Üç qardaş söylənci
Yollar boyu zınqırovlu dəvə, at,
Dirdayaqlı uzun yollar kəsəndir,
Yanlarınca Sansi, Muğər, Dədədüz,
Dördayaqlı uzun yollar kəsəndir.
Hərəsində dörd göz vardır, on qulaq,
Dağda, düzdə yol dolambac, yol dolaq,
«Yavaş, Daşqır düzgüləri çapasaq,»
Dördayaqlı uzun yolu kəsəndir.
Min ağaclıq çölü, yolu yardılar,
Uğurelə gecə çatıb durdular,
Urumçinin Başevini sordular,
Dördayaqlı uzun yolu kəsəndir.
Bacar çıxdı, çal saçları dağınıq,
Yuva qurub gözdə ağrı yağımı,
Qar alıbdır sanki dağlar dağını,
Dördayaqlı uzun yolu kəsəndir.
Buyur-buyur, otur-otur, ye, iç, yat,
Yoxdur daha Qızçiçəklə İtiat,
Yananları anır hələ yurd, elat,
Dördayaqlı uzun yolu kəsəndir.
Muğər dedi: – Səni deyib gəlmişik,
Hər elatın bir dayağı olmalı,
Səni anır, ağlamsınır Qarçiçək,
Hər elatın bir dayağı olmalı.
Tuncay öldü, sənin başın sağ olsun,
Bundan sonra ağrın, acın yox olsun,
Qoy kötükcən, Alçiçəyin çox olsun,
Hər elatın bir dayağı olmalı.
Bacar dedi: – Mənə bir at seç gətir,
Yorğa olsun, çapar olsun, həm iti,
Uçarlığım, yenməzliyim tam itib,
Hər elatın bir dayağı olmalı.
İndi mənim kürəkənim Muğərdir,
Dolaq-dolaq ipəkləri çəkərdir,
Mən dördtəkər, osa qoşatəkərdir,
Hər elatın bir dayağı olmalı.
Sansi mənim oğlum, qudam, qardaşım,
İndi təkəm, öz əlimdir, öz başım,
Gəlin mənim dörd yanıma toplaşın,
Hər elatın bir dayağı olmalı.
Üç gün sonra yola düşdü düzgülər,
Yollar alın qırışıdır ölkənin.
İpək gəlir, göydaş gedir yerində,
Yollar alın qırışıdır ölkənin.
Yollar sapdır, atlar muncuq düzümü,
İpək, göydaş elin sevinc yozumu,
Tut Çinçaya, Mindiyara üzünü,
Yollar alın qırışıdır ölkənin.
Əkbitənin satalları qızardı,
Yoxsullaşıb sap satanlar sozardı,
Al ipəyə, satıcıya bozardı,
Yollar alın qırışıdır ölkənin.
Turq gətirdi baramanı Duzdağa,
Tut çubuğu basdırıldı torpağa,
Qurd daraşdı ac-acına yarpağa,
Yollar alın qırışıdır ölkənin.
Baramadan sap əyirdi onçular,
Hay-həşirdən uzaqlaşdı qoçular,
İpəkləşdi çörəkçilər, onçular,
Yollar alın qırışıdır ölkənin.
Üç il keçdi, doğu, batı yol oldu,
Ölkə alver durumuyla diridir,
Zənginləşdi Sansi, Muğər, Dədədüz,
Ölkə alver durumuyla diridir.
Qoşabaşlar gəlib yolda durdular,
Gədiklərdə neçə busqu qurdular,
Gələn-gedən düzgüləri vurdular,
Ölkə alver durumuyla diridir.
Burdan ipək, ordan göydaş, qarayağ,
Düz yolları iki yandan çaparaq,
Daşıyırdı qoşabaşlar atsayaq,
Ölkə alver durumuyla diridir.
Qoşabaşın başbaşısı Çinelli,
Ağız yekə, boy balaca, döş enli,
Sözü, dili, danışığı hind dilli,
Ölkə alver durumuyla diridir.
Arayırdı, yükdə daş-qaş tapırdı,
Nə görürdü qarmalayıb qapırdı,
At qarışıq yükü alıb çapırdı,
Ölkə alver durumuyla diridir.
Sansi dedi Dədədüzə: – Ayıq ol,
Oğru-moğru var yanında hərlənər,
Qayğı məndən, qılınc çalmaq səndəndir,
Oğru-moğru var yanında hərlənər.
Meşəlikdə hənirti var elə bil,
Yola burda oğru çıxdı keçən il,
Qoşabaşlar od püskürür ildə bir,
Oğru-moğru var yanında hərlənər.
Birdən yola qoşabaşlar çıxdılar,
Selə dönüb hay-küy ilə axdılar,
Yaraqlılar matdım-matdım baxdılar,
Oğru-moğru var yanında hərlənər.
Sansi dedi: – Tərpən, igid Dədədüz,
Üstümüzə oğru gəlir neçə yüz,
Çapılarıq, soyularıq yoxsa biz,
Oğru-moğru var yanında hərlənər.
Dədədüzsə tərpənmədi yerindən,
Durub baxdı, köks ötürdü dərindən,
Sansi dedi: – İgid, vur, yıx, nərildə,
Oğru-moğru var yanında hərlənər.
Qoşabaşlar alıb getdi yükləri,
Öz yerində göstər, varsa, gücünü.
Dədədüzü hoyladılar, söydülər,
Öz yerində göstər, varsa, gücünü.
Ağzı üstə düşüb Sansi ağladı,
Oğru çəkdi, aldı yükün bağladı,
Biri dönüb Dədədüzü yoxladı,
Öz yerində göstər, varsa, gücünü.
Dedi: – Durma dirək kimi yolumda,
Görmürsən ki, ağır yük var dalımda?
Sən bizdənsən, yapış mənim qolumdan,
Öz yerində göstər, varsa, gücünü.
Sansi baxdı, üzü-gözü ağardı,
Dədədüzə çox yalvardı-yaxardı,
Yavaşcadan qoca ona qabardı,
Öz yerində göstər, varsa, gücünü.
Sansi dedi: – Sən dirəksən, ya adam,
Çək qılıncı, vur oğrunu, sən, atam,
Yoxsa qaçar qoşabaşlar durmadan,
Öz yerində göstər, varsa, gücünü.
– Kimə dirək söyləyirsən, qoşabaş,
Birdən partlar dinməz ilə yovuşmaz,
Çəkdi qından qılıncını Dədədüz,
Birdən partlar dinməz ilə yovuşmaz.
Vurdu, yıxdı, aldı, qırdı, bağırdı,
Qoşabaşdan qanlı palçıq yoğurdu,
O, Sansini yardımına çağırdı,
Birdən partlar dinməz ilə yovuşmaz.
Sərdi yerə qabağına çıxanı,
Ağac, toppuz, qaya layı qalxanı,
Kim yıxacaq bu boydana buğanı,
Birdən partlar dinməz ilə yovuşmaz.
Qoşabaşlar yükü töküb əkildi,
Dırmaşaraq dağa-daşa çəkildi,
Gecə keçdi, dan-gün yeri söküldü,
Birdən partlar dinməz ilə yovuşmaz.
Sansi dedi: – Niyə belə elədin,
Yekə pərin ərənliyi belədi,
Alçalt, öldür, qalan sənə kölədi,
Birdən partlar dinməz ilə yovuşmaz.
Beləsi var alçadanda güclənir,
Öz-özünü oda vurur alçalan.
Ulus özü, el özü də belədir,
Öz-özünü oda vurur alçalan.
Qoşabaşın üçü gözdən yayındı,
Yerdə qalan öz qanında yuyundu,
Sansi indi Dədədüzü bəyəndi,
Öz-özünü oda vurur alçalan.
–Çalış-dedi-sən nə alçalt, nə alçal,
Özgənin yox, öz gücünlə sən ucal,
Səsilə yox, qanadıyla quş uçar,
Öz-özünü oda vurur alçalan.
Muğər gəldi düzgülərin dalınca,
Gəldi gördü Sansi üzgün, yarımcan,
Gözlədilər ətə-qana dolunca,
Öz-özünü oda vurur alçalan.
Sonra onlar Əkbitənə yol aldı,
Gəlirləri-götürləri bol oldu,
Yeni-yeni satal yeri quruldu,
Öz-özünü oda vurur alçalan.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-uc-qardas-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Parsdiyarı qızışdıran qonşularSənə yaxın, üzügülər qonşudur.
Alpisin sevgi söylənciBuzər qaçdı gizli gəldi Parselə,Qaçmaq yeni yaşamaqdır, sən demə.
Qardanağ söylənciDümağ doğdu, oğlu oldu ağappağ,İlk sevginin ilk beşiyi gözəldir.
Daşhörmələr söylənciTurq gedirdi, Şimşəkatı çaparaq,Nə istəsən yolda, yalda taparsan.
Poems by other poets
"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
GördümGəncənin Şəmkir elində,Bu gün bir novcavan gördüm.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,