Altı günə çatdı Ağüz Muğelə,
Atı qovub, yorub yabı eləmə.
İstəsəydi lap üç günə gedərdi,
Atı qovub, yorub yabı eləmə.

Şimşəkatın ombaları çıxmışdı,
Döyüş-vuruş atı yorub sıxmışdı,
Ağüz onun cilovunu yığmışdı,
Atı qovub, yorub yabı eləmə.

Saralmışdı otlar, kollar, yarpaqlar,
Saralmışdı eldə al-al yanaqlar,
Sönmüş idi evdə çox-çox ocaqlar,
Atı qovub, yorub yabı eləmə.

Bu quraqlıq, aclıq görən nədəndir,
Dedilər ki, ötəridir, ötəndir,
Ağac, yarpaq, ot yenidən bitəndir,
Atı qovub, yorub yabı eləmə.

Çox gəzdilər, tapmadılar Muğəri,
Axtardılar hər ocağı, hər yeri,
Bilmədilər o ölüdür, ya diri,
Atı qovub, yorub yabı eləmə.

Muğel bütün saralmışdı, solmuşdu,
Qarçiçəksiz eli aclıq almışdı,
Qan ayğırma burda yuva salmışdı,
Atı qovub, yorub yabı eləmə.


Çox düşündü, yol aradı Ağüzər,
Təkbaşına el qorumaq çətindir.
Eldəbirlə qapı-qapı gəzdilər,
Təkbaşına el qorumaq çətindir.

Çox qapılar bağlı idi, qalan yox,
Qalanlardan evdə, işdə olan yox,
Çörək vardı, arpa vardı, alan yox,
Təkbaşına el qorumaq çətindir.

Ağüz dedi: – Gedim gecə Çinçaya,
Haraylayım Çinçayeli haraya,
İşləkləri alıb gəlim buraya,
Təkbaşına el qorumaq çətindir.

Onu görüb bir qız durdu ayağa,
Dedi: – İlxı dünən çıxdı yaylağa,
Onlar girib dağətəyi ovlağa,
Təkbaşına el qorumaq çətindir.

“-İlxı, qımıs süd deməkdir körpəyə,
Bir də döyüş sursatıdır ölkəyə,
İlxı köklü süd-çörəkdir bölgəyə,
Təkbaşına el qorumaq çətindir.”

O yollandı “Muğər” deyə yallara,
Yaşıllıqda itib batan yollara,
Baxdı hələ qurumamış kollara,
Təkbaşına el qorumaq çətindir.

Bir səs gəldi bu an yaxın qaladan,
“-Gir Muğərin qış evinə bacadan,
Bir saxlanc var, orda, dolu buğdadan,
Təkbaşına el qorumaq çətindir.


Qarçiçəyəm, görünməzəm gözlərə,
Dolanışda bir sevinc var, sevgidir.
Qız artamı itirmişəm, gedirəm,
Dolanışda bir sevinc var, sevgidir.

Qızçiçəyəm, yer üstündə yasağam,
Üç yüz ildir yatmamışam, oyağam,
Qarçiçəktək gedəriyəm, qonağam,
Dolanışda bir sevinc var, sevgidir.

Qızçiçəyəm, görünməzəm, ötəri,
İtirmişəm Qarçiçəyi, Tuncəri,
İtib gedir daha tanrı dəyərim,
Dolanışda bir sevinc var, sevgidir.

Qıtlıqları Alpis tanrı törədir,
Yanqınları, qan tökməyi öyrədir,
Bu da bizdən öc almağa görədir,
Dolanışda bir sevinc var, sevgidir.

Ağüz dedi: – Sən gedəri deyilsən,
Külək kimi sən ötəri deyilsən,
Yaxşılıqsan, sən itəri deyilsən,
Dolanışda bir sevinc var, sevgidir.

Qal bizimlə, Mindiyara yardım ol,
Qal bizimlə, bizə sevgi andı ol,
Adamlara arxa dayan, yatım ol,
Dolanışda bir sevinc var, sevgidir.


Muğər gəldi at üstündə bükülü,
Yaratmaqdır, yaşatmaqdır yaşamaq.
Dedi: – Kimdir min-min başı, Ağüzər?
Yaratmaqdır, yaşatmaqdır yaşamaq.

Ağüz dedi: – Mənəm gələn Başevdən,
Soldum,qaldım bu yerləri görəndə,
– İlxıları otarırdım dağda mən,
Yaratmaqdır, yaşatmaqdır yaşamaq.

– Niyə belə?
– Necə?
– Qıtlıq, quraqlıq?
– Düz deyirsən, bura qumluq, açıqlıq,
Doğmalaşıb bizə çoxdan bu varlıq,
Yaratmaqdır, yaşatmaqdır yaşamaq.

– Biz il boyu, bax, beləcə yoxsuluq,
Görməyirik nə çal-çağır, nə bolluq,
Tanrı bizi yoxsul qoyub bir yolluq,
Yaratmaqdır, yaşatmaqdır yaşamaq.

Odur gənclər burdan qaçır, qalmayır,
Burda dörday, beş ay çörək olmayır,
Taxıl bitir, ancaq içi dolmayır,
Yaratmaqdır, yaşatmaqdır yaşamaq.

Buğdam vardır, saxlamışam pis günə,
Burda yoxdur yurdla, ellə öyünən,
Boş vurğudur ürəklərdə döyünən,
Yaratmaqdır, yaşatmaqdır yaşamaq.


Ağüz baxdı, azca soldu, saraldı,
Hər ölkəyə yöndəm verən tanrıdır.
Dedi: – Boldur, diribaşdır atların,
Hər ölkəyə yöndəm verən tanrıdır.

Dedi: – Güc ver atçılığa, qamçıya,
İldə min at göndər gəlsin başçıya,
Üstünlük var orda ata, atçıya,
Hər ölkəyə yöndəm verən tanrıdır.

Muğər sanki dəyişildi, qımışdı,
Iki əlli Ağüzərdən yapışdı,
Sonra yorğun bir sevinclə danışdı,
Hər ölkəyə yöndəm verən tanrıdır.

– Belə olsa, dolanarıq, minbaşı,
Atlar çöldə özbaşına dolaşır,
Boş-boşuna təpikləşir, qapışır,
Hər ölkəyə yöndəm verən tanrıdır.

Sonra qoca köks ötürdü dərindən,
Dedi: – Ağüz, nə alarıq yerində?
Varsa alaq quru balıq yerində!
Hər ölkəyə yöndəm verən tanrıdır.

Ağüz dedi: – Buğda, arpa, geyimlər,
Yerə salmaq üçün gəbə, ceçimıər,
Yazı, oxu, bir də ölçü-biçilər,
Hər ölkəyə yöndəm verən tanrıdır.


Muğər dedi: – Yaxşı olar, dirillik,
Dirilikdən doğur dirrik, yaranış.
Yoxsa gənclər oğurluğa gedirlər,
Dirilikdən doğur dirrik, yaranış.

Ağüz dedi: – Atçılığa giriş sən,
O tutacaq burda sənin əlindən,
Tanrı belə buyurubdur əzəldən,
Dirilikdən doğur dirrik, yaranış.

– Demək belə...
– Biz danışdıq.
– Yaxşı yol.
– Ala, bu da bir az quruş, ağ qızıl,
Get Çinçaydan otuz təlis düyü al,
Gələcəkdir otuz günə dalısı,
Onlar bir də görüşdülər yol üstü,
Yollar bürkü, düzlər ilğım, yer isti,


Kimsə mahnı oxuyurdu uzaqda,
Əl çatmayan nə vardırsa arzudur.

Mahnı sanki titrəyirdi, itirdi,
Əl çatmayan nə vardırsa arzudur.

Qızçiçəyin səsi idi sanki səs,
Təklikdə tük ürpəşdirir belə səs,
“-Tuncər öldu! Ağüz, tələs, çıx, tələs!”
Əl çatmayan nə vardırsa arzudur.

“-Bacarımı, Tuncərimi itirdim,
Qarçiçəyi sonevinə ötürdüm,
Üzərimə ən ağır yük götürdüm,
Əl çatmayan nə vardırsa arzudur.

Mən iki tay arasında durnayam,
İki yandan üz döndərən anayam,
Yeddi bacı toplumunda sonayam,
Əl çatmayan nə vardırsa arzudur.

Qızçiçəyəm, görünməzəm, ölməzəm,
Orda-burda ağlamsaram, gülməzəm,
Mən Bacardan özgə nə var bilməzəm,
Əl çatmayan nə vardırsa arzudur.


Ağüz döndü Uğurelə birbaşa,
Özlüyündə itir nəsə itirən.
Onu ağlar qarşıladı çoxları,
Özlüyündə itir nəsə itirən.

El Tuncəri itirmişdi bir yolluq,
Uğurelli gözü yaşlı, səs tutuq,
Hamılıqda baxış donuq, üz donuq,
Özlüyündə itir nəsə itirən.

Ağüz dərdi uduğunu, tutuldu,
Qara qaşlar qoşa yaytək dartıldı,
Ağıyerə doğma kimi qatıldı,
Özlüyündə itir nəsə itirən.

Ürəyindən bir səs qopdu, inilti,
Qulağında “Tuncər” sözü,-pıçıltı,
Boğazında bir yaralı sızıltı,
Özlüyündə itir nəsə itirən.

Dedi: – Tanrım, Mindiyara dözüm ver,
Bu Tuncərdən beş yox, on yox, yüzün ver,
Versən, bizə yüzünün də yüzün ver,
Özlüyündə itir nəsə itirən.

Dedi: – Tanrım, qoy doğulum yenidən,
Odərboydan, Tuncər olum Tura mən,
Qoy yaşasın bir də, bir də ər ölən,
Özlüyündə itir nəsə itirən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets