Soraqlaşdı Balasq, Misir, Çin, Asur,
Turər şahın torpaqları genişdir.
Qız verməyə, qız almağa çalışdı,
Turər şahın torpaqları genişdir.

Əkbitənin suyu, çölü, düzü var,
Acıqanın bu ölkədə gözü var,
"O bizimdir, bunun geci, tezi var",
Turər şahın torpaqları genişdir.

Misir şahı səsləyirdi yardıma,
Əltut gəlsin böyük Misir yurduna,
Çıxsın lapdan Balasqelin ardına,
Turər şahın torpaqları genişdir.


Yer üzünün yerdə, göydə yazısı,
Əli olan əl tutmuşdur əlsizə.
Burda hamı borc bilmişdir əltutu,
Əli olan əl tutmuşdur əlsizə.

Yıxılan ev, sınan budaq, şişən çay
Ürəklərə salır qorxu, səs, haray,
Yardım etsin gərək bunca köç, alay,
Əli olan əl tutmuşdur əlsizə.

İsti əlin arxasında ürəkdir,
Əlin özü elə ürək deməkdir,
Ürək ələ, əl ürəyə gərəkdir,
Əli olan əl tutmuşdur əlsizə.


Qızağ gecə çox yalvardı-yaxardı,
Şah dedi ki, getməliyəm yardıma.
– Bəlkə səni aldadırlar, yorurlar,
Şah dedi ki, getməliyəm yardıma.

– Acıqandı Balasq Asur, Misirlə,
Yaraqlanıb onlar tuncla, dəmirlə,
Çaşdırırlar bizi izlə, ləpirlə,
Şah dedi ki, getməliyəm yardıma.

– Mən gedəndə oturarsan yerimdə,
Geri durma işdə-gücdə ərindən,
Gəlsəm giley eşitməyim birindən,
Şah dedi ki, getməliyəm yardıma.


– Sən ölkənin qoruyarsan adını,
Qan çiçəyim, oturarsan yerimdə.
Mən qayıtsam, qayıtmasam, bunu bil,
Qan çiçəyim, oturarsan yerimdə.

– Təkcə günü sən gətirmə üstümə,
Su çilənər istəyimə, istimə,
Son qoyulmaz onda acı tüstümə,
Sən gedəndə oturaram yerində.

– Mən üstünlük çələngilə gələrəm,
Bircə səni öz sevgilim bilərəm,
Gələmməsəm, el yolunda ölərəm,
Qan çiçəyim, oturarsan yerimdə.


Yaraqlandı, yəhərləndi Turərşah,
Qızağ – deyə çox düşündü, daşındı.
Bir səs gəldi qulağına: "getmə, şah!"
Qızağ-deyə çox düşündü, daşındı.

Sonra çapdı, getdi körfəz yoluna,
O baş qoydu Qırğıatın yalına,
Ta baxmadı körfəzəcən dalına,
Qızağ-deyə çox düşündü, daşındı.

"Dağ çiçəyi, qoşa balam anası,
Dirielin qartal qanad sonası,
Cüt oğlumun sarı çiçək laylası,
Qızağ-deyib çox düşündü, daşındı".


Yüz min yürük arxasınca gedirdi,
Şah çapırdı arxasına baxmadan.
Qara bulud bürümüşdü Günəşi,
Şah çapırdı arxasına baxmadan.

«Gəmilərim boğazlardan ötüncə,
Yorulmayaq gərək Misrə yetincə,
Quru yollar qarış-qarış bitincə,»
Şah çapırdı arxasına baxmadan.

Öndə çapır gedir Misir elçisi,
Misir dili bilən qoca dilçisi,
Sağ yanında bələdçisi, çölçüsü,
Şah çapırdı arxasına baxmadan.


Şah gecəni oyaq qaldı, yatmadı,
Su boğazı xarıldayıb dururdu,
Çölçüsünü, dilçisini səslədi,
Su boğazı xarıldayıb dururdu.

Onlar dedi, soraq yoxdur döyüşdən,
Nə dənizdə, nə quruda, nə döşdə,
Bu nə işdir, baş açmırıq bu işdən,
Su boğazı xarıldayıb dururdu.

Bir hənirti yatır sanki bölgədə,
İkilik var suda, dağda, kölgədə,
Gərək bunca çıxmayaydım ölkədən,
Su boğazı xarıldayıb dururdu.


– Aldansaq da getməliyik bu yolla,
Ürək bizi aldatmayır, düz deyir.
Biz yardıma üz tutmuşuq, gedirik,
Ürək bizi aldatmayır, düz deyir.

Dirrik bizdən düz olmağı istəyir,
Tanrı qalxıb ucalmağı istəyir,
Ürək ondan güc almağı istəyir,
Ürək bizi aldatmayır, düz deyir.

Otuz minlə mən çəkilim bəriyə,
Yetmiş minlə siz qayıdın geriyə,
Birdən onlar ölkəmizə yeriyər,
Ürək bizi aldatmayır, düz deyir.


Gecə düşdü, toplum döndü geriyə,
Çölçü, dilçi sağollaşdı şah ilə.
Yetmiş min ər qaranlıqda əridi,
Çölçü, dilçi sağollaşdı şah ilə.

– Qızağ şaha gedin deyin olanı,
Şah buyurur seçsin düzü, yalanı,
Qayıdaram yığıb olan-qalanı,
Çölçü, dilçi sağollaşdı şah ilə.

Gedin deyin öz-özünə inansın,
Hamı, hər nə gərək yüz il sınansın,
Başbiləni pisdiklənsin, qınansın,
Çölçü, dilçi sağollaşdı şah ilə.


İlk döyüşü qarşıladı dənizdə,
Qanlı sular, yaşıl sular qol-boyun.
Aldatmışdı balasqlılar Mineli,
Qanlı sular, yaşıl sular qol-boyun.

Şah biçirdi sağı, solu, qabağı,
Dəyişirdi tez-tez qanlı yarağı,
Gəmi, qayıq, dəniz – ölü yatağı,
Qanlı sular, yaşıl sular qol-boyun.

Aldatmışdı şahı Balasq kralı,
Min ağaclar Əkbitəndən aralı,
Otuz min ər ölü, diri, yaralı,
Qanlı sular, yaşıl sular qol-boyun.


Balasqlılar gəzir, şahı tapmayır,
Onlar üçün şah Mindiyar deməkdir.
Şah seçilmir nə paltarda, nə üzdə,
Onlar üçün şah Mindiyar deməkdir.

Kölə düşüb basılanlar sınmayır,
Onlar Balasq dillərini qanmayır,
Şahı sevir onlar, şahdan dönməyir,
Onlar üçün şah Mindiyar deməkdir.

Deyən olmur Turər budur, ya odur,
Deyirlər ki, geri döndü, qaçdı Tur,
Kölə düşən bir-birinə əl tutur,
Onlar üçün şah Mindiyar deməkdir.


Kölə düşüb Turər əl-əl satılır,
O hər yerdə kimliyini gizlədir.
İnanmayır daha düzə, yalana,
O hər yerdə kimliyini gizlədir.

Bir bahalı kölə odur satışda,
Qılınc vuran, bizuc atan yarışda,
Verilməyir ona bircə quruş da,
O hər yerdə kimliyini gizlədir.

O öyrənir oxumağı, yazmağı,
Başbilənə yandan qulaq asmağı,
Döyüləndə, söyüləndə susmağı,
O hər yerdə kimliyini gizlədir.


Balasqeldə çoxlu böyük tanrı var,
Dəniz, Günəş, Sevgi, Sevinc tanrısı.
Gör-gör bütün tanrıların əlində.
Dəniz, Günəş, Sevgi, Sevinc tanrısı.

Hərəsinin çağırışı, öyüdü,
"Məni sevin, məni görün, böyüdün",
Bir tuturlar al içkiylə ağ südü,
Dəniz, Günəş, Sevgi, Sevinc tanrısı.

"Ay tanrılar, mənə dözüm veriniz,
Məndə gücü, bacarığı görünüz,
Gözlər məni mənsiz qalan yerimiz,
Dəniz, Günəş, Sevgi, Sevinc tanrısı.


Qoşar, Gücər, başçı, bilər nə varsa,
Köləlikdə hamılığa paylanar.
Sızıldayan, ufuldayan deyimlər
Köləlikdə hamılığa paylanar.

Genişliyə uçar geniş duyğular,
Quru yerdə daşdan ağır yuxular,
Mahnılarda acı-acı sorğular
Köləlikdə hamılığa paylanar.

Kölə açar öz suçunu yolluya,
Hər an arzu köhlənini yallayar,
İplərini didər, qırar, tollayar,
Köləlikdə hamılığa paylanar.


– Ağ qolların Minel qızı
Göz önümdən çəkilməyir,
Göz yumuram, yaş tökürəm,
Göz önümdən çəkilməyir.

Necə oldu Düzər, Yüzər,
Söylə, nələr olub, nələr?
Doğma yerlər, doğma ellər
Göz önümdən çəkilməyir.

Çox uzandı bu köləlik,
Sınma, yaşa, döz hələlik,
Bir beləlik, bir eləlik
Göz önümdən çəkilməyir.


Tur Başevdə döşəməni silirdi,
Bilərdən də çox-çox bilən gəzərdir.
Oturmuşdu ağsaqqallar, bilərlər,
Bilərdən də çox-çox bilən gəzərdir.

– Mindiyarda qonaq qaldım ayyarım,
Bu ölkənin gen torpağı, bol varı,
Adamları qaraşındır, ağ, sarı,
Bilərdən də çox-çox bilən gəzərdir.

İnanışda bizi min yol ötüblər,
Düşüncədə çox qabağa gediblər,
Yelçəkəndən yeləsənə artıblar,
Bilərdən də çox-çox bilən gəzərdir.


– Diriliyi od-ocaqda görürlər,
Onlar üçün dirrik ulu Günəşdir.
Deyirlər ki, çöldür, içdir hər adam,
Onlar üçün dirrik ulu Günəşdir.

Deyir hər kəs öz içindən çüyərir,
Çöl torpağa, iç günəşə köçəri,
İç qalandır, çöl ötəndir, ötəri,
Onlar üçün dirrik ulu Günəşdir.

Dirrik nədir? İçin, çölün birliyi,
Ölüm yeni başlanğıcı dirriyin,
Günəşdədir uçar için dincliyi,
Onlar üçün dirrik ulu Günəşdir.


– Odəri var, Şamanı var onların,
İnanışda ikisi də uludur.
Biri eldə, biri ocaq başında,
İnanışda ikisi də uludur.

Odər deyir, Mitra Tanrıbaşıdır,
Deyir, hər şey bir-birinə qarşıdır,
Ölüm, olum yerin yazı, qışıdır,
İnanışda ikisi də uludur.

Şaman deyir, göylərdədir qulağım,
Çağırıram yerə uçar, uçağı,
O, Tanrıdan verir mənə sorağı,
İnanışda ikisi də uludur.


Şaman deyir, göydən çatır söz bizə,
Olacağı o söyləyir düz bizə,
Acıqanıq, gərəkliyik biz bizə,
Odər, Şaman – ikisi də uludur.

Odər deyir, mən Tanrının səsiyəm,
İnanışın, doğruluğun özüyəm,
Göyün yerə, yerin göyə sözüyəm,
Odər, Şaman – ikisi də uludur.

Şaman deyir, "adam" sözü "atam"dır,
Atam ilkin yerə gəlib çatandır,
Yer-göy mənim ilk atamdan yarandı,
Odər, Şaman – ikisi də uludur.


– Mindiyarın tanrıları yeddidir,
Hər tanrının öz doğrulu, öz yeri,
Yaranışda yeddi qatdır yaşayış,
Hər tanrının öz doğrulu, öz yeri.

Su, od, yer, göy, dağ, ot, inək tanrısı,
Yerdir böyük yaranışın yarısı,
Ahur-məzda tanrıların tanrısı,
Hər tanrının öz doğrulu, öz yeri.

Tanrıların arasında yarış var,
Tez-tez döyüş, vuruş, duruş, barış var,
Çovğun, şaxta, isti, külək, yağış var,
Hər tanrının öz doğrulu, öz yeri.


– Ahur-məzda deyir ancaq son sözü,
Tanrılara yol göstərən tək odur.
Yaxşılığın, doğruluğun tanrısı,
Tanrılara yol göstərən tək odur.

