Gecələr onun harasa getdiyini bilirdim. Deyəsən, təmas xəttini keçirdi. Bəzən tez qayıdır, bəzən səhərəcən gəlib çıxmırdı. Uzaq və çətin yol keçdiyini paltarlarını təmizləyəndə hiss edirdim. Palçıqlı, yaş və tozlu olurdu. Hardasa süründüyü, çaydan keçdiyi, torpağa uzandığı bilinirdi. Başqa vaxt hara gedirdisə, mənə deyirdi. O səfərləri haqda nə gedəndə, nə gələndə bir kəlmə danışmırdı. Amma mən onu sabahacan gözləyirdim.

“Sən yatmamısan hələ?” - hər dəfə eyni sual.

“Yuxum qaçdı. Çay isidimmi sizə?” - hər dəfə eyni cavab.

“Qasımov, yorğunam, bir az yatacam” - və eyni sonluq.

Nəsə soruşmağa cəsarət etmirdim.

Gecələr yatanda da, yatmayanda da otağının işığını söndürürdü. Mən də buna adət etmişdim. Bir dəfə uzanıb televizora baxırdı, qəfil yerindən qalxdı və həyəcan əmri verdi. Nə baş verirdi? Axı o, yalnız ekrana baxırdı. Ekranda nə gördü ki, belə qəfil ayağa qalxdı? Olmaya, qaçan titrlərlə ona məxfi məlumat ötürmüşdülər? Tabor ayağa qalxdı, müdafiə tədbirləri görüldü. Bir azdan qızğın döyüş başladı. Düşmən hücuma keçmişdi.

Geri qayıdanda soruşdum: “Düşmənin hücuma keçdiyini nədən bildiniz?”

Laqeydcəsinə cavab verdi: “Onlar tərəfdən otağa işıq düşdü.”

İşıq o qədər ani və zəif düşmüşdü ki, mən hiss eləməmişdim. Otaq qaranlıq olmasa, komandir də bilməyəcəkdi.

Dalınca dediyi söz lap gözlənilməz oldu:

“Məni aparmağa gəlmişdilər!”

Gözlərim böyüdü. Canımdan üşütmə keçdi. Nəsə soruşmağa macal tapmamış ikinci cümləni söylədi:

“Yenə gələcəklər!”

Mən o vaxt ermənilərin komandirin başına pul qoyduğunu eşitmişdim, ancaq cəsarət edib onun olduğu hərbi hissəyə gələcəklərini heç vaxt ağıl eləməzdim.

Doğrudan da, gəldilər. Özü də iki dəfə. Hər dəfəsində də gücümüzü görüb geri qayıtdılar.

Komandir məni bundan da artıq əsgərlər xəstələnəndə heyrətləndirdi. Hardasa 30 nəfərə yaxın uşaq qəfil bağırsaq pozuntusu və soyuqlamadan yatağa düşdü. Bizə verilən dərmanlar yetərli deyildi. Batalyonun zabitlərini çağırdı, loto oynayırmış kimi əlini cibinə salıb bir əllilik çıxartdı və stolun üstünə çırpdı:

“Məndən bu qədər! Sizi görüm!”

O biri zabitlər də ondan-iyirmidən “düşüb” iki yüzə yaxın pul düzəltdilər, əsgərlər üçün dərman alındı. Dərmanın dalınca mən getdim. Anam tibb bacısı olduğundan bu işlərdən bir az başım çıxırdı. Qayıdanda komandiri kazarmada gördüm. O, dizlərini yerə atıb qızdıran əsgərlərin ayaqlarını yuyurdu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, 8. Zabil

Anamın Çulluya gətirildiyini eşidən kimi yerimdən qalxdım, əynimi geyinib, bayıra qaçdım. Həyətdə heç kim yox idi. Məni axşamdan qohumlardan birinin evinə gətirib çimizdirmiş, yemək-içmək verib yatızdırmışdılar. Gecədən yorğun düşdüyüm üçün gün qalxanacan yatmışdım. Yuxudan oyananda evin küncündə yaşlı bir qadının öz-özünə danışdığını gördüm. Ondan atamıqardaşımı soruşdum. Dedi, ananı gətirirlər, hamı kəndin girəcəyinə toplaşıb.Qənbərlidən gələn yolun üstünə bir dəstə qadın yığışmışdı. Kişilər irəli, uzaqdan gələn hərbi maşına tərəf gedirdilər. Yaxınlaşanda qadınların qışqırığını eşitdim. Elə bildim, anamın gəlməsinə sevinirlər. Mən də onu görməyə tələsdim. Qadınların yanına çatanda onların sevindiyini yox, ağladığını gördüm.

20183 min
Birinci hissə, 9. Komandir

Uşaqlıqdan silahı çox sevmişəm. Silah görəcəyəm deyə müharibə filmlərindən ötrü ürəyim gedirdi. Hər gecə yerimdə mürgüləyib gah sağa, gah sola yıxıla-yıxıla saat 11-i gözləyirdim. Anam nə qədər təkid edirdi, yatmırdım. Saat 10-da rusların “Vremya” verilişi başlayırdı. Müharibə filmlərinin sevgisindən dilini bilmədiyim xəbərlərə axıracan baxırdım. Rus sözlərinin çoxunu belə-belə öyrəndim. O zaman televizorda anons verilmirdi, biz filmlərin adına televiziya proqramları çap olunan qəzetlərdən baxırdıq və döyüş filmi olubolmadığını təxmin edirdik. Təxminimiz düz çıxırdısa, səhəri gün bütün kənd uşaqları filmdəki fraqmentləri canlı oynayırdı. Bunun üçün bizə silah lazım idi. Silahları taxtadan mən düzəldirdim. Özümün oyuncaq bir neçə tapançam, iki avtomatım vardı. Tapançanın birinə nazik borudan lülə qoymuş, qara lentlə sarıyıb əməllibaşlı silaha oxşatmışdım. Qənbərlidəki məktəbdə bir uşağa göstərdim, elə bildi həqiqi tapançadır.Silahın dərdindən hərbi dərslərə böyük sevgiylə hazırlaşırdım. Təlim avtomatını ilk dəfə əlimə alanda rahatca söküb-yığdım. Müəllim də məəttəl qaldı, özüm də. Elə bil avtomatla doğulmuşdum. Hərbi yerişi, salamı, marşı, əleyhqazdan istifadəni də yaxşı bacarırdım.

20185 min
Birinci hissə, 10. Sevinc

O ağır xəbəri aldığım gün səhər tezdən qapımızın zəng səsinə diksindim. Ürəyimə dammışdı ki, nəsə olacaq. Yuxumu qarışdırmışdım. Nə qədər gözləməsəm də, onun gəldiyini düşündüm və dərhal özüm-özümə güldüm. Müharibənin belə qızğın vaxtı heç telefonlara cavab vermir, o da ki, durub gəlmək ola. Amma o, həmişə gözləmədiyim anda gəlmişdi. Ən ağır səfərlərdən, ən dəhşətli döyüşlərdən qayıtmışdı. Onu ən çox qayıdan yerdə xəyal eləmişdim. Yaddaşımda evə dönən gülər üzlü zabit kimi qalmışdı. Bəlkə, ən çox sevindiyim o anlar idi, ona görə. Gəlməyin bir getməyi də var axı. Vidalaşıb getdiyi anları yaddaşımdan silmək istəyirdim.Yenə qayıtmışdı, yəqin. Qalxıb qapıya qaçdım, gözlükdən baxanda qorxudan az qala qışqıracaqdım. Mülki geyimli bir şəxs əlində avtomat qapımızın ağzında durmuşdu. Üzü görünmürdü. Blokda dayanan silahlı adama baxa-baxa nə edəcəyimi bilmirdim. Başını azca aşağı salanda tanıdım: Zabil! Qapını açıb az qala döyəcəkdim onu. Bu nə silahdır?

20184 min
Birinci hissə, 11. Komandir

Deyilənə görə, burda vaxtilə çinlilər adlı tayfa yaşayıb, kəndin adı ordan götürülüb. Amma bizim tayfamızın adı kolanıdır. Kəndimiz də Kolanı dərəsində yerləşir. Çinli söhbətinə əvvəldən inanmamışam. Kəndimiz haqqında başqa rəvayət eşitmişəm.Qənbərliyə Dədəli Cinli, bizimkinə Yetim Cinli deyirlər. İkisi də bir camaatdır. Yetim Cinli Qənbərlidən köçmədir və ordan xeyli balacadır. Əlli-altmış ev olar, ya olmaz. Təxminən on ev də yeni tikilmişdi. Cinlidə cavanlar əsgərlikdən gələn kimi özünə məhəllə yeri tutur, əlinə imkan düşəndə ev tikir. Yeni həyat beləcə başlayır. Mən öz yerimi bir az erkən, əsgərliyə getməmiş tutdum. Evimizdən bir az aralı, Kalafalığın düzündəki rahat yastanaya bir maşın çay daşı tökdüm, dedim, bura da mənimdir! Heç kim heç nə demədi. Çox xoşuma gəlirdi bu məhəllə. Hərdən daşların üstündə oturub gələcək ailəmi xəyal edirdim. Kənddə gözaltım da vardı. Amma heç vaxt ona nəsə demək imkanım olmamışdı. Bir az da atamdan çəkinirdim. Bilsə, ətimi kəsərdi. Üstəlik, anamdan utanırdım. Atamdan çəkinirdim, anamdan utanırdım.

20184 min

Poems by other poets