Qızağın ölüm söylənci
Günbatandan bir səs qalxdı bu yerdə,
Üzübağlı bir atlıydı gəlirdi.
Sağı, solu o biçirdi qılıncla,
Üzübağlı bir atlıydı gəlirdi.
Nəriltisi ürəkləri yarırdı,
Bir topbuzla neçəsini qırırdı,
Yeri, göyü qorxunc qorxu sarırdı,
Üzübağlı bir atlıydı gəlirdi.
Yetişəndə o yaralı Qızağa,
Alıb çəkdi Qırğıatı qırağa,
Görüb onu Qızağ qalxdı ayağa,
Üzübağlı bir atlıydı gəlirdi.
– Səni deyib qayıtmışam, gəlmişəm,
Mənim iyid ər, vuruşqan arvadım.
Kim qılıncla vurub səni arxadan,
Mənim iyid ər, vuruşqan arvadım.
Mən inandım, aldadıldım, basıldım,
On il kölə günlərimə qısıldım,
İnam sözü qulağımdan asıldı,
Mənim iyid ər, vuruşqan arvadım.
Kim vurubdur sənə bu sərt yaranı,
Hansı qancıl tutmaq istər buranı,
Kim axıdıb Əkbitəndə bu qanı,
Mənim iyid ər, vuruşqan arvadım.
Çölçü qılınc qaldıraraq Turərə,
– Mənəm-dedi-Əkbitənin yiyəsi.
Mən vermişəm köləliyə səni də,
– Mənəm-dedi-Əkbitənin yiyəsi.
Turər ağır qılıncını qaldırıb
– Mənəm-dedi-Əkbitənin yiyəsi,
Sənin səsin mənə yaxşı tanışdır
– Mənəm-dedi-Əkbitənin yiyəsi.
On il uzaq köləlikdə qalmışam,
Qapılarda qara işçi olmuşam,
İndi dönüb öz yurduma gəlmişəm,
– Mənəm-dedi-Əkbitənin yiyəsi.
Çölçü qaçmaq istəyirdi döyüşdən,
Daddı iri qılıncını Turərin.
Bu görüşdən yaman qorxdu, qarıxdı,
Daddı iri qılıncını Turərin.
Göydə iki qanlı qılınc oynadı,
Öc baxışda, qan ürəkdə oynadı,
Acıqanın qorxaq gözü qanadı,
Daddı iri qılıncını Turərin.
İlk vuruşda sağ qolunu itirdi,
Qılıncını sol əlinə götürdü,
Turər vurdu onu yerə gətirdi,
Daddı iri qılıncını Turərin.
– Acıqanın nə gücü var, nə veci,
İrəli get, dirielli, minelli!
Dənizətək qovun qudurqanları,
İrəli get, dirielli, minelli!
Mən Turərəm, Qızağ mənim iç qatım,
Düzər, Yüzər mənim qoşa qanadım,
Səyirt düzdə Qırğıatı, yel atı,
İrəli get, dirielli, minelli.
İnanmayın bundan sonra onlara,
İnancdandır bizə dəyən bu yara,
Mənim üzüm el yanında qapqara,
İrəli get, dirielli, minelli.
Gündoğanı, günbatanı qan aldı,
Qırıldılar toplum-toplum çölçülər.
Fil üstündə, dəvə, öküz belində
Qırıldılar toplum-toplum çölçülər.
Yeləsəndən Düzər qalxıb yürüdü,
Yelçəkəni Yüzər çən tək bürüdü,
Tur bağırdı, dağlar-daşlar kiridi,
– Qırıldılar toplum-toplum çölçülər.
Yatdı dəri başraqları qanlara,
Parçalanıb dağıldılar yanlara,
Batman qılınc Turər çapdı onlara,
Qırıldılar toplum-toplum çölçülər.
Hindelinə çəkildilər, getdilər,
Sınıq-salxaq toplumları dağıldı.
Gedə-gedə yaraqları atdılar,
Sınıq-salxaq toplumları dağıldı.
Bir çoxları yalvar-yaxar qaldılar,
Qolu bağlı kölə-külə oldular,
Yeri qazıb qazmalara doldular,
Sınıq-salxaq toplumları dağıldı.
Gündoğandan yelçəkənə köçdülər,
Qumluqları "yerim-yuvam" bildilər,
Duzlu suyu dadlı-dadlı içdilər,
Sınıq-salxaq toplumları dağıldı.
Turər dönüb yerdən aldı Qızağı,
– Mənim gözəl, ər-vuruşqan sevgilim
Qollarının üzərinə götürdü,
– Mənim gözəl, ər-vuruşqan sevgilim.
Gözlərinlə yol çəkibsən yoluma,
Döş gəribsən sən ölümə, oluma,
Düzlüyünü yükləyibsən dalıma,
Mənim gözəl, ər-vuruşan sevgilim.
Əkbitənin süd anası, dağ qızı,
Süd-qaymaqdan dadlı olan ağ qızı,
Kişilərdən güclü, sağlam, sak qızı,
Mənim gözəl, ər-vuruşqan sevgilim.
– İyid ərim, əyil məni qoy yerə,
Belimdəki dərin yara sağalmaz.
Sən gəlibsən, mən gedirəm arxayın,
Belimdəki dərin yara sağalmaz.
Səni gördüm göz işığım çoxaldı,
Gündoğandan gələn toplum yoxaldı,
Ürəyimin yaraları sağaldı,
Belimdəki dərin yara sağalmaz.
Mən ölərsəm, yatırt məni yatağa,
Geydir məni daş-qaş ilə, yarağa,
Öz əlinlə tapşır ana torpağa,
Belimdəki dərin yara sağalmaz.
– Keçdi on il köləlikdə günlərim,
Şah sevgilim, ərin Turu bağışla.
Tək qoymuşam səni qurdlar içində.
Şah sevgilim, ərin Turu bağışla.
Qapılarda ev buyruğu, çöl işi,
Dağda-deşdə yıx, tik, daşı yay-qışı,
Neynəyərdi qıçıbağlı bir kişi,
Şah sevgilim, ərin Turu bağışla.
Uca-uca şahlıq evi, su yolu,
Asma bağlar becərmişəm qan dolu,
İşləmişəm sənin üçün var olum,
Şah sevgilim, ərin Turu bağışla.
– On il səni gözləmişəm, üzüağ,
Mən ölürəm el yolunda ağ üzlə.
İki oğul, bir ad qoyub gedirəm,
Mən ölürəm el yolunda üzüağ.
Minelliylə dirielli qovuşdu,
Daşqıranlar parçalanıb sovuşdu,
Dəli könlüm bircə sənə yovuşdu,
Mən ölürəm el yolunda üzüağ.
Düzər, Yüzər qardaşdılar, ayırma,
Yığdığımı qoru, göyə sovurma,
İki eli ayıran söz buyurma,
Mən ölürəm el yolunda üzüağ.
Bir il Turər yas içində yaşadı,
Yasa batdı ev-ev böyük Əkbitən.
Bir toy səsi, gülüş səsi olmadı,
Yasa batdı ev-ev böyük Əkbitən.
Sonevini görüş yeri etdilər,
Sevgililər and içməyə getdilər,
Düzər, Yüzər gül tək orda bitdilər,
Yasa batdı ev-ev böyük Əkbitən.
Qara geydi paltarını şah əri,
Evlənmədi oğulların heç biri,
Ocaqlaşdı Qızağ şahın son yeri,
Yasa batdı ev-ev böyük Əkbitən.
Ölüm nədir, ağrıların sonluğu,
Ayrılığın bir adı da ölümdür.
Ayrı salır doğmaları doğmadan.
Ayrılığın bir adı da ölümdür.
Duyar ölən sayıq olar qalandan,
Artıq qalan hər gün ölər yalandan,
Adam ölər son yerini alanda,
Ayrılığın bir adı da ölümdür.
Qapı açın düyün açan ölümə,
Pis deməyin pisdən qaçan ölümə,
Sağol deyib kimsə, haçan ölümə,
Ayrılığın bir adı da ölümdür.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-qizagin-olum-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Tanı şahın səsləncləri gurladı,Alınyazı gənc şahlara yatımdır.
Muğel söylənciTuncər gəlib Uğurelə çatmışdı,Dinclik duyur son ayaqda yol gələn,
Tanrievi söylənciTuncay qatdı başlarını onların,Uşaq evdə ağlar, gülər, baş qatar.
Soyqan söylənciÇinellilər gəldi Təbət boyunca,Yersiz qalar özgə yerə göz dikən.