Yaman ilə son vuruşa o gedir,
Onun üstə yaxşılığı yeridir,
O, yamanı heydən salıb kiridir,
Tanrılara yol göstərən tək odur.

Bu döyüşdə yaman bir gün sönəcək,
Ölənlərsə yaranışa dönəcək,
Tanrılar da onda yerə enəcək,
Tanrılara yol göstərən tək odur.


– Minellinin düşüncəsi belədir,
Adamlara inanışdır güc verən,
Mən orada gözəlliklər qavradım,
Adamlara inanışdır güc verən.

Mindiyarın qadın şahı Qızağdır,
Deyirlər ki, bu dul qadın qoçaqdır,
Hər sevinci, bər-bəzəyi yaraqdır,
Adamlara inanışdır güc verən.

İnanışı biz onlardan öyrənək,
Dolanışda özümüzə söykənək,
Yoxsa hər şey solub, sönər, tükənər,
Adamlara inanışdır güc verən.


Eşidirdi bu sözləri kölə Tur,
Yurd gözəldir, ancaq bir az uzaqdan.
Ana yurdum, sən hardasan, mən harda?
Yurd gözəldir, ancaq bir az uzaqdan.

Gözlərində göz yaşları sellənir,
Ürəyində doğma ocaq yellənir,
Şah burada kölə olub küllənir,
Yurd gözəldir, ancaq bir az uzaqdan.

Burda biri danışırdı Mineldən,
Biri Hinddən, o birisi Çineldən.
Bu torpaqdan, o ölkədən, bu dildən,
Yurd gözəldir, ancaq bir az uzaqdan.


Tarlalarda, saraylarda, yollarda
Tur işlədi kölə kimi, usandı,
Şahlar gördü, əmir, firon, krallar,
Tur işlədi kölə kimi, usandı.

Gözəlliyə uyub könül vermədi,
Qapılardan gözüqıpıq girmədi,
Özü kimi üzüyola görmədi,
Tur işlədi kölə kimi, usandı.

Əllərilə göyə qalxdı tikinti,
Təmizləndi uçuqlardan, töküntü,
Hamarlandı dağ, uçurum, çöküntü,
Tur işlədi kölə kimi, usandı.


İllər keçdi köləlikdə, dustaqda,
Əyrilərin içində də düz oldu.
Dörd yanında oğru, doğru, yabançı,
Əyrilərin içində də düz oldu.

Ehramlara, mehrablara daş qoydu,
O yerlərə üz söykədi, baş qoydu,
– Qol gücünü bir qoymadı, beş qoydu,
Əyrilərin içində də düz oldu.

Hər gün qalxdı Turun kölə dəyəri,
Gözə çarpdı bacarığı, təpəri,
Gah qandallı, gah da kölə-köçəri,
Əyrilərin içində də düz oldu.


Bir doğuda göyərçini hayladı,
Ağ göyərçin gəlib qondu çiyninə.
– Harda idin, mənim kölə uçarım,
Ağ göyərçin gəlib qondu çiyninə.

Kiçilmişdi, saralmışdı, solmuşdu,
Külək ipək tüklərini yolmuşdu,
Orda-burda deyən kölə olmuşdu,
Ağ göyərçin gəlib qondu çiyninə.

– Bəs hardaydın, ay istəklim, bu günlər?
Düşüb sənsiz günlərimə düyünlər.
Dara çəkdi məni düzlük, düzgünlər,
Ağ göyərçin gəlib qondu çiyninə.


– On il Qızağ səni deyib gözləyir,
Onlar səni daha ölmüş bilirlər.
On il keçib kölə düşmək ilindən,
Onlar səni daha ölmüş bilirlər.

Qalır Çölçü, Dilçi, Qoşar, Qırğıat,
Qara geydi üç il Qızağ, yurd, elat,
Çıx yollara, iplərini kəs, qır, at,
Onlar səni daha ölmüş bilirlər.

Qara günün inanmaqdan gələndir,
İnananlar boş-boşuna öləndir,
Çıx yollara, öz yolunu bəlləndir,
Onlar səni daha ölmüş bilirlər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets