İkinci hissə, 2. Komandir
İlk kəşfiyyat əməliyyatına da briqada komandiri Polkovnik Nəbiyevin tapşırığı ilə getmişdim. Onda mənimlə şəxsən görüşməmişdi, əmri xidmət rəisi Kapitan Rəşidovdan almışdım. Uşaqları rəisin məsləhəti ilə seçdim. Qırğı da yeni gəlmişdi. Onun gözlərindəki parıltı diqqətimi çəkdi, həvəsli olduğunu görüb əməliyyata yazdım.
Tapşırıq belə idi: Kəlbəcərin Yanşaq kəndinə gedib müşahidə aparmalıydıq. Aldığımız məlumata görə, ora ağır artilleriya və texnika gətirilirdi.
Səhər hava ağarmamış təmas xəttini keçdik. Yay yenicə girmişdi. Təbiətin gözəlliyi adamı valeh edirdi. Otlarda iz buraxmamaq üçün daşlı-çınqıllı yerlərlə gedirdik. Mənim çəkim elə də ağır deyildi, daşların üstüylə rahat hərəkət edirdim. Qırğı da mənimlə dabanqırma gəlir, bəzən qabağa atılırdı. Onun bu hərəkətini əvvəllər naşılığa yozsam da, yanıldığıma tezliklə əmin oldum. “Qırğı” ləqəbi ona təsadüfi verilməmişdi.
Murovda kəşfiyyatçılar biri-birinə çox yaxın hərəkət edirdilər. Bunu onlara qadağan elədim. Başa saldım ki, topa gedəndə görülmək ehtimalı daha böyükdür. Bir yandan da mina təhlükəsi çoxalır. Öndəki adam minaya düşərsə, hamıya zəfər toxunar. Onlara müşahidə üçbucağı yaratmağı öyrətdim. Biz buna öz aramızda “mişen” deyirdik. Bir nəfər qabaqda gedir, iki nəfər həmin əsgərdən on addım arxada və bir-birindən on addım aralı bərabərtərəfli üçbucaq yaradıb müşahidə apara-apara hərəkət edir. Əslində, kəşfiyyatçılara gündüz hərəkət etmək qadağandır, lakin dağ iqliminin bir sıra özəllikləri var. Şəraitə uyğun hərəkət etmək əmrini kəşfiyyat qrupunun rəhbəri verir.
İlk kəşfiyyatda özüm “mişen” olmaq istədim, Qırğı başını buladı. Hətta bir balaca istehza da etdi:
“Bizi nə hesab edirsiniz? Harda görünüb ki, komandir canlı hədəf olsun?!”
O, haqlı idi. Kəşfiyyat qrupunun rəhbəri özünü təhlükəyə ata bilməzdi. Bu, bütün qrupun həyatıyla oynamaq olardı. Mənsə dayana bilmirdim. Zabit rütbəsi alsam da, içimdəki əsgər yox olub getməmişdi. Qrup üzvləri necə, mən də elə. Özümü onlardan ayırmırdım. Rütbəm artdıqca bir adamdan o birinə keçmirdim, sadəcə, içimdəki adamlar çoxalırdı. Bir əsgərin üstünə başqa biri gəlirdi.
Qırğını eşitdim. Sağ cinah müşahidəçisi olmaq şərtiylə onu qabağa buraxdım. Qırğıya güvənirdim.
Murovu Kəlbəcər üzə ilk dəfə aşırdım. Təmas xəttini keçəndə bir balaca həyəcan vardı, sonra çəkilib getdi. Qırğının gözünü qırpmadan, eyni zamanda ehtiyatı əldən vermədən irəliləməsi tək məni deyil, bütün qrupu ürəkləndirmişdi. Kəşfiyyat təkcə cəsarət deyil, həm də ehtiyatdır. Ehtiyat olmasa, cəsarət ölümə aparar.
Dərin və uçurumlu dərəylə qalxıb, sonra aşağı yendik. Getdiyimiz yerlərə şərti adlar qoyub xəritədə qeyd edirdik. Qayalıq ərazilərin ardınca çəmənlik, çəmənliyin ardınca meşəlik başlayırdı. Biz meşəyəcən irəliləyib bütün günü orda yatmalı, axşam düşəndə hərəkətə davam etməliydik. Gündüzlər gizlənib gecələr getmək şərtiylə iki sutkalıq yolumuz vardı.
Qayalığa nisbətən çəmənlik açıq ərazi sayılırdı. Yay təzə girdiyi üçün ot elə də hündür deyildi.
Qrup üzvlərinə qayalıqda gizlənmək əmrini verdim və Qırğıyla “dozor” nəfəri kimi çəmənliyi müşahidəyə çıxdıq. Ona hər şeyi izah etmişdim. Ən çətin anlarda səbrli və soyuqqanlı olmaq lazım gəlirdi. Kəşfiyyatçı əsəbiləşdisə, həyəcanlandısa, qorxdusa, səhv buraxacaq. Müharibədə ən asanı üzbəüz döyüşməkdi. O zaman səhv buraxsan, öz həyatını təhlükəyə atmış olursan, kəşfiyyatçının səhvi isə hamı üçün təhlükədir.
Həm durbinlə, həm adi gözlə bir saat müşahidə apardıq, yaxın yüksəkliklərdə post və ya hərbi məntəqə olmadığına əmin olandan sonra çəmənliyin ətrafını yoxladıq. Səs-səmir gəlmir, insana xas əlamət gözə dəymirdi. Böcəklər elə qayğısız oxuyurdu ki, elə bil bura dincəlməyə gəlmişik, üstəlik, onların dayanmadan oxuması üçün xüsusi sifariş vermişik. Ağacların ahəstə xışıltısı ruha sakitlik gətirirdi. Hər yanı hələ çiçək açmamış kəklikotunun məstedici qoxusu bürümüşdü. Təmiz hava adamın ağzına şəfaverici məhlul kimi axırdı. Görəsən, biz insanlar təbiətin bu gözəlliyindən zövq alıb yaşamaq əvəzinə niyə bir-birimizi öldürməyə məhkum edilmişdik? Olmazdımı bax elə burda, uzanıb ətrafı müşahidə etdiyimiz bu nöqtədə alaçıq qurub ən yaxın adamlarımızla yaşamağın dadını çıxaraydıq?
Çəmənliyi keçəndə Qırğını arxada saxladım. Meşəyə yaxınlaşdıqca təhlükə artırdı. Ağaclar cin-şəyətin kimi görünürdü gözümə. Hər birinin yoğun gövdəsinin arxasında düşmən gizlənə bilərdi. Ağacların sayı qədər düşmən vardı qarşımızda. Meşənin yiyəsiz olduğuna əmin olmadan bunu belə qəbul etmək lazım gəlirdi. Qırğı bu həssas məqamlarda ehtiyatsız davrana bilərdi.
Meşənin küncündə qaya vardı. Ora süründüm. Yəqin, Qırğı istiqaməti qəfil dəyişdiyimi görüb təəccüblənəcəkdi. Ona tərəf baxmırdım. Əslində o, bəlli istiqamətdən sapdığımı görüb dalımca gəlməməli, məni əsas xətdə gözləməlidir. Yoldaşı hər bir hərəkətindən anlamaq kəşfiyyatçının əsas keyfiyyətdir. Əhsən, Qırğı! O, məni başa düşmüşdü. Dönüb baxanda hərəkət zolağında dayanıb məni və ətrafı həssaslıqla müşahidə etdiyini gördüm. Mənsə qayaya meşədə səsin olub-olmadığını yoxlamaq üçün yaxınlaşırdım. Belə yerlərdə adi şaqqıltı da qayada əks-səda verir.
Qayada səs vardı! Meşədən maşın, ya hərbi texnika hərəkət edirdi. Əlimlə Qırğıya təhlükə işarəsi verib, səsin nə olduğunu anlamağa çalışdım. Dığıltısı sərt deyildi. Hərbi maşın olmazdı. Təxminimə görə, bizdən üç yüz-dörd yüz metr aralıda, getdikcə uzaqlaşan “UAZ” səsiydi. Yol narahat olduğundan səsi gah artır, gah azalırdı. Əgər buralarda hərbi hissə vardısa, bu səs məni ora götürəcəkdi. Onu itirməməyə çalışırdım. Səs birdən kəsilsə, hədəf yaxındadır, getdikcə uzaqlaşıb itsə, ardınca düşmək lazım gələcək.
Səs uzaqlaşırdı. Əlimlə Qırğıya ətrafda nə gördüyünü soruşdum. O, mənə sakitlik işarəsi verəndə qalxıb özümə də qəribə gələn sərbəstliklə meşəyə tərəf addımladım.
Ağacların arası ilə səs gedən tərəfə getdim. Qırğı da meşəyə çatmış olardı. Tapşırığa görə, qayalıqdakı qrup üzvləri Qırğı meşəyə girəndən on dəqiqə sonra onun ardınca həmin yerdən ağacların arasına daxil olacaq, iyirmi-otuz addım irəli gedib “kalço” yaradacaqdılar. Geri qayıdanda uşaqların məni harda gözləyəcəyini bilirdim.
“UAZ”-ın izini gördüm. Hətta batıb-çıxdığı yeri də tapdım. Meşədən yanmış benzin qoxusu gəlirdi. Maşının səsi ağacların mürgüsünü qaçırmışdı. Qayğıyla pıçıldaşırdılar.
Meşənin çıxacağında bir vələs ağacının arxasına yaslanıb qarşı dağın yamaclarına qalxan yola baxdım, “UAZ” tüstü verə-verə dağı yuxarı qalxırdı. Yol narahat olduğundan maşının nəriltisi dərəni başına götürmüşdü. Arxasından çıxan tüstü o qədər gur və qara idi ki, deyirdin, mühərriki bu saat dağılacaq. Dağılsa, əla olardı, hamısını qulaqlayıb Kapitan Rəşidova hədiyyə aparardım.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-ikinci-hisse-2-komandir
Use ← → keys to move, R for a random poem
More by this author
Desəm, güləcəksiniz, məni evləndirmək istəyirdilər. Bibim qonşuluğunda bir qız gözaltı eləmişdi. İş o qədər ciddiləşdi ki, qızı görmək üçün Sumqayıta gedəsi oldum. Deyəsən, bir az da öz içimdə maraq vardı. Bakı Dövlət Universitetini bitirmişdi. Texnikumda dərs keçirdi. Qıza görə Sumqayıta tez-tez gələcəkdim. Atam gəlişimə həm sevinir, həm də dodaqaltı qımışırdı. Onlar məni evə bağlamağın ən yaxşı yolunu tapmışdılar.
Dördüncü hissə, 17. SevincBəzənib-düzənib işə gedirdim. Bloka çıxanda ikinci mərtəbədə yaşayan Səltənət xala məni evinə çağırdı. Oğlu tələbəm idi. Bir az zəif oxuduğu üçün mənimlə tez-tez görüşür, oğlu barədə suallar verir, daha yaxşı hazırlaşması üçün dəftər-kitab alırdı. Çoxdan tanıyırdım onu. Hələ tələbəlik illərindən dostlaşmışdıq. Ancaq evlərində olmamışdım.Qapıları yarıaçıq idi. Bir az aralayıb səslənmək istəyirdim ki, içəri otaqda qalın, yun papaq qoymuş gənc hərbçi gördüm. O, stol arxasında giriş qapısına tərəf oturmuşdu. Öz-özümə dedim, bu kimdir? Nə gündədir? Niyə isti otaqda papağını çıxarmır?
Dördüncü hissə, 18. KomandirHərbi hissəyə tələsirdim, Səltənət bibim daş atıb başını tutdu ki, bir az ayaq saxla, qızı sənə göstərəcəm. Oturub gözlədim. Qapının arasından qarayanız bir qız boylandı. Onu görən kimi anamı xatırladım. Gözlərində ağ işıq vardı. Tərəddüd etmədən razılığımı bildirdim. Bibim inanmadı. Sevindiyindən əli çalır, ayağı oynayırdı. Tez atamgili, o biri bibimi, qohumları muştuluqladı. Atamın gözləri yaşardı, Zabil sevindiyindən qışqırdı, bizdə qalan bibimisə ağlamaq tutdu.
Dördüncü hissə, 19. SevincHörmətli qonşum, məni, demək olar ki, hər gün, bəzən gündə bir neçə dəfə görən və hər dəfə də hal-xoş edən Səltənət xaladan məktub almışdım. Bu qədər rastlaşdığın insan sənə niyə məktub yazsın? Oxuyanda məsələdən hali oldum və evlərindəki papaqlı zabitin sirri açıldı. Hirsləndim. Məktubu cırıb atdım. Doğrudan da, gələn Səltənət xalanın qardaşı oğlu imiş. Və o, məni görməyə gəlibmiş!Sən demə, Səltənət xalanın mənimlə mehriban davranmasının səbəbi bu imiş. Məktubun məni hirsləndirən yerində elçi gəlmələri üçün razılığımı istəyirdi. Dəli oldum! Sevimli qonşumun altdan-altdan iş görməsi hislərimə toxunmuşdu. Ən çox da xəbərim olmadan məni çağırıb zabit qardaşı oğluna göstərməsi yer eləmişdi mənə. Hələ gör nə yazırdı: “Sevindim ki, xoşuna gəlmisən!” Hirsimdən dəli bir gülmək gəldi mənə. Minnəti olsun! Hələ sən get ona isti otaqda papaq çıxarmağı öyrət, sonra evləndirərsən. Acığımı məktubdan çıxdım deyə ürəyim soyudu və məsələni şişirtdiyimi anladım.
Poems by other poets
Çərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.