VII
Rəcəb Xasaya getdikcə daha çox təsir etməyə çalışırdı. Bir gün Xasay əlində dəyənək bağçanın taxta hasarlığına çırpa-çırpa qaçırdı. Rəcəb bir siçanın quyruğundan tutub gülə-gülə:
– Xasay, bura bax, bura bax, siçan tutmuşam – deyə onu çağırdı.
Xasay qaça-qaça gəldi, sevincək bir halda siçanı atalığından aldı. Onun quyruğuna bir ip bağlayıb oynatmağa başladı. Xasay ipi əlində tutmuş, siçan qaçdıqca o da arxasınca gülə-gülə qaçırdı. Rəcəb birdən-birə Xasayı saxlayıb yavaşca dedi:
– Bura bax Xasay, lap yerinə düşdü, sabah bu siçanı məktəbə aparıb dərs zamanı müəllimin üstünə atarsan. Bu da məktəbdən qovulmağın üçün bir bəhanə olar.
Xasay gülüb dedi:
– Yaxşı fikirdir, sabah apararam.
Həmin gün səhəri Xasay siçanı bir qutuya qoyub məktəbə apardı.
Hələ dərsdən qabaq o, siçanı məktəb həyətində oynadıb uşaqları güldürdü. Zəng vuruldu. Xasay hamıdan əvvəl sinfə girdi. Stolun qutusunu açıb siçanı ora buraxdı, tez ağzını bağlayıb yerinə oturdu. Şagirdlər sinfə girdilər, hər kəs öz yerinə keçdi. Müəllim gəldi. Yoxlama apardıqdan sonra dərsə başladı.
Müəllim təbaşir götürmək üçün masanın qutusunu açmaq istərkən siçan birdən-birə onun üzərinə atıldı. Müəllim diksinib tez geri çəkildi və müvazinətini itirib oturduğu stulla bərabər yerə yıxıldı. Şagirdlər birdən gülüşdülər. Hamısı müəllimə kömək etməyə gəldi. Müəllim tez yerindən qalxdı.
– Siçanı qutuya kim buraxmışdır? – deyə acıqlı soruşdu. Hamı yer-yerdən:
– Xasay! Xasay! – deyə bağırdı.
Müəllim sinifdən çıxdı. Siçan qaçıb gizlənmək üçün ora-bura soxulurdu. Şagirdlər indi onun arxasınca qaçır, ancaq tuta bilmirdilər. Birdən siçan qaçıb skamyaların altında gözdən itdi. Uşaqlar gülüşə-gülüşə onun arxasınca yüyürdülər. Bu vaxt müdirlə Kamil müəllim içəri girdi. Şagirdlər öz yerlərində oturdular. Müdir məsələni aydınlaşdırmaq üçün soruşdu:
– Siçanı sinfə kim gətirmişdir?
Sinif nümayəndəsi yerindən qalxıb cavab verdi:
– Xasay gətirmişdir, həyətdə oynadanda görmüşük.
– Bəs siçanı stolun qutusuna kim qoyub?
Şagirdlər bir ağızdan:
– Biz görmədik – deyə cavab verdilər.
Müdir Xasaydan soruşdu:
– Bu siçanı qutuya sən qoymusanmı?
Xasay cavab vermədi. O, təkrar soruşdu. Xasay yenə başını yerə dikib durdu. Məsələ aydın idi. Odur ki, müdir öz qərarını dərhal bildirdi:
– Get, get bala, bu məktəbdə sənə yer yoxdur!
Xasay sanki bunu istəyirdi. Kitablarını toplayıb tez sinifdən çıxdı.
Kamil müəllimin qəlbindəki iztirab və çırpıntı üz-gözündə oynayırdı. Onun arxasınca baxdı-baxdı, sonra dərindən içini çəkərək:
– Hayıf sənə Xasay. İnsan da bu qədər dəyişərmiş!.. O, məktəbdən qovulur, mənim ürəyim ağrıyır. Get, ancaq sənin axır yerin yenə buradır, – dedi.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-xasay-vii
Use ← → keys to move, R for a random poem
More by this author
Soruşursan: – Nədir bu əczü sükut?– Məni hüsnündür eyləyən məbhut,
QışParça-parça düşərək quşbaşı, göydən yerə qar,Sarılır ağ mitilə boz dərə, çöllər, dağlar.
Gələcək qorxusuSislə, buludlarla qaralmış bayır,Mürgüləyir dağ-dərə, səhra, çayır.
Bir mələkə“Molla Nəsrəddin” məcmuəsinə*Mahtablı gecə... Kənari-dərya,