Haçasaqqalla döyüş söylənci
– Tunq, mən Tusam, haçasaqqal Tusərəm,
“Mənəm” mənəm deyən öndə durur özündən.
Gözləyirdim gəlişini döyüşə,
“Mənəm” mənəm deyən öndə durur özündən.
Biləsən ki, Darvideli almışam,
Başçıları vurub atdan salmışam,
Mən buranın başbaşısı olmuşam,
“Mənəm” mənəm deyən öndə durur özündən.
Hörmətim var sənin kimi yaşlıya,
Iran, Turan durub qarşı qarşıya,
Gəl barışa, ya döyüşə başlayaq,
“Mənəm” mənəm deyən öndə durur özündən.
Tunq:
“Tusər artıq son işıqı söndürür,
O Turandan tam üzünü döndərir,
Gərək ora Eldəbiri göndərim,
“Mənəm” mənəm deyən öndə durur özündən.
Tus Qurdəri basır iplə bağlayır,
Tutuq edib dustaqlıqda saxlayır,
Turanlının gücü, içi laxlayır,
“Mənəm” mənəm deyən öndə durur özündən.
Qız toplumu gözləyərək durubdur,
Döyüş, aclıq hamılığı yorubdur,
Tus bu işi, bicləməni qurubdur,
“Mənəm” mənəm deyən öndə durur özündən.
Tunq eşidir bunu, düşür təşvişə,
Bir qədər də mətəl qalır bu işə,
Iyirmi min atlı çıxır yürüşə,
“Mənəm” mənəm deyən öndə durur özündən.
Tunq yolüstü əmr eləyir, bax, belə:
– On min atlı Tusa, on min Parselə,
Düşsün Tusun ürəyinə vəlvələ,
“Mənəm” mənəm deyən öndə durur özündən.
Çatan kimi Darvidelə bağırır,
Nərildəyib burda dəhşət doğurur,
Yaraqlını qırhaqıra çağırır,
“Mənəm” mənəm deyən öndə durur özündən.
Çatır Tusa süpürləyir atını,
Yürüş edən gücdür, zəfər onundur.
Alır Tusun gözlərinin odunu,
Yürüş edən gücdür, zəfər onundur.
Tunq deyir ki, dur ayağa, yekəbaş,
Sənə sonev olacaqdır bu savaş,
Az İranda döşünə döy, yavalaş,
Yürüş edən gücdür, zəfər onundur.
Qalxan tutub Tus yeriyir qabağa,
Tunq əndərir dəmir gürzü tutağa,
Tus dözməyir, diz qatlayır torpağa,
Dönür yerdə ayaqaltı tapdağa,
Yürüş edən gücdür, zəfər onundur.
Səs yayılır ağız-ağız hər yana,
On min atlı birəm girib İrana,
Başsız qalan Başev qalıb virana,
Yürüş edən gücdür, zəfər onundur.
Tus bilir ki bu iş Tunqun işidir,
O diskinir, qoyun kimi tövşüyür,
Deyir: – Parslar durun, məni eşidin,
Yürüş edən gücdür, zəfər onundur.
– Hamı dönsün Darvideldən Parselə,
Gözləmirdik bu döyüşü biz belə,
Qabaqdadır döyüşümüz, Tunq, hələ,
Yürüş edən gücdür, zəfər onundur.
Sanna dedi: – Tusu əsir götürək,
Yekəbaşın ad-sanını itirək,
Ya da onun burda işin bitirək,
Yürüş edən gücdür, zəfər onundur.
Tunq dedi: – O başçıdır ölkədə,
Qoy qayıtsın, ağıllanar bəlkə də,
Ağıllansa çıxmaz bizim cərgədən,
Oğul qalmaz əl-ayaqsız kölgədə,
Yürüş edən gücdür, zəfər onundur.
Eldəbiri çıxartdılar dustaqdan,
O da bunu gözləyirdi bayaqdan,
Ac qalmışdı, o düşmüşdü ayaqdan,
Yürüş edən gücdür, zəfər onundur.
Qurdər deynən haradasan, harada,
Məni alıb ağrı, dərin yaralar,
Yara qalsa laxtalanar, qaralar,
Yaralı da, çöpə dönər, saralar,
Yürüş edən gücdür, zəfər onundur.
Sona çatır Darvideldə döyüşlər,
Qan-qadanın əvvəli var, sonu yox.
Qalır Turan yurdu kimi Darvidel,
Qan-qadanın əvvəli var, sonu yox.
Toplum dönür, Tunq İrana dönməyir,
Neçə gündür o, atından enməyir,
Acığı da alovlanır, sönməyir,
Acıqlıdır, danışmayır, dinməyir,
Qan-qadanın əvvəli var, sonu yox.
O düşünür, İran, Turan bir olsun,
Hər ikisi Turanlıqda yer alsın,
Yer üzündə Turan adı gur olsun,
Qan-qadanın əvvəli var, sonu yox.
Dedi, qoyum Elçiçəyi yerimdə,
Bəs kim qalsın Elçiçəyin yerində,
Yerinc qoyum onərlərin birindən,
Qan-qadanın əvvəli var, sonu yox.
Özüm gəzim ölkə, ölkə Turanı,
Mən Turanın qulluğunda dayanım,
Olum hər gün elin, yurdun hayanı,
Qan-qadanın əvvəli var, sonu yox.
Böyük ölkə dolandırmaq ağırdır,
Böyük ölkə haradasa fağırdır,
Ona qarşı çox ölkələr paxıldlr,
Böyük ölkə sanki şirin nağıldır,
Qan-qadanın əvvəli var, sonu yox.
Gərək bölüm bunu İran, Turana,
Tərs baxacaq onda xortdan xortdana,
Bənzəyəcək qohum-arpa, samana,
Qan-qadanın əvvəli var, sonu yox.
Yoxsa bitməz qan-qan deyən bu işlər,
Bitməyəcək aramızda döyüşlər,
Ara verməz sancı, təhqir, söyüşlər,
Qan-qadanın əvvəli var, sonu yox.
Böyük ölkə parçalanır içindən,
Zəhləm gedir daha tayfa köçündən,
Zəhləm gedir onun, bunun öcündən,
Qala bilməz Turan bu cür biçimdə,
Qan-qadanın əvvəli var, sonu yox.
Qoy çağırım Sayan, Alan, Sayanı,
Bəlkə onlar dolandıra Turanı,
Yaradalar hər səliqə, sahmanı,
Qan-qadanın əvvəli var, sonu yox.
Turq düşünür, yorğun atı yorğadır,
Tunqun yolu dəyişilib, başqadır,
Gecə ulduz ətək-ətək qorğadır,
Ay ulduzlar içrə qızıl toqqadır,
Qan-qadanın əvvəli var, sonu yox.
Nə deyirsən, sısqa diyar, sısqa yurd,
Sən də buyur öz-özünə ölkə qur,
Az Turanın arxasınca yeri, yort,
Öz xeyrinə onu, bunu qopart, qırt,
Qan-qadanın əvvəli var, sonu yox.
Muğel, Çinçay, Qoşaboğaz, Qobuçöl,
Ay Buzboğaz, Durudaşel, Yaqutel,
Bağlantıdan çıxın, Altay, Darvidel,
Turan daha yolqonağı ev deyil,
Qan-qadanın əvvəli var, sonu yox.
Turq düşünür, at yanpörtü şüllənir,
Külək vurur, yal, quyruğu yellənir,
Dağ başında gün işığı bəllənir,
Qan-qadanın əvvəli var, sonu yox.
Çilçilatı gətirillər, o, şişib,
Yaralıdır, sol sağrısı, sağ döşü,
O kişnəyir, şaha qalxır, yer eşir,
Qan-qadanın əvvəli var, sonu yox.
Tunqər deyir: – Haradaydın çil atım,
Döyüşlərdə qoruncumsan, həyatım,
Xilaskarım, mənim qolum, qanadım,
Qan-qadanın əvvəli var, sonu yox.
Qarşıladı Tunqu tezdən Elçiçək,
Əri yedirt, sonra aç, de, sözünü.
Açılmışdı bol süfrələr Basevdə,
Əri yedirt, sonra aç, de, sözünü.
Dedi: – Ərim, hardan yara almısan,
Arıqlayıb bir azcana solmusan,
Eşitdim ki Tusa zəfər çalmısan,
Əri yedirt, sonra aç, de, sözünü.
Tunq bir dinclik duydu sanki özündə,
Vəcdə gəldi arvadının sözündən,
Iyləyərək öpdü onun üzündən,
Əri yedirt, sonra aç, de, sözünü.
Arvadına açdı dedi çox sözü,
Açdı, dedi cod yalanı, ağ düzü,
Yatdı bütün iki gecə gündüzü,
Əri yedirt, sonra aç, de, sözünü.
Gileyləndi qaynatası Turqərdən,
– O əl çəkmir-ora, bura səfərdən,
Salır bizi yad gözlərdə nəzərdən,
Əri yedirt, sonra aç, de, sözünü.
Ancaq dinib danışmadı arvadı,
Elçiçəkdi təkcə Turqun övladı,
Dağılardı yoxsa evi, büsatı,
Əri yedirt, sonra aç, de, sözünü.
Ərlə arvad arasında söz acı,
Arvad quzu timsalında, ər qoçu,
Belə vaxta açmaq olmaz hər sucu,
Əri yedirt, sonra aç, de, sözünü.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-hacasaqqalla-doyus-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Aşıq SefiliƏglən, usdam, səndən xəvər alayım,
İçindəSən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.
Əsir AzərbaycanımNerdə məni gül qoynunda doğuran,Xəmirimi göz yaşıyla yoğuran,
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,