“Bismillah” sözünə bu qədər həssas yanaşan adam ilk dəfə görürdüm. Hər namaz qılanda yanımda oturur, dediyim sözlərə, zikr etdiyim dualara diqqətlə qulaq asır, bəzilərinin mənasını soruşub öz-özünə təkrarlayırdı. Dedim, istəyirsən, səni də öyrədərəm. Dedi, istəyirəm. Öyrətdim. Bir müddət mənimlə namaz qıldı. Çox həvəsliydi. Ancaq sonralar ibadətdən imtina etdi. Səbəbini soruşdum, cavabı gözlənilməz oldu:

“Məncə, kəşfiyyatçı namaz qıla bilməz”.

“Niyə?”.

“Çünki bəzən biz ədalətsiz işlər görməyə məcbur oluruq.”

“Niyə ədalətsiz? Bütün dünya bilir və təsdiq edir ki, torpaqlarımız işğal olunub, evlərimiz dağılıb. Elə biri sən özün! Səncə, ədalətsiz müharibə aparırsan?”

“Razıyam. Mən bunu demirəm. Mən dinc əhalini - qocanı, qadını, uşağı incitməkdən, öldürməkdən danışıram.”

“Kəşfiyyata getmisən, getdiyin yer öz doğma torpağındır, yəni kiminsə dövlət sərhədini pozmamısan, öz yurduna, öz evinə getmisən. Qəfil o evdən sənə atəş açırlar, sən də o evi atəşə tutursan və güllən sən istəmədən gedib bir uşağa, qocaya dəyir. Buna görə günahkarsan?” - onun cavabı həm kəşfiyyat rəhbəri, həm də namaz qılan bir insan kimi məni özümdən çıxarmışdı.

“Belə deyək. Qəfil sizə əmr olunur ki, hardansa “dil” gətirməlisiniz. Siz də gedib bir kəndə girirsiniz, bir qoca, yaxud bir qadın, yaxud bir uşaq tutmaq məcburiyyətində qalırsınız. Mən bundan danışıram.”

Düzü, bu barədə heç düşünməmişdim. Onun dediyində məntiq vardı. Məni düşüncəyə qərq etdiyini görüb daha da ürəkləndi:

“Demirəm gətirməməlisən, gətirməlisən. Çünki müharibənin öz qaydaları var. Mənim dediyim odur ki, bu qaydalar namazla uyğun gəlmir.”

Alnını ovuşdurdu. Deyəsən, özü də belə çox danışmasına məəttəl qalmışdı:

“Əsl döyüşçünün nəfəsi də ibadətdir!” - bu təntənəli sözlərlə balaca monoloqunun son nöqtəsini qoydu. Gülüb, əlini sıxdım və soruşdum:

“Bəs mən namaz qılanda niyə elə maraqla baxırdın, niyə öyrənmək istəyirdin?”

“Səcdə vaxtı dediyin “Bismillah” sözü xəyalımı uzaqlara aparırdı. O söz məni həm qorxudur, həm sakitləşdirir, həm də kövrəldir.”

Bu cavab da gözlənilməz olduğu üçün ard-arda suallar verdim və o, “Bismillah” sözünü ilk dəfə nənəsindən necə eşitdiyini danışdı. Bir sözdən başlanan söhbətimiz, doğrudan da, uzaqlara getdi; anasının şəhid olmasına, meyitinin atəş altında qalmasına, meyiti çıxarmağa gedərkən Xaçın çayının sahilində düşmənlərin söyüddən asdığı əsgərə rast gəlməsinə. Mən onu diqqətlə dinləyirdim. Anasına, doğma kəndlərinə sevgisi təbii idi, ancaq əsgərlə bağlı danışdığı məqamlar döyüşçü ləyaqətindən xəbər verirdi.

O, Ali Komandanlıq Məktəbini yenicə bitirib Murovda könüllü xidmətə gəlmişdi. Burda kəşfiyyat bölüyünü seçmişdi. Kiçik leytenant kimi kəşfiyyat taqımına rəhbərlik edirdi. Çox gənc idi. Üstəlik, yaşından xeyli balaca və cansız görünürdü. Lakin mənimlə müdrik bir komandir kimi danışırdı.

Onu ilk gördüyüm gün böyük bir zabit olacağını hiss etmişdim. Çayın sahilində asılan əsgərlə bağlı dediyi bəzi nüanslar bunu bir daha sübut edirdi. O, anasının dalınca gedərkən təsadüfən rastlaşdığı əsgər cəsədini düşmən görməsin deyə gizləmiş, bir neçə gün sonra ölümü gözə alaraq ora yenidən qayıtmış və cəsədi qərargaha gətirmişdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, 23. Gizir Səfərov

Mən Gizir Səfərov olam, qorxudan bu hala düşəm? Gözgörəti qocalırdım. Boynuma alıram. İndən belə girov-mirov vecimə deyildi. Sağ-salamat qayıtmaq barədə düşünürdüm. Əməliyyat dedilər, gəldik, baxdıq, mümkün olmadı. Həmişə mümkün olmur ki! Qoy bir dəfə də “olmadı” kəlməsini qəbul eləsinlər.Komandir gedən gecə nə qədər sarsıntı keçirmişdimsə, Ağsaqqalın bizi gətirib çıxardığı meşədə zol düşüb yatdım. Deyəsən, atdığım dərman indi təsir eləmişdi. Oyananda gün sifətimi yandırırdı. Qaranlığa öyrəşən gözlərim bol işıqda öz-özünə yumulub göynəyirdi. Beş-on dəqiqə heç nə görmədim. Arada, elə bildim, ölmüşəm, cənnətdəyəm. Cənnət dediyin elə bu turşməzə işıq bolluğudur. Lakin dizlərimin sızıltısı, ayaqlarımın göynərtisi sağ olduğuma dəlalət edirdi. Canımı bu ağrılardan belə rahatlıqla qurtara bilməzdim.

20181 min
İkinci hissə, 24. Komandir

Suyumuz da qurtarmışdı. Əsgər Mazanovun yığdığı qırxbuğumu ovub yedik. Ağsaqqal özü də bir topa pencəri ağzına atıb gəvələyərək söylədi:“Kaş duz olaydı!”

20182 min
İkinci hissə, 25. Qırğı

Kolluqdan hərəkətə başlayanda susuzluqdan yanırdım. Dilim-ağzım quruyub bir-birinə yapışmışdı. Elə bil boğazıma yapışqan tökmüşdülər. Ağsaqqalı yanlayıb bizə su tapmasını xahiş etdim. O, bir az irəlidə çaydan keçəcəyimizi söylədi və keçi inadkarlığı ilə dəstənin qabağına düşdü. Şər qarışmışdı.Dərəyə doğru xeyli yenəndən sonra balaca çayın şırıltısını eşitdik. Komandir sudan çox içməməyi məsləhət gördü. Düz deyirdi. Suyu çox içəndə hərəkət eləmək olmurdu.

20183 min
İkinci hissə, 26. Komandir

Əsgər Mazanovun bələdçiliyi çöl divarına “101” yazılmış tuneldə sona çatırdı. Buralar artıq mənim tanıdığım yerlər idi. Murova gələndən təmas xəttini üç-dörd dəfə Zoda gedən maşın karvanlarını müşahidə etmək üçün keçmişdim. Kəlbəcərin qızıl dağlarında qızğın iş gedirdi. Bir az müşahidə edəndə, deyirdin, uzağı, on günə yaxın ətrafdakı dağları daşıyıb aparacaqlar. Qızıl mədənlərinin mühafizəsi yüksək səviyyədə təşkil olunmuşdu. Ancaq yollarda “cücə” yaxalamaq mümkün idi. Mən tuneldən son vəziyyəti yoxlamaq üçün çıxmışdım. Zod tərəfdən gəlib qızıl yataqlarına qalxan dolama yolları müşahidə edəcəkdim.Gəlib-gedən maşınların işıqları görünürdü. Bəzi mədənlərdə traktorların da işığı nəzərə çarpır, diqqətlə qulaq asanda səsi eşidilirdi. Hava ağaranda hər şey aydın göründü. Budur, dağ yolları üçün nəzərdə tutulan “alabaş” avtobus səhər növbəsinin işçilərini mərkəzi meydana gətirdi. Avtobusdan əvvəl üç silahlı hərbçi düşdü, dalınca fəhlələr, mühəndislər. Yaxınlıqda polis maşını görünür. Üstü “miqalka”lı ağ “Niva”dır.

20181 min

Poems by other poets