Təmas xəttini Gizir Səfərovun cəsarəti və zəhməti hesabına keçdik. O, mənə məsafə saxlamaq işarəsi verib, qollarını çırmaladı. Elə bil kiminləsə güləşə hazırlaşırdı. Aşağı əyildi, çılpaq biləklərini qabağa verib otların arasında simli minaların olub-olmadığını yoxlaya-yoxlaya ehtiyatla irəlilədi. Bizdə ön xəttin mina xəritəsi yox idi. Vaxtilə buraları tərk edən briqadadan heç nə qalmamışdı və bu, kəşfiyyatçıların işini çətinləşdirirdi.

Təmas xəttini keçib daşlı-çınqıllı bir yarğana yenirdik. Ayağımızın altından çıxan balaca bir daş da səs-küy salıb yerimizi bəlli edərdi. Uşaqlara daş yomalamamaq və sürüşüb qayadan uçmamaq üçün xüsusi tapşırıq vermişdim. Son dərəcə ehtiyatlı davranmalıydılar.

Kəşfiyyatın ən çətin işi təmas xəttini keçməkdir. Görülmək və minaya düşmək təhlükəsi içimizə səksəkə salırdı. Bir az kənarda durub sərhədi keçən əsgəri izləmək ikiqat həyəcanlıydı. Adam gözünün qabağında gurultuyla havaya sovrula bilərdi.

Təmas xəttindən o üzə mina təhlükəsi olmurdu. Lap dərinlikdə görülmək də bəzən qorxulu sayılmırdı. Düşmən bizi öz əsgəri zənn edirdi. Kəşfiyyatçı bədən dilində danışmağı da bacarmalıdır; hərəkətlərlə yoldaşına istədiyini başa salmağı, yoldaşının hərəkətlərini oxumağı, eyni zamanda görüləndə kim olduğunu nəzərə çarpdırmamağı...

Düşmənin təmas xəttini daha ehtiyatla - gecənin zülmətində güclə ağaran daşların üstüylə keçdik. Bu dəfə “mişen”liyi Çavuş Əsədova, yəni Qırğıya tapşırdım. Seçimim gizir Səfərovun xətrinə dəydi. Burnunu salladı. Qırğı bir az aralanan kimi çiyninə vurub qulağına pıçıldadım:

“Sən qabaqda mənə çox lazım olacaqsan, yorulmağını istəmirəm.”

Doğrudan da beləydi. Biz Səfərova həm də fiziki gücünə görə güvənirdik. Özündən deyən adamı sıxıb suyunu çıxarardı. Əməliyyata da böyük şövqlə gedirdi. Arada bizə ürək-dirək verirdi:

“Qorxub-eləməyin, kim olur-olsun qollarından yapışıb saxlayacam, siz əllərini bağlayıb ağzına əski tıxayarsınız.”

Qırğını Səfərovla mən müşayiət edirdik. Onun qaranlıqdakı siluetini itirmədən irəliləyirdik. Qrupun digər üzvləri iki-bir, üç-bir ardımızca gəlirdilər. Biz məsafə saxlayırdıq ki, kimsə minaya düşsə, tələfat az olsun. Hamı eyni xətdən keçməli idi. Ona görə, özümüzdən arxadakıların bizi rahat görməsinə şərait yaradır, asta-asta, hər qarışın fərqinə vara-vara addımlayırdıq.

Sizə qəribə gələcək, mən kəşfiyyat bölüyünə gələndə əsgərlər addımını bir xətt boyu atmağı bacarmırdılar. Onların çoxunu Allah saxlamışdı. Kəşfiyyatçının bir vacib keyfiyyəti də mümkün qədər az yerə toxunmasıdır. Addımını elə atmalısan ki, sanki iki yox, bir, hətta yarım ayağın var.

Gündüzlər çoxlu müşahidə apardığımız üçün düşmən postlarının yerini, səngərdəki əsgərlərin sayını, hansı silahlardan istifadə etdiklərini yaxşı bilirdik. Günümüz səngərdə keçirdi. Hər postda kəşfiyyatın bir əsgəri dayanırdı. Onlara tapşırmışdım ki, bütün günü düşməni müşahidə altında saxlayın və ən əhəmiyyətsiz şeyləri də qeyd edin. Quşun uçması, daşın yomalanması, dağ keçisinin hürkməsi belə öz zamanına və məkanına görə çox əhəmiyyətli sayıla bilər. Əslində, təbiət həmişə insanla danışır, sadəcə bunu anlayan var, anlamayan var.

Gecə xeyli məsafə qət eləyib, dayandıq. Hava seyrək, getdiyimiz yerlər eniş-yoxuş və daş-qaya olduğundan uşaqların nəfəsi kəsilmişdi. Bir az dincəlməliydik. Təmas xəttindən xeyli aralanmışdıq. Səfərov bu istiqamətdə kəşfiyyatda olduğu üçün hər yeri tanıyırdı.

“Plaş-palatka”nın altında xəritəni yoxladım, dayandığımız yerin bir az aşağısında meşə qeyd olunmuşdu. Karta Sabirə nə qədər lağ eləsək də, hələ onun səhv elədiyini görməmişdim. Uşaqları burda qoyub Gizir Səfərovla meşəyə doğru hərəkət elədik. Uzaqda deyildi. Düşündüm ki, burda qalıb səhəri gözləyək, uşaqlar yemək yeyib dincəlsinlər, səhər açılanda ətrafı müşahidə edib qərar verərik. Bəlkə elə buralardan əlimizə keçən oldu. Meşə seyrək olduğundan ürək qızdırmadım, bir az dincəlib hərəkət etmək əmrini verdim. İrəlidə bizi daha qalın ağaclıq gözləyirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, 55. Xanı

Uşaqlara dedim, gözdə-qulaqda olun, belə geniş miqyaslı döyüşlər başlaya, komandir orda olmaya? Hökmən xəbər çıxacaq. Adam bilsə köməyə ehtiyacı var, bir dəstə düzəldib gedər.

20181 min
Dördüncü hissə, 56. Komandir

Əvvəl yandım, sonra göynədim, axırda ağrıdım. Nəfəsim sinəmə tıxanıb qaldı. Aləm yavaş-yavaş qaraldı. Müharibənin alovları söndü, səsləri kəsildi, yalnız Murova tərəf dikələn, bir az da Yeddixırmana bənzəyən, bəlkə də, Yeddixırmanın özü olan qarşı dağın başında bir ovuc işıq qaldı. O işığı görən kimi tanıdım; mənim gümüşü işığım...

20181 min
Dördüncü hissə, 57. Qırğı

Bölüyün həyətindəki daşın üstündə oturan hərbi geyimli adama yaxınlaşdım. Üzünü çevirdi. Qaçıb əllərindən tutdum. Dedim, bilsəydim məni bu qədər gözləmisən, hospitaldan qaçıb gələrdim. Bağışla məni! Anlamamışam. Qarmonçalandan nə gözləyirsən?Bir də baxdım, nə bölük, nə həyət, nə daş? Evdəyəm, divanda uzanıb ağlayıram. Qəfil içəri girdi. Dedim, qapı arxadan bağlıdır, içəri necə keçdin? Güldü. Məni qucaqladı. Gözümün yaşını sildi. Onu köksümə sıxıb hönkürdüm. Birdən yoxa çıxdı. Əlimi sinəmə atdım. Yaş idi. Həyat yoldaşım mətbəxdən gəldi: “Sən kiminlə danışırdın? Sinən niyə yaşdır? Aman Allah! Qapının cəftəsini indicə vurmuşdum, kim açıb belə?”

20181 min
Dördüncü hissə, 58. Komandir

Dağın başındakı gümüşü işıq yavaş-yavaş böyüyürdü. Deyəsən, mənə tərəf gəlirdi. Ürəyimin üstündəki şiddətli ağrıdan xilas olmaq üçün ona tərəf çırpınırdım. İşıq böyüyüb-böyüyüb nəhəng haləyə çevrildi. Ona doğru getmək istədim, ağırlaşmış bədənimi qaldıra bilmədim. Əlimi əlimdən, qolumu-qolumdan, ayağımı-ayağımdan sıyırıb çıxarmağa çalışdım. Bədənimdən sıyrılsam, canımı o ağrıdan qurtarardım.

20181 min

Poems by other poets