Ergi tərəfdəki postlarımıza hücum olmuşdu, təcili köməyə getməliydik. Yorğun olduğuma baxmayaraq, qaçıb batalyon komandirinin “UAZ”-ına mindim.

Ergidə fəlakət baş vermişdi. Düşmənin doqquz tankı qəfil hücuma keçib səngərlərimizi dağıtmış, əsgərlərimizi qırıb-çatmışdı. Biz ora çatanda, qeyri-bərabər qüvvə ilə düşməni geri oturdub, döyüş meydanında qalan yaralıları çıxarırdılar. Dedilər, düşmən geri çəkiləndə bizim yaralı əsgərlərin hamısının başına güllə sıxıb, bir nəfər təsadüfən sağ qalıb. İndi onların postunun lap yaxınlığında əl-qol ata-ata kömək istəyir, yaxınlaşmaq mümkün deyil.

Yaralının yerini öyrənib irəli atıldım. Bu gün şanslıydım, mənə güllə dəyməzdi. Bizim əsgərlər düşmənin möhkəmlətməyə çalışdığı səngəri atəşə tutub məni qorudular, sürətlə yaralıya tərəf süründüm. Yanına çatan kimi inildədi:

“Müşfiq, sənsən?”

“Mənəm!” - yalan dedim.

“Bilirdim ki, gələcəksən!” - gülümsündü, səsi titrədi - “Gözəl dostum!”

Üzü-başı qanın içindəydi, bircə gözləri ağarırdı. Çoxlu qan itirsə də, baxışlarından həyat fışqırırdı. Onun ölməyəcəyinə gözlərindən əmin oldum və sürümək üçün yerdən azca qaldırdım:

“Mənə toxunma, ölürəm” - sızıldadı.

“Səni istəməyən ölsün.” - inamla söylədim.

Yalvarışlarına baxmayaraq, çiyinlərindən yapışıb sürüməyə başladım. Yorulub əldən düşənəcən sürüdüm. Dayanıb nəfəsimi dərəndə başını dizimin üstünə qoyub, üzünün qanını təmizlədim. Qılçasından və başından ağır yaralanmışdı. Sümüyü qırılsa da, qılçasından qan axmırdı. Başından axırdı. Dəsmalımı yarasına basıb çiyinlərindən bir də yapışdım. Məsafə azalmaq bilmirdi. Arada üzünə baxdım, gözlərinin yumulduğunu görüb qışqırdım:

“Ölməə!!!”

Məni eşitmirdi.

“Adam oğlusan, ölmə!”

Dodaqları səyridi.

“Sənə görə özümü güllənin qabağına verdim! Ölməyə haqqın yoxdur!”.

Atəş səslərinin içində öz səsimi eşitmirdim. Üstümdən uçuşan güllələrin vıyıltısı canıma üşütmə salırdı. Ayağımdakı qəlpələr qışqırışırdı. Yubanmaq olmazdı. Yaralının ağız-burnuna dolan qanı silib sifətini şillələdim.

“Ölməəə!!!”

Gözləri yavaş-yavaş açıldı. Baxışları öləzimişdi.

Onu axşamkı əsgər kimi çiynimə aşırıb qışqıra-qışqıra məni gözləyən təcili yardım maşınının yanına qaçdım. Sükanda Piriyev oturmuşdu. Yaralını maşına çatdırıb bircə kəlmə “Piriyev!” deyə bildim və üzüqoylu yerə yıxıldım. Nəfəsim torpaqdan toz qaldırırdı.

Ergidə düşmən hücumunun qarşısını aldıq, növbəni köməyə gələn batalyona təhvil verib, qərargaha qayıtdıq. Yol boyu yatdım. Qərargahda düşüb, biz tərəfə gedən maşınların biriylə bölüyə qalxdım. Səhər tezdən postda olmalıydım.

Bölükdə yeni ab-hava vardı. Döyüşdə fərqlənən və az-çox savadı olan əsgərləri oxumaq üçün Bakıya - Ali Komandanlıq Məktəbinə göndərmək istəyirdilər. Əsgərlərin çoxu səngəri qoyub getmirdi. Mən müharibənin uzun çəkəcəyini və zabit kimi daha çox iş görəcəyimi anladığım üçün razılıq verdim. Həm də sevinə-sevinə. Hərbi təhsil almaq uşaqlıq arzum idi.

Səhəri posta qalxanda əlim cibimdəki kağıza ilişdi. Diksindim. Bu, Kolanı dərəsindən çıxarıb qərargaha gətirdiyim əsgərin cibindən düşən kağız idi! Onu sahibinə qaytarmağı unutmuşdum. Xeyli təəssüfləndim. Gec idi artıq. Kağızı arasında partlayıcı maddə varmış kimi ehtiyatla açdım:

“Salam, Natiq! Necəsən? Mən yaxşıyam. Sənin də yaxşı olmağını o bir Allahdan arzu edirəm. Natiq, yəqin, orda da havalar soyuq keçir. Üşümürsən? Allah eləməmiş, xəstələnərsən, özünü soyuğa vermə, əynini qalın elə. Məktubunu aldım. Mən də sənə məktub yazmışdım, görünür, almamısan. Üstündə Gəncədə olan yerinin adresini yazmışdım. O məktubda səndən xeyli şikayət etmişdim. Yazmışdım ki, sən insafsızsan. Bilirsən niyə? Çünki mənə məktub yazmırsan. O məktubumdan əvvəl üçünü yazmışdım, göndərə bilmədim. Ürəklənib dördüncünü göndərdim, o da gəlib çatmayıb. Bilirsən, mən sənin kimi insafsız deyiləm. Sənin ünvanını dəqiq bilsəm, tez-tez yazaram, heç vaxt tapıb oxuya da bilməzsən. Amma sizin yerinizi tez-tez dəyişirlər. Nə olar, ay insafsız, sən də mənə məktub yazsan, öz adresini versən?! İnan ki, hər gün sənə məktub yazaram. Mən sənin kimi deyiləm. Xahiş edirəm, Natiq, mənə tez-tez məktub yaz, məni məktubsuz qoyma. O biri məktubumda yazmışdım ki, mənə şəklini göndər. Ürəyə bax, sən o məktubu almamısan, amma şəklini göndərmisən. Ancaq doğrudan da, insafsızsan. O nə sözlərdi yazmısan? “Əgər məndən yana darıxsan, şəklimə baxarsan, darıxmasan, daha sənin öz işindir”, nə bilim nə. Özün fikirləş, yol gözləyən qız gözlədiyi adamdan yana darıxmazmı?! Natiq, mənə bir şəklini də göndər, gözündə eynək olmasın. Bu şəkildə qəşəng düşmüsən, ancaq gözlərin görsənmir. Yaman arıqlamısan. Fikir eləmə, inşallah, hər şey yaxşı olacaq. Məhləmizdə toy evi tikirlər, inşallah gəlib hazırını görərsən.

Natiq, səndən bir xahişim də var. Özünü qoru, ehtiyatlı ol. Heç olmasa mənim xətrimə özünü qoru. Bir də, arxayın ol, bil ki, yolunu gözləyəcəm. Sənin bir barmağına belə tikan batmasını istəmirəm. Bu günlə düz 208 gündür hər axşam dal balkona çıxıb Allaha dua edirəm. Məni məktubsuz qoyma. Dözə bilmirəm. İnanırsan, az qalıram gedim vayenkomata, deyim, məni yollasınlar sən olduğun yerə. Döyüşə bilməsəm də, sənin yanında olaram. Bu mənə bəs edər. Görəsən məni götürərlər? Kaş bir quş olardım, uçub gəlib səni görüb qayıdardım.

Eh, Natiq, sözüm çoxdur. Yazdıqca yazmaq istəyirəm. Ancaq bəsdir. Sənə yazdığım məktubları bilmirəm necə göndərim. Sənin də məktub yazmağını istəyirəm. Amma o məktubun mənə necə gəlib çatacaq, bilmirəm. Mənə məktub göndərsən, Zülfiyyə xalaya yazarsan ki, elə eləsin, heç kim bilməsin. Xahiş edirəm. Əgər bir adam bilsə, mən ölmüşəm. Qonşularımızı tanıyırsan. Mamamın da acığına gələr. Görüşdüyümüzü mamama demişəm. Bir az hirsləndi ki, atan bilsə, öldürər. Dedim, neyləyim, mama, əsgər gedirdi. Allah qoysa, gələndən sonra daha görüşmərəm. Narahat olma. Özüm elə dedim ki, dinməsin. Nə edim? Əlimdən səni gözləməkdən başqa bir iş gəlmir. Ancaq gözləmək.

Natiq, nə olar, məni bağışla. Sənin o gecə məni öpməyinə razı olmadım. İndi çox peşmanam. Mən nə biləydim, sən belə tez əsgər gedəcəksən. Elə fikirləşdim, biz həmişə görüşəcək, nə vaxt olsa öpüşəcəyik. Təəssüf, belə olmadı. Gələn səfər görüşəndə öpərsən, özümə deməzsən. Özümə deyəndə utanıram.

Sağ ol. Bir xahişim var səndən. Elə elə ki, bu məktubum ələ düşməsin, cır at. Özündən muğayat ol. Özünü qoru. 4.09.1993 (Cır at, xahiş edirəm)”

Məktubu səliqəylə qatlayıb torpağa basdırdım, əlimlə üstünü sığallaya-sığallaya üfüqdən boylanan günəşə baxdım; isti çaya atılan limon dilimi kimi göyün üzünə dağılmışdı.

Yeddixırmandakı gümüşü işığı bir də iki il sonra Murovda, Ömər aşırımında gördüm. Həyəcandan ürəyim dördnala çapırdı. Bu həyəcanın içində həm sevinc vardı, həm nisgil. Əlimi ixtiyarsız işığa tərəf uzadıb havada gəzdirdim. Murovun soyuq küləyi gözlərimi yaşartdı. Küləklə birlikdə sinəmə qəribə bir qoxu doldu. Yağışda islanmış ağac qoxusuna bənzəyirdi və hansısa doğma, əziz insanı yada salırdı.

Gümüşü işığa həsrət qaldığım bu iki ildə başıma çoxlu hadisələr gəlmişdi. Ən dəhşətlisi, rayonumuz işğal olunmuşdu. Anamın ölümündən sonra eşitdiyim ən ağır xəbər bu idi.

Bakıya Ali Komandanlıq Məktəbində oxumağa getmişdim. Qara xəbər məni orda yaxaladı.

Gün gündən ağır gəlirdi. Elə bil üstümə yekə, sal daş yıxmışdılar, altında qalıb nəfəs ala bilmirdim.

Dərd burasıdır ki, biz döyüşə-döyüşə, qəhrəmanlıq göstərə-göstərə məğlub olmuşduq. Neçə yaxın dostum, qohumum, səngər yoldaşım, komandirim həlak olmuşdu. İtkilərimizin az qala hamısında bir müəmma vardı. İçimizdə qara bir əl gəzirdi və nə qədər əziyyət çəkirik-çəkək, bizi qalib olmağa qoymurdu.

Ömər aşırımındakı işıq uzun zaman bir uçurumun yaxasında ilişib qaldı. Bu qədər qaldığı olmamışdı. Aradakı iki illik həsrətin acısını çıxarırdı. Parlaqlığı daha da artmışdı. Ona doğru ixtiyarsız bir-iki addım atdım, gözümü yumub başımı azacıq qaldırdım. O səmtdən əsən küləyi sinə dolusu içimə çəkdiyim an kiminsə səsi eşidildi:

“Orucov, sizi qərargaha çağırırlar!”

Gözümü açdım, işıq yox idi, bir anlıq onu havayla birlikdə canıma çəkdiyimi düşünüb sevindim.

Qərargahın həyətində bizim bölük komandirini gördüm. Polkovnik Nəbiyevin yanına birlikdə gedəcəkdik.

Keçən gün briqadamızın bir çavuşu, altı əsgəri dumanda azıb düşmənə əsir düşmüşdü. Yüksəklikdəki posta yemək aparırmışlar, qayıdanda cığırı səhv salırlar, xeyli yenəndən sonra hava açılır, düşmənin nəzarət etdiyi ərazidə olduqlarını görürlər. Çavuş ağıllı tərpənir, əsgərləri gizləyib, ətrafı yoxlamağa çıxır, lakin nabələd olduğundan onu tezliklə tuturlar və qalan əsgərlərin izinə düşürlər. Çavuşun gəlmədiyini görən əsgərlər geri qayıtmaq ümidiylə hərəkətə başlayırlar, ətrafı yenə sıx duman bürüyür və gedib düşmən postunun üstünə çıxırlar.

Yəqin, briqada komandiri bizi bu məsələdən ötrü çağırırdı. Kim bilir, bəlkə hücum əmri verəcəkdi. Kaş belə olaydı. Kursant olduğum vaxt düşmənin Murovda alınmaz qalalar yaratdığını eşitmişdim. Qala-zad yox idi! Bir il əvvəl Ömər aşırımı uğrunda gedən döyüşdə öz səhvimiz ucbatından məğlub olmuşduq. Taktika düzgün seçilməmişdi. Dağlıq yerlərdə qış vaxtı geniş miqyaslı hərbi əməliyyat keçirmək doğru deyil. Sən aşağıda qarın içindəsən, düşmən yuxarıda səngərdə, heç atışmağa ehtiyac yoxdur, şaxta-qar əvvəl-axır səni gücdən salacaq. İndi əsl vaxtıydı! Yay hələ qurtarmamışdı. Doğma torpaqlar adama gəl-gəl deyirdi. Göz işlədikcə üfüqə doğru uzanan mənzərələr, yandırılmış, dağıdılmış evlər, yiyəsiz obalar ürək parçalayırdı. İnşallah, briqadamıza döyüş tapşırığı verilmişdi və kəşfiyyatın əsgərlərinə bu müjdəni mən çatdıracaqdım. Gizir Səfərovun gözlərinin necə parlayacağını təsəvvür etdikcə gülümsünürdüm. Hələ Qırğı! Yüz faiz “Ura!” deyib qışqıracaqdı.

Briqada komandiri Polkovnik Nəbiyev narahat, yorğun və hirsliydi.

Murovda mövqelərimizin gücləndirilməsi bir yana, bu mövqelərin müəyyən edilməsi onun adıyla bağlıydı. Belə deyək, buralarda hər şey dağılmışdı və yeni nə vardısa gəldiyi son bir neçə ayda Nəbiyev təzədən yaratmışdı. Biz düşməndən qat-qat güclüydük. Bunu mərkəzi komandanlıq da bilirdi və yaxın günlərdə Nəbiyevin baş qərargaha aparılacağı haqqında söz-söhbət gəzirdi. Belə bir vaxtda tam təsadüfdən baş vermiş hadisə onun tərcümeyi-halına kölgə salırdı.

Hərbi salam verdik, bölük komandiri ötkəm səslə söylədi:

“Cənab polkovnik, bölük komandiri baş leytenant Abdinov və taqım komandiri kiçik leytenant Orucov əmrinizlə gəlmişdir!”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, 55. Xanı

Uşaqlara dedim, gözdə-qulaqda olun, belə geniş miqyaslı döyüşlər başlaya, komandir orda olmaya? Hökmən xəbər çıxacaq. Adam bilsə köməyə ehtiyacı var, bir dəstə düzəldib gedər.

20181 min
Dördüncü hissə, 56. Komandir

Əvvəl yandım, sonra göynədim, axırda ağrıdım. Nəfəsim sinəmə tıxanıb qaldı. Aləm yavaş-yavaş qaraldı. Müharibənin alovları söndü, səsləri kəsildi, yalnız Murova tərəf dikələn, bir az da Yeddixırmana bənzəyən, bəlkə də, Yeddixırmanın özü olan qarşı dağın başında bir ovuc işıq qaldı. O işığı görən kimi tanıdım; mənim gümüşü işığım...

20181 min
Dördüncü hissə, 57. Qırğı

Bölüyün həyətindəki daşın üstündə oturan hərbi geyimli adama yaxınlaşdım. Üzünü çevirdi. Qaçıb əllərindən tutdum. Dedim, bilsəydim məni bu qədər gözləmisən, hospitaldan qaçıb gələrdim. Bağışla məni! Anlamamışam. Qarmonçalandan nə gözləyirsən?Bir də baxdım, nə bölük, nə həyət, nə daş? Evdəyəm, divanda uzanıb ağlayıram. Qəfil içəri girdi. Dedim, qapı arxadan bağlıdır, içəri necə keçdin? Güldü. Məni qucaqladı. Gözümün yaşını sildi. Onu köksümə sıxıb hönkürdüm. Birdən yoxa çıxdı. Əlimi sinəmə atdım. Yaş idi. Həyat yoldaşım mətbəxdən gəldi: “Sən kiminlə danışırdın? Sinən niyə yaşdır? Aman Allah! Qapının cəftəsini indicə vurmuşdum, kim açıb belə?”

20181 min
Dördüncü hissə, 58. Komandir

Dağın başındakı gümüşü işıq yavaş-yavaş böyüyürdü. Deyəsən, mənə tərəf gəlirdi. Ürəyimin üstündəki şiddətli ağrıdan xilas olmaq üçün ona tərəf çırpınırdım. İşıq böyüyüb-böyüyüb nəhəng haləyə çevrildi. Ona doğru getmək istədim, ağırlaşmış bədənimi qaldıra bilmədim. Əlimi əlimdən, qolumu-qolumdan, ayağımı-ayağımdan sıyırıb çıxarmağa çalışdım. Bədənimdən sıyrılsam, canımı o ağrıdan qurtarardım.

20181 min

Poems by other poets