Həqiqətə doğru
Page 2 of 2 · 50%
Şəfəqlər sökərkən öpüşlərindən,
Yaranmış ağ, pənbə yanağın sənin!
Çiçəklər açarkən gülüşlərindən,
Xəlq olmuş o qönçə dodağın sənin!
Mehtabda ulduzlar oynar, uçarkən,
Yamacda ceyranlar ürküb qaçarkən,
Qaranlıq gecələr sövda saçarkən,
Doğmuş zülfün, gözün, buxağın sənin!
O süzgün baxışlı bayğın gözlərin,
Can alıb, can verən çapğın gözlərin,
Könlümə salıbdır yanğın gözlərin,
Eşq ocağıdır iki qaynağın sənin!
Pərilərə sordum – çiçək dedilər,
Çiçəklərə sir açdım – mələk dedilər.
Ay, ulduz, ülkərdir, gündür – dedilər,
Nəsən? Heç verən yox sorağın sənin!
(Pəriyə yaxınlaşıb) Ey gözəl pəri, söylə kimsən? Hər zaman mənə bir dost kimi görünürsən, bunu gözünün baxışlarından, dodaqlarının gülüşlərindən anlayıram. Qaliba mənə bir çox söz söyləyəcək, sirr açacaq kimi görünürsən. Söylə kimsən? Artıq məndə səbr və taqət qalmadı. Bəşəriyyətin böyük idealı, işıq və həqiqət dünyası eşqinə, söylə!
Pəri. Mən sənin kimi həqiqətpərəst, inqilab ruhu daşıyan gənclərin sevgilisi, bəşəriyyət idealıyam.
Kamil. Bəşəriyyət idealı? (Ayaqlarına qapanmaq üçün yıxılır)
Pəri. Qalx, əlin əlimə yetişmək üçün ən əvvəl içərini, dışarını təmizləməlisən. Saf vicdan və kəskin bir iman qazandığın gün işıq dünyasında görüşəriz. (Əllərilə buludlardan mütəşəkkil dağın başını göstərir. Dağın başı qırmızı şəfəqlərlə örtülmüşdür)
Kamil (heyrətlə baxaraq). Orası həqiqət dünyasımıdır?
Pəri. Bu dağ kimi görünən qara buludları yırtıb atdıqdan sonra həqiqət dünyasına yetişmək mümkündür. Oranı görmək istərsənmi?
Kamil. Hay, hay! Oraya qovuşmaq üçün min canım olsa, əsirgəməm.
Pəri. Elə isə arxamca gəl.
Səhnədən çıxırlar, səhnə qaranlıqlaşır, o biri pərdə açılır. Səhnə solu ağaclıq bir şə-
həri təsvir edər: uca imarətlər, müəllimlər sarayı, şairlər sarayı, alimlər sarayı, fəh-
lələr sarayı, əkinçilər sarayı. Hər tərəfdən şəfəqlər saçılır. Pəri zahir olur. Kamil
onun arxasınca heyrətlər içində ufaq-ufaq addımlarla irəliləyir.
Kamil. Ah, sənələrdən bəri uğrunda çırpındığım həqiqət dünyası! (Səhnə qaranlıqlaşır. Kamil yatağında. Səhnə aydınlaşır) Oh, ey işıq, həqiqət aləmi!.. Nə qədər gözəl, nə qədər dilbərsən! Nə qədər bəxtiyaram! (Oyanır, heyrətlər içində) Eyvah, mən nerədəyəm? Gördüklərim röya imiş? Uf! (Durub gəzişir) Nə qədər bəxtiyar idim! Kaş ki, oyanmaya idim, ömrümün sonuna qədər o röya aləmində yaşaya idim. (Düşünür. Teleqrafçı qapını döyür) Kimdir o? Girin!
Teleqrafçı (daxil olur, teleqrafı uzadır). Sizə teleqram var.
Kamil (açıb oxuyur). Kamil! Darülmüəlliminə qəbul olundunuz. Teleqramı alınca hərəkət ediniz! (Geniş nəfəs alaraq) Vaxtı öldürmək haramdır, bu gün hərəkət etməliyəm. (Kitablarını toplamağa başlar)
Teleqrafçı. Mən getməliyəm, bu kağıza imza ediniz. (Kamil eşitməz, əlində teleqram çıxır)
Teleqrafçı. Bu adama nə oldu, çıldırdımı? (İskamyaya oturur)
Kamil (validəsi özü ilə daxil olur). Ana, mənim getməyimə, mənim bəxtiyarlığıma heç mane olma, məni bu əzmimdən heç bir qüvvət döndərə bilməz!
Ülkərxanım. Oğlum, kaş sən xoşbəxt ol! İndi ki getməyi...
Teleqrafçı. Lütfən bunu imza edin, mən gedim.
Ülkərxanım. Bu nə deyir? Kamil?
Kamil. Ay... Siz hənuz buradasınız? Bağışlayasınız, sizin vaxtınızı aldım. (İmzalayıb verir) Bağışla... (Teleqrafçı çıxır. Kamil hazırlıqda davam edir. Kamal və Xəluq daxil olurlar)
Kamil. Mənim rəhbərlərim, xoş gəldiniz. Həyatımın işıq və qaranlıq günlərində hər zaman önümdə sizi görürəm. Bu gün bəxtiyaram. (Teleqramı göstərir) Gedirəm.
Kamal. Təbrik edirəm, Kamil!
Xəluq. Tofiq dilərəm, Kamil!
Kamil. Sağ olun, mənim vicdanımın iki qanadı.
Ülkərxanım. Bu fikri Kamilin başına, görünür ki, siz qoymusunuz?
Kamil. Çocuqluqdan bəri hər fikrimi mənə verdikləri kimi.
Ülkərxanım. Yaxşıdır, səni də öz günlərinə salmışlar.
Kamal. Biz nasılız, həmişirə?
Ülkərxanım. Necə olacaqsınız? Dünyada mən sizlərdən bədbəxt adam tanımıram.
Kamil. Onlar necə bədbəxt ola bilər ki, bütün dünya işığı onlardan alır.
Kamal. Biz necə bədbəxt ola bilərik ki, minlərlə Kamil kimi uca fikirli gənc yetişdirdik? Minlərcə Kamil kimi övladımız var?
Kamil. Bundan böyük bəxtiyarlıq nə ola bilər? Kaş mən də sizin qədər müvəffəq ola biləydim.
Xəluq. Daha çox müvəffəq olarsan.
Kamil (saata baxaraq). Vaxt yetişdi, ayrılmaq zamanı gəldi.
Kamal. Qalx gedəlim. Biz də səni moqifə qədər təşyi edərik.
Kamil. Zəhmət olar, mən razı deyiləm.
Xəluq. Xoşdur. (Qalxarlar)
Kamil (anası ilə öpüşür). Sağ ol, anacığım! Darıxma, səbr elə.
Ülkərxanım. Allaha tapşırdım, oğlum. Sağ-səlamət gələsən.
Çıxırlar. Ülkər əlindəki kasadakı suyu ardlarınca atar, bir qədər həsrətlə baxar. Səh-
nə bağlanır və qaranlıqlaşır, pərdə qalxar. Kamil, əlində çamadanı, Ali Darülmüəlli-
min binasının önündə durub oxuyur.
Kamil. Azərbaycan 1-ci Ali Darülmüəllimini. (Müəllimlərdən birinə təsadüf edər) Tələbəyəm, Darülmüəlliminin yolu haradandır?
Müəllim. Bu nərdivanlarla ən üst qata qalx!
Pərdə.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-heqiqete-dogru
Use ← → keys to move, R for a random poem
More by this author
Axşamüstü idi. Adamlar sirkin kassası qarşısında toplanıb bilet alırdılar. O gecə yeni və gözəl nömrələr göstəriləcək idi. Xasay bilet almaq bəhanəsi ilə adamların içərisinə soxulmuşdu. Ancaq çox çalışdı, bir şey bacarmadı, axırda onu “xuliqan” deyə dümsükləyib qovdular. Xasayın bazarı tutmamışdı. Bir tərəfdə durub qəmli-qəmli düşünürdü. Bu zaman yaşlı bir qadın əlində sirk bileti onun yanından keçərkən Xasay bileti onun əlindən alıb qaçdı. Qadın arxasınca bağıra-bağıra qaldı... İçəridə oyun başlanmış, qadın getmişdi... Xasay biletini göstərib içəri girdi.Gecikmiş tamaşaçılar qapı ağzında toplanıb tamaşa edirdi, Xasay onların arasına soxuldu. Bu zaman təlim verənlərin birisi eşşəyin qulağından tutub səhnəyə gətirdi. Kiçik bir stol qarşısında durdular. Təlim verən üzünü tamaşaçılara tutub dedi:
XIKamil müəllim hər axşam zəhmət kommunasında həbsə məhkum edilmiş gənclərə dərs verirdi. Bir axşam da sinfə girəndə Xasayı burada gördü. Kamil müəllim təəccüb etmədi. Çünki o, hər şeydən xəbərdar idi. Odur ki:– Oha... Köhnə dostum, bizim zəhmət kommunamıza xoş gəlmisən, səni çoxdan gözləyirdim – deyə Xasaya yanaşdı.
XIIXasay yenidən məktəbə qəbul edilmişdi. Kamil isə onu bir an gözdən qoymur, onu dərsə, məktəbə maraqlandırmaq üçün hər şərait hazırlamışdı. Kamil müəllimi ancaq Xasayın ailə həyatı düşündürürdü. O, bilirdi ki, Xasayın ailə həyatında yeniliyə və yaxşılığa doğru bir dəyişiklik olmasa, istedadına güvəndiyi Xasayı istədiyi kimi bir vətəndaş yetişdirə bilməyəcək. Halbuki Xasaydan gələcəkdə çox şeylər gözləyirdi. Bu arzusuna qovuşmaq üçün hər şeydən əvvəl Xasayın anası Badamı tərbiyələndirmək, yeni həyatın bütün şəraiti ilə onu aşna etmək istəyirdi. O indi yalnız bunu düşünür, bunun üçün çarələr axtarırdı.Xasayın pozulmuş əxlaqı hələ tamamilə əvvəlki halına gəlməmişdi. O, yenə sinifdə arabir bəzi qaba hərəkətləri ilə dərsə mane olub müəllimləri və yoldaşlarını incidir, intizamı pozurdu. Qoca müəllim Mirzə Rəhimin şikayətləri yenə başlamışdı. Kamilə arabir şikayətlənib: “Bu nədir, bu xuliqanı yenə nə üçün məktəbə gətirdiniz? Bilmirəm nə üçün bu qədər ona yapışmısınız? Ondan adam olsa mən bu bığlarımı kəsdirərəm” – deyirdi.
XIIIXasay hər gün məktəbdən evə döndüyü zaman halı dəyişirdi. Bir gün evdə yalqız olduğundan artırmada durmuş, gözlərini pəncərədən bağçaya dikib düşünürdü. Atası sağ olduğu zaman bağçada bərabər çalışdıqları xoşbəxt günlər, sinifdə birinci əlaçı olduğu, atasının ölümü, anasının Rəcəbə ərə getməsi, bu quldurun təsiri ilə azğın yollara sapıb işıqlı, uca göylərdən bataqlığa düşməsi – bütün bunlar kino lenti kimi bir-bir onun gözləri önündən keçirdi. Bu acı xatirələr içində onun ruhuna işıq, qəlbinə sevinc verən heç bir şey yox idi. Yalnız ruhunu oxşayan, səmimi məhəbbət bəsləməyə başladığı sevimli müəllimi Kamil idi. Düşündükcə, Kamil müəllim onun gözləri önündə böyüdükcə-böyüyür, canlı bir heykəl kimi qarşısına dikilib ona: “Qorxma, sənin fitri istedadını inkişaf etdirmək üçün bütün qüvvə və iradəmi sərf edəcəyəm” – deyirdi.Xasay düşüncələrlə bağçaya çıxdı. Bağça əvvəlki bağça deyildi, alaq basmış, su verilməmiş olduğundan çiçəklər solmağa başlamışdı. Xasay o solğun çiçəklərə baxıb acı-acı gülümsədikdən sonra: “Atam sizi beləmi becərirdi?” – dedi. Sonra qollarını çirmələyib bağçanın alağını etdi, təmizlədi, süpürdü, tam iki saat çalışdı. Vəzifəsini bitirmiş olan adamlara məxsus bir tövrlə bağçaya bir də baxdı. Bu dəfə bağça ona bambaşqa göründü.