Durudaşlar diyarı söylənci
Gücər mindi Qayaquşa,
Yolda gərək yolçu-dedi.
Yola düşüb gedin siz də,
Yolda gərək yolçu, dedi.
Baxan dedi, bu, Tanrıdır,
Döş gəmirdi, baş qorudur,
Üzü göylərə sarıdır,
Yolçu gərək yolda,dedi.
– Böyük Gücər, getmə belə,
Başıımızda yox başbilən.
Gəl, Tanrı ol bizim elə…
– Yolçu gərək yolda, dedi.
Az getdilər, çox getdilər,
Ay nəzilib beşikləşdi.
Üşüdülər ulduzlar da
Ay nəzilib beşikləşdi.
Quş Gücəri zoncuqladı,
Hərdən-birdən sayıqladı,
Ay soyuqdan arıqladı,
Ay nəzilib beşikləşdi.
– Düş aşağı, Qayaquşum,
Soyuqladı döşüm-başım,
Uçma belə naşı-naşı.
Ay nəzilib beşikləşdi.
– Bu qar nədir, bu buz nədir,
Yaradana kəsi olum,
O yan isti, bu yan soyuq,
Yaradana kəsi olum.
Ulduzları bir ulduzdur,
Güneyində gün toppuzdur,
Qüzeyində hər yer buzdur,
Yaradana kəsi olum.
Bir üzdəsə Günəş özü,
Yerin vardır iki üzü,
Neçə üzə qoyub bizi,
Yaradana kəsi olum.
Şaxta vurdu, hər ikisi
Yumalandı qar içinə.
Qayaquşla ovçu Gücər
Yumalandı qar içinə.
Dil tutuldu, bel büküldü,
İçlərindən hey çəkildi,
Gücər aşdı, quş dikəldi,
Yumalandı qar içinə.
Dörd yan buzdur, qar qatları,
Ağ dağların çarqatları,
Dondu quşun qanadları,
Yumalandı qar içinə.
Görmüşdülər çöldə bunu,
Ayı kürkü geyən ərlər.
Göydən düşən adamları
Ayı kürkü geyən ərlər.
Sürüşkəclə tez çatdılar,
Yaxınlaşıb əl tutdular,
Üstlərinə kürk atdılar,
Ayı kürkü geyən ərlər.
Quş büzüşüb donmuş idi,
Qanadları sınmış idi,
Onu ovsun sanmış idi
Ayı kürkü geyən ərlər.
– Biz güneydən gələnlərik,
Ayı kürkü geyən ərlər.
İtkinləri axtarırıq
Ayı kürkü geyən ərlər.
Üstlərində dəri geyim,
Bir az tez-tov, bir az yeyin,
Görübsünüz, bizə deyin,
Ayı kürkü geyən ərlər.
Yorub bizi uzaq yollar,
Sıx meşələr, uca yallar,
Əl yetirin, ay oğullar,
– Ayı kürkü geyən ərlər.
– Neçəsi var, bu qış gəlib,
Ola bilər siz deyəndir,
Keçən ildən bura köçüb
Ola bilər siz deyəndir.
Kim haraya, kim haradan,
Tez geyinin, çıxın qardan.
Çoxları var qalıb burda,
Ola bilər siz deyəndir.
Bu kürkləri alın, geyin,
Addımlayın yeyin-yeyin,
Nə desəniz evdə deyin,
Ola bilər siz deyəndir.
Qış selləndi, yaz gülləndi,
Şaxta sındı yavaş-yavaş,
Su oynadı, qan qaynadı,
Yer isindi yavaş-yavaş.
Ay göründü, yuvarlandı,
Tumurcuqlar qabarlandı,
Gül-çiçəklər tumarlandı,
Sular dindi yavaş-yavaş.
Aşdı buz dağ, şəpə qaya,
Quşlar qondu üzən laya,
Bulud gəldi çölə, çaya,
Düzə endi yavaş-yavaş.
Qaqqıldaşdı cüt sonalar
Ağ döşündə ağ cunalar,
Qar yerinə qaz durnalar
Yerə qondu yavaş-yavaş.
Anamız Yer dəyişəndir,
Dörd üzü var, dörd geyimi.
Min çiçəklə boyansa da
Dörd üzü var, dörd geyimi.
Çiçəklərdə boya boldur,
Biri sarı, biri aldır,
Neçə yönə gedən yoldur,
Dörd üzü var, dörd geyimi.
Gecə düşür yatır hərə,
Qulaq asır sanki Yerə,
Ana Yerin buna görə
Dörd üzü var, dörd geyimi.
Yer, başına dolandığım,
Yer, üstünə qalandığım,
Yer, təkinə quylandığım
Dörd üzü var, dörd geyimi.
Burda doğma tutdu ellər
Gücər ilə Qayaquşu.
Gəzdirdilər oba-oba,
Gücər ilə Qayaquşu.
Dindirdilər, yanladılar,
Dillərini anladılar,
Ev verdilər, damladılar
Gücər ilə Qayaquşu.
Ayı ovu ağır sınaq,
Ovda yoxdur yerli, qonaq,
Apardılar oymaq-oymaq,
Gücər ilə Qayaquşu.
Ayı gəldi qaya boyda,
Daş götürüb atdı çaydan.
Daşa tutdu hay-harayda
Gücər ilə Qayaquşu.
– Bu yerlərin xan ovçusu,
Ayı, bizi daşa tutma.
Yay qarıncıl, qış yuxucul,
Ayı, bizi daşa tutma.
Öz Tanrımdan güc dilərəm,
Ya öldürrəm, ya ölərəm,
Boz dərini kürk elərəm,
Ayı, bizi daşa tutma.
Dil bilsəydin, dilləşərdik,
Lap döş-döşə güləşərdik,
Quma, qara bələşərdik,
Ayı, bizi daşa tutma.
Mən ovçuyam, ov ərəni,
Sənsən ovum, boz kürənim,
Yer-yurd, oba güc verənim,
Ayı, bizi daşa tutma.
Oynaqlama yastı-yastı,
Mənim payam qanlı pasdı,
Gəl, güləşək basdı-basdı,
Ayı, bizi daşa tutma.
İki ovçu tutaşanda
Qar sovruldu dörd bir yana
Nəriltilər, bağırtılar,
Qar sovruldu dörd bir yana.
Yarğanları aşa-aşa,
Çırpıldılar dağa-daşa,
Paya yağdı döşə-başa,
Qar sovruldu dörd bir yana.
Ayı güclü, paya iti,
Son bağırtı, son inilti,
Ayı itdi itim-itim,
Qar sovruldu dörd bir yana.
Ovu qovub hoyladılar,
Tapıb, qapıb oynadılar,
Qızıxdılar, qaynadılar,
Qar sovruldu dörd bir yana.
Səs yayıldı obalara.
Gur ocaqlar tüstüləndi.
"Bir bizburun ayı vurub"
Gur ocaqlar tüstüləndi.
Obaları hayladılar,
Ayı əti payladılar,
Sür-sümüyü quyladılar,
Gur ocaqlar tüstüləndi.
Hər gecəni əylədilər,
Öyüb öyüd söylədilər,
Dil tökdülər, küylədilər,
Gur ocaqlar tüstüləndi.
Yastıburun bir qız gəldi,
Gücər onu yovux bildi,
Baxıb onlar qoşa güldü,
Gur ocaqlar tüstüləndi.
Sular, göllər dupdurudur,
Durudaşlar elatında.
Dalaş, savaş eşidilməz
Durudaşlar elatında.
Ovçu-hoyçu qılıqlanır,
Mahnılarda açıqlanır,
Durudaşla muncuqlanır,
Durudaşlar elatında.
Bura düşən düşüb qalar,
Yumuşalar, qaymaqlanar,
Burda hər şey üzüyola,
Durudaşlar elatında.
Yazı oynaq, qışı ağır,
Göydən Yerə ulduz yağır,
Lap suya gir, balıq çağır
Durudaşlar elatında.
Görüşdülər, sevişdilər
Bizburunla yastıburun.
Qoşalaşıb bir oldular
Bizburunla yastıburun.
Qız bəyəndi bəy oğlanı,
İsindirdi hər bir yanı,
Buz döşəyi, qar yorğanı
Bizburunla yastıburun.
Alın yolu dolambacdır,
Hər bir şeyə o qısqancdır,
Həm sevgidir, həm inancdır,
Bizburunla yastıburun.
Adı Arıx, özü totuq,
Ad aldadır çoxlarını.
Çalışqandı, döyüşkəndi,
Ad aldadır çoxlarını.
Dağa qalxan, ov gətirən,
Qucağında gül bitirən,
Ağrı kəsib dərd götürən,
Ad aldadır çoxlarını.
Arıx qızı sevdi Gücər,
Yuva saldı burda bu ər,
O bir təhər, bu bir təhər,
Ad aldadır çoxlarını.
Elçi gəldi qız evinə,
Qız hər yerdə durudaşdır.
Çoxlu bağış gətirildi,
Qız hər yerdə durudaşdır.
Gəlmişdilər əli dolu,
Tapmışdılar bu aulu,
Buzdan evlər isti olur,
Qız hər yerdə durudaşdır.
Onbeş maral alıb onlar
Hoyladılar apardılar.
Burda belə inanış var,
Qız hər yerdə durudaşdır.
Aytırardan Maldaara,
Maldaardan Toxdayerə
Gəlib yedi, içdi hərə
Qız hər yerdə durudaşdır.
Pal-paltarı, bər-bəzəyi,
Həm arxası, həm çörəyi,
Ər sevgisi qız istəyi,
Qız hər yerdə durudaşdır.
Şaman, bəyi, qızı dindir,
Tanrıları yerə endir,
Ər-arvaddır onlar indi,
Qız hər yerdə durudaşdır,
Bu gəlinin əri igid,
Gəlin sevinc gətirəndir.
Unuduldu ağrı-acı,
Gəlin sevinc gətirəndir.
Gəlin gələr, geri dönməz,
Uca durar, sınıb enməz,
Arıx üç gün qaldı dinməz
Gəlin sevinc gətirəndir.
Gücər qızla öyünürdü,
Qız verənlər deyinirdi,
Gələn, gedən sevinirdi,
Gəlin sevinc gətirəndir.
Silkələnib çıxdı Şaman,
Qoy gəlişi duru olsun.
Əl ağacı düyün-düyün,
Qoy gəlişi duru olsun.
Arvad-uşaq yürüşdülər,
Şaman ilə görüşdülər,
Sevindilər, irişdilər,
Qoy gəlişi duru olsun.
Şaman bir də silkələndi,
Saç-saqqalı kilkələndi,
Üzü-gözü kölgələndi
Qoy gəlişi duru olsun.
Səslən qaval, dillən qaval,
Zinqırovlu tava oval.
Bir üz uğur, bir üz yava,
Qoy gəlişi duru olsun.
– Göy buyurur qulağıma,
Ağ ayını öldürməyin,
Nə aparsa qoy aparsın,
Ağ ayını öldürməyin.
Ağrı-sancı götürəndir,
İsti günlər gətirəndir,
Sondan soraq yetirəndir,
Ağ ayını öldürməyin.
İldırımlar ayaqdadır,
Yava günlər qabaqdadır,
Könlüm bunu duymaqdadır,
Ağ ayını öldürməyin.
Göylər bizdən küsüb dönər,
Gün soyuyar, ulduz sönər,
Gəlsə vursa, yıxsa yenə
Ağ ayını öldürməyin.
– Bizlər yalan danışanıq,
Tanrı mənə yalan deməz.
Biz yalana öyrənmişik,
Tanrı mənə yalan deməz.
Var su, Günəş, var Yer, külək,
Çıxsın üzə, bunlar gərək,
Dolu, yağış, ətək-ətək
Tanrı mənə yalan deməz.
Mən özumü tapdım səndə,
Tanrım, yerə uğur göndər,
Gün göndərdim,-dedi, kəndə,
Tanrı mənə yalan deməz.
Tanrım, səni hər gün öyüm,
Sənsən mənim günüm, göyüm,
Eşit yerdə bu hay-küyü,
Tanrı mənə yalan deməz.
– Ay burdakı mənimkilər,
Mənə dəyib toxunmayın.
Mən yıxılsam çabalasam
Mənə dəyib toxunmayın.
Öz-özümdə itər olsam,
Süd Yoluyla gedər olsam,
Ölüb yenə bitər olsam,
Mənə dəyib toxunmayın.
Mən qan-tərə qarışanda,
Ulumuzla danışanda.
Ölüm görsəz yatışımda
Mənə dəyib toxunmayın.
İstəyərəm Tanrıdan mən,
El gözləyən, el deyəndən,
Şaman kimi mən öləndə
Mənə dəyib toxunmayın.
– Bu elatı nə gözləyir,
Söylə, Tanrım, olacağı.
Yara-xora, ölüm-itim,
Söylə, Tanrım, olacağı.
Yaranmışlar yaraşıqdır,
Düşüncəsi qarışıqdır,
Ölüm-dirim yapışıqdır,
Söylə, Tanrım, olacağı.
Üzüntülər üzüb eli,
Yarı diri, yarı ölü,
Azalt yeli, qarı, seli,
Söylə Tanrım, olacağı.
Mən Şamanam, əlaltınam,
Yaranışda son qatınam,
Yalvarıram el adından
Söylə, Tanrım, olacağı.
Şaman düşdü oynamağa,
Oyna-oyna göy ərəni.
Əl oynatdı, qıç oynatdı,
Oyna-oyna göy ərəni.
Ağacında düyünçələr,
Gəlinciklər, əyləncələr,
Baxışında düşüncələr,
Oyna-oyna göy ərəni.
Çox oynadı, sürükləndi,
Döşü şişib körükləndi,
Ağzı-burnu köpükləndi,
Oyna-oyna göy ərəni.
Tanrı uzaq, Şaman yaxın,
O yıxılıb qaldı bayqın,
Üz qorxulu, baxış yayqın,
Oyna-oyna göy ərəni.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-durudaslar-diyari-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Alpis yenə küsüb dönür Altyerə,Özözüzdən küsmə çaşqın qalarsan.
Yuxu söylənciGecə yatdı Qurdər yorğun, duyğulu,Düz yozulsa yuxu yarı doğrudur.
Balaşq – Sanna söylənciSorağ gəldi, Darvideldən gələn var,Zoqquldayar, dəymə əsgi yaraya.
Brəhmən, Budda söylənciBir ay beş gün Turq yol yortdu Hindelə,Ölçü bilməz, qavranılmaz genişlik.
Poems by other poets
Qədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
KimindirSəndən xəbər alım, ay Çoban Qara,Bu var, dövlət, qızıl pullar kimindir?
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Ey mənim laləzər çiçəkli bağçamEy mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,