VI
Xasay küçə vərdişlərini yavaş-yavaş məktəbə gətirməyə başladı. Hər gün məktəbə əli, üzü, üstü-başı çirkli gəlirdi. Müəllimlər və yoldaşları ilə rəftarı büsbütün dəyişmişdi. Yoldaşlarını təhqir edir, müəllimlərin sözlərinə əhəmiyyət verməyib dərslərinə əsla çalışmırdı. Kamil müəllim bunları gördükcə, eşitdikcə kədərlənir, sinifdə hər xüsusda birincilik qazanmış olan Xasayın birdən-birə bu qədər dəyişməsinin səbəblərini axtarır və ona qarşı çarə və tədbirlər düşünürdü.
Bir gün Xasay öz sinif yoldaşı və qonşusu Mürsəllə vuruşarkən köhnə müəllimlərdən Mirzə Rəhim onun qolundan çəkə-çəkə tutub bir baş müəllimlər otağına gətirdi. İçəri girincə üzünü müdirə çevirib titrək və əsəbi bir səslə bağırdı:
– Yoldaş müdir, belə şey olmaz, sən allah bizi bunun əlindən qurtar.
Bir saniyə gözlərini müdirə dikib durduqdan sonra birdən-birə irəli gəldi. İki əlini Xasaya uzadıb:
– Bilmirəm, bunu məktəbdə nə üçün saxlayırsınız? Bundan nə olacaq? Baxın bir, üz-gözündən quldurluq yağır – dedi.
Mirzə Rəhim Xasayı içəri gətirdiyi zaman Kamil müəllim stol başında oturub qəzet oxuyurdu. Onları görüncə dimdik qalxıb Mirzə Rəhimi dinləyirdi.
Müdir Xasaya yanaşdı:
– Nə üçün dinc oturmursan? – deyə ondan soruşdu.
Xasay gülümsəyib müdirin üzünə dik-dik baxdı, cavab verməyib yenə başını aşağı dikdi. Onun bu hərəkətindən Mirzə Rəhim barıt kimi partladı:
– Uşaqda bir üzə bax, tərbiyəyə bax, bizim vaxtımızda belə şəyirdi bir saat məktəbdə saxlamazdıq, sizin işlərinizə çaşıram – deyə əsəbi halda bir tərəfə çəkildi.
Müdir Xasaya qəti səslə:
– Get, ananı çağır gəlsin – dedi.
Xasay çıxdı. Mirzə Rəhim iki əlini havada oynadaraq acıqlı bir səslə dedi:
– Anası niyə gərək? O gəlib Xasaya buynuz qondarmayacaq ki. Onun bircə çarəsi var.
Kamil müəllim ona yaxınlaşa-yaxınlaşa soruşdu:
– Çarə nədir, Mirzə?
– Qovmaq!
– Yox, mən sizinlə şərik ola bilmərəm.
– Onda məktəbi dağıtmaq, qapısına da böyük bir qıfıl vurmaq lazım gəlir.
– Bu da doğru deyil, bir şəyird nə qədər od olsa, məktəbi dağıtmaz, çünki onu öz gözünün bəbəyi kimi qoruyan polad iradəli müəllimlər kimi qarovulçuları var. Burada yalnız bir şey var: sizin zamananız başqa, bizim zamanamız başqadır. Zaman başqa olduğu kimi, görüş, düşünüş də başqadır. Bizcə hər uşaq bir vətəndaş və sosialist ailəsinin gələcək bir üzvü və işçisidir. Bu gün bir uşaq yaman təsirlərə qapılsa, əxlaq və tərbiyəsi pozulsa, cəmiyyətimiz ondan ziyan çəkməzmi?
– Çəkər.
– O halda bu uşağı islah etmək lazım gəlmirmi?
– Gəlir, fəqət o bizim vəzifəmiz deyil, biz ancaq müəllimik...
– Unutma ki, biz müəllimik. Bizim vəzifəmiz olduqca məsuliyyətli, olduqca mühüm, olduqca pak və müqəddəsdir. Biz uşaq qəlbinin mühəndisi, yeni nəsil tərbiyəçisiyik. Onun hər bir nöqsanını islah etmək bizim vəzifəmizdir; bizdən başqa onu kim islah edə bilər? Xüsusən Xasay kimi istedadlı və gələcəyi parlaq bir şəyirdi islah etmək hər müəllimin vəzifəsidir. Sən onu qovmaq deyil, islah üçün yollar və tədbirlər göstər.
Mirzə Rəhim ona cavab vermədi. Başını tərpədərək etinasız halda bir tərəfə çəkildi.
Kamil üzünü müdirə çevirib dedi:
– Yoldaş müdir, bu uşağa hər tərəfdən təsir etmək üçün bütün qüvvəmizi səfərbərliyə almışıq. Pioner təşkilatı Xasaya təsir etmək üçün işə başlamış, anasına təsir etmək üçün evlərinə təmizlik briqadası göndərmişdir. Biz onu hər halda öz təsirimiz altına ala biləcəyik. Ancaq anasını çağırtdırma, çünki bilirəm gəlməyəcək.
Mirzə Rəhim yerindən qışqırdı:
– Cəhənnəmə gəlməyəcək, gora gəlməyəcək.
Sonra səsinin ahəngini dəyişərək istehza ilə əlavə etdi:
– Nə eləyək, o gəlməz, biz onun qulluğuna gedərik.
– Hər halda getməyiniz lazımdır.
Mirzə Rəhimin gözləri qapaqlarından fırladı, qulaqlarının ucuna qədər qıpqırmızı qızararaq ağzından köpük saça-saça:
– Siz allah, müəllimliyi bu qədər alçaltmayın! – deyə bağırdı.
Bu zaman təmizlik briqadasının üzvləri içəri girdi. Kamil müəllim sorucu gözlərini onlara dikərək nə xəbər verəcəklərini səbirsizliklə gözlədi. Briqada sədri Həsən üzünü Kamil müəllimə çevirib acı-acı gülümsəyərək:
– Kamil müəllim, getdik, fəqət bizi içəri buraxmadılar – dedi. Üzvlərdən birisi:
– Buraxmadılar deyil, bizi qovdular, hətta təhqir etdilər.
Kamil heyrətlə:
– Kim təhqir etdi? – deyə soruşdu.
Həsən əllərini başında oynadaraq:
– Elə bil bunlar heç adam görməmişlər. Artırmanın qapısını vurduq. Yoğun, qısa boylu bir kişi çıxdı, bizi şübhəli baxışlarla süzdükdən sonra qapını açdı, iki əli ilə qapının çərçivələrindən bərk-bərk tutub, boynunu uzadaraq:
– Nə istəyirsiniz? – deyə soruşdu.
– Məktəbdən gəlmişik, təmizlik briqadasıyıq. Otaqlara baxmaq üçün gəlmişik – dedim. O bizi bir də acıqlı baxışlarla süzdükdən sonra:
– Otaqlarımızın nəyinə baxacaqsınız? – dedi. – Bu zaman Xasayın anası Badam gəldi. Bu yoğun kişi gözləri ilə ona nə işarə etdisə, qadın barıt kimi açıldı:
– Mən briqada, mriqada bilmirəm. Gedin, gedin – deyə bizi qovdu.
Kamil düşüncəli gözlərini müdirin üzünə dikdi. Müdir:
– Sizi necə təhqir etdilər? – deyə soruşdu.
Mirzə Rəhim:
– Qəribə adamsan, təhqir daha necə olar? Kişi ağzında deyir ki, bizi qovdular. O meşə ayısı dəyənəklə də briqadanı döyməyəcək idi ki... Belə ata-ananın oğlunu başına vurmaq lazımdır!
Kamilin üzü-gözü dumanlanmış, dərin-dərin düşünürdü. Gənc müəllimlərdən biri:
– Məncə atası ilə görüşmək, onu başa salmaq lazımdır – dedi.
Kamil ona cavab vermədi; çünki dəfələrlə Rəcəbi görüb əhvalatı ona anlatmışdı. Rəcəb isə: “Anasına söylə, mən Xasayın işinə qarışmıram” – deyə işdən boyun qaçırırdı.
Kamil mənalı bir baxışla müdirə baxıb dedi:
– Bacısı Zinyətin anlatdığına görə Xasayı yoldan çıxaran atalığıdır. Deyirlər ki, hər gün onu götürüb gedir. Hara gedir? Nə üçün gedir? Bunu heç kəs bilmir. “Qardaşımı kor qoyan bu kişidir” deyir.
Kamil sözünü bitirməmişdi ki, pioner təşkilatının rəhbəri içəri girdi.
– Müəllim, dediklərimizin hamısını təcrübədən keçirdik. Çox tədbir gördük, heç bir fayda vermədi və verməyəcək. Çünki o artıq papiros satmaqdan əl çəkib pivə budkalarının ağzında dolaşır.
– Necə?.. Yoxsa cibgirlik edir?
– Cibgirlik edir... Qısa, şişman bir kişi ilə əlbirdir.
– Bilirəm, atalığıdır, atalığı...
Mirzə Rəhim gülə-gülə irəli gəldi. Üzünü Kamil müəllimə tutub dedi:
– Buyur, Kamil yoldaş. İndi cibgiri islah et, görüm, necə islah edirsən?
Kamil müəllim düşündükdən sonra:
– Onu Rəcəbdən ayırmaq lazımdır; buna bir yol taparam – dedi. Sonra üzünü müdirə çevirib:
– Bütün bunları anasına anlatmaq lazım deyilmi? – deyə papağını əlinə aldı.
Mirzə Rəhim Kamil müəllimin arxasından gülə-gülə:
– Get, get o arvad səni də təhqir edib qovsun – dedi.
Kamil müəllim Xasaygilə getdiyi zaman Badam Qızyetərlə qapı ağzında laqqırtı vururdu. Yaxınlaşıb ona salam verdi. Badam salam almağı da unudub onu şaşqın-şaşqın süzdükdən sonra:
– Ha, ha, xeyir olsun, de görək sən nə deyirsən? – deyə onu qaba bir hərəkətlə qarşıladı. Kamil müəllim onun bu hərəkətindən pozuldu. Acıqlı bir səslə:
– Sənin kimi anaların yanına xeyir üçün gəlməzlər – dedi.
Badam qaşlarını çatdı:
– Niyə? Mən necə anayam?
– Sən yaxşı ana olsan, oğlundan xəbərin olar. De görüm, Xasay bu saat haradadır?
– Harda olacaq? Məktəbdə...
– Yox, məktəbdə deyil, sənin sevdiyin kişinlə pivə budkasının yanında cibgirlik eləyir.
Badam donub qaldı.
– Bu nə sözdür? Bunu kim çıxartdı? – deyə acıqlı-acıqlı Kamilin üzünə baxdı. Sonra əlavə etdi:
– Məgər mənim kişim cibgirdi ki, oğlumu da cibgir etsin?
– Onu sən yaxşı bilirsən.
Qızyetər başı ilə təsdiq edərək:
– Doğrudur bala, doğrudur, onda elə şeylər var – dedi.
Badam əli ilə onu itələyərək:
– Yum ağzını, sən bildiyini de, bilmədiyini danışma!
Qızyetər onu acıqlı-acıqlı süzdükdən sonra:
– Qadam ağzına, axmaq qızı, mən də, bu kişi də sənin xeyrin üçün deyirik, yoxsa bizə nə, bir kiçik uşaq indidən o yollara düşsə, axırı nə olar?
Kamil müəllim əlini onun çiyninə qoyub dedi:
– Badam bacı, sən gəl bu uşağın ayağını küçələrdən çək, onu əvvəlki işinə qaytar... Uşağı bədbəxt etmə, hayıfdır.
– Verirdiniz... Görürdük. İndi ayda yüz manatdan artıq qazanır.
– Afərin, yaxşı anasan, bu açdığın uçurumlu yolda öz oğlunu puç edəcəksən. Bu qədər pulu haradan qazanır?
– Paprosdan, alverdən!
– Yox, yalan deyirsən. Papirosdan ayda yüz manat qazana bilməz. Bu pulu cibgirlikdən qazanır.
Badam pul kimi qızardı, gözləri bir-birinə toxunub iki şimşək kimi parladı, boğunuq bir səslə:
– Siz mənim kişimin də, uşağımın da üstünə böhtan atırsınız” Bilmirəm, bizdən nə istəyirsiniz? – deyə yaşarmış gözlərini sildi.
Kamil müəllim Badamın bir az yumşaldığını görüb daha qəti danışmağa başladı:
– Sizdən heç bir şey istəmirik. Yalnız Xasayı bu qorxunc yollardan çəkin. Xalq məhkəməsi Xasay kimi uşaqlara və onların yaramaz ataanasına ağır cəzalar verir, bunu bilirsinizmi?
– Nə demək istəyirsən?
– Demək istəyirəm ki, Xasayı Rəcəbin qanlı pəncəsindən qurtar, sən bunu edə bilməsən, mən eləməyə məcbur olacağam.
– Sən nə eləyə bilərsən?
– Mən Xasayı da, Zinyəti də sizdən alıb Zəhmət uşaq evinə verə bilərəm.
– Paho... Nə böyük adamsan, nə deyib uşaqlarımı mənim əlimdən alarsan?
– Xalq məhkəməsinin sizin kimi ata və analar haqqında çıxarmış olduğu qanunun gücü ilə. Bu mənim vətəndaşlıq və müəllimlik vəzifəmdir.
Kamil müəllim bu sözləri deyib badamdan ayrıldı. Badam onun arxasınca söylənərək:
– Bunlar kişinin, uşağın başına bir iş açmasalar yaxşıdır – dedi.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-xasay-vi
Use ← → keys to move, R for a random poem
More by this author
Tədris hissəsi müdiri Həsən müəllim öz kabinəsində oturub, dərs cədvəlini hazırlayırdı. Axşam qaranlığı çökmək üzrə idi. O gün səhərdən göy üzünü bürüməyə başlayan qara buludlar havanı bir qədər də tez qaraltmışdı. Həsən müəllimin zəif və gözlüklü gözləri işləməyə müsaidə etmədiyindən yazı masası üstündəki elektrik çırağından istifadə etmək istədi. İşlə ciddi məşğul olduğu halda qabağındakı lampanın düyməsini basdı, ancaq işıq yanmadı. Masa üstündəki çırağın lampası götürülmüşdü. Həsən müəllim əsəbiləşdi, tələsik zəngi basdı, gələn olmadı. Zəngi bir neçə dəfə basdıqdan sonra orta boylu, arıq vücudlu bir kişi qapını açıb içəri girdi. İtaətkar bir vəziyyət aldıqdan sonra qısa, sıx kirpikli kiçik gözlərini ona dikərək:– Nə buyurursunuz? – dedi.
MasamaEy mənim köhnə masam, köhnə dostum, mən yenə də sənə dirsəklənərək əlimdə qələm çalışıram. Bu dəfə qələmə aldığım mövzu sənsən, ancaq sən!..Qırx ildir ki, sən mənimlə baş-başa verib ədəbi yaradıcılığımda can qoyur, mənimlə bərabər əmək sərf edirsən.
İldırımBeş pərdəli dramİ Ş T İ R A K E D Ə N L Ə R**:
Birinci pərdəSəhnə. Azərbaycan kəndlərindən birini təsvir edir. Qabaq tərəfdə kəndə gedən*dar bir yol, sağ tərəfdə İldırımın kiçik bağı və dəyirmanı. Sol tərəfdə Ba laxanımın*
Poems by other poets
Yarımı yar eylədin əğyarə, ey fələk,Etdin gülü nəsib genə xarə, ey fələk.
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
برو ای زاهد مغرور و مده ما را پندعاشقان را به خدا بخش ملامت تا چند
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım