Boş bilərək Mehcə bir gün Başevi
Düşüncəsi yumaqlandı, qarışdı.
Eşidincə Qaraş gedib savaşa,
Düşüncəsi yumaqlandı, qarışdı.

"Aparıblar Qaraşımı ölümə,
Gör, nə gəlir düşüncəmə, dilimə.
Gedim mən də yürüklənim gəlinə.
Düşüncəsi, yumaqlandı, qarışdı.

Mən özümu Əkbitənə yetirrəm,
Manayını oğurlayıb gətirrəm,
Yürüşünü itim-itim itirrəm,
Düşüncəsi yumaqlandı, qarışdı".


"Oğlum öldü, indi nəvəm gedəcək,
Mən bu işdən baş çıxara bilmirəm.
On yaşında uşaq hara, çöl hara,
Mən bu işdən baş çıxara bilmirəm.

Söyləsənəm böyük tanrım-taparım,
Nə yerdədir görən körpə çaparım?
Nə düşünüb şah Qaraşı aparıb,
Mən bu işdən baş çıxara bilmirəm.

Yürüşünü oğurlaram, qoy ölsün,
Yaraları suluq-suluq soyulsun,
Yuruş mənim, Qaraş onun qoy olsun,
Mən bu işdən baş çıxara bilmirəm".


Mehcə gəldi Əkbitənə üç günə,
Acıq, sevgi boğuşurdu üzündə,
O, Başevin qapısından girərkən
Acıq, sevgi boğuşurdu üzündə.

Manay onu qucaqladı, sevindi,
Belə gündə gəlişini bəyəndi,
Ancaq Mehcə nə danışdı, nə dindi,
Acıq, sevgi boğuşurdu üzündə.

Manay baxdı ona, işi anladı,
Getdi dalda öz-özünü danladı,
Qaçıb doğma Yuruşunu yanladı.
Acıq, sevgi boğuşurdu üzündə.


"-Yanılmışam-deyə Manay düşündü
Bir boşqab var bu boşqabın altında.
Deyən gəlib yürüşümü qaçırsın,
Bir boşqab var bu boşqabın altında".

Hələ qorxdu, çəkindi də o hərdən,
"Körpəsinə qada qatar o birdən".
Uzaq tutdu balasını bu yerdən,
Bir boşqab var bu boşqabın altında.

İki ana, iki uşaq, iki şah,
Anaların könlünə bax, ay Allah.
Şah olmağın nə dəyəri bu yolla?
Bir boşqab var bu boşqabın altında.


Mən gəlmişəm, görüm Qaraş hardadır?
Kal səs sözdən daha aydın, səslənir.
Niyə onu şah döyüşə aparıb.
Kal səs sözdən daha aydın səslənir.

Haçanacan Başev məndən qorxacaq,
Mənə soyuq gözlərilə baxacaq,
Haçanacan bunlar məni yaxacaq,
Kal səs sözdən daha aydın səslənir.

Başev mənim şah yerimi bilmədi,
İşdayaqdan sonra bir yol gülmədim,
Öz ərimlə niyə birgə ölmədim.
Kal səs sözdən daha aydın səslənir.


– Anam, bacım, səni burdan qovan yox,
Kim oturub harda, o yer onundur.
Şahlığı da özün atıb gedibsən,
Kim oturub harda, o yer onundur.

Bir ölkəni bir acığa atıbsan,
Öz-özünü Darvidelə qatıbsan,
Say, gör, hələ necə qana batıbsan,
Kim oturub harda, o yer onundur.

Mənimlə yox, sən Mindonla get, danış,
Üstüağın işlərinə az qarış,
Gəlibsənsə Başevinlə sən barış,
Kim oturub harda, o yer onundur.


– Mən də elə barışığa gəlmişəm,
Çətin barış hər bir şeydən bahadır
Bax, gül suyu gətirmişəm mən sənə,
Çətin barış hər bir şeydən bahadır.

Manay aldı gül suyunu iylədi,
Bir andaca "aman, öldüm" söylədi.
Gül suyundan ilan ödü elədi,
Çətin barış hər bir şeydən bahadır.

Gələn gəldi, gördü Manay bayılıb,
Qan calanıb, hər bir yana yayılıb,
Bir kəsik baş qucağına qoyulub
Çətin barış hər bir şeydən bahadır.


Üç gün keçdi, ayılmadı Manay da,
İlan ödü olur hərdən gül suyu.
Bayqın qaldı yerindəcə gənc ana.
İlan ödü olur hərdən gül suyu.

Üstüağa söylədilər bu işi,
Mehcə gəlub Manay ilə görüşüb,
Sonra tutub o doğrayıb Yürüşü,
İlan ödü olur hərdən gül suyu.

Şimşək düşdü sanki qızıl qanına,
Qılıncını silib qoydu qınına
İki qolu birdən düşdü yanına,
İlan ödü olur hərdən gül suyu.


Əkbitənə at səyirtdi Üstüağ,
Tələsəndə yoxuşlanar, enişlər.
Ötəratın köpükləndi ağ döşü,
Tələsəndə yoxuşlanar enişlər.

– Ötəratım, çap yalını yel elə,
Çayı, gölü dırnağınla lil elə,
Bu döşləri hamar-hamar çöl elə,
Tələsəndə yoxuşlanar enişlər.

Ötəratım, çap keç isti İlamı,
Gedim görüm son yataqda balamı,
Yəhərləyim doğrulara yalanı,
Tələsəndə yoxuşlanar enişlər.


Uçub gedən bir ox idi Ötərat,
Yol ködələr dönüb dala baxmasan.
Yol ip idi gəvələdi ipləri.
Yol ködələr dönüb geri baxmasan.

Qaraş onun arxasınca çapırdı
At qurd olub sağ, solunu qapırdı,
Dırnağından sanki şimşək qopurdu
Yol gödələr dönüb geri baxmasan.

Utanırdı nənəsinin işindən.
Bir qara daş sallanmışdı döşündən,
İp yolları çeynəyirdi dişində
Yol gödələr dönüb geri baxmasan.


Nənəsini danlayırdı, söyürdü,
"Elə iş tut yaxınların öyünsün
Niyə kəsib doğramısan körpəni,
Elə iş tut yaxınların öyünsün".

Mənə görə deyən belə iş tutub,
Əski qana yenidən bir qan qatıb,
Mehcə məni, olacağı unudub,
Elə iş tut yaxınların öyünsün.

Bağışlamaz bizi daha Əkbitən,
Daha acıq, küsü, yozma qan yetər,
Bellənməyən yerdə tikan, kol bitər
Elə iş tut yaxınların öyünsün.


Ötəratın ağzı, döşü köpüklü,
Yaxına gəl doğma-doğma uzaqlar,
Düyünlənib Üstüağın qaşları
Yaxına gəl doğma-doğma uzaqlar.

Qaraş yeyib öz içini qurtarıb,
Gedib uşaq ürəyinin tutarı,
Görən nədir bundan sonra taparı,
Yaxına gəl doğma-doğma uzaqlar.

"Necə baxım Üstüağın gözünə,
Necə çıxım mən Başevin üzünə
Yaxşı olar çapıb gedim düzünə,
Yaxına gəl doğma-doğma uzaqlar".


Qaraş gəlib çıxdı evə beş aya,
Çətinlikdə hər ay bir il uzanır.
Durğun, əzgin, sallaq, arıq, utancaq,
Çətinlikdə hər ay bir il uzanır.

Mehcə onu tanımadı görəndə,
Anasının qapısından girəndə,
Hələ az-çox tanışlıq da verəndə
Çətinlikdə hər ay bir il uzanır.

Başev on il ona beşik olmuşdu,
Könül, istək, sevinc orda qalmışdı,
Yatımını o Başevə salmışdı,
Çətinlikdə hər ay bir il uzanır.


– Mən gəlmişəm üzülüşüm sizinlə,
Bu ölkədə qanı qanla yumurlar.
Məni öcə döndərməyin bir daha,
Bu ölkədə qanı qanla yumurlar.

Niyə bir də şah olmağa uydunuz,
Niyə məni pis çıxara qoydunuz
Nə qan-qada, nə ölümdən doydunuz,
Bu ölkədə qanı qanla yumurlar.

Atam, anam gəldi, getdi boş yerə
O qırğınlar olsun bir də baş verə
Ayrı-ayrı adamlarıq biz hərə,
Bu ölkədə qanı qanla yumurlar.


– Mənciyəz Qammadam, böyük atanam,
Düz sözü atadan, anadan eşit,
Çox da özgələri səni əzdirir,
Düz sözü atadan, anadan eşit.

Adam var, dil tökər, oxşar boyunu,
Qarşında oynayar "ayı oyunu",
Açmaz yolundakı bircə düyünü,
Düz sözü atadan, anadan eşit.

Şahlığı biz ələ keçirməliyik,
Başevi bu elə köçürməliyik,
Yenidən cığ vurub cücərməliyik,
Düz sözü atadan, anadan eşit.


– Mənciyəz Mehcəyəm, böyük ananam,
İncədən incədir ana duyumu,
Şah səni böyüdüb yox edə bilər,
İncədən inçədir ana duyumu.

Sən şahsan, Üstüağ sənin önərin,
Səndə var İşdayaq gücü, təpəri,
Onlardan yüksəkdir sənin dəyərin.
İncədən incədir ana duyumu.

Yürüşü doğradım, sən şah olasan,
Atanın yerini ondan alasan,
Bu ölkə qaldıqca sən də qalasan,
İncədən incədir ana duyumu.


– Mən Qaraşam, istəmirəm şah olum,
Önərlik şahlıqdan daha yaxşıdır.
Bu böyük ölkəni saxlamaq çətin,
Önərlik şahlıqdan daha yaxşıdır.

Mənə önər adı verib Üstüağ,
Mən ona dayağam, o mənə dayaq,
Altımda at oynar, əlimdə yaraq,
Önərlik şahlıqdan daha yaxşıdır.

O məni oğlundan artıq dindirib.
Hər yerə Qarbaşla məni göndərib,
O məni az qala şaha döndərib
Önərlik şahlıqdan daha yaxşıdır.


– Dedin, bu ölkəni saxlamaq çətin,
Parçala ölkəni, sən də bir şah ol,
Mindiyar çox böyük bir ölkə olub
Parçala ölkəni, sən də bir şah ol.

Darvidel bir ayrı şahlığa varsın,
Gündoğan üstündə bir ölkə qursun.
O da yaraqlansın, Mineli qırsın.
Parçala ölkəni, sən də bir şah ol.

Mən sənə bu işdə əltut olaram
İstəsən yanında gəlləm, qalaram,
Orda çaxnaşmaya yuva salaram.
Parçala ölkəni, sən də bir şah ol.


– Üstüağa dönük çıxa bilmərəm.
Atam, ev yıxmaqdır eldə dönüklük.
Ana torpağımdır mənim Mindiyar,
Atam, ev yıxmaqdır eldə dönüklük.

Üstüaq güclüdür, həm də durudur,
Bizlikdə, sizlikdə mənə sarıdır,
Üç yol o ölümdən məni qoruyub,
Atam, ev yıxmaqdır eldə dönüklük.

Girmək istəmirəm mən bu oyuna,
Dönüklük etmərəm bir gün də ona.
Dönüklük etməyin Minel oğluna
Atam, ev yıxmaqdır eldə dönüklük.


– Özünə qayıtmaq dönüklük deyil,
Hər şey öz yerinə qoyulmalıdır.
İşdayaqdan sonra şahlıq sənindir,
Hər şey öz yerinə qoyulmalıdır.

– Onda ölməlisən sən bəri başdan,
Uşaq öldürmüsən xırdaca yaşda,
Götür, sən özünü öldür yavaşca,
Hər şey öz yerinə qoyulmalıdır.

– Alçaq, öz nənənə deyirsən bunu,
Gedib öldürərəm qancıl Mindonu,
Qara yerə soxum sənin boyunu,
Hər şey öz yerinə qoyulmalıdır.


Qaraş qılınc çəkdi onun üstünə,
Bişməmiş adamlar belə tez qızar.
Durub Qammad girdi qıvraq araya,
Bişməmiş adamlar belə tez qızar.

– Atan da bu sayaq dəlisov idi.
Bilimcil deyildi, o teztov idi,
Bir əsim yel idi, quru hoy idi
Bişməmiş adamlar belə tez qızar.

Çıx get, öz şahının yanında dayan,
Onlardır bizləri bu günə qoyan,
Buyuruq qanan it, yiyəsiz qaban,
Bişməmiş adamlar belə tez qızar.


– Çəkil, qoy öldürüm bu yekəbaşı.
Yekəlik törədən yekəbaşlardır.
İndi hansı üzlə dönüm Başevə,
Yekəlik törədən yekəbaşlardır.

– Yerdə qalmayacaq Yürüşün qanı,
Yürüştək sevimli bir uşaq hanı,
Bu qandan-qadadan daha usanın.
Yekəlik törədən yekəbaşlardır.

Düz yolda deyilsiz, gəbərin, ölün,
Üstüağ şahların şahıdır, bilin,
Başevə yalvarış ünüylə gəlin,
Yekəlik törədən yekəbaşlardır.


Qaraş çıxıb getdi, ər-arvad qaldı,
Soyuq ayrılığın üzü qışadır,
– Nə edək, nə sayaq yol tapaq şaha,
Soyuq ayrılığın üzü qışadır.

Gəl, gedək Başevdə işləyək birgə,
Hardan çılızlaşır, görək, bu ölkə,
Ordan Üstüağı çəkərik bərkə,
Soyuq ayrılığın üzü qışadır.

– Mən gedən deyiləm, Qammad, ölsəm də,
Şahlığı mənimlə yarı bölsən də,
Şah olub dalımca bura gəlsən də,
Soyuq ayrılığın üzü qışadır.


Üçü də bilmirdi Yürüş ölməyib,
Alına yazılan alın yoludur.
Qanına bulaşan başqa uşaqdır,
Alına yazılan alın yoludur.

Üstüağ biləndə sevindi ançaq,
Nə olsun, ölmüşdü başqa bir uşaq.
Niyə qancıl olub Mehcə bu sayaq.
Alına yazılan alın yoludur.

Bəs Qaraş hardadır, niyə yox olub.
Hara gedib çıxıb, haradır yolu,
Belə işdən deyən Qaraş da dolub
Alına yazılan alın yoludur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets