Page 1 of 2

Bir pərdəli dram

ƏHLİ - MƏCLİS

Kamil – 20 yaşında gənc tələbə. Mütəfəkkir, xəyalpərvər
Kamal – 50 yaşında qocaman müəllim
Xəluq – şair, 40 yaşında
Cəmil – Kamalın qardaşı, 30 yaşında
Ülkərxanım – Kamilin anası, 40 yaşında
Əhməd – Kamilin kiçik qardaşı, 13 yaşında
Pəri – nurani bir qız
Teleqrafçı

Kamil (“Həyati-müxəyyəl”ə ya “Hilal üzərində yeni dünya” kitablarını bir-bir göstərib). Bunları hər zaman oxuduqca, hissiyyatım o qədər coşur, ruhum, qəlbim o qədər dəyişir ki, bu aləmdən tamamilə uzaqlaşıb, özümü başqa bir həqiqət və ziya aləmində hiss edirəm. Oraları dolaşır, oraları seyr edir və saatlarca dalıb gedirəm. O zaman qat-qat duran buludları nurlu əllərilə yırtaraq, işıq və gözəllik heykəlinə bənzər bir pəri qarşımda zahir olur. Yavaş-yavaş ta ora qədər yaxınlaşır. Ona yaxınlaşmaq istədikcə uzaqlaşır və əllərilə buludların arxasını göstərərək “aradığın oradadır” deyə, o alıcı qara gözlərini üzümə dikərək gülümsər, o gülümsədikcə mühitimi bürüyən pərdə-pərdə kəsif hava yırtılır, önümdə sənələrdən bəri ona yetişmək üçün can atdığım o həqiqət aləmi, o işıq dünyası görünür. Biixtiyar yerimdən fırlar, oraya qoşuram. (Sol tərəfdəki söyüdlər arasından bir pəri zahir olur, qırmızı şəfəqlər içində haman qayib olur) Odur, bax, dan ulduzu kimi doğur... Of, yenə də söndü, getdi... getdi...

Cəmil. Yazıq sənə, Kamil, bu kitablar sənin beynini və ruhunu zəhərləmiş. At, at bu kitabları, oxuma. İnsan bu qədər hissiyyata qapılmaz. Hiss və xəyal insanları hər zaman aldadır. O həqiqət və işıq dünyası dediyin xəyalın yaratmış olduğu mövhumatdan başqa bir şey deyildir.

Kamil. Unutma ki, hər həqiqət xəyaldan doğar. İnsanların xəyal sandıqları bir çox həqiqət bu gün aramızda bütün əzəməti və böyüklüyü ilə təcəlli etməkdə deyilmi? Yox, mən bu dünya üçün doğulmadım.

Cəmil. “Mənim ruhum genişdir, bu dünya ona dar gəlir” deməkmi istəyirsən? Bunların hamısı xəyalın və hissiyyatın aldadıcı nümayişləridir. Sən həqiqəti yalnız məişətdə ara və onu təminə çalış!

Kamil. Təmin nəyə deyirsən? Kəndim üçün uca saraylarmı, möhtəşəm ehramlarmı yapdırım? Ömrümün ən dəyərli saatlarını ləhvi-ləəbə, eyş və işrətəmi fəda edim? Sən bunu bəxtiyarlıqmı sanırsan?

Cəmil. Yazıq sənə, o qoca müəllim Kamal da sənin ruhunu azca zəhərləməmiş, onun sənin üzərində böyük təsiri olduğunu bilirəm. Kamil, ona çox da uyub aldanma. (Yaxınlaşaraq) Bilirmisən, müəllimlər bəşəriyyətin qurbanlarıdır. Onlar bəşəriyyətin səadəti üçün çalışıb-çapalarkan, bir kərə də onların kəndi həyat və məişətlərinə dönüb baxsana! Allah üçün, bu yaşamaqmıdır? Yox, yaşamaq deyil, sürünməkdir! Bu məişətin bu ağırlığı onlarda ancaq bir ümid və xəyal doğurmuş və onunla kəndilərini təsəlli edirlər. Şairlər də elədir, sən gəl at bu kitabları, oxuma!

Kamil. Yanılırsan, dünyada ən ziyada sevdiyim və ən səmimi hörmət və məhəbbət bəslədiyim ancaq şairlər və müəllimlərdir. Biri mənim dimağım, biri qəlbimdir, onlar mənim iki qanadımdırlar. (Müəllim Kamal və şair Xəluq dışarıdan) Kamil evdəmidir? (Qapı ağzında ailə xalqından birisi) Evdədir. (Qonuşurlar)

Cəmil. İştə iki qanadın. (Qalxaraq) Onlara sarıl da, həqiqət və işıq aləmini ara bul. Onlar gəlmədən sovuşayım, sağ ol!

Kamil. Günəşdən xoşlanmayan yarasalar kimi gözlərin qamaşmadan sovuş...

Cəmil (gedə-gedə). Onlar sənin ağlının nurunu əyə bilər.

Kamal və Xəluq daxil olur. Cəmil gedir.

Kamil. Oh, nə böyük səadət! Sizi gördüyüm zaman ruhumda, dimağımda və hissiyyatımda başqa bir hal və inqilab hiss edirəm. Ta çocuqluğumdan bəri içimdə doğurmuş olduğun qığılcım böyüyüb alovlanır. Onunla bütün bu kainatın pisliklərini yıxıb yaxmaq, bu kiçik zəif qollarımla kürreyi-ərzi qoruyub bir an hərəkətdən durdurmaq, sonra onun məhvərini dəyişdirib istədiyim kimi dolandırmaq istəyirəm.

Kamal. Kamil, sən bu dünya üçün deyil, başqa bir aləm üçün yarandın.

Kamil. Bunu mən də hiss edirəm. Mən iştə bu dünya üçün yaranmışam. Bura qovuşmaq, burada keçinmək istəyirəm. (Kitabı göstərir)

Kamal. Yanılmırsan, bu gün kainat hiss ilə yaşar. Yer üzündən hissiyyatın qalxdığı gün həyat sönmüş və qiyamət bərpa olmuş deməkdir. Hissiyyatı tərbiyə edən, insanlarda eşq və ümid doğuran şairlərimizdir. (Xəluqə işarə edir)

Xəluq. Dimağındakı oyanıqlığı və fəaliyyəti sənə bəxş edən müəllimlərdir. (Kamala işarə edər)

Kamil. Demək ki, siz mənim iki qanadımsınız. Onlarla havalanıb göylərdəki al şəfəqlərə qədər yüksəldikdən sonra gecə-gündüz düşündüyüm həqiqət və işıq aləminə atıla biləcəyəm.

Kamal. Səadət uzaqlarda deyil, evin içindədir. Onu əldə etməyə çalış! Bir də, o həqiqət doğmuş, sizlər onu yalnız ikmala çalışacaqsınız.

Kamil. Mən aradığım həqiqət aləmini daha parlaq görmək istərəm.

Xəluq (kitabları göstərir). Bu əsərlər səni aldatmasın. Haman həqiqət aləmi buradadır.

Kamal. O həqiqət aləmini siz gənclər yaratmalısınız!

Kamil. Nə surətlə?

Kamal. Pislikləri qaldırmaqla, bu fikrə gəncliyi hazırlamaqla. Bu yolda sizə həqiqi yardımçı şairlər olacaqdır.

Xəluq. Bu həqiqətə sizi həqiqi müəllimlər yetişdirəcək.

Kamal. Ən ağır olan icra vəzifəsi sizin üzərinizə düşəcək. Ona görə də sarsılmaz bir əzm, səbat və iradəyə malik olmalısınız.

Kamil. Göylərin günəşləri, ulduzları əriyib bir yerə tökülsə, yerlərin vulkanları, ümmanları göylərə axsa, cəhənnəmi atəşlər, göylərə qədər yüksəlmiş dağlar, dərin uçurumlar, yaxıcı qum çölləri önə çıxsa, məni əzm və iradəmdən döndərməz.

Kamal. İncə və mühüm bir məsələ daha vardır. Bilirmisən nədir?

Kamil. Əskiliyi yıxıb-yaxmaq.

Kamal. O pək qolay bir işdir.

Kamil. Daha nə ola bilər?

Kamal. Ən mühüm məsələ əskiliyi yıxıb-yaxmaq və yeniliyi yaratmaq üçün nə şərait ilə çalışmaq və buna nasıl yaxlaşmaq məsələsidir. Həyati-ictimaiyyəsində inqilab yaratmaq istədiyin xalqın dilinə, dininə, adət və ənənəsinə, tarixinə və əhvali-ruhiyyəsinə gözəlcə aşina olmaqdır. Yalnız bu surətlə müvəffəq olur və yaratmaq istədiyin aləmin əsas qanunlarını pək ehtiyat ilə tədricən qura bilərsən. Yenə deyirəm, dilini, əhvali-ruhiyyəsini bilmədiyin xalq içinə soxulma. Onların daxili, xarici işlərinə qarışma, zira ki, sənin orada çalışman indiki zamanda xeyirdən çox ziyan verər. Sonda daha fəna nəticələr törədə bilər. Oralarda özlərindən sizə həmfikir gənclər yetişdirməyə çalış; çünki lalın dilini nənəsi bilər.

Xəluq. İncə bir məsələ daha vardır. Şərq millətləri əsrlərdən bəri məhkum bir millət olub əsarət altında yaşamaqdan bıkmış və o hakim millətlərə qarşı onların qəlbində intiqam diləyi, fikri oyanmışdır. O hakim millətlər bu gün nə qədər mələk kisvəsinə bürünsələr də, Şərq onlara inanmaz. Yaşadığı məmləkətə bağlı olan şərqlilər onu hər kəsdən qısqanır və onu müdafiə üçün heç bir şeydən çəkinməz.

Kamal. Həqiqət aləmini doğrudan-doğruya yaratmaq üçün həqiqi müəllimlər yetişdirmək, ali-tali darülmüəllimlər açmaq lazımdır.

Xəluq. Kamil, sən özün gözəl müəllim ola bilərsən. O həqiqətə yetişmək üçün bundan sadə, bundan qısa yol yoxdur.

Kamal. Bu fikrə mən də, mən də şərikəm. Sənin kimi yenilik ruhunu daşıyan gəncləri müəllim görmək istərəm.

Kamil. Məmnuniyyətlə qəbul edərəm. Oh, nə gözəl bir fikir. Bu fikri mənə verdiyinizdən dolayı sizə indidən izhari-təşəkkür edərəm.

Kamal. Qəbul etdiyin təqdirdə ali darülmüəlliminə girməlisən.

Kamil. Nə surətlə?

Xəluq. Bir teleqraf çək. Həm də gecikmə, indi yaz! (Qalxarlar) Cavab gəldiyi təqdirdə getmədən əvvəl bir daha görüşərik.

Kamil. Şübhəsiz! Gedirsiniz? Yenə məni yalqız buraxırsız?

Kamal. Artıq yalqız deyilsən. Sağ ol! (Gedirlər)

Kamil. Sağ olun! Siz mənim yolgöstərən ülkərlərim! (Bir teleqraf yazıb diplomlarını çıxarır və ərizəni oxuyur. Kiçik qardaşı Əhməd daxil olur)

Əhməd. Qardaş, yemək hazırdır. Atam deyir gəlsin.

Kamil. Söylə mən ac deyiləm. Yemək yeməyəcəyəm, yorğunam, yatacağam. (Teleqrafı ona uzadaraq) Əhməd, bu teleqrafı çapık çək də gəl. (Əhməd alıb gedər. Kamil gəzinə-gəzinə) Uca bir fikir, müqəddəs qayə... Ah, həqiqət aləmi, sənə yetişmək üçün hər fədakarlığa qatlaşacağam! (Düşünür) Yorğunam, bir yatım. (Yatağa girir, bir az sonra yuxu görməyə başlayır. Yavaş-yavaş qaranlıq çökür) Oy, boğuldum, qaranlıq... (Əllərini havada oynadır; səhnə qaranlıqlaşır. Kamil yataqdan çıxır, röyasında kəndisi də iştirak edir və hər əlində bir kitabla qaranlıqları qovur) Dəf olunuz, ruhumun, dimağımın düşmənləri! Sizin üçün mənim qəlbimdə və yaşadığım mühitdə yer yoxdur. (Səhnə yavaş-yavaş qırmızı şəfəqlərlə aydınlaşır) Mən aydınlığa, işıq dünyasına aşiqəm, ona qovuşmaq, orada yaşamaq ən son diləyimdir. (Pəri zahir olur) İşıq dünyasının adı çəkilincə bu gözəllik pərisi önümə dikilir. Of, nə qədər gözəl, nə qədər dilbər!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

X

Axşamüstü idi. Adamlar sirkin kassası qarşısında toplanıb bilet alırdılar. O gecə yeni və gözəl nömrələr göstəriləcək idi. Xasay bilet almaq bəhanəsi ilə adamların içərisinə soxulmuşdu. Ancaq çox çalışdı, bir şey bacarmadı, axırda onu “xuliqan” deyə dümsükləyib qovdular. Xasayın bazarı tutmamışdı. Bir tərəfdə durub qəmli-qəmli düşünürdü. Bu zaman yaşlı bir qadın əlində sirk bileti onun yanından keçərkən Xasay bileti onun əlindən alıb qaçdı. Qadın arxasınca bağıra-bağıra qaldı... İçəridə oyun başlanmış, qadın getmişdi... Xasay biletini göstərib içəri girdi.Gecikmiş tamaşaçılar qapı ağzında toplanıb tamaşa edirdi, Xasay onların arasına soxuldu. Bu zaman təlim verənlərin birisi eşşəyin qulağından tutub səhnəyə gətirdi. Kiçik bir stol qarşısında durdular. Təlim verən üzünü tamaşaçılara tutub dedi:

19351 min
XI

Kamil müəllim hər axşam zəhmət kommunasında həbsə məhkum edilmiş gənclərə dərs verirdi. Bir axşam da sinfə girəndə Xasayı burada gördü. Kamil müəllim təəccüb etmədi. Çünki o, hər şeydən xəbərdar idi. Odur ki:– Oha... Köhnə dostum, bizim zəhmət kommunamıza xoş gəlmisən, səni çoxdan gözləyirdim – deyə Xasaya yanaşdı.

19356 min
XII

Xasay yenidən məktəbə qəbul edilmişdi. Kamil isə onu bir an gözdən qoymur, onu dərsə, məktəbə maraqlandırmaq üçün hər şərait hazırlamışdı. Kamil müəllimi ancaq Xasayın ailə həyatı düşündürürdü. O, bilirdi ki, Xasayın ailə həyatında yeniliyə və yaxşılığa doğru bir dəyişiklik olmasa, istedadına güvəndiyi Xasayı istədiyi kimi bir vətəndaş yetişdirə bilməyəcək. Halbuki Xasaydan gələcəkdə çox şeylər gözləyirdi. Bu arzusuna qovuşmaq üçün hər şeydən əvvəl Xasayın anası Badamı tərbiyələndirmək, yeni həyatın bütün şəraiti ilə onu aşna etmək istəyirdi. O indi yalnız bunu düşünür, bunun üçün çarələr axtarırdı.Xasayın pozulmuş əxlaqı hələ tamamilə əvvəlki halına gəlməmişdi. O, yenə sinifdə arabir bəzi qaba hərəkətləri ilə dərsə mane olub müəllimləri və yoldaşlarını incidir, intizamı pozurdu. Qoca müəllim Mirzə Rəhimin şikayətləri yenə başlamışdı. Kamilə arabir şikayətlənib: “Bu nədir, bu xuliqanı yenə nə üçün məktəbə gətirdiniz? Bilmirəm nə üçün bu qədər ona yapışmısınız? Ondan adam olsa mən bu bığlarımı kəsdirərəm” – deyirdi.

19355 min
XIII

Xasay hər gün məktəbdən evə döndüyü zaman halı dəyişirdi. Bir gün evdə yalqız olduğundan artırmada durmuş, gözlərini pəncərədən bağçaya dikib düşünürdü. Atası sağ olduğu zaman bağçada bərabər çalışdıqları xoşbəxt günlər, sinifdə birinci əlaçı olduğu, atasının ölümü, anasının Rəcəbə ərə getməsi, bu quldurun təsiri ilə azğın yollara sapıb işıqlı, uca göylərdən bataqlığa düşməsi – bütün bunlar kino lenti kimi bir-bir onun gözləri önündən keçirdi. Bu acı xatirələr içində onun ruhuna işıq, qəlbinə sevinc verən heç bir şey yox idi. Yalnız ruhunu oxşayan, səmimi məhəbbət bəsləməyə başladığı sevimli müəllimi Kamil idi. Düşündükcə, Kamil müəllim onun gözləri önündə böyüdükcə-böyüyür, canlı bir heykəl kimi qarşısına dikilib ona: “Qorxma, sənin fitri istedadını inkişaf etdirmək üçün bütün qüvvə və iradəmi sərf edəcəyəm” – deyirdi.Xasay düşüncələrlə bağçaya çıxdı. Bağça əvvəlki bağça deyildi, alaq basmış, su verilməmiş olduğundan çiçəklər solmağa başlamışdı. Xasay o solğun çiçəklərə baxıb acı-acı gülümsədikdən sonra: “Atam sizi beləmi becərirdi?” – dedi. Sonra qollarını çirmələyib bağçanın alağını etdi, təmizlədi, süpürdü, tam iki saat çalışdı. Vəzifəsini bitirmiş olan adamlara məxsus bir tövrlə bağçaya bir də baxdı. Bu dəfə bağça ona bambaşqa göründü.

193512 min

Poems by other poets