Deyilənə görə, burda vaxtilə çinlilər adlı tayfa yaşayıb, kəndin adı ordan götürülüb. Amma bizim tayfamızın adı kolanıdır. Kəndimiz də Kolanı dərəsində yerləşir. Çinli söhbətinə əvvəldən inanmamışam. Kəndimiz haqqında başqa rəvayət eşitmişəm.

Qənbərliyə Dədəli Cinli, bizimkinə Yetim Cinli deyirlər. İkisi də bir camaatdır. Yetim Cinli Qənbərlidən köçmədir və ordan xeyli balacadır. Əlli-altmış ev olar, ya olmaz. Təxminən on ev də yeni tikilmişdi. Cinlidə cavanlar əsgərlikdən gələn kimi özünə məhəllə yeri tutur, əlinə imkan düşəndə ev tikir. Yeni həyat beləcə başlayır. Mən öz yerimi bir az erkən, əsgərliyə getməmiş tutdum. Evimizdən bir az aralı, Kalafalığın düzündəki rahat yastanaya bir maşın çay daşı tökdüm, dedim, bura da mənimdir! Heç kim heç nə demədi. Çox xoşuma gəlirdi bu məhəllə. Hərdən daşların üstündə oturub gələcək ailəmi xəyal edirdim. Kənddə gözaltım da vardı. Amma heç vaxt ona nəsə demək imkanım olmamışdı. Bir az da atamdan çəkinirdim. Bilsə, ətimi kəsərdi. Üstəlik, anamdan utanırdım. Atamdan çəkinirdim, anamdan utanırdım.

Əsgərliyə getməyimə üç-dörd gün qalmış Zabili çağırdım, dedim, gedib qıza onu sevdiyimi söyləsin. Söz verdi, amma bir xəbər çıxmadı. Yəqin, utanıb deməyə. Bəlkə də, qorxub. Ola bilsin, yadından çıxıb. Zabilə nəsə “rüşvət” də vermişdim. Çox mənfəətpərəst idi. Müftə iş görməzdi.

Əsgərlik yaşına çatan gənclərə kənddə böyük hörmət bəsləyirdilər. Mala-heyvana göndərmir, cibinə xərclik qoyur, ordan oturma-burdan otur deyirdilər. Yəqin, qızlar da çox istəyirdi əsgər gedənləri. Ona görə ürəklənib Zabilə elə demişdim. Zabil də ki, məlum. Sonralar ondan bu barədə nəsə soruşmağa fürsətim olmadı. Ömür belədir, qəfil böyüyürsən və boğanaq kimi bir həyat başlayır. İndi, deyirəm, nə yaxşı o vaxt Zabildən bir xəbər çıxmadı, onsuz da araya müharibə düşəcəkdi.

Deyilənə görə, Cinlidə vaxtilə çoxlu cin yaşayırmış. Adamlar qorxudan Yeddixırmana, Fərruxa tərəf getmir, Xaçınçayın bərəkətli sahillərinə heyvan gətirmirmiş. Kolanı tayfasından Qənbər adlı qoçaq bir cavan cinlərin başçısı ilə döyüşə girir, deyir, ikimiz vuruşacağıq, kim məğlub olsa, bu yerləri biryolluq tərk edəcək. İnsan cildinə girmiş cin Qənbərə hücum çəkir, Qənbər də qılıncını sıyırıb onun üstünə atılır. Yeddi gün-yeddi gecə döyüşürlər, yeddinci gün cinlər padşahı məğlub olacağını görüb Qənbəri tilsimə salmaq istəyir, Qənbər cəld tərpənir, cibindəki iynəni onun bədəninə sancır. Cinə iynə sancdınsa, sənə tabe olur, ömür boyu qapında nökərçilik edir.

Qənbər cinlər padşahını məğlub edəndən sonra Kolanı dərəsində - Yeddixırmanın ətəyində, Xaçının qırağında kənd salır. O gündən camaat bura həm Qənbərli, həm Cinli deyir. Bizim kənd yaranandan sonra isə qarışıq salmamaq üçün birinə Dədəli, o birinə Yetim Cinli deyirlər.

Qənbər cinlər padşahını illərlə qapısında nökər işlədir. Bir gün cin bizim Zabil kimi diribaş uşaqların birinə şirin kökə verir, deyir, bədənimdəki iynəni çıxart. Uşaq kökəni alıb onun dediyini edir, cin yoxa çıxır. O gündən öz dəstəsi ilə Qənbərli kəndinin sakinlərindən qisas almağa çalışır, ancaq kolanı igidlərindən çəkinib heç nə edə bilmir. Yalnız arvad-uşağı qorxudur, gecələr atların yalmanına düyünlər vurur, yola-səfərə çıxanların işinin nəhs gəlməsi üçün tilsimlər qurur. Yol azan adamları yığnağa salır, yemək verib əsir götürmək istəyir. Cin yığnağına düşən adam onların verdiyi yeməkdən yesə, çevrilib cin olar. Ona görə gərək həmişə çörəyi kəsməmiş “Bismillah” deyəsən. Cinin iynədən çox “Bismillah” sözündən qorxduğunu eşitmişəm. Nənəm həmişə bizə deyirdi ki, qorxanda “Bismillah” deyin, cin-şəyətin, pis niyyətli varlıqlar sizdən uzaq olacaqlar. Qəribədir, mən cin-şəyətindən yox, “Bismillah” sözündən qorxurdum.

Nənəm mövhumata çox inanırdı. Əmim Rusiyaya işləməyə gedəndə kəndimizin üstündəki pirə nəzir aparır, Zabil də dalınca düşüb arvadı qarabaqara izləyirdi. Nənəm pirdəki balaca kahanın içinə girir, dua oxuya-oxuya torpağın altına pul basdırırdı. Zabilsə... Bilirsiniz nədir? Nənəm gedəndən sonra özünü daşların arasına dürtür, torpağı porsuq kimi eşələyib pulu çıxarırdı.

Bir gün kahanın içində gizləndim, nənəm duasını oxuya-oxuya əlindəki beşliyi basdırıb uzaqlaşan kimi, Zabil şalvarını darta-darta özünü çatdırdı. Məni görəndə donub qaldı. Qorxmasın deyə səsimi çıxartdım. Burnunu çəkdi:

“Bıy, qaqa, sən burda neynirsən?”

“Pirin yiyəsi göndərdi məni!”

Onda çox balacaydı. Uzun-uzadı izah edə-edə başa saldım ki, düz hərəkət eləmirsən. Razılaşmadı:

“O pul burda çürüyəcək, amma mən aparıb konfetəpeçenyeyə verib yeyirəm.”

“Çürüdü-çürümədi, sən düz eləmirsən. Yaxşı olar, aparıb nənənə göstərəsən, deyəsən, pirin yanından tapdım.”

“Onda əlimdən alar axı!” - çox müdrik cavab idi.

“Öz puludu, alarsa, alsın!”

Zabil bic-bic güldü. Onun gülüşündə dəhşətli istehza vardı.

Düşünürdüm, görəsən, nənəmin pirin torpağına basdırdığı pulun Zabildən başqa kiməsə bir faydası varmı? Var-yoxdur, məsələ bu deyil, məsələ qadının bu hərəkətlə savab iş gördüyünü düşünüb rahatlıq tapmasıdır. O, pirə verdiyi nəzirin oğlunu xəta-bəladan qoruyacağına inanırdı.

İndi mən bütün var-dövlətimi, hətta öz canımı pirin torpağına basdırmağa hazır idim, təki kəndimizi, anamı qoruya biləydim.

Neçə-neçə xatirəmi, qayğısız uşaqlığımı, xoşbəxt gələcəyə inamımı kəndimizlə birlikdə itirmiş, anamla birlikdə torpağa tapşırmışdım.

Kəndimiz işğal edilən gün qara pişik geri dönmüş, igid kolanı oğlu Qənbər cinlər padşahına məğlub olmuşdu. Bu yerlərdə Allahın adını zikr edən bir nəfər də qalmamışdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, 4. Komandir

“Kaş” söylədim söyləməyinə, lakin biz istəyən olmadı. Arxasından qara tüstü verən “UAZ” nərildəyə-nərildəyə dağı o üzə aşdı. Maşının belə əziyyətlə hərəkət etməsi düşmənin zəifliyinin əlaməti kimi içimdə rahatlıq yaratdı.Biz geniş dərə boyu iki saata yaxın müşahidə aparıb meşənin ortasında qərar tutmuş yoldaşların yanına qayıtdıq. Axşamacan dincəldik, qaranlıq düşəndə hərəkətə başladıq. Gecə “UAZ”-ın dırmaşdığı dağı aşıb Yanşaq tərəfə sallandıq. Sərt uçurumla irəliləyib çəmənliyə çıxdıq. Qaranlıq hələ çəkilmədiyinə görə çəmənliyi birlikdə adladıq. Yanşağın yaxınlığındakı meşədə yerləşib səhərin açılmasını gözlədik.

20183 min
İkinci hissə, 5. Polkovnik Nəbiyev

“Dil” gətirmək əmri verməmişdim, lakin bizim kəşfiyyatçılar bilirdilər ki, erməni əsirliyində çoxlu adamlarımız var, hər gətirilən girov onların bir neçəsinin azad olunması deməkdir.Orucov ilk əməliyyatından böyük uğurla qayıtmışdı. Bütün tapşırıqları ən incə detallarınacan yeri-nə yetirməklə qalmayıb girov da gətirmişdi. Biz kəşfiyyatçılarımızın müşahidə ilə əldə etdiyindən əlavə girov gətirilən həmin əsgərdən də çox qiymətli məlumatlar aldıq, sonra üç nəfər mülki şəxslə dəyişdik.

20181 min
İkinci hissə, 6. Komandir

Polkovnik “Azad” komandası vermədən ayağa qalxıb otaqda gəzişməyə başladı:“Hər əsgərə beş min istəyirlər!” - dayanıb üzümə baxdı - “Ordu deyil, mafiyadır! Sizin qarşınızda hərbçilər deyil, quldurlar dayanıb, bilirsizmi?”

20182 min
İkinci hissə, 7. Kapitan Rəşidov

Elə bu məqamdaca isti-isti etiraf edim ki, “kambriq”in hazırladığı əməliyyatdan ağlım bir şey kəsmirdi. Nəyə görə? Ermənilər altı nəfərin dumanda azıb əsir düşməsinə görə biz tərəfin əməliyyat keçirəcəyini bilirdi. Əməliyyat da nə olacaq? Müharibəyə başlayası deyildik ki! Girov gətirib əsgərlərlə dəyişəcəkdik. Ona görə təmas xəttini gücləndirmiş, ehtiyat tədbirlər görmüşdülər.Görünür, Polkovnik Nəbiyev mənim könülsüz olduğumu hiss edib bölük və taqım komandirləri ilə görüşdə iştirak etməyimi məsləhət bilmədi. Dedi, icazə ver, onları sənsiz, özüm qəbul edim. Dedim, buyur. Onlar söhbət edəndə mən qərargahda, öz iş otağımda gözləyirdim.

20181 min

Poems by other poets