçiyəm.
Həsən (yaxınlaşıb). Bəyin qəzəbindən qaçan?
Aslan. Bəs, bəy qəzəbindən qaçan!.. Zalım oğlu, qulaqlarımı kəsdirmək istəyirdi.
Həsən. Nə üçün?
Aslan. Nə üçün? Onu sormazlar ki. Kefi belə istəyir.
Həsən. Hər halda səbəbsiz deyil!
Aslan. Doğrudur, səbəbsiz deyil. Bəyin, çər dəymiş, bir kəhər atı var. Həmişə deyər ki, bu ata yaxşı bax!.. Hakimin adamları bu atı səhərdən minib qan-tər içində gətirdilər. Atı gəzdirdim, tərini soyutdum. Qaşovladım. Sonra axura bağlayıb qabağına arpa, saman tökdüm. At yemədi. Yerə yıxılıb zarımağa başladı. Tez gedib baytar çağırdım. Ata baxıb, dedi: buna çara yoxdur, at qançır olubdur. Bəy əhvalatı bildi. Məni çağırıb dedi: sənə deməmişəmmi ata yaxşı bax!.. O at ölsə, qulaqlarını kəsdirəcəyəm. Gördüm at ölür. Başımı götürüb qaçdım.
Həsən. Aha... belə!..
Aslan. Bəs, belə... Məni tutmaq üçün adam göndərəcək. Heç bilməyirəm neyləyim?
Hə sən. Qorxma, tapa bilməzlər.
Aslan. Onlar qurd kimi iy bilirlər, evin yoxmu, bir neçə gün məni saxlayasan?
Həsən. Yox... Mən də yurdsuz, yuvasız adamam. Fabrikdə bir kiçik daxmam var idi, onu da əlimdən aldılar. Yaşamaq üçün bu yaxın kəndlərə gəlmişəm.
Aslan. Yavaş, ayaq səsi gəlir... bax, onlardır, məni gördülər.
Salman. Tapmışıq, gizlənmə, çıx meşədən!
Kazak. Yaxşı yerdə əlimə düşmüsən. Gəl, qabağıma düş, gedək!
Aslan. Mən gedə bilmərəm.
Salman. Bəyin atını qançır edib öldürə bilirsən?!
Aslan. Mənim nə günahım, atı hakimin adamları qançır etdi.
Kazak. Çox danışma, bəy səni çağırır, gəl kişiyə cavab ver, bu at nə üçün öldü?
Həsən. Yox, o gedə bilməz.
Salman. Sən kimsən?
Həsən. Mən? Mən bir işçi.
Kazak. Ay adam, tez ol çıx, yoxsa...
Aslan. Yoxsa... bah... qorxdum. Siz məni tutub apara bilməzsiniz.
Salman. Canını da alarıq.
Aslan. Hünəriniz var, gəlin, tutun.
Həsən (qollarını çırmalayıb əlində dəyənək hücum edər kimi). Gəlin, gəlin!
Salman (kazaka). Nə üçün durub baxırsan?
Kazak. Görmürsən, kişi ölümü gözü altına alıb. Heç kəsdən qorxmayır.
Aslan. Gəlin, gəlin, Aslanın qolunun gücünü görün.
Salman. İnad etmə, gəl gedək. Bəlkə bəy səni bağışlayacaq.
Aslan. Aldada bilməzsiniz. O qan çanağını mən yaxşı tanıyıram.
Salman (kazaka). Sən sağdan, mən soldan. Haydı gəl! (Hücum etmək istəyir)
Həsən. Qorxma, biz də iki nəfərik. (Hücum edər kimi) Burax gəlsinlər.
Kazak. Ey adam, sən qarışma!
Salman. Nə durursan, hərəkət et!
Kazak. Görmürsən gözləri ac qurd kimi işıldayır.
Aslan. Sizin gözünüz də qorxaq tülkü kimi oynayır.
Danışıq və ayaq səsləri
Kazak. Ada, bizimkilər gəlir... Bizimkilər gəlir.
Salman. Gəlin, gəlin, xaini yaxalamışıq.
Kazaklar yaxınlaşır
Kazaklar. Koxa, nə üçün durub baxırsınız? (Tüfəngləri Aslana doğru uzadaraq) Ey, meşədən çıx!
Aslan. Durun! Daha təslim oluram. (Aslan irəli gəlir)
Həsən. Yox, təslim olma!
Salman. Əllərini bağlayın! (Kazaklar Aslanın qollarını bağlayır) Haydı gedək!
Gedirlər.
Həsən (kötüyün üstündə oturub onların arxasınca baxdıqdan sonra). Apardılar.
Məktəblilər müəllimləri ilə bərabər əllərində çiçək tənəzzöhdən
dönərək bu nəğməni oxuyurlar.
Məktəblilər
Bu ölkədə nələr yoxdur, baxsana!
Hey mədəndir diqqət etsən hər yana.
Yüksəldikcə sənət, bilik bayrağı.
Qızıl olur bu yurdun daş, torpağı.
Bir gün gələr hisli, paslı kənd-şəhər,
Təmizlənər, şəfəq kimi gülümsər
Zülmdən, cəhldən qalmaz bir nişan
İnqilabla doğar yeni bir cahan!
Həsən (məktəblilər gözdən qeyb oluncaya qədər arxalarından məmnun baxışlarla baxar və son beyti təkrar edər).
Zülmdən, cəhldən qalmaz bir nişan,
İnqilabla doğar yeni bir cahan.
Sənəm qoltuğunda bir xoruz gəlir və Həsənə yaxınlaşınca xoruz banlayır. Həsən
diksinib ayağa qalxır.
Xoruz. Quqquriqu... quqquriqu!..
Sənəm. Salam, oğlum.
Həsən. Əleykəssəlam nənə.
Sənəm. Nə düşünürsən, oğlum?
Həsən. Heç nənə!
Sənəm. Üz-gözündən görürəm, dərdli adama bənzəyirsən.
Həsən. Nənə, indicə bəyin adamları kasıb bir kəndlini tutub apardılar, onu düşünürəm. Yoxsullar üçün yaşayış çox çətin olub.
Sənəm. Doğru deyirsən oğlum, bax, acından ayaqlarım yeriməyir. Yeməyə bir, şeyin varmı?
Həsən. Var, nənə, var. (Çuvaldan bir parça çörək və pendir çıxarıb verir) Al nənə, ye!
Sənəm. Sağ ol, oğlum, sən əli, ürəyi açıq və sadiq adamsan. Al, mən də bu xoruzu sənə bağışlayıram. Ancaq bu adi xoruzlara bənzəməz, məzlumlara dost, zalımlara düşməndir.
Həsən (xoruzu alıb başını oxşayaraq). Zalımlara bu xoruz nə edə bilər?
Sənəm. Dimdiyi ilə onları bir dəfə tutdumu, buraxmaz.
Həsən. Əcəb xoruzdur, nənə, deyəsən mənimki gətirdi.
Sənəm. Bu intiqamçı xoruzdur. Al, get bəyin yanına, gücünü sına.
Həsən. Sağ ol, nənə, gedib o kəndlini qurtaracağam.
Sənəm. Get, oğlum get! (Sənəm meşəyə, Həsən isə yola doğru gedir)
Həsən. Qoçaq xoruzum, vuruşqan xoruza bənzəyirsən. Gedək, görüm məzlumları zalımların pəncəsindən necə qurtarırsan.
Xoruz (gedərkən). Quqquriqu!.. Quqquriqu!..
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-intiqamci-xoruz-birinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qaşı cəllad, gözü yağıYatıb oyanmaz, oyanmaz.
Cahan bağında, ey bulbul, Nigari kimi yar olmazCahan bağında, ey bulbul, Nigari kimi yar olmaz,Mənim tək sinəsi gul-gul bulunmaz, dağidar olmaz.
آمان اللاه یِئنه شیطان گلیب ایمان آپاراقُورویون قُویمایون ایمانوزی شیطان آپارا
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın