Başev hələ gözləyirdi Turəri,
Soyuq idi sözlər, gözlər, baxışlar.
Qızağ yenə utanırdı hamıdan,
Soyuq idi sözlər, gözlər, baxışlar.

Qoşar ona ürək-dirək verirdi,
Qadın şahın arxasında dururdu,
Üzlərdəki çəkimləri görürdü,
Soyuq idi sözlər, gözlər, baxışlar.

– Bacım, yerin amanatdı, dayan, dur,
Qanmayanı qandır, qatda, boyun vur,
Harda olsam, gələcəyəm-deyib Tur,
Soyuq idi, sözlər, gözlər, baxışlar.


Çölçü tez-tez yanlayırdı Qızağı,
– Sən şahlığa, şahlıq sənə yaraşır.
Çıx dünyaya, dünya səni tanısın,
Sən şahlığa, şahlıq sənə yaraşır.

Başçı gərək keçmişini anmasın,
İnam, sevgi, uşaq üçün yanmasın,
Soyuqlaşıb şaxtalaşıb donmasın,
Sən şahlığa, şahlıq sənə yaraşır.

Mənim bircə ürəyim var, dupduru,
Tanrım, məni bu şah üçün sən qoru,
Tanrı bizə qaytarsa da Turəri
Sən şahlığa, şahlıq sənə yaraşır.


– Şahım, bir söz söyləməyə izin ver,
Qulluğuna gəlmək istər elçilər.
Gündoğandan birellilər başçısı,
Qulluğuna gəlmək istər elçilər.

Demişəm ki, şahın əri itibdir.
Özgəsinin harayına gedibdir.
Şah gözləyir, neçə illər ötübdür,
Qulluğuna gəlmək istər elçilər.

Deyir, gəlim kölə olum ərkinə,
Qancılını qırıb çatım bir günə,
Sənin üçün ölən də var, bilginən,
Qulluğuna gəlmək istər elçilər.


– Daşqıranın ağsaqqalı gəlmişdi,
Yer istəyir düzən yerdə əkməyə,
Deyir, acdır adamlarım, yazıqdır,
Yer istəyir düzən yerdə əkməyə.

Deyir, yaxşı tanıyıram Qızağı,
Turdan yaxşı görür bu şah qabağı,
Baş qoyarıq hara dəysə ayağı,
Yer istəyir düzən yerdə əkməyə.

Kölə olluq, şah keçmişi unutsa,
Qurularıq yaraları qanatsa,
Baş əyərik acığını yan atsa,
Yer istəyir düzən yerdə əkməyə.


Ürəyindən çox istəklər keçsə də,
Özgə yerə, özgə mala əl atma.
Ovcundakı, alnındakı səninsə,
Özgə yerə, özgə mala əl atma.

Əli uzun, dili gödək dolanar,
Kirpiyinə ağrı yükü qalanar,
Qoyma ağzın hər şey üçün sulana,
Özgə yerə, özgə mala əl atma.

Ay çox yerdə ölçü-biçi itirən,
Nə verəndə, nə görəndə götürən,
Özgəsinə qara günlər gətirən,
Özgə yerə, özgə mala əl atma.


– Üç yol elçi göndəriblər, qovmuşam,
Hindelində odu Tanrı bilənlər.
Dənizlərdə gəmiləri üzərdir,
Hindelində odu Tanrı bilənlər.

O ölkəni mən gəzmişəm, gəlmişəm,
İşdə-gücdə uca, ulu bilmişəm,
Yer-yurdları iri çaylar, göl, meşə,
Hindelində odu Tanrı bilənlər.

Dilimizə yad olsa da dilləri,
Bizə yaxşı arxa olub elləri,
Sürülərə gen qışlaqdır çölləri,
Hindelində odu Tanrı bilənlər.


– Könlü sınıq şah olsam da bilirəm,
Mənə deyil, onlar yerə göz tikib.
Bu, ölkəni tutmaq üçün girəvə,
Mənə deyil, onlar yerə göz tikib.

Mənim şahlıq buyuruğum Turdadır,
Tur özü də qanlı əldə dardadır,
"Hə" deməyə məndə təpər hardadır,
Mənə deyil, onlar yerə göz tikib.

Onlara de: bu elçilik çələdir,
Tək olsa da Qızağ çoxdan belədir,
Sevgisinə, ölkəsinə kölədir,
Mənə deyil, onlar yerə göz tikib.


– Aramıza kimsə belə söz qatır,
Dirielli, minellilər içində,
Gizli-gizli gəzib vurur aranı,
Dirielli minellilər içində.

Donquldanma tutub sanki hər yeri,
Hamı burda öz-özünü şah görür,
Qılıncçəkmə, ağacvurma baş verir
Dirielli minellilər içində.

Yavaş-yavaş bu şahlıqdan bezirəm,
Tura görə mən bunlara dözürəm,
Son yol üçün doğru bir yol gəzirəm,
Dirielli minellilər içində.


– Çindən söylənc danışanlar deyirlər
Qırğın salıb yaşayırlar başçılar.
Aclıq ili, qıtlıq ili ölkədə,
Qırğın salıb yaşayırlar başçılar.

Bu elləri çəkmək üçün barışa
Gərək biz də qonşularla vuruşaq,
Başçı gərək hər bir işə qarışa,
Qırğın salıb yaşayırlar başçılar.

Onlar tez-tez girişirlər döyüşə,
Gərək biz də tez əl qataq bu işə,
Yoxsa ellər gəmirişər, yeyişər,
Qırğın salıb yaşayırlar başçılar.


"Çölçü deyən bu sözlərə inanıb".
Qızağ gizli çox düşündü, daşındı.
Onun öyüd, sayıq-soyuq sözləri...
Qızağ gizli çox düşündü, daşındı.

"Şah Başevdə oturmaqla çürüyər,
Üst-başını hörümçəklər bürüyər,
Şah susanda el-obalar kiriyər,
Qızağ gizli çox düşündü, daşındı.

Nəyə gərək bu sıtqamaq, inləmək,
Elə çıxmaq, ulu eli dinləmək,
Ellə birgə gecələmək, günləmək,
Qızağ gizli çox düşündü, daşındı.


Başev uca, yan-yevrəsi sal qaya,
Yellənirdi ocaqları Başevin.
Dam üstündə, yol üstündə gözətçi,
Yellənirdi ocaqları Başevin.

Körükçülər Alpandağa baxırdı,
Dal söygənci qayalığa qalxırdı,
Önü yaşıl yamaclara çıxırdı,
Yellənirdi ocaqları Başevin.

Hanı Turər, tikən yerdə sağ olsun,
Gəlsin çıxsın, mənə mərmər tağ olsun,
Buz bulaqlar axsın, bura bağ olsun,
Yellənirdi ocaqları Başevin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets