Qızağ getdi Turər şahın dalınca,
Yollar boyu Qırğıatın belində.
Ellər onu qarşıladı, oxşadı,
Yollar boyu Qırğıatın belində.

Dirielli, minellilər bir idi,
Qız-qadını işlək idi, ər idi,
Kişiləri coşqun idi, gur idi,
Yollar boyu Qırğıatın belində.

Yüz-yüz, min-min yığıb eli danışdı,
El toplandı bir-birinə qarışdı,
Cıdırlarda ərlər ilə çapışdı,
Yollar boyu Qırğıatın belində.


– Deyirlər ki, yola getmir el-oba,
Ellərimi yoxlamağa gəlmişəm.
Harda oldum el, obalar bir idi,
Ellərimi yoxlamağa gəlmişəm.

Utanıram baxım elin üzünə,
Düşməmişik hələ Şahın izinə,
El inanar mənim ana sözümə,
Ellərimi yoxlamağa gəlmişəm.

Bilirəm şah bir gün dönüb gələcək,
Gəlişilə el-obamız güləcək,
O ölməyib, gəlib eldə öləcək,
Ellərimi yoxlamağa gəlmişəm.


– Yaraqlılar ayıq olsun, eşitsin,
Yurdumuza göz tikibdir qonşular.
Yaraqları iti olsun, od olsun,
Yurdumuza göz tikibdir qonşular.

Gücümüzü üç artıran yaraqdır,
Yaraqlılar el-obaya dayaqdır,
Ölkə sayıq dayanıbdır, oyaqdır,
Yurdumuza göz tikibdir qonşular.

Mən anayam, yaraq düşmür əlimdən,
Yurd-yuvamın adı-sanı dilimdən,
Keçməliyik qada-bala selindən,
Yurdumuza göz tikibdir qonşular.


Qoşar çıxıb dınqır çaldı, oxudu,
Ocaqların alov dili titrədi.
Coşub, daşıb hamı ona qoşuldu,
Ocaqların alov dili titrədi.

– Baş əyirik şahımıza yüz kərə,
Qapdı onun sözlərindən od hərə,
Gəlişilə inam səpdi ellərə,
Ocaqların alov dili titrədi.

– Şahım, ellər sözlərinlə oyanıb,
At yəhərdə, yaraq əldə dayanıb,
Birliyimiz al Günəşə boyanıb
Ocaqların alovları titrədi.


– Bir az məndən qıraq durun, dinləyin,
Bir qoşaram at tükündən dınqırım.
Acıqanın toplumunu yaxaram,
Bir qoşaram, at tükündən dınqırım...

Tanrı mənim sözlərimə dad verib,
El-obaya uca-uca ad verib,
Gözlərimin ocağına od verib
Bir qoşaram at tükündən dınqırım.

Görgör məni çox çəkibdir sınağa,
Dönməmişəm mən gərəksiz alağa,
Böyüklərin ayağında dolağa
Bir qoşaram, at tükündən dınqırım.


– Harda getdi, Qızağ elə qarışdı,
Döndü dözüm, inam, düzlük andına,
Kimsəsizi, əliboşu hayladı,
Döndü dözüm, inam, düzlük andına.

Qırıq idi ürəyinin telləri,
Güclü odlu deyimləri, dilləri,
Baxışları, tərpənişi, əlləri,
Döndü dözüm, inam, düzlük andına.

Hər obada düşdü Qırğı atından,
At kəsdilər ayaqları altında,
Endi şahlıq zirvəsindən, qatından,
Döndü dözüm, inam, düzlük andına.


Çox keçmədi soraq gəldi Qızağa,
"Gündoğandan yürüşlənib acığan"
Dağlar başı ocaq-ocaq alışıb,
Gündoğandan yürüşlənib acıqan.

Qızağ ilkin yaraqlandı bu hayda,
Ölkə oldu toplum-toplum bir ayda,
Yaraqlandı qızlar neçə alayda,
Gündoğandan yürüşlənib acıqan.


Gündoğanda yürüş-vuruş başladı,
Nə Turər var, nə Düzər var, nə Yüzər.
Bulud aldı Əkbitənin üstünü,
Nə Turər var, nə Düzər var, nə Yüzər.

Qoşar geydi döyüş-vuruş geyimi,
Qılıncıyla yanaşıydı deyimi,
Qızağ ilə bir ürəyi, beyini,
Nə Turər var, nə Düzər var, nə Yüzər.

Qızağ gedir toplumuyla, eliylə,
Doğrayırdı acıqanı əliylə,
Danışırdı qılıncının diliylə,
Nə Turər var, nə Düzər var, nə Yüzər.


Acıqanlar dəvə, fil, at üstündə,
Hər vuruşda on-on yerə sərilir,
Əkbitəni tutmaq üçün büsbütün,
Hər vuruşda on-on yerə sərilir.

Qızağ topbuz, bizuc, qılınc endərir,
Acıqanı vurub geri döndərir,
Gündoğana barış hoyu göndərir,
Hər vuruşda on-on yerə sərilir.

– Mən qan-qada üzərindən keçərəm,
Acıqanı toplum-toplum biçərəm,
Qansızların al qanını içərəm,
Hər vuruşda on-on yerə sərilir,


Yurdumuzun bütövlüyü qorxuda,
Hoydu, qoçaq iyidlərim, irəli!
Qansızları vurun, geri oturdun,
Hoydu, qoçaq iyidlərim, irəli!

Təklənsək də bu yenilməz duruşda,
Yer vermərik əldən bircə qarış da,
Yarağınız iti olsun vuruşda,
Hoydu, qoçaq iyidlərim, irəli!

Mən Turərin ərlərindən biriyəm,
Onun vuran qılıncıyam, yeriyəm,
Bu döyüşdə ölsəm, onla diriyəm,
Hoydu qoçaq iyidlərim, irəli!


Beş ay döyüş dayanmadı, uzandı,
Şahın toplum dayaqları laxladı.
Minellilər irəliyə getsə də
Şahın toplum dayaqları laxladı.

Fillər gəldi, torpaq göyə sovruldu,
Günəş altda qan gölləri qovruldu,
Ay əridi, sarı sapa çevrildi,
Şahın toplum dayaqları laxladı.

Biri gəldi, üz örtüyü qapqara,
Əlatdılar qılınclara, oxlara,
Açdı şahın kürəyində bir yara,
Şahın toplum dayaqları laxladı.


İyid Qızağ Qırğıatdan aşanda,
Nərildədi şimşək kimi, şir kimi.
Qılınc alıb bir də durdu ayağa,
Nərildədi şimşək kimi, şir kimi.

– Kimsən, bayquş, məni vurdun arxadan,
Vurub qaçıb al qanımı axıdan,
Niyə dalda gizlənibsən qorxudan,
Nərildədi şimşək kimi, şir kimi.

Kim olsan da bu yerlərdə olubsan,
Mənim yalqız olduğumu bilibsən,
Kürəyimi daldan nişan alıbsan,
Nərildədi şimşək kimi, şir kimi.


– Mən yaxınam başçılara, şahlara,
Yoxdur hələ məni mən tək tanıyan.
Turəri də mən azdırdım körfəzdə,
Yoxdur hələ məni mən tək tanıyan.

Mən Turərin Başevinin Çölçüsü,
Hindelinin Əkbitəndə çərçisi.
Bu ölkədə o ölkənin elçisi.
Yoxdur hələ məni mən tək tanıyan.

Sən ölərsən, mən tutaram yerini,
Köləlikdən gətirərəm ərini,
Sağ qoymaram minellinin birini,
Yoxdur hələ mən tək məni tanıyan.


– Alçaq, sənsən, indi səni tanıdım,
Necə sənə inanırdım hər işdə.
İnanmağın acısını dadıram,
Necə sənə inanırdım hər işdə.

Mənim başım iç işlərə qarışıq,
İşim-gücüm el arası barışıq,
Bu vuruşu sən udmusan, sən artıq,
Necə sənə inanırdım hər işdə.

Tanrım, mənə son güc göndər, dirilim,
Qılınc kimi parıldayım gərilim,
Qoyma alçaq ayağına sərilim,
Necə sənə inanırdım hər işdə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ağüzelli Günayla Daşqırların vuruş söylənci

Ağsaqqallar, ağbirçəklər qımışdı,Sağ ol sözü, elə var ol deməkdir,

11 min
Müəllifdən

Azərbaycan ədəbiyyatında ən iri həcmli poetik əsər hesab edilən “Ata” poema-eposunu 1991-ci ildən qələmə almağa başlamışam. Azərbaycanın ən qədim şeir forması–qoşma şəklində on min il əvvəl Yaxın, Orta, Uzaq Şərq genişliklərində yaşayan, yaradan, dəyişib varlığını və ləyaqətini isbat edən türkdilli qəbilə, tayfa və xalqların, xüsusilə Azərbaycan xalqının eramızın əvvəllərinə qədərki həyat və məişətinin bədii-tarixi lövhələrdə təsvirini əhatə edir. “Ata” sadə xalq danışıq dilində yazıldığı üçün burada demək olar ki, fars və ərəb sözləri işlənməmişdir. Əsərdə Azərbaycan, Orta Asiya, Türkiyə, Rusiya, İran, Ərəb ölkələri, İngiltərə, Almaniya, və s. Avropa alimlərinin tarixi sənədlərə, tarixi həqiqətlərə uyğun fikirləri əsas götürülmüşdür.Çoxdandı ki, xarici ölkələrdə yaşayan soydaşlarımız xalqımızın varlığı, mənşəyi, yaşadığı ərazi, qədim həyat tərzi, dili və qəhrəmanlıqları ilə maraqlanır, bəziləri isə mənə bu haqda, məktub yazır, bu sahədə ortalığa ciddi suallar qoyurdular.

1 min
Yüzər söylənci

Turər öldü, Qızağ adı dilində,Sevgi ölmür, solğun gülə çevrilir.

7 min
İki qardaş söylənci

İzin istəyir, Düzər gedir döyüşə,Bunca qardaş bağışlayar qardaşı.

12 min

Poems by other poets · Homeland