Üçüncü pərdə
Page 3 of 3 · 67%
Beşinci şəkil
Səhnə bəyin həyətini təsvir edir.
Saymaz. Arvad, kefin necədir?
Püstə. Eh, bu zəhər tuluğunun əli altında olanın kefi necə olar? Bu bir ildə onun əlindən dağlınmışam, heç bilmirəm, indiyəcən onunla necə yaşamısan?
Saymaz. Necə yaşamışam? İt ilə pişik kimi. O it kimi mənim üstümə atılandan mən də pişik kimi üz-gözünü cırmaqlamışam.
Püstə. Sən dedin, mən də inandım. O elə zəhərli ilandır ki...
Saymaz. Bəydən o qədər qorxmur ki, məndən qorxur.
Püstə. Yaxşı, yaxşı, sən də özünü heç bilmirəm kimə satırsan?
Saymaz. Sənə, belə sənə... Ay arvad, qoymazsan sənin yanında da bir kişilənim?
Pəricahan (onları görüb). Ay qız, Püstə, orda kişinlə nə mazaqlaşırsan?
Püstə qaçır.
Saymaz. Mazaqlaşmırıq, xanım, söhbət edirik.
Pəricahan. İş-güc zamanı nə söhbət.
Saymaz. Heç, elə ordan-burdan danışırıq. Bəs siz, xanım, bəy ilə deyib, gülüb danışmırsınız?
Pəricahan. Sus, həyasızın biri. Vallahi başındakı o beş-on tükü də yolub yerə tökərəm. Bir bax, kimi kimə tay eləyirsən.
Püstə (Saymaza işarə edir). Onunla dilləşmə, çəkil, get.
Pəricahan. İtil cəhənnəmə!
Saymaz. Cəhənnəm? Mən cəhənnəmin yolunu tanımıram. Xanım, ora hansı yol ilə gedirlər?
Pəricahan. Atandan xəbər al, o sənə göstərər, həyasızın oğlu, həyasız. Taxsır sizdə deyil, sizi başımıza çıxaran o bəydədir. (Acıqla gedir)
Püstə. A kişi, xoşun gəlir, onu danışdırırsan.
Saymaz. Eh, onun sözünü vecinə alan kimdir? Bura bax, günortaya nə bişirirsən.
Püstə. Küftə.
Ağa (divar dalındakı dar bir səkidən səslənir). Qaraca, Qaraca!.. Qaraca!.. Qaraca!..
Qaracaqız. (nərdivandan başını göstərir). Ağa, nə var?
Ağca. Neyləyirsən?
Qaracaqız. Sən neyləyirsən?
Ağca. Mən darıxıram.
Qaracaqız. Mən də
Ağca. Piri baba mənim yanımda olsa heç darıxmazdım.
Qaracaqız. Sənin də yanında Nərgiz xala var.
Ağca. Eh, o mənim ürəyimi heç aça bilmir. Elə pis arvaddır ki, hey yatır.
Qaracaqız. Piri baba mənə elə yaxşı nağıllar deyir ki... Birdə mənim itimi, meymunumu görəsən?! Mən dəf götürüb çalanda hamısı oynayır.
Ağca. Bay, nə məzəlidir!
Qaracaqız. Anan qoysaydı, sən mənim heyvanlarımı oynadardın, mən də sənin oyuncaqlarını oynadardım, kitablarını oxuyardım. Şəkillərinə baxardım.
Ağca (ah çəkir). Ah, neyləyim, anam qoymur, sən yanımda olanda elə sevinirəm, elə sevinirəm ki, elə bilirəm dünya mənə verilmiş.
Qaracaqız. Mən də... Mən də...
Ağca. Neyləyim ki, anam dustaq eləyib. Qaraca, sənin yanağın gül kimi qızarıb, mənimki yox.
Qaracaqız. Sən gecə-gündüz dustaq kimi otaqdasan, mən ancaq havada.
Ağca. Neyləyim? Anam ilə Nərgiz xala məni otaqdan çıxmağa qoymurlar.
Qaracaqız. Sən atanı çox sevirsən, ananı?
Ağca. Əlbəttə, atamı.
Qaracaqız (qəmli). Kaş mənim anam ölməyəydi. Hər dərdini çəkərdim. Hər acısına qatlanardım. (Ağlayır)
Ağca. Bay, daha niyə ağlayırsan? Ağlama, sən allah, ağlama, qoy kitablarımı, oyuncaqlarımı gətirim, oynayaq...
Qaracaqız. Yox, gəlmə!.. Mənim işim çoxdur.
Ağca. Nə işin var?
Qaracaqız. Ocaq qalamışam, sizin paltarlarınızı yuyacağam. Eh, ondan başqa o qədər işim var ki...
Ağca. Paltarı necə yuyursan? Qoy gəlim baxım.
Qaracaqız. Anan səni döyər.
Ağca. Nərgiz xala yatır, anamın da başı qarışıqdır. (Tez otağa girir, bir neçə oyuncaq və kitab götürüb çıxır) Gəlirəm.
Pəricahan. Ey, hara gedirsən? Bunları hara aparırsan. Sən yenə o qaraçı qız ilə oynayırsan?
Ağca. Hanı? Oynamıram ki!..
Pəricahan. Bu saat onunla danışmırdın?
Ağca. Yox!
Pəricahan. Sən yalan da danışırsan? Nərgiz!.. Nərgiz!..
Nərgiz. Bəli, xanım!
Pəricahan. Bu qız yenə qaraçı qızı ilə söhbət edir, sən yenə yeddi günlük yuxuya getmisən.
Nərgiz. Otaqdayam, xanım!
Pəricahan. Sən bura Ağcaya tərbiyə verməyə gəlmisən, yoxsa yatmağa? Ağcaya yemək vermisən?
Nərgiz. Yox, xanım, vaxtıdır, indi verəcəyəm.
Pəricahan. Yox, verməyəcəksən! Bu otaqda dustaq və ac qalacaq. Eşidirsən?
Nərgiz. Bəli, xanım!
Pəricahan. O qaraçı qızını bu evdən itirmək lazımdır. Bu günlərdə ona əncam çəkərəm. (Gedir)
Nərgiz (Ağcanı kiçik, boş otağa salır). Qal orda, bu qaraçı qızı da məni başıma bəla oldu. (Gedir)
Qaracaqız (başını nərdivandan qaldırır). Yazıq Ağca, mənim üstümdə yenə dustaq oldu. Mənim ucumdan onu ac qoydular. Yox, onu mən ac qoymaram. Gərək...
Bəy (çıxır). Piri, Piri!
Piribaba (bağdan səslənir). Bəy gəlirəm.
Pəricahan (bəyə). Bura bax, bu gün o qaraçı qızını burdan rədd edərsən.
Bəy. Yenə nə olub?
Pəricahan. Nə olacaq. Sən öz kefindəsən, dünya-aləm gözünə görünmür. Görürəm, bu qaraçı qızı nərdivan qoyub divar başından Ağca ilə danışır.
Bəy. Eh, mən də deyirəm nə var, danışanda nə olar?
Piribaba gəlir, durub onları dinləyir.
Pəricahan. Necə nə olar. O qaraçı qızı mənim qızım ilə danışmasın.
Piribaba. O qaraçı qızı deyil, xanım, onun atasının kənddə bir hörməti vardı ki.
Pəricahan. Sus, qoca, o qız gələli sən də qudurmusan.
Piribaba. Qudurub neyləmişəm. Bu evdə kimi qapmışam?
Pəricahan. Artıq-əskik danışma. Bu gün o qız bu evdən gedəcək!
Piribaba. Hara?
Pəricahan. Hardan gəlmişdi ora.
Piribaba. Demək siz məni də qovursunuz.
Pəricahan. Mən tək onu qovuram.
Piribaba. Mən onsuz yaşaya bilmərəm. O hardadır, mən də ordayam. Yazıq səhərdən axşamacan sizin üçün işləyir, daha nə istəyirsiniz.
Bəy. Yaxşı, yaxşı, sən də hər it, qurd üçün kefimi pozma görək!
Pəricahan. Bəxtəvərin biri, bəxtəvər. Sənin Araz aşığından, Kür topuğundandır, nə başa düşürsən arvad nədir, qız nədir?
Bəy. Mənə hər şeydən artıq öz canım, öz kefim lazımdır. Sən də ki, gündə yerli-yersiz qanımı xarab edirsən.
Pəricahan. Bəs bizim qanımız qan deyil, gündə xarab olur?
Bəy. Arvadın canı bərk olar.
Meymun əlində nazik ağac gəlir, Pəricahanın belindən bir ağac vurur.
Pəricahan dönəndə qolundan bir ağac vurub qaçır. Bəy gülür.
Pəricahan. Sən bir bu meymuna bax! (Dalınca bir neçə addım qaçır)
Bəy. Dilin o qədər acıdır ki, meymun da səni sevmir. (Otağa girir)
Pəricahan. Sənin kimi əri olan belə qara günə qalar. Ala, kül başına.
Bəy. Arvad, yavaş, görərlər.
Ağca ağlaya-ağlaya otağa girir. Qaraca nərdivan üstündən.
Qaraca. Ağca! Ağca! (Cavab gəlmir. Əlində səbət divar dibi səkisilə gəlir. Qapı ağzında Ağca görünür)
Ağca. Bay, sən necə qorxmadın?
Qaracaqız. Bildim acsan. Sənə alma, armud gətirmişəm! (Hər ikisi kiçik otağa girir. Bəy gəlir, Nərgizin qapısından)
Bəy. Ağca, Ağca!
Nərgiz (çıxır). Bəli, ağa!
Bəy. Hanı Ağca?
Nərgiz. O biri otaqdadır.
Bəy (o biri otağa yanaşır). Ağca!..
Ağca (çıxır). Nə var, ata?
Bəy. Sən bu otaqda neyləyirsən?
Ağca. Nərgiz xala məni dustaq eləmiş.
Nərgiz. Bəy, qaraçı qızı ilə eyvanda danışırdı.
Bəy. Siz bu qızın gününü qara gətirmisiniz. Hər axmaq iş üçün dustaq etmək, ac saxlamaq, bu bir tərbiyə deyil. (Qapını bağlayıb açarı götürür) Görək bundan sonra harda dustaq edəcəksiniz.
Ağca (həyəcanla). Ata, o açarı ver, mən saxlayım.
Bəy. Nə üçün, qızım, qorxma, açarı heç kəsə vermərəm.
Ağca. Nərgiz xala yatanda axı mən o otaqda gedib oynayıram.
Bəy. Yox, qızım, bu açar məndə qalacaq. Onu heç kəsə vermərəm.
Ağca. Oy... Yazıq Qaraca nə olacaq?
Bəy (Nərgizə). Al, bu qız ilə yaxşı məşğul ol, darıxmasın.
Bəy, Ağca, Nərgiz otağa girirlər.
Piribaba (görünür, gözü ilə Qaracanı axtarır).Bu qız hardadır?
Saymaz (gülə-gülə). Yenə yumurtası tərs düşmüş toyuq kimi nə vurnuxursan?
Piribaba. Qızı axtarıram.
Saymaz. Eh, sən də... Qıza nə olacaq?
Piribaba. Qorxuram Ağcanın yanında olsun.
Saysaz. Aha, dərdin var, demək, xanımdan qorxursan. (Başını açır) Bu başım üçün, onun səsi gələndə qorxudan başımda tüklərim biz-biz olur. Siçan kimi girməyə bir deşik axtarıram. (Pəricahan çıxır) Vay, qurd dedin qulağı göründü. (Tez bir tərəfə çəkilir)
Pəricahan. Nərgiz, Nərgiz! (Nərgiz ilə Ağca bayıra çıxırlar) Vay, qız, sən burda neyləyirsən? Mən ki, səni o otaqda dustaq eləmişdim.
Nərgiz. Bəy gəldi, azad etdi.
Pəricahan. O mənim işimə nə üçün qarışır? Götür bunu sal otağa. Özünü də ac saxla.
Ağca (birdən). Vay... (Pəricahana ağlaya-ağlaya) Ana can, bu dəfə bağışla. (Onu qucaqlayır)
Pəricahan. Yaxşı, bir də səni o qız ilə oynayan görməyim. Nərgiz, mən gedirəm, bunu otaqdan bayıra buraxma!
Nərgiz. Arxayın ol, xanım. (Nərgiz ilə Ağca otağa girirlər)
Pəricahan. Haram olsun sənə atan Əli bəyin çörəyi. Heç ona bənzəmirsən. O həyətə, evə girəndə hamı ondan tük salardı. Səni qulluqçular da saymır.
Bəy. Cəhənnəmə saymasın. Onların çörəyi məndəndir, mənim çörəyim onlardan deyil ki.
Bəy ilə xanım otağa girirlər. Piri baba görünür. Piri baba yenə gözlərilə Qaracanı
axtarır. Ağca çıxıb tez o biri otağın pəncərəsinə yaxınlaşır.
Ağca. Qaraca, Qaraca!
Piribaba. Qaraca hardadır?
Piribaba gəlir. Meymun da onun arxasınca çıxır.
Piribaba (qapı ucundan). Tutu, Tutu!
Ağca (yanaşır, yavaşca). Piri baba, qapı bağlıdır. Açarı atamdadır.
Piribaba (həyəcanlı). Bəs necə olsun? Xanım bilsə..
Ağca. Anam getdi.
Qaraca (pəncərəni iki barmaq yuxarı qaldırır). Baba gücüm çatmır, bu pəncərəni qaldır!
Meymun tez əllərilə pəncərəni yuxarı qaldırır. Qaraca pəncərədən düşmək istərkən bəy
çıxır, onu görür.
Bəy. Ay qız, sən işini, gücünü atıb burda neyləyirsən?
Meymun Qaracanın qarşısında atılır, düşür.
Ağca. Ata, o mənimlə oynamağa gəlmişdi.
Qaracaqız. Adam atasına yalan deməz.
Bəy. Bəs niyə gəlmişdi?
Qaracaqız. Xanım Ağcanı dustaq etmişdi, həm də ac saxlamışdı. Mən ona alma-armud gətirmişdim.
Bəy. Sənə kim demişdi gətirdin?
Qaracaqız. Heç kim, gördüm Ağca acdır, ona görə gətirdim.
Ağca. Ata, bayaq onu mən çağırmışdım.
Piribaba. Bəy, bu dəfə bağışla, onu bir də Ağca xanım ilə danışmağa qoymaram.
Bəy. (ağacını yerə vuraraq). Get burdan, bir də özbaşına belə işlər görmə. (Qaraca ağlayır)
Ağca (ağlayır). Yazıq Qaraca... Mənim ucumdan...
Piribaba. Gedək, qızım gəl gedək.
Qaracanın əlindən tutub gedir.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-qaraci-qiz-ucuncu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Qarasu kəndində Qırt-qırt xanım adlı bir toyuq və Şələquyruq adında bir xoruz var idi. Bunlar kəndin yaxınlığında bir qaratikan kolunun altında yuva eləmişdilər və bir-birilə çox məhəbbətlə dolanırdılar. Qırt-qırt xanım hər gün bir yumurta yumurtlayardı. Elə ki yumurta çoxalırdı, Şələquyruq onları səbətlərə doldurub şəhərdə satardı. Qırt-qırt xanım qızı Cik-ciklə birlikdə kənddə qalıb yuvalarına gözətçilik edərdilər.Şələquyruq satdığı yumurtaların puluna şəhərdən qırmızı köynək, güllü dəsmal və bir çox şeylər alıb gətirərdi.
Cümənin qəzəbiBir neçə il idi ki, quraqlıq keçdiyindən ayrımların əkin-biçini əmələ gəlmirdi. Quraqlıq bir dərəcədə idi ki, baharın orta ayında otlar saralıb, quruyurdu, çiçəklər solurdu, ağacların yarpaqları tökülüb, çılpaq qalırdı; dərə, təpə, çöl, çayır payız vaxtı kimi qəmgin və çılpaq bir halda görünürdü. Mal, heyvanın otlaması üçün nə ot və nə saman tapılırdı. Yazıq heyvanlar acından qırılıb, tələf olurdu. Get-gedə kəndi kasıblıq və bədbəxtlik bürüyürdü...Bir gün kəndin ağsaqqalları yığışıb, məsləhət elədilər ki, “allah nə üçün bizə qəzəb eləyir və göydən yağış yağmayır?”
Oyunçu bağalarBöyük bir binada eyni sinifdə oxuyan dörd-beş məktəbli yaşayırdı. Uşaqlar hər gün məktəbdən qayıtdıqdan sonra geniş həyətin günəşli və havalı tərəfində toplanıb oynayır, qaçışardılar. Yorulduqları zaman taxta barmaqlıqla hasarlanmış bağça yanındakı skamyada oturub danışardılar. Bir gün yenə bir yerə yığılıb oynayırdılar. Aslan əlində topu oynada-oynada gəldi. Uşaqlar qaçıb onun ətrafını alaraq dedilər:– Aslan, bu topu hardan aldın?
Kələkbaz AlbertLerqo bez fabrikasında fəhləlik edirdi. Qaniçən faşistlərə qarşı onda dərin bir kin var idi. Faşistlərlə vuruşma başlar-başlamaz Lerqo öz arvadı ilə bərabər cəbhəyə getdi; on altı yaşında oğlu Alberti öz yaxın qonşusu və səmimi dostu olan Albaressaya tapşırdı.Albert ağıllı, ürəkli və mətanətli bir çocuq idi. O, bilmədiyi şeyləri soruşub öyrənmək istəyər və gördüyü maraqlı hadisələri özünəməxsus dadlı bir dil ilə, qonşusu Albarasseya nağıl edərdi. Albaressa onu öz nəvəsi kimi sevərdi.
Poems by other poets
thumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Əsiri-möhnəti-hicran mənəm, mənƏsiri-möhnəti-hicran mənəm, mən,Qəribü zarü sərgərdan mənəm, mən.
نسرین تو زد پریر بر من آذردی باد ز سنبلت، مرا داد خبر
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi