Turq eşitdi Başevdəki olayı,
Sevgi quşu tək qanadla uçammaz.
Turqız qovub Yanquqızı Başevdən,
Sevgi quşu tək qanadla uçammaz.

O, Duzdağdan yola düşdü Çinçaya,
Quşat onu çatdırarkən Altaya,
Ordan getdi Uğurelə bir aya,
Sevgi quşu tək qanadla uçammaz.

«Yanqu» dedi gözü, könlü, ürəyi,
Ötdü atla iti çapan küləyi,
«Dayan» dedi ona göylər şimşəyi,
Sevgi quşu tək qanadla uçammaz.

Turq bilmirdi o, Yanqu yox, Dintidir,
Yay qaşları qılıncdan da itidir,
O qancılın üzü bir yox, yeddidir,
Sevgi quşu tək qanadla uçammaz.

Turq Yanqunu qaytarmağa gedirdi,
Yolu, yalı ildırım tək ötürdü,
Ondan başqa hər şey gözdən itirdi,
Sevgi quşu tək qanadla uçammaz.


Yolda gördü Dədədüzü, Sansini,
Görüş var ki, belə göydəndüşmədir.
Qaçdı Turqun qabağına Dədədüz,
Görüş var ki, belə göydəndüşmədir.

– Böyük Turqtay,-dedi ona Dədədüz,
Kəsi olsun sənə iki gözümüz,
Doğru sözdür söylənilən sözümüz,
Görüş var ki, belə göydəndüşmədir.

Biz Yanqunu ötürürdük Çuqçuya,
Yanqu isə oxşamırdı Yanquya,
Sansi görüb onu düşdü qorxuya,
Görüş var ki, belə göydəndüşmədir.

Sansi dedi: – Sən Dintisən, Yanqu yox ,
Səndə Yanqu balamdakı duyğu yox,
Dilində də onda olan vurğu yox,
Görüş var ki, belə göydəndüşmədir.

Mən ilk gündən inanmırdım sözünə,
Gah süzülən, gah qıyılan gözünə,
Sonra gəlib çıxdıq sözün düzünə,
Görüş var ki, belə göydəndüşmədir.


Turq dedi ki: – Düzü düpdüz söyləyin,
Ox buraxmaq, yay gizləmək nə gərək.
O, Dintisə, Yanqu özü hardadır,
Ox buraxmaq, yay gizləmək nə gərək.

Sən də söylə, Sansi ata, üstəlik,
Hara gedək, nə eləyək hələlik,
Yanqu deyib biz vuruşa bilərik,
Ox buraxmaq, yay gizləmək nə gərək.

Sansi dedi: – Mənim qızım özgədir,
Bu, Yanqunun qarşısında kölgədir,
Bu, qız deyil, bir təkədir, cöngədir,
Ox buraxmaq, yay gizləmək nə gərək.
Baş əyirəm, ey böyük Turq, qarşında,
Nəsə vardır Yanquqızın başında,
O nə görüb hələ bu gənc yaşında,
Ox buraxmaq, yay gizləmək nə gərək.

– Nə olacaq, Tuncay öldü, o qaldı,
Heç bilmədim sonra Yanqu nə oldu,
Tək uşaqla o gəlin dul sayıldı,
Ox buraxmaq, yay gizləmək nə gərək.


– Haydı, gedək, onu mənə göstərin,
Gözlər uyan, ürəklərsə duyandır.
Baxım görüm o Yanqudur, ya Dinti,
Gözlər uyan, ürəklərsə duyandır.

İlk baxışdan mən Yanqunu seçərəm,
Onun üçün mən hər şeydən keçərəm,
Yalan olsa mən al qanlar içərəm,
Gözlər uyan, ürəklərsə duyandır.

Dədədüzlə Sansi yolu qayıtdı,
Turqun sözü ürəkləri ovutdu,
Bunlar Turqu silkələdi, ayıltdı,
Gözlər uyan, ürəklərsə duyandır.

Quşat çapdı Çuqçuelə durmadan,
Dinməz gecə ondan heç nə sormadan,
Keçidlərdə səsə, sözə varmadan,
Gözlər uyan, ürəklərsə duyandır.

Sansi Turqu öz evində saxladı,
Dədədüzlə hər bir yanı yoxladı,
Qapı-bacanı qayım-qayım bağladı,
Gözlər uyan, ürəklərsə duyandır.


Daşqın qalxdı, uçdu yallar, uçqunlar,
Adam seli çay selindən qorxulu,
Muğellilər Çinellini çapırdı,
Adam seli çay selindən qorxulu.
Boğazlardan qanlı səslər qopurdu,
Boz atlılar yeri-yurdu çapırdı,
Əldən çörək, gözdən odu qapırdı,
Adam seli çay selindən qorxulu.

Kişnərtilər, bağırtılar qarışıq,
Muğellilər ev-eşiyə daraşıb,
El, obanın yoxdur artıq duruşu,
Adam seli çay selindən qorxulu.

Evlər yanır, bəyirməkdə mal-qara,
Dil açaraq xırıldayır yal-yaraq.
Düyü, geyim, arpa alır, qaçaraq,
Adam seli çay selindən qorxulu.

Bildirmələr, göstərişlər Muğərdən,
Adam ölür, qan tökülür heç nədən.
Bir qılıncla aşır, düşür üç gödən,
Adam seli çay selindən qorxulu.


Sansi deyir: – Muğellilər gəliblər,
Çapqınçılıq heç igidlik sayılmır.
Turq söyləyir: – Çıxaq, tapaq Muğəri,
Çapqınçılıq heç igidlik sayılmır.

Bunu deyib Turq atılır döyüşə,
Bu yol ilə o, Muğərlə görüşə,
O bağırır: – Son qoyunuz bu işə!
Çapqınçılıq heç igidlik sayılmır.

Dağıldıqca sınır Çinel toplumu,
Turq ayqırır, kəsir kəndin yolunu,
Üzərinə yağır oxun yaylımı,
Çapqınçılıq heç igidlik sayılmır.

O bağırır dəli qaplan sayağı,
– Mən Turqtayam, yerə qoyun yarağı,
Toxunmazdır, bilin, Çinel torpağı,
Çapqınçılıq heç igidlik sayılmır.

Niyə belə çapırsınız bu yeri,
Yandırırsız yurdu, evi, çəpəri,
Alın, atın qabağıma Muğəri,
Çapqınçılıq heç igidlik sayılmır.


Muğər atır qılıncını torpağa,
Qılıncdan da kəsərlidir göstəriş.
– Bilməmişik, – deyir – Turqtay burdadır,
Qılıncdan da kəsərlidir göstəriş.

Turq deyir ki,-Çapılanı qaytarın,
Çapqınçılıq oğurluqdur, qurtarın,
Buğdanızı zəminizdə axtarın,
Qılıncdan da kəsərlidir göstəriş.

Bundan sonra Muğel bilsin, anlasın,
Çapqınçını hamı döysün, danlasın,
Kim fərədir öz damında banlasın,
Qılıncdan da kəsərlidir göstəriş.

Əkin, biçin, alver günün tapıncı,
Çapqınçılıq Minelliyə yabançı,
Qoy işləsin qarıncılla adamcıl,
Qılıncdan da kəsərlidir göstəriş.

Atınızı al ipəklə yükləyin,
Könlünüzü yaxşılıqla kökləyin,
Vurun, yıxın, çapqınçını siz döyün,
Qılıncdan da kəsərlidir göstəriş.


Muğellilər çəkildilər, getdilər,
Selə qarşı üzmək ağır ölümdür.
Muğər dedi: – Böyük Turqtay deyəndir,
Selə qarşı üzmək ağır ölümdür.

Hər gələndə bizə də bir baş çəkin,
Hər bir evin sapandında yüz düyün,
Çapqınçını gəlin orda siz döyün,
Selə qarşı üzmək ağır ölümdür.
Yoxsulluğun qabağını alın siz,
Qışdan yaya, yaydan qışa acıq biz,
Onda hamı öləcək «öl» desəniz,
Selə qarşı üzmək ağır ölümdür.

Turq söylədi: – Əkin, biçin, becərin,
Qoy əl tutsun düşər ilə köçəri,
Çölə deyil, gücü verin içəri,
Selə qarşı üzmək ağır ölümdür.

Mən Turqtayam, Tanı şahın oğluyam,
Mindiyardır bizi bizə bağlayan,
Burda gərək mən çəkimi saxlayam,
Selə qarşı üzmək ağır ölümdür.


Sansi gəldi, Dədədüz də onunla,
Göz də gülür qurtaranda ölümdən.
Dedilər ki, Xaqan gəlib qapıya,
Göz də gülür qurtaranda ölümdən.

Xaqan dedi: – Turq sağ olsun, gəlibdir,
Çapqınlığı qabaqcadan bilibdir,
Gör Çineldən neçə mini ölübdür,
Göz də gülür qurtaranda ölümdən.

Başev böyük qonağını gözləyir,
Çinellilər sizə sevgi bəsləyir,
Hər ev, hər yurd indi Turqu səsləyir,
Göz də gülür qurtaranda ölümdən.

Çinçay yaxın, Turqay yorğun, yol ağır,
Turqa bütün el səs verir, el baxır,
Ağızlardan «sağol», «sağol» söz yağır,
Göz də gülür qurtaranda ölümdən.

«Yanqu» deyib Turq hər yanı gəzirdi,
Ölmüş sevgi onu yenə üzürdü,
Bu səs-küydən, hay-həşirdən bezirdi,
Göz də gülür qurtaranda ölümdən.


Dinti onu qarşıladı qapıda,
Sevgi dadlı-duzlu oyaq yuxudur.
Yuxulaşıb Yanqu ona gülürdü,
Sevgi dadlı-duzlu oyaq yuxudur.

Turq əlilə ovuşdurdu gözünü,
Bu yuxudan yan elədi üzünü,
Qucaqladı Dinti Turqun dizini,
Sevgi dadlı-duzlu oyaq yuxudur.

Dedi: – Turqum, mən Dintiyəm, Yanqu yox,
Mən sevgiyəm başdan-başa, yuxu yox,
Öz sevgimdə Xaqandan da qorxum yox,
Sevgi dadlı-duzlu oyaq yuxudur.

Sənə sevgim məni bütün dəyişdi,
Qandım dirrik döyüş deyil, duruşdu,
Qancıl könlüm gözəlliklə barışdı,
Sevgi dadlı-duzlu oyaq yuxudur.

Səni deyib gəlmiş idim ora mən,
Anan məni qovdu o gün Başevdən,
Düz deyirəm hər bir şeyi, dinlə sən,
Sevgi dadlı-duzlu oyaq yuxudur.


– Söz ver mənə, dönməyəsən sözündən,
Keç güc varkən əyri yoldan düz yola,
Çılğınlığım, qancıllığım, keçmişim,
Keç güc varkən əyri yoldan düz yola.

Turq qaldırdı onu yerdən, söylədi:
– Hamı böyük sevgisinə kölədi,
Sevgi də var sən tək elə-belədi,
Keç güc varkən əyri yoldan düz yola.

Mən sevmişəm, aldanmışam, qızmışam,

Böyük sevgi yazısını pozmuşam,
Yanquqıza oddan sonev qazmışam,
Keç güc varkən əyri yoldan düz yola.
– Nə deyirsən... Yanquqıza, sonev, sən,
– Mən qazmışam ona düzü, sonev mən,
Söylə, məni, ya Yanqunu sevirsən,
Keç güc varkən əyri yoldan düz yola.

– Nə deyirsən, mən Yanqunu sevirdim,
O tanrıydı, sən tanrını devirdin,
Sən məni də alt-üst etdin, çevirdin,
Keç güc varkən əyri yoldan düz yola.


O, acıqlı baxdı ağlar Dintiyə,
Qız ürəyi sığmaz bunca ağrıya,
Dedi: – Səni, Dinti, sevə bilmərəm,
Qız ürəyi sığmaz bunca ağrıya.

Söylə indi Yanqu harda, nə yerdə,
İtkin düşər, ya da ölər o, birdən,
Onda gərək mən də səni gəbərdəm,
Qız ürəyi sığmaz bunca ağrıya.

– Yox, mən bütün dəyişmişəm, sev məni,
Yaşadaram sevgim boyu mən səni,
Dəyişmişəm bu günümlə dünəni,
Qız ürəyi sığmaz bunca ağrıya.

Mən sevgidə alınmazam, tanrıyam,
Varlığımla mən Turqtayın varıyam,
Mənəm onu vuruşlardan qoruyan,
Qız ürəyi sığmaz bunca ağrıya.

– Yox, mən səni sevə bilməm, uzaq ol,
İstəyirsən dəyiş, ulu ocaq ol,
Get gözümün qabağından, iraq ol,
Qız ürəyi sığmaz bunca ağrıya.


Dinti getdi, qaş-qabaqlı, acıqlı,
Nə olsa da son inamı saxla sən.
Çalğıçılar, oynar qızlar gəldilər,
Nə olsa da son inamı saxla sən.
Xaqan, Turqtay oturmuşdu yan-yana,

Sevinc, gülüş səpilirdi dörd yana,
Oynayırdı çılğın, gözəl bir sona,
Nə olsa da son inamı saxla sən.

Dinti gözəl geyimdəydi, biçimdə,
Ancaq bir od alışırdı içində.
Sallaq idi, inam yoxdu gücündə,
Nə olsa da son inamı saxla sən.

Oynaq-oynaq gəldi Turqun önünə,
O, baş qoydu Turqun enli çiyninə,
Dedi: – Sevgi məni qoydu bu günə,
Nə olsa da son inamı saxla sən.

Bundan sonra Turqsuz necə mən dözüm,
Bil, Yanqunu mən öldürdüm, mən, düzü,
Dintini də öldürərəm mən özüm,
Nə olsa da son inamı saxla sən.


Sonra Dinti tək oynadı ortada,
Sönən işıq parıldayar son anda,
Belə onu görməmişdi Xaqan da,
Sönən işıq parıldayar son anda.

Başevdəki sevinc aşıb-daşırdı,
Mahnı qızın sümüyünə düşürdü,
Dodaqaltı Xaqan mahnı qoşurdu,
Sönən işıq parıldayar son anda.

Birdən durdu Dinti, bərkdən çığırdı,
Bunu görüb hamı birdən bağırdı,
Ağ köksündən qan fışqırıb axırdı,
Sönən işıq parıldayar son anda.

Gəlib Turqun qabağında dayandı,
Pal-paltarı qızıl qana boyandı,
Qız öləndə Turqtay sanki oyandı,
Sönən işıq parıldayar son anda.

Köküs yarıb Dinti artıq ölürdü,
Xaqan durub göz yaşını silirdi,
Öncə bunu bircə Xaqan bilirdi,
Sönən işıq parıldayar son anda.


Necə oldu çox şey belə dəyişdi,
Yüz il çəkir yavaş-yavaş dəyişmək,
Sevgi özü dəyişilməz dəyişkən,
Yüz il çəkir yavaş-yavaş dəyişmək.

Yoxsa min il gələn dədə yolu var,
Dədənin də dədə-baba qolu var,
Sonra gənc var, ağsaqqal var, ulu var,
Yüz il çəkir yavaş-yavaş dəyişmək.

Yay ilə qış altı aya dəyişir,
Yer altında, yer üstündə döyüşür,
Dəyişməyən ölülərə qarışır,
Yüz il çəkir yavaş-yavaş dəyişmək.

Hara belə dəyişirsən, dayanış,
Dünən elə, bu gün belə oyanış,
Dəyişməsə çürüyəcək yaranış,
Yüz il çəkir yavaş-yavaş dəyişmək.

Sevgi necə təpərlisən, qoçaqsan,
Sən özün də dəyişənsən, qonaqsan,
Dəyişməkdə sən tanrıdan qıvraqsan,
Yüz il çəkir yavaş-yavaş dəyişmək.


Baramadan ipək diddi Çinelli,
Qan qussa da elin könlü ipəkdir,
Əllərə bax, incə ipək toxuyur,
Qan qussa da elin könlü ipəkdir.

Turq öyrəndi burda ipək almağı,
Baramadan ipək teli yolmağı,
Toxuyarkən sapa arqac salmağı,
Qan qussa da elin könlü ipəkdir.
Çağırtdırdı Dədədüzü, Muğəri,
Dedi: – Çapın yollar keçən yerləri,
Uğureldən, Aladağdan az bəri,
Qan qussa da elin könlü ipəkdir.

Dedi: – Çatın ipəkləri atlara,
Daşıtdırın elatlara, yurdlara,
Satın getsin gənc qızlara, qartlara,
Qan qussa da elin könlü ipəkdir.

Dedi: – Çinel Minel ilə qonşudur,
Könlü, gözü ipəkdən də yaxşıdır,
Manmən Xaqan burda başlar başıdır,
Qan qussa da elin könlü ipəkdir.


Sansi dedi: – Mən də sizə əltutam,
Barış öcü, qan-qadanı azaldır.
Mən bu yolda həm yolçuyam, həm ata,
Barış öcü, qan-qadanı azaldır.

Burdan ipək, ordan bura qarayağ,
Bu yol ilə öc aradan qalxacaq,
Nəyə gərək qan axıdan yal-yaraq,
Barış öcü, qan-qadanı azaldır.

Muğər dedi: – Mən gedərəm bu işə,
Bu yol ilə el-obamız dəyişər,
Boş adamlar bir-birilə görüşər,
Barış öcü, qan-qadanı azaldır.

Mən bu işə ilxıları qoşaram,
Mən bu yolla yaşadaram, yaşaram,
Mən bu yolda dağı-daşı aşaram,
Barış öcü, qan-qadanı azaldır.

Yük altında atla dəvə düzgüsü,
Yol ayrıcı çaylar, göllər güzgüsü,
Qayaların yazılmamış görgüsü, **
Barış öcü, qan-qadanı azaldır.

**Lövhə


Unutmadı Turq Yanqunu bir an da,
Sevimlisiz sevgi yenə qalarmış.
Çox axtardı sonevini, tapmadı,
Sevimlisiz sevgi yenə qalarmış.

Çuqçubaşı bir gün Turqu qucaraq,
Dedi: – Qalır meşəlikdə bir ocaq,
Ocaqdasa bir baş gördüm, bir çanaq,
Sevimlisiz sevgi yenə qalarmış.

Yollandılar onlar, birgə çaparaq,
Qaralırdı meşəlikdə bir ocaq,
Bir baş idi, iki qılça, bir çanaq,
Sevimlisiz sevgi yenə qalarmış.

Yanqu bilib sonevini qazdılar,
Üzərində «Yanqu» sözü yazdılar,
Sonra qoşa dayanaraq susdular,
Sevimlisiz sevgi yenə qalarmış.

Bir də qoşa ağladılar ikisi,
Turqun bir də alovlandı sevgisi,
Daş üstündə qaldı Yanqu görgüsü,
Sevimlisiz sevgi yenə qalarmış.


Gedim bir də başı üstə ağlayım,
Gülüm, ölən göz yaşıyla göyərməz.
Sevgim, bunca çox sıtqama, ağlama,
Gülüm, ölən göz yaşıyla göyərməz.

Bu sevgimi Yanqu, sən heç bilmədin,
Öldün, ancaq mənim üçün ölmədin.
Bircə yol da sən üzümə gülmədin,
Gülüm, ölən göz yaşıyla göyərməz.

İndi sənsiz çırpınıram, yanıram,
İlk görüşü hər gün, hər gün anıram,
Qalx torpaqdan, səni diri sanıram,
Gülüm, ölən göz yaşıyla göyərməz.
Sevgi yolum, alın yazım pozuldu,
Özgələşdin, əlim səndən üzüldü,
Necə incə, necə uyar gözəldin,
Gülüm, ölən göz yaşıyla göyərməz.

Qol-boyunsan, gülüm, qarla, yağışla,
Yazıq könlüm, bir də məni bağışla,
Bu yağışdır yağan, yoxsa qarğışlar,
Gülüm, ölən göz yaşıyla göyərməz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